"Aprel döyüş"ləri zamanı Hollandiyada yaşanan İNANILMAZ HADİSƏLƏR - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

"Aprel döyüş"ləri zamanı Hollandiyada yaşanan İNANILMAZ HADİSƏLƏR - MÜSAHİBƏ

Publika.az Niderland Krallığında yaşayan ziyalı soydaşımız Vüqar Abbasovla müsahibəni təqdim edir:

- Vüqar bəy, peşəkar fəaliyyətə dövlət televiziyamızdan başlamısınız?

- Bəli, 1997-ci ildə Qərb Universitetini Politologiya ixtisası üzrə bitirmişəm. 1993-2008-ci illər ərzində Dövlət Teleradio Verilişləri QSC- də işləmişəm.

- Televiziya fəaliyyəti üçün qısa müddət deyil. Bəs neçə ildir Niderlandda yaşayırsınız?

- 2008-ci ildən bəri ailəmlə birgə buradayam.

- Ora köçməkdə ilk məqsədiniz təhsil almaq idi?

- Məqsədlərimdən biri idi. Niderland dilini müəyyən səviyyədə öyrəndikdən sonra qərara aldım ki, burada da bir ixtisas üzrə oxuyum və artıq 2015-ci ildə “Sosial xidmətlər” üzrə diplomumu aldım.

- Məhsuldar fəaliyyətlə məşğulsunuz…

- Hazırda Niderlandın Qaçqınlarla İş Üzrə idarəsində işləyirəm. Həmçinin niderlandlı dostlarımızla bərabər yaratdığımız “Connect” təşkilatına rəhbərlik edirəm. Hələlik durum belədir (gülümsəyir).

- “Hələlik” dediniz. Təşkilatdan getmək fikriniz var?

- Bilirsiniz, təşkilatda, idarə heyətində başqa şəxslər də var. Əgər bir gün qərar versək ki, bir başqası sədr kimi daha faydalı ola bilər, o zaman sədrlikdən çəkiləcəm. Bu isə təşkilatdan getmək anlamına gəlməz.

- Əsl lider düşüncəsidir…

- Məncə sədrlikdən “beş əlli” yapışmaq düzgün deyil. Bəlkə də bu düşüncə bir çoxları üçün qəribə gələ bilər (gülümsəyir), ancaq fikrimcə, insan fayda vermədiyi yerdə olmamalıdır.

- Bəs təşkilatların qeydiyyatında problem yaşanırmı? Ümumiyyətlə, bir faydası toxunur cəmiyyətə?

- Niderlandda qeyri-hökumət təşkilatı qeydiyyatdan keçirtmək çox asan məsələdir. İstəyirsən, məsələn 10 təşkilat qeydiyyatdan keçir və on qat sədr ol. Sonra da onları birləşdir və ol onların sədri. Bir dənə də təmtəraqlı ad tapıb qoydunsa işlər lap “düzələcək.” Məsələn, “NATO,” açması da belə olur: “Niderland Azərbaycanlılarının Təşkilatlarının Onu” (gülümsəyir). Yəni, təşkilatların, çalışanlarının sayının fərqi yoxdur. Önəmli olan fəaliyyətin olmasıdır.

- Vüqar bəy, adətən Niderland deyəndə kifayət qədər maariflənməmiş insanların təsəvvüründə homoseksuallar və narkotik istifadəçilərinin məskəni canlanır. Gəlin, bu gözəl ölkəni xalqımıza müsbət yöndən tanıdaq.

- Özünüz də gözəl qeyd etdiniz ki, yetərincə məlumatlı olmayan insanlar belə düşünürlər. Buna başqa cür də yanaşmaq olar ki, Niderland həm də adını çəkdiyiniz kateqoriyalara daxil olan insanların sərbəst yaşaya biləcəyi ölkədir. Bu, ona görə belədir ki, ilk dəfə 2001-ci ildə Niderlandda eyni cinsdən olanların ailə qurmasına rəsmən icazə verilib. Hazırda isə dünyanın səhv etmirəmsə, 21-ə yaxın ölkəsində buna izn verilib. Ancaq nədənsə çoxları bu məsəldə Niderlandın adını hallandırır, hətta həmin 21 ölkədə yaşayan soydaşlarımızdan da bunu eşidirik. Ancaq dünyagörüşlü insanlar bu balaca ölkənin - Niderlandın inkişafa necə nail olması barədə maraqlanır. Bu məsələyə belə yanaşıram, kimə nə maraqlıdırsa, fikrini də ona yönəldir (gülümsəyir).

- O zaman, fürsətdən istifadə edib, Niderland haqda məlumat verək…

- Bir çoxlarımızın Hollandiya kimi tanıdığımız ölkənin rəsmi adı Niderland Krallığıdır. Niderland sözü Neder (aşağı) və land (ölkə) sözlərinin birləşməsindəndir və “aşağı ölkə” anlamına gəlir ki, bu da böyük bir ərazisinin dəniz səviyyəsindən aşağı olmasından qaynaqlanır. Hollandiya sözünə isə burada iki vilayətin adında, Cənubi Hollandiya və Şimali Hollandiya toponimlərində rast gəlinir. Niderland Krallığı Avropanın Şimal Qərbində, Şimal dənizinin sahilində yerləşib. Ölkənin rəsmi paytaxtı Amsterdamdır. Ancaq ölkə, Azərbaycanda Haaqa kimi tanınan, Den Haaq şəhərindən idarə olunur.

- Ölkənin maraqlı özəlliyi isə ərazisi ilə əhalisinin nisbətidir elə deyilmi?

- Bəli, elədir, Niderlandın ərazisi 41.543 km2 - dir, yəni Azərbaycan ərazisindən təxminən iki dəfə kiçik. Əhalinin sayı isə 17 milyondan çoxdur, yəni Azərbaycanla müqayisədə iki dəfə çox. Bu ölkədə kişilərin orta ömür müddəti 78,8 yaş, qadınlarda isə 82,7 yaş hesab olunur. Bu rəqəmlər getdikcə artmaqdadır. Məhz bu səbəbdən Niderlandda təqaüd yaşını da 65-dən 67-yə qaldırdılar, ancaq bu da mərhələli şəkildə olacaq. Onlar “Allah dünyanı, niderlandlılar isə Niderlandı yaratdı” deyirlər. Bu, əlbəttə ki, birbaşa mənada deyilmiş söz deyil. Bu xalq özü ilə fəxr edir.

- Haqsız da deyillər…

- Əlbəttə, çünki Niderlandın xeyli hissəsi, nə az, nə də çox, düz 25%-i doldurulmuş torpaqlardır (polder) və məhz buna görə də həmin ərazilər dəniz səviyyəsindən aşağıdır. Bilirsiniz, niderlandlılar bu işə - dənizi qurutmağa nə vaxt başlayıblar? Təəccüblənməyin, 15-ci əsrdə başlayıblar, 16-cı əsrdə isə daha böyük əzm və daha çox təcrübə ilə davam ediblər və o zamandan bu günə qədər davam etdirirlər. Bəlkə çoxumuz bilmirik ki, ABŞ-ın Nyu-Yorku vaxtilə Yeni Amsterdam (Nyu Amsterdam) adlanıb. Bilmirəm, bu qədər kifayət etdimi, yoxsa daha geniş cavab verməyimi istəyirsiniz?

- Hələlik kifayətdir, keçək növbəti suala. Orada emiqrantlara munasibət necədir? Hansı ölkələrin lobbiləri güclüdür?

- Müxtəlif cür yanaşan insanlar var, ancaq ümumi baxsaq, kifayət qədər normal yanaşırlar. Əlbəttə ki, gəlmələrin özlərindən də çox şey aslıdır. Burada yeni yaşamağa gəlmiş insanlar da yerli xalqın adət-ənənəsinə hörmətlə yanaşmağa borcludur. Bəyənməyən varsa, kimsəni burada zorla saxlayan yoxdur. Hər halda mən belə düşünürəm. Bu ölkədə haqqın pozularsa, onu bərpa edə biləcəyin yerlər var. Hansı ölkənin güclü lobbisi olmasına gəlincə, belə düşünürəm ki, dünyanın güclü dövlətləri öz ölkələrində hansı xalqın diasporunun gücü olmasını istəyirsə, onlar da güclü olurlar. Bu məsələdə mənimlə razılaşmayanlar, mübahisə edənlər ola bilər, olsun, onlar da öz fikirlərində qalsınlar. Lobbiçilik isə müəyyən yerə qədər adi, ifrata gedəndə isə qeyri-normal hesab olunur. Bu məsələdə çox diqqətli olmaq lazımdır.

- Vüqar bəy, bəs diasporumuz Azərbaycan adına hansı önəmli addımlar atır?

- Öncə bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, xaricdə yaşayan hər kəsdən ölkəmiz adına hansısa işlər görməsini gözləmək düzgün deyil. Təəssüf ki, çox vaxt diaspor sözünün nə anlama gəldiyini bilməyənlər də bu fəaliyyətdən ağızdolusu danışırlar. Məsələn, deyilən rəqəmlərə inansaq, Niderlandda 10 000-ə yaxın soydaşımız yaşayır. Bunların hamısı diaspor fəaliyyəti ilə məşğul olmalıdırmı? Məncə yox. Burada da müxtəlif təşkilatlar var və hər təşkilat da öz bacardığı kimi fəaliyyət göstərir. Niderlandda yaşayan soydaşlarımız arasında dünyanın bir çox ölkələrində olduğu kimi müxtəlif siyası baxışlı insanlar var. Ancaq ümümmilli məsələlərdə fərqli siyasi əqidəli insanları bir arada görmək mümkündür, məsələn Xocalı soyqrımını anım günlərində və s. Burda yaşayan soydaşlarımızın çoxunun ürəyi Vətənlə birlikdə döyünür. Ölkəmizdə baş verən hər xoş olaya biz də ən azı orada yaşayanlar qədər sevinirik. Həyəcanlı anlarda isə sizin qədər təşvişə düşürük. Bilməyinizi istəyirəm ki, məlum aprel hadisələri zamanı xaricdə yaşayan çoxsaylı soydaşlarımız müharibəyə getmək üçün müvafiq qurumlara müraciət etmişdilər. Yeri gəlmişkən, elə həmən hadisələr zamanı da diaspor təşkilatlarımız buradakı Ermənistan səfirliyinin önündə mitinq təşkil etmiş və ora da çoxsaylı soydaşımız qatılmışdı. Hər il Xocalı soyqrımını anım günləri keçrilir, həqiqətlərimizi burdakılara çatdırmağa çalışırlar.

- Vətəndəki soydaşlarımız ölkə xaricində baş verən hadisələrin hansı səmtdə cərəyan etməyindən, çətinliklərindən, məsuliyyətindən yumşaq desək, məlumatsızdırlar. Bizsə bu durumdan xəbərdarıq. Bəs buralardan işlərinizə müdaxilə edənlər olur?

- Bəzən Azərbaycanda oturub nəyi necə etmək lazım olduğunu deyən dostlarımız olur. Əgər bunu yaxşı məqsədlə edirlərsə, ancaq minnətdar ola bilərik. Bəzən isə bilib-bilmədən danışanlar tapılır. Bu yerdə yadıma Napoleonun bu sözləri düşür: “Döyüşü yaxşı məsləhət verən yox, məsuliyyəti öz üzərinə götürərək, yerinə yetirməyi əmr edən udur”.

- Niderland Jurnalistlər birliyinin üzvüsünüz…

- Mən, uzun illər heç bir təşkilatda təmsil olunmadan, tək fəaliyyət göstərmişəm. Bəli, Niderland Jurnalistlər Birliyinin üzvüyəm. Bu da mənə yerli siyasətçilərlə, millət vəkilləri, bələdiyyə başçıları və digərləri ilə daha asan əlaqə qurmağıma imkan yaratdı. Odur ki, indiyədək bir çox millət vəkilləri ilə görüşüb müsahibələr almışam. Niderland mətbuatında onlarla yazılarım, mənimlə müsahibələr, təşkilatımızla bağlı yazılar verilib, dəfələrlə müxtəlif radio proqramlara dəvət olunmuşuq.

- Elə növbəti sualım da bu barədə idi. Ötən günlərdə Niderland raiolarının birində çıxışınız yayımlandı.

- Leyla xanım, imkan olduqca bu proqramlara qatılırıq. Onların bəziləri canlı olub və biz orada Qarabağın və yeddi rayonun Ermənistan tərəfdən işğal olunmasından, Xocalı soyqrımından və s. söhbət açmışıq. Bütün bunlar barədə eyni zamanda sözünü etdiyim yazılarımda, müsahibələrdə də söhbət açılıb. Mən cəm halda ona görə danışıram ki, təşkilatı yaradandan sonra, yəni 2015-ci ilin sonlarından etibarən buradakı həmkarım Vim van Embden də bu məsələlərdə çox fəaldır. Hesab edirəm ki, həqiqətlərimizin bir azərbaycanlının dilindən səslənməsi ilə bir niderlandlının söyləməsi arasında çox fərq var. Məncə, niderlandlının dediyi yerli insanlar üçün daha inandırıcı olar. Təbii ki, söhbət sıradan bir insandan getmir. Mənim təşkilatdakı həmkarım ziyalı hüquqşunasdır və eyni zamanda ali təhsil müəssələrinin birində müəllim kimi fəaliyyət göstərir.

- Təbii ki, bu işlər xüsusi təcrübə və həssaslıq tələb edir.

- Buna görə də bütün xırdalıqlara fikir verməyə çalışırıq ki, Azərbaycan adına yanlış bir iş görməyək. Məsələn, ötən il Niderland kinotetrlarından birində Azərbaycanı tanıtım məqsədilə tədbir keçirtdik. Tədbirin əsas iştirakçıları niderlandlılar idi ki, onların arasında yerli bələdiyyənin başçısı, siyasi partiya nümayəndələri, iş adamları, jurnalistlər, məktəb direktorları, müəllimlər və s. vardı. Tədbirin aparıcısı isə yerli qəzetlərdən birinin baş redaktoru idi. Həmən tədbirdə də bütün xırdalıqlar nəzərə alınmışdı. Məsələn, Azərbaycan bayrağının Niderland bayrağından sol tərəfdə asılması və s. Biz orada həm də maraqlı viktorina, sual-cavab keçirdik. Təvəzökarlıqdan uzaq olsa da qeyd edim ki, bu formatda ilk tədbiri biz keçirmişdik. Bəlkə də başqa tədbirlər olub, ancaq mən görməmişəm. Orada suallar qoymuşduq ki, Qarabağı hansı ölkə işğal edib, Xocalı soqrımını hansı dövlət, kimə qarşı törədib və s. Bundan əvvəl isə ölkəmizlə bağlı iki görüntülü təqdimat (birini niderlandlı həmkarım vermişdi) və qısa filmlər vermişdik deyə zaldakılar cavabları bilirdilər. Odur ki, bütün zal cavabları bərkdən deyirdi. Bunları orada yaşamaq isə bir başqa hiss idi. Ancaq təəssüf ki, bəzən etmək istədiklərimizlə bəzi imkanlarımız üst-üstə düşmür.

- Arzu edirəm, ki Vətənimizin təbliği üçün arzulayıb, gerçəkləşdirə bilmədiyiniz bütün işləri imkanlarınızla səfərbər edib həyata keçirəsiniz. Növbəti müsahibələrimizdə də Niderlandda Qarabağ zəfərimizə həsr olunmuş tədbirlərdən bəhs edək.

- İnanıram ki, o günlər uzaqda deyil.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm