Almanlar bizi niyə sevirlər? - Samirə Patserin dilindən MÖHTƏŞƏM FAKTLAR - FOTOLAR
Bizi izləyin

Xüsusi

Almanlar bizi niyə sevirlər? - Samirə Patserin dilindən MÖHTƏŞƏM FAKTLAR - FOTOLAR

Publika.az-ın müsahibi 2008-ci ildən 2015-ci ilə qədər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru, 2012-2017 ci illər ərzində Avropa Azərbaycanlıları Konqresinin prezidenti, hazırda isə həmin Konqresin fəxri prezidenti, Almaniya-Azərbaycan forumu çərçivəsində mədəniyyət sahəsinin rəhbəri və Avropa Əməkdaşlıq Forumunun sədri Samirə Patser İsmayılovadır.

- Samirə xanım, hazırda Almaniya da terrorun qaynar ərazilərindən biridir. Bu şəraitdə yaşamaq bir az təhlükəli deyilmi?

- Düşünürəm ki, terror artıq qaynar və qeyri-qaynar ərazilər anlayışından çıxıb. Bu gün bu təhlükə bütün dünyada, həmçinin Almaniyada da var. Qorxu insana xas bir instinktdir. Almanlarda qorxu da var, təhlükə hissi də. Lakin insanlar elə fəal həyat sürürlər ki, evdə oturub, özlərini cəmiyyətdən təcrid edə bilməzlər. Bu təhlükə ilə yaşayırlar da, fəaliyyət də göstərirlər. Yəni həyat öz axarı ilə davam edir. Onlarda polisə, dövlət qurumlarına böyük güvən hissi var. İnsanlarda bir çaşqınlıq da var təbii ki. Son günlər Almaniyada keçirilən bundestaqa yeni kansler seçkisində insanların narahatlığı, siyasi çaşqınlığı daha çox hiss olunurdu.

- Bu sualı sizə verəcəkdim, məni qabaqladınız…

- Bəli, indi Almaniyada gündəmin əsas mövzusu budur. Düşündüm ki, sizə də maraqlı olar. Son illər klassik alman partiyaları daha az səs qazanıb, radikal sağ təmayüllü partiyaların da parlamentdə yeri çoxalıb. Bu qüvvələr Niderlandda, Fransada daha çox yer tuturdular. Doğrudur, Almaniyada vəziyyət hələ o həddə çatmayıb. Klassik partiyalar yenə də dövləti idarə edirlər, ancaq onlarda bir təhlükə qorxusu var. İslamın adı ilə bağlı olan mənfi imic, terror təhlükəsi, siyasi qaçqınların ölkəyə axını almanlar üçün də fövqəladə bir haldır. Angela Merkel konservativ siyasətçi olsa da, dünyaya açıq insandır. Bu isə almanları bir az narahat edir. Lakin bir daha qeyd edirəm, ölkənin paytaxtı Berlin başda olmaqla, bütün şəhərlərdə böyük tədbirlər baş tutur, insanların fəal gecə həyatı var. İstənilən tədbirə qatılırlar. Hətta avropalıların belə bir fikri var ki, qorxu, təhlükə hissi önə çəkilərsə, bu terrorçuların qələbəsi deməkdir. Odur ki, terrorun qarşısını almaqla yanaşı, həyatlarına da davam edirlər.

- Almaniya keyfiyyətin ünvanıdır. Bu ölkənin məhsulları, elektrotexnikası, tibbi, təhsil sistemi hər zaman ön sırada olub. Uzun illər Almaniyada yaşayan insan kimi sizcə, onların əsas sirri nədədir?

- Belə bir fikir var ki, təbii resurslarla zəngin ölkələr nə qədər şanslı olsalar da, Allah tərəfindən lənətləniblər. Çünki onlar təbii sərvətlərinə güvənib, inkişafdan qalırlar. Almaniyanın demək olar ki, təbii resursları yoxdur. Bəlkə də uğurunun qaynağı budur. Təbii cəhətdən varlı ölkə olmadığı üçün zehni, təfəkkür resurları güclü inkişaf edib. Burada süni intellekt, elm, texnologiya çox irəlidədir. Elmi kəşflər, ixtiralar, tədqiqat bütün sahələrdə yüksək səviyyədədir. Həm avtomobil istehsalı, həm təbabət, həm təhsil... Fikir verirsinizmi, ali təhsil almaq istəyən tələbələrin üz tutduqları əsas ölkələrdən biri Almaniyadır. Mən hələ ölkənin mədəniyyəti mövzusuna toxunmuram. Çünki bu da böyük bir okeandır.

- "Alman" olmağın bir formulu varmı?

- Almaniyanın inkişafında xalqın milli, mental keyfiyyətləri böyük rol oynayır. Onların uğurlarının əsas sirri məsuliyyətli olmaqlarıdır. Vəzifələrini sonadək yerinə yetirirlər. İş, zəhmət həyatlarının ilk sırasında duran məhfumdur. Çünki insanlar anlayırlar ki, işlərini layiqincə yerinə yetirməsələr, bu cəmiyyətdə istədikləri yerdə ola bilməyəcəklər. Onlar ədalətli, vicdanlı və məsuliyyətli xalqdırlar. Bəlkə də onlar bütün sahələrdən tam məlumatlı deyillər. Lakin öz işlərinin ustasıdırlar. Önəmli olan da budur.

- Almaniyadakı diasporumuz bu gün vətənimizin təbliği, soydaşlarımızın daha rahat yaşaması üçün hansı işləri görür?

- Sosial, qanunvericilik cəhətdən o qədər inkişaf edib ki, hər bir vətəndaşın yaşayışı üçün rahatlıq təmin olunub. Buradakı xaricilər öz hüquqlarını qanunvericilik çərçivəsində tələb edirlər. Qanundan kənara çıxılarsa, ölkə konstitusiyası ilə ziddiyət yaranarsa, diaspora cəmiyyətdə olan bir qurum kimi işə qarışır. Dəfələrlə orqanlara məktublar yazmış, vəziyyəti aydınlaşdırmağa çalışmışıq. Lakin bizim qanuna müdaxilə etmək haqqımız yoxdur. Burada ədliyyə nümayəndələrinin rolu vacibdir. Yəni, problemlərə vəkillər də qarışandan sonra məsələ qanun çərçivəsində həll edilir. Lakin təbii ki, yeri gələrsə, soydaşlarımızın mənafeyini müdafiə etmək üçün etiraz səsimizi də ucaltmışıq, yardımımızı da əsirgəməmişik. Uzun illər Almaniyadakı azərbaycanlıların koordinasiya direktoru olmuşam. Bu səpkidən olan bir sıra problemlərlə rastlaşıb, həll etməyə çalışmışam. Biz buradakı Azərbaycan cəmiyyətləri arasında əlaqəni gücləndirir, müxtəlif növ tədbirlər həyata keçirirdik. Bu mövzular alman tərəfilə də uzlaşdırılır.

- Bəs soydaşlarımız Avropaya kifayət qədər inteqrasiya edə bilirlərmi? Ümumiyyətlə bu anlayış haqda danışaqmı?

- İstənilən ölkəyə inteqrasiya etmək vacib məsələdir. Bir ölkədən köçüb, həyatımızı digər dövlətdə qurmaq istəyiriksə, öz mədəniyyətimizi, adət-ənənələrimizi, tariximizi yaşatmaqla yanaşı, inteqrasiya da etməliyik. Ümumiyyətlə diaspora iki müstəvidə iş aparır. Mədəni irsini, kimliyini, dilini qorumaqla yanaşı, yeni ölkənin ictimai həyatına birbaşa daxil olmaq yolunda çalışır. Çünki Qarabağ, Xocalı, ümumiyyətlə Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq istəyiriksə, mütləq həmin dövlətin adətlərinə sayqı duyub, onlarla bərabərhüquqlu vətəndaş olmağa səy göstərməliyik. Dillərini öyrənib, dinlərinə qarşı tolerant münasibət sərgiləməliyik. Yalnız bu halda onlar bizi öz sıralarına qəbul edəcək, həqiqətlərimizi öz dillərindən səsləndirəcəklər. Yaşadığın ölkənin milli dəyərlərini, mentallığını bilmədən, bir az da onlar kimi olmadan, inteqrasiya edə bilməyəcəksən. Almanlarınsa əsas sevgisini qazanmağın yolu savadlı olmaqdır.

- Neçə ildir Almaniyadasınız?

- Artıq 24 ildir Almaniyadayam. Mən bura yeni köçəndə insanlar Azərbaycan adlı ölkənin adını belə bilmirdilər. Son illər keçirilən qlobal idman, mədəniyyət, incəsənət tədbirlərinə görə ölkəmiz daha yaxşı yöndən tanınır. Bu gün Almaniyada 50-dək Azərbaycan cəmiyyəti yaradılıb. Ermənilərin lobbiçilik tarixi burada daha qədim olsa da, artıq işləri çox çətinləşib. Bu da birbaşa diasporumuzun əməyinin bəhrəsidir.

- Azərbaycanın ziyalı xanımlarının Almaniyadakı simasısınız. Yəqin ki, İslam ölkəsindən olan bir xanımın ictimai fəaliyyəti almanlar arasında xoş təəccübə səbəb olur.

- Gözəl mövzuya toxundunuz. Bəli, adətən bu hal alman ictimaiyyəti tərəfindən böyük marağa, heyrətə səbəb olur. İslam ölkəsindən olan qadın işində fəaldır, cəmiyyətə dair fikirlər irəli sürür, almanca səlis danışır... Bu ən mühüm aspektlərdən biridir. Ötən il Liberal Qadınlar Birliyində “Azərbaycan qadını misalında müsəlman xanımının obrazı” haqda mühazirə oxudum. Bu aktual mövzu idi. Çünki Almaniyaya gələn siyasi qaçqınların çoxu müsəlman ölkələrindədir. Və təbii ki, onların çoxunun İslam modeli Azərbaycan qadınından tam fərqlənir. Mühazirə zamanı Azərbaycan qadınının obrazından, tarixi inkişafından, görkəmli simalarından bəhs edərkən ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın adını çəkdim. Sevindirici haldır ki, bu gün dünya Azərbaycan qadınını məhz Mehriban xanımın timsalında tanıyır, hörmət bəsləyir. Qadınlarımızın ictimai formatda cəmiyyətdə görünməsi böyük uğurdur.

- Bu gün Almaniyada türklər həddən artıq çoxdur. Bir yandan da onların sürətlə nəsil artımı ölkədəki türklərin sayını daha da çoxaldır. Bu isə almanlar tərəfindən bir az qısqanclıqla qarşılanır. Bəs onlar azərbaycanlılara necə yanaşırlar?

- Bu gün Almaniyada 4 milyona yaxın türk yaşayır. Türklərin Almaniyada məskunlaşması tarixi bizdən qat-qat əvvələ gedib çıxır. Onların artıq burada 3-cü, 4-cü nəsili böyüyür. Dil birliyimiz, qardaşlığımız bizim üçün müqəddəsdir. Lakin almanlar bizi fərqli millət kimi görürlər. Azərbaycanlılara münasibətləri normaldır. Bu ölkədə çox millətlər yaşayır, xaricilər çoxdur. Onlar gəlmələri qəbul edir, inteqrasiyasına ümid edirlər. Çevrəmdə almanlar çoxdur və millətimizə simpatiya ilə yanaşırlar. Yaşadıqları şəhərlərdə çox olsalar da, bəzi türkiyəlilər və ruslar kimi mənfi fikir formalaşdırmayıblar.

- Ruslardan söz düşmüşkən, Almaniyada türklərlə bərabər, rusların da təsiri duyulur. Hər şəhərdə rus mağazaları, tədris ocaqları fəaliyyət göstərir. Bəs biz bu gözəl ölkədə nə vaxtsa mədəniyyət evi və ya təhsil müəssisəsi inşa etməyi düşünürükmü?

- Doğrudur. Burada rus mədəniyyəti geniş yayılıb. Əsas səbəb isə gəlmələrdən də çox Şərqi Almaniya ilə Qərbi Almaniyanın birləşməsidir. Yəni burada artıq rus mədəniyyəti, dili vardı. Arzu edərdim ki, Almaniyada yüksək səviyyəli, bütün tələblərə cavab verən Azərbaycan Mədəniyyət evlərimiz olsun. Çünki burada azərbaycanlıların cəm şəklində yaşadıqları ərazilər çoxdur. İnanıram ki, bu təşəbbüs maraqla qarşılanacaq.

- Samirə xanım, maraqlı faktdır ki, Almaniyanın paytaxtı Berlin həm də ən ucuz şəhərdir, yoxsa yanılıram? Ümumiyyətlə, qısa səyahət edəkmi Almaniyaya?

- Son illərə qədər bəli, Berlin ucuz şəhər sayılırdı. Lakin artıq önəmli dünya meqapolislərindən biridir. Turist axını bir yandan, dünyanın parlaq simalarının burada məskunlaşmaqları digər yandan şəhərin ictimai həyatına birbaşa təsir edir. Berlin hazırda Şərq və Qərbə bölünür. Şərq hissəsində qiymətlər daha ucuzdur. Almaniyanın ən bahalı şəhərləri Münhen, Hamburq, Frankfurt, Düsseldorfdur. Çünki bu şəhərlərdə daim həyat qaynayır. Onlar da meqapolis sayılırlar. Almaniyadakı kiçik və tarixi əhəmiyyətli şəhərlər də var ki, siz ora gedəndə özünüzü açıq səma altında müzeydə hiss edirsiniz. Selle şəhəri isə sanki nağıllardan qalıb. Ümumiyyətlə Almaniyanın rəngarəngliyi sadalamaqla bitmir.

Bu ölkənin yaşıllığı çoxdur. Qəsrlərlə, saraylarla zəngin məmləkətdir. Bir sözlə, turizm üçün hərtərəfli əlverişli ölkədir.

- Almaniyada uşaqların tərbiyə sistemi, ailə problemləri barədə bizə məlumat verə bilərsinizmi?

- Maraqlı sualdır. Bilirsiniz, alman ailəsi azaddır. Uşaq ən kiçik yaşından ailənin tam üzvüdür. Hələ ana bətnində ikən onun öz hüquqları yaranır. Alman ailəsində məcburiyyət demək olar ki, yoxdur. Tərbiyə aspekti mühümdür. Onlar elə böyüyürlər ki, təhsilə, peşə seçiminə dərin maraqları yaranır.

- Bəzən həmyerlilərimiz düşünürlər ki, övladının tərbiyəsi avropalı valideynin, kobud desək, vecinə deyil…

- (Gülümsəyir) Sadəcə burada patriarxal ənənə yoxdur. Valideynin gözü təbii ki, daim övladının üzərindədir. Lakin onlar öncə dostdurlar. Ana və ata uşağının seçimlərinə hörmətlə yanaşırlar. Alman öz övladını elə tərbiyə edir ki, elmə, inkişafa marağı öz-özlüyündən yaransın. Uşaq öz fikirlərini valideynlərilə rahat bölüşür. Ümumiyyətlə savadlı və mədəni alman ailəsi övladlarına çox böyük önəm verir. Onlar həm dillər öyrənir, həm də müxtəlif dərnəklərə gedirlər.

Almaniyanın təhsil sistemi haqda nə deyə bilərsiniz?

Almaniyada təhsil sistemi müxtəlifdir. Məsələn Valdorf məktəbləri var ki, burada ilk illər uşaqlara ümumiyyətlə dərs keçmirlər. Onlar azad, yaradıcı ideyanın inkişafı ilə məşğul olurlar. Sonralarsa artıq hərfləri öyrənir, müxtəlif fənləri tədris edirlər. Bundan əlavə Montessori sistemi var. Bu da uşaqların təsəvvür dünyasını zənginləşdirir. Bir də onu deyim ki, Almaniyada xüsusi sənət məktəbləri fəaliyyət göstərir. Bu tədris ocaqlarında konkret peşələr öyrədilir.

- Almaniyadakı Azərbaycan diasporu bu gün az iş görmür. Davamlı konsertlər, sərgilər təşkil olunur. Onlar bizim mədəniyyətimizi, mətbəximizi digər Avropa xalqları kimi sevirlər. Bəs qarşıda hansı maraqlı layihələr var?

- Bəli, son illər Almaniyada Azərbaycanın təbliğilə bağlı maraqlı tədbirlər keçirilir. Ümumiyyətlə bir vətəndaş kimi müstəqil Azərbaycanın inkişafında, Avropaya inteqrasiyasında ulu öndərimiz Heydər Əliyevin zəhmətini unutmağa haqqımız yoxdur. Diaspor quruculuğu və inkişafında onun böyük əməyi var. Heydər Əliyevin çağırdığı I Qurultaydandan sonra Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsinin yaradılması, fəailiyyəti diasporun, lobbiçiliyin inkişafına təkan verib. 2008-ci ildə Almaniyadakı Azərbaycanlıların Koordinasiya rəhbəri seçildim və həmin il ölkədə Azərbaycanın Almaniyadakı səfirliyi, Mədəniyyət və Turizm Nazırliyinin dəstəyilə Azərbaycan ili keçirildi. O ildən etibarən təbliğat dalğası tüğyan etməyə başladı. Heydər Əliyev Fondunun keçirdiyi yüksək səviyyəli layihələr almanları heyran qoyur. İstər xalçaçılıq sərgisi, istər caz konsertləri, istərsə də mədəniyyətimizin digər qollarının təbliğatına həsr edilən mərasimlər olsun. Fəaliyyətimiz çox uğurlu formada davam edir. Bu tədbirlər Almaniyanın bir sıra şəhərlərində də gerçəkləşir. Biz Üzeyir Hacıbəyovun yaradıcılığından, kino sənətimizin tanıdılmasından bəhs edən layihələr həyata keçiririk. Rəssamlarımızın sərgiləri baş tutur. Azərbaycan mədəniyyəti haqda mühazirələrlə çıxış edirəm. Bundan əlavə, Avropa Aərbaycanlıları Konqresinin layihəsi çərçivəsində Heydər Əliyev Fondunun və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyilə "Azərbaycanda qonaq olarkən mədəniyyət və mətbəx" kitabı işıq üzü görüb. Kitab bir çox şəhərlərdə uğurla satılır. Belə deyək, alman oxucular ona valeh olduqlarını vurğulayırlar. Bu kitab artıq iki ildir ki, Frankfurtda keçirilən beynəlxalq kitab sərgisində təqdim olunur.

- Samirə xanım, yeni mövsümdə işlərinizin çoxluğundan xəbərdaram. Zaman tapıb, suallarımı cavabladığınız üçün təşəkkür edirəm.

- Buyur, Leyla. İnanıram ki, söylədiklərim oxuculara maraqlı olacaq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm