Nigeriyada yaşayan yeganə azərbaycanlı xanım: "Rəqs edə-edə kralın evinə getdik" - FOTOLAR
Bizi izləyin

Xüsusi

Nigeriyada yaşayan yeganə azərbaycanlı xanım: "Rəqs edə-edə kralın evinə getdik" - FOTOLAR

Publika.az Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bernardla müsahibəni təqdim edir.

- Billurə xanım həyat yoldaşınız fransızdır?

- Bəli.

- Harda tanış olmusunuz?

- Neft şirkətində çalışır. 2006-cı ildə Bakıya ezam olunmuşdu. Mən də ali təhsil alırdım. Elə həmin il tanış olduq.

- Çox cəsarətli xanımsınız. Başqa millətdən olan şəxslə ailə qurmaq, onun milli adət-ənənələrini qəbul etmək böyük əmək tələb edir.

- Lahıc qəsəbəsində böyümüşəm. Məktəbi orada bitirib, ali məktəbdə oxumaq üçün Bakıya köçmüşəm. Valideynlərim bizə həmişə azad olmağı öyrədiblər. Kişi qadın bərabərliyini aşılayıblar. Mən saxta mental qanunlara qarşı çıxmışam hər zaman. Belə deyək, feministəm. Onu rayonumuza gətirib, valideynlərimlə tanış edəndə hər iki tərəf məmnun qaldı. Doğrudur ətrafdakıların dedi-qodusunun əsas mövzusuna çevrildik. Bəziləri hətta onu “Müsyö Jordan” adlandırırdılar (gülür). Amma atam mənə belə bir söz dedi: Bu sənin həyatındır, sənə necə xoş olacaqsa, elə də yaşa. Heç kimin sözünə məhəl qoyma, özün qərar ver.

- Bəs nə vaxt ailə qurdunuz?

- 2011-ci ildə.

- 2006-cı ildə tanış olub, 2011-ci ildə evlənmisiniz. Bu müddət ərzində bir-birinizi tanımaq üçün kifayət qədər zamanınız olub.

- Bu illər ərzində o, Qazaxıstanda işləməyə getdi. Mən magistr təhsili almaq üçün İsveçin Lund Universitetində oxumağa yollandım. Yəni uzaq məsafələrə rəğmən, əlaqəni itirmədik. 2011-ci ildə nəhayət ailə qurduq. 2012-ci ildə isə Fransaya köçdük.

- Fransızla ailə quran bir tanış xanım belə bir əhvalat danışmışdı. Bu xanımın övladı dünyaya gələndə anası Azərbaycadan Fransaya qızının yanına gedir. Yeni doğulan körpə yuxuda tez-tez diksindiyi üçün nənə döşəyinin altına inancımıza görə balaca qayçı və bir parça çörək qoyur. Səhər körpənin atası bunu görüb, evdə qalmaqal salır. Sənin anan mənim övladımı öldürmək istəyir, deyir. Ümumiyyətlə bu kimi hallar çoxdur. Bəs siz necə uyğunlaşdınız fransızla birgə həyata?

- Səmimi deyim, din, mədəniyyət fərqi problemi yaşamadım. Yeganə çətinliyim dil bilməməyim oldu. İlk aylar yoldaşımın ailəsi və qonşularla ingilis dilində ünsiyyət qururdum. Ancaq bir neçə aydan sonra fransız dilini öyrəndim və onlara yavaş-yavaş öz milli adət-ənənələrimizi aşılamağa başladım. Novruz bayramında şirniyyatlarımızdan bişirib, balaca xonçalar hazırlayırdım. Xoş arzulardan ibarət balaca qeydlərlə birgə qonşuların qapılarının yanına qoyurdum. Bu fransızlarda o qədər xoş təəssürat oyadırdı ki, qısa zamanda bir ailənin üzvləri qədər doğmalaşdıq. Unutmadan deyim ki, ən böyük çətinliyim ailəm, vətənim üçün darıxmağım idi.

- Bəs Nigeriyaya necə köçdünüz?

- Həyat yoldaşımın çalışdığı şirkət öz mütəxəssislərini davamlı neft ölkələrinə böyük layihələr üzərində çalışmağa göndərir. 1 il Fransada yaşayandan sonra yoldaşıma dedilər ki, şirkətin böyük bir layihəsini gerçəkləşdirmək üçün Nigeriyaya köçməlidir.

- İlk reaksiyanız necə oldu?

- Bu hər ikimiz üçün sürpriz oldu. Fransada da çox qaradərili var. Lakin sırf Afrika ölkəsində yaşamaq heç vaxt ağlıma gəlməzdi. Budur, artıq 4 ildir Nigeriyadayıq.

- Billurə xanım, Afrika ölkələrinin adını eşidəndə insanların təsəvvüründə sivilizasiyadan kənar, aclıqdan bir-birinin ətini yeyən, qəribə adətləri olan vəhşi qəbilələr canlanır...

- (Gülür) Bilirsiniz, hazırda inkişaf etmiş ölkələrin mediası inkişaf etməkdə olan dövlətlərin pozitiv, üstün cəhətlərini göstərmək istəmirlər. Yoldaşım məndən bir neçə ay öncə köçdü bura. Mənsə çox narahat idim. Supermarketlərə gedib, mənə ərzaqların fotoşəkillərini göndərirdi. Yenə inanmırdım ona, elə bildim ki, internetdən tapıb yollayır bu fotoları. Ona görə, gələndə çemodanlarımı salfetdən tutmuş, ən bəsit əşyalaradək hər şeylə doldurmuşdum. Lakin tam əksinin şahidi oldum. Nigeriya sürətlə inkişaf edən ölkədir. Əhalisi 180 milyon nəfərdir. Elə təkcə biz yaşadığımız Laqos şəhərinin qeyri-rəsmi 25 milyon əhalisi var. Ekvatora yaxın olduğu üçün iqlim də fərqlidir. Bəzən davamlı yağışlar, bəzənsə quraqlıq olur. Nigeriya uzun müddət İngiltərənin müstəmləkəsi olduğuna görə, rəsmi dövlət dili ingiliscədir. Əyləncə məkanları, restoranlar, böyük ticarət mərkəzləri, qısaca maraqlı həyat üçün hər şey var.

- Xaricilər çoxdur orda?

- Bildiyiniz kimi, Nigeriya neft ölkəsidir. Müxtəlif neft şirkətlərində fəaliyyət göstərən əcnəbilər çoxdur burada.

- Bəs insanları necədir?

- Burada insanlar iki təbəqəyə bölünürlər: varlı və kasıb. Təbii ki, onların həyat tərzi də kəskin şəkildə fərqlənir. Kasıb nigeriyalılar olduqca mehribandırlar. Onların çöhrəsində daim təbəssüm var. Ümumiyyətlə səmimi xalqdır.

- Yəni Nigeriya tam təhlükəsiz ölkədir?

- Təəssüf ki, xeyr. Ölkənin şimalında “Boko Haram” terror qruplaşması var. Bu ərazilər ölkə tərəfindən də nəzarətsiz buraxılıb. Lakin bu o demək deyil ki, ölkədə terror baş alıb gedir. Məsələn, biz yaşadığımız Laqos şəhəri olduqca sakit şəhərdir. Hər həftə müxtəlif sərgilər, festivallar təşkil olunur. Kinoteatrlar, mədəniyyət mərkəzləri daim fəaliyyətdədirlər.

- Bu festivallarda siz də iştirak edirsiniz...

- Bəli, ölkədə yaşayan yeganə azərbaycanlı kimi həm ölkəmizin mədəniyyətini Afrikada tanıtmaq, həm də Afrikanın pozitiv yönlərini dünyaya çatdırmaq qərarına gəldim.

- Təəssüf ki, bizimkilər bir neçə il xarici ölkədə yaşayandan sonra köklərindən uzaqlaşırlar. Lakin sizdə tam əksini müşahidə etdim.

- Fransada yaşadığım vaxtda da buna şahid oldum. Bəzi soydaşlarımız hətta azərbaycanlılara qarışmaq istəmirdilər. Çox təəssüf edirəm. Bilirsiniz, biz hara getsək, neçə pasportumuz da olsa, kökümüzdən qopa bilmərik. Həyat yoldaşıma da hər zaman deyirəm, fransız pasportum rahat səyahət etməyimüçün bir səbəbdir. Lakin mən azərbaycanlıyam. Evimdə divardan Azərbaycan bayrağı asmışam. Bizə gələn dostlarım hər zaman vurğulayırlar ki, yalnız sənin evində bayraq görürük. Mən bununla fəxr edirəm.

- Demək ki, ölkəni, milləti xaricdə təmsil etmək üçün böyük maliyyə dəstəyinə, hətta qurumlara ehtiyac yoxdur. Qürbət ölkədə yeganə azərbaycanlı olaraq da vətən adına əhəmiyyətli işlər görmək olar.

- Dadlı xörəklərimizdən hazırlayıb, gözəl süfrə aça bilərsən, ətrafdakı əcnəbi qonşularını, dostlarını dəvət edərsən. Yemək zamanı müsiqimizdən, rəqslərimizdən bəhs edə bilərsən. Ölkənin dəyərlərini bu şəkildə də tanıda bilərik. Yəni diaspor sözü o qədər də qorxulu anlayış deyil.

- Afrikada həqiqətənmi su qıtlığı yaşanır?

- Bilirsiniz, burda keçirilən mədəniyyət festivallarında daim ölkə mediasının diqqət mərkəzində oluram. Dekorasiyamızı, milli geyimimizi çox bəyənirlər. Onlar məndən müsahibə alanda hər zaman bir sözü deyirəm: “Allah sizə xoşbəxt olmaq üçün hər şey verib”.

Təsəvvür edin, ölkənin iqlimi ilin 4 fəsli əkin üçün yararlıdır. Su var, Günəş var, bərəkətli torpaq var. Nigeriyada su problemi yoxdur. Bu çətinlik daha çox Somali ərazisindədir. Onların da problemi tənbəl olmaqlarındadır. Zəhmətdən qaçıb, primitiv üsulları seçirlər. Bu fikri səsləndirməkçün kifayət qədər yaşamışam Afrikada. Nigeriyada sadəcə işıq problemi var. Ona görə hər bir binada generator quraşdırılıb. Dövlətin işığı isə gün ərzində bir neçə saat verilir.

- Mənim üçün xalqların tarixi, mədəniyyəti çox maraqlıdır. Afrika ölkələrində isə araşdırılması gərəkən minlərlə qəbilələr yaşayır.

- Nigeriyada 50-dən çox tayfa var. Onların öz dilləri, dinləri və adətləri, milli geyimləri bütövlükdə folklorları var. Lakin yavaş-yavaş insanlar bu dinlərdən uzaqlaşıb, islamı və xristianlığı qəbul etməkdədirlər. Hətta gənclər erkən yaşlı nikahlara qarşı çıxır, təhsil almaq istəyirlər. Bu çox zaman alacaq, amma əsas odur ki, proses artıq öz məcrasına düşüb.

- Bu qəbilələrlə bağlı heç yerdə eşitmədiyimiz maraqlı faktlar bölüşə bilərsinizmi bizimlə?

- Bu tayfaların hər birinin öz kralı olur. Ölkənin idarə olunmasında krallar nüfuz sahibi deyillər. Lakin qəbilələr, tayfalar onlara dərin hörmət bəsləyirlər. Ötən il ekvo adlı tayfanın festivalında iştirak etdik. Çox maraqlı mərasim idi. Orada insanlar bir yerdə toplaşır. Yeyib-içir, rəqs edir və mahnılar ifa edirlər. Sonra isə hər kəs hədiyyələrlə dolu xonçaları götürüb, kralın evinə yollanırlar. Yol boyu da bu şənlik davam edir. Kralın evinə çatanda çox xoş qarşılanma mərasimi baş tutur. O öz arvadlarını, övladlarını tayfa üzvlərilə tanış edir. Sonra hədiyyələr kralın önünə qoyulur. Tayfanın ən hörmətli insanı nərd zərinə bənzəyən bir əşyanı yerə atır. Əgər zərin ağ tərəfi üstdə olarsa, bu il tayfa üçün uğurlu olacaq. Yox əgər qara tərəfi görünərsə, yaxşı əlamət sayılmaz. Bu zaman müxtəlif ayinlər həyata keçirilir. Çox qəribə dualar oxunur ki, bu cadu, pislik uzaqlaşsın.

- Doğrudur, bu adətlər çox primitivdir. Lakin istənilən halda mədəniyyət nümunəsidir və silinmək qorxusu ilə üz-üzədir. Onları qeydə alıb, arxivləşdirən mütəxəssislər vamı?

- Sizə elə bu tədbirdə rastlaşdığım bir portuqal xanım haqda danışmaq istəyirəm. Bu mərasimi o təşkil etmişdi. Mədəniyyət irsinin qorunması üzrə doktorluq dissertasiyası müdafiə edib. Uzun müddət öncə Nigeriyaya gəlib və bir növ artıq bu millətin üzvünə çevrilib. Əsas məqsədi qəbilələrin mədəniyyət nümunələrini qoruyub, YUNESKO-nun mənəvi dəyərləri siyahısına daxil etməkdir. Çünki qeyd etdiyim kimi, insanlar artıq bu adətlərdən uzaqlaşırlar. Hətta kralın evinə yollananda kənd camaatı kənardan baxır, bizə qarışmırdılar. Onlar artıq islama, xristianlığa gəlirlər. Belə ayinlərdən uzaqlaşırlar. Leyla xanım, bu rəngarəng mədəniyyətlər haqda çox danışmaq olar.

- Bu günlərdə Nigeriya televiziya kanallarında sizinlə bağlı maraqlı veriliş efirə getdi. Milli xörəyimizi hazırlayıb, ölkəmiz haqda məlumat verdiniz.

- Nigeriyada yemək biznesinin böyük hissəsi hindlilərin və livanlıların əlindədir. Bir dəfə marketdə bazarlıq edirdim. Təsadüfən əlimə braşur keçdi. Livan restoranının menyusunda erməni xörəkləri adı altında bizim milli yeməklərimiz dolma, lavaş və s. təqdim olunurdu. Mənsə ümumiyyətlə qonaq sevən insanam. Mütəmadi olaraq dostlarımı dəvət edib, düşbərə, qutab kimi maraqlı xörəklərimizi hazırlayıram. Elə buna görə də tez-tez təklif olunurdu ki, aşpazlıq məktəbi açım. Bu broşur məni çox hiddətləndirdi və öz bloqumu yaratmağa qərar verdim. Ondan sonra konsulların evində səfirlər üçün şam yeməkləri təşkil edirəm. Həmçinin “Foodies and spice” verilişinə xörəklərmizi hazırlamaq üçün dəvət aldım. Bu proqram Nigeriyanın 10 kanalında yayımlanır. Həmçinin silsilə şəkildə davam edəcək. İlk verilişdə dolma hazırladım. İkincidə isə düşbərə və qutab bişirdik. Onlarla birgə Azərbaycan mətbəxinə aid bir sıra layihə həyata keçirməyi düşünürəm. Sponsor tapsaq, işimiz daha da yüngül olacaq. Bundan əlavə, digər bir kanal da mənim haqqımda veriliş hazırlamaq niyyətindədir.

- Düşmənlərimiz Afrikaya da yol tapıblar?

- Bəli, ilk vaxtlar mən də təəccüblənmişdim. Dediklərinə görə, qondarma erməni soyqırımından sonra babaları köçüb buraya.

- Heç rastlaşırsınız?

- Uşaqların məktəblərində, bağçada daha çox qarşılaşırıq. Övldadları ilə daha çox erməni dilində danışırlar, erməni adları verirlər. Bir gün bir erməni valideyn “artistcə” ağlayaraq uşağını məktəbə gətirdi. Hər kəs onun ətrafına toplaşıb, niyə ağladığını soruşdu. Dedi ki, bu gün bizim soyqırımımızın il dönümüdür. Mən çox istərdim, öz ölkəmdə millətimin yanında olum.

- Bəs sizin reaksiyanız necə oldu?

- Həmin gün heç bir şey demədim. Bir müddət sonra qondarma soyqırımı haqda yalanları ətrafımdakı insanlara tarixi faktlarla sübut etməyə çalışdım. Qarabağ, Xocalı haqda məlumat verdim. Ümumiyyətlə düşmənin cavabını aqressiv vermək doğru deyil. Bu zaman günahkar bizi hesab edirlər. Hər bir şeyin təqdimatını estetik şəkildə etmək lazımdır. Mən Azərbaycanı təmsil edirəm. Hətta düşmənlə mübarizədə də savadlı və təmkinli olmalıyam.

- Billurə xanım, neçə övladınız var?

- 3 oğlum var. Birinin 5, digərinin 3, kiçiyin isə 1 yaşı var.

- Fərqli mədəniyyətə mənsub iki valideynlərin ailəsində böyümək, üstəlik digər adət-ənənəyə xas ölkədə yaşamaq onlara necə təsir edir?

- Çox yaxşı. Hər iki valideynin qayğısı, sevgisilə əhatələnmək, üstəlik günəşli ölkədə yaşamağı hansı uşaq istəməz ki?! Onlar burada fransız dilli məktəbə və bağçaya gedirlər. Mənsə daim Azərbaycan dilində danışıram övladlarımla. Doğrudur, mənə bizim dildə cavab vermirlər, ancaq Bakıya gələndə bir həftədən sonra doğmalarımla Azərbaycan dilində danışmağa başlayırlar.

- Dilimizi necə təbliğ edirsiniz övladlarınıza?

- Tez-tez uşaq mahnılarımızı oxuyuram onlar üçün. İnternet vasitəsilə milli filmlərimizə baxırıq. Bu yaxınlarda oğlumun öz otağında sakitcə “Cücələrim” mahnısını ifa etdiyini eşitdim. Çox sevindim. Hətta digər oğlum Azərbaycan, Fransa və Nigeriya bayraqlarının şəklini çəkməyimi xahiş etdi. Onların bu düşüncələri, hərəkətləri məni xoşbəxt edir.

- Billurə xanım, gözəl ailənizə və sizə işlərinizdə uğurlar arzu edirəm! Sizi tanımaq çox xoş oldu.

- Təşəkkür edirəm, Leyla xanım. Qarşılıqlıdır.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm