Yeni Zelandiyada deputatlığa azərbaycanlı namizədlə MÜSAHİBƏ: BÖLGƏNİN LİDERİDİR
Bizi izləyin

Xüsusi

Yeni Zelandiyada deputatlığa azərbaycanlı namizədlə MÜSAHİBƏ: BÖLGƏNİN LİDERİDİR

Artıq sabah Yeni Zelandiyada Parlament və Baş nazir seçkiləri keçiriləcək. Sevindirici haldır ki, 3 ildən bir baş tutan ölkənin ictimai-siyasi, mədəni həyatında böyük rol oynayan millət vəkillərinin seçimində soydaşımız Tofiq Məmmədov da iştirak edəcək. T.Məmmədov Aukland şəhərinin Botany rayonunun lideridir və Labour Partiyasını təmsil edir.

Yeni Zelandiya ilə Azərbaycan arasında 8 saat zaman fərqi var. Hazırda Zelandiyada gecədir. T.Məmmədov zaman qıtlığına rəğmən, Publika.az izləyiciləri üçün müsahibə verməkdən boyun qaçırmadı.

- Tofiq bəy bir müddətdir ki, sosial şəbəkələrdə Yeni Zelandiyanın KİV-lərində partiyanızın təbliği ilə məşğul idiniz?Artıq sabah seçkilər geçəkləşəcək. Sizə uğurlar diləyirik.

- Çox sağ olun, Leyla xanım. Artıq bu gündən etibarən qaydalar əsasında sosial şəbəkələrdəki profillərimizi bir neçə günlük bağlayacağıq və seçimi xalqın öhdəsinə buraxacağıq.

- Azərbaycanda doğulmusunuz?

- Bəli, 1978-ci ildə Bakı şəhərində doğulmuşam . 18 nömrəli məktəbdə oxumuşam. 1993-cü ildə atam və anam ayrıldı. Anam bacımla məni götürüb, Yeni Zellandiyaya köçdü. Bura köçəndə ingilis dilində bilmirdim. Öncə məktəbi tamamladım, daha sonra universiteti bitirdim. Ticarət və daşınnmaz əmlak üzrə ali təhsil almışam.

- Sirr deyilsə, şəxsi həyatınız barədə də məlumat verin...

- Həyat yoldaşım çinlidir. Bir oğlumuz var. Atam 2001-ci ildə dünyasını dəyişdi, adı Şirzad idi. Oğluma da atamın adını vermişəm. İngilis adı isə Leonarddır.

- Maraqlıdır, fərqli mədəniyyət, din, dil həyat yoldaşınızla aranızda problem yaratmır ki?

- Xeyr. Biz bir-birimizin adətlərinə, mədəniyyətinə dərin hörmətlə yanaşırıq. Ailədə ingiliscə danışırıq. Oğlum çin dilini də bilir. Öz dilimizdə də bəzi sözləri artıq öyrətməyə başlamışam.

- Tofiq bəy, necə oldu ki, qürbət ölkədə millət vəkili olmağa qərar verdiniz?

- 1999-cu ildə bir iraqlı dostuma kömək edirdim. Onu millət vəkilinin qəbuluna apardım. Dostumu dəhlizdə gözləyərkən vəkilin yardımçısı mənə yaxınlaşıb soruşdu ki, partiyaya qoşulmaq istərdimmi? Mən o vaxtlar çox gənc idim və özümə inamım da az idi. Sual verdim ki, siz nəyə inanırsınız, amalınız nədir? O, mənə məlumat verdi ki, biz işçilər partiyasıyıq. İnsan hüquqlarının müdafiəsilə məşğuluq.

- Bəs partiyanızın adı nədir?

- “Labour Party”, yəni belə deyək, işçilər partiyasıyıq. Əsas məqsədimiz işçi təbəqənin haqlarını qorumaqdır.

- Tofiq bəy, sevindirici, xüsusən də qürurlu haldır ki, Azərbaycan ziyalısı Yeni Zelandiyanın parlament seçkilərinə qatılır. Bəs millət vəkili seçiləcəyiniz təqdirdə Azərbaycanın təbliği üçün çalışacaqsınızmı?

- Mən yalan vədlər verən insan deyiləm. Azərbaycanda doğulmuşam. Bu ölkənin övladıyam. Təbii ki, Vətənimi tək Yeni Zelandiyada deyil, Avstriya, Kanada, ABŞ və digər dövlətlərdə tanıdacağıma söz verirəm.

- Bir siyasətçi kimi Azərbaycan Respublikası haqda nə düşünürsünüz?

- Azərbaycanın lideri İlham Əliyevin tutduğu yolu dəstəkləyirəm. İnanıram ki, bundan sonra ölkəmiz daha da güclənəcək.

- Əminəm ki, oralarda da düşmənlərimizin lobbisi güclüdür. Bəs Yeni Zelandiyada Azərbaycan diasporu fəaliyyət göstərirmi?

- Təəssüf ki, haqlısınız. Düşmənlərimiz bu ölkənin də ictimai-siyasi həyatında böyük rol oynayırlar. Diasporumuz yoxdur. Əsas məqsədim də, burada Azərbaycanı tanıdıb, diasporumuzun formalaşmasında əlimdən gələni etməkdir.

- Tofiq bəy, belə həyəcanlı və qürurlu gündə bizə zaman ayırdığınız üçün minnətdaram. Ümid edirəm, haqqınızda bundan sonra xoş xəbərləri ictimaiyyətə çatdiran ilk media işçisi olacağam.

- Buyurun. Belə də olacaq!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm