Tovuzun qardaşı Konyakın meri: "Ölkənizi sevirik" - MÜSAHİBƏ - FOTOLAR
Bizi izləyin

Xüsusi

Tovuzun qardaşı Konyakın meri: "Ölkənizi sevirik" - MÜSAHİBƏ - FOTOLAR

Yer üzünü bəzəyən şəhərdən çox şəhər var.

Hər biri onlarla savaşlara sinə gərib, təbiətin amansız sınaqlarından çıxan, ömrünün baharında çiçək açıb, sazaqlı, şaxtalı qışında biz insanlar kimi üşüyən minlərlə şəhər… Şəhərləri bizə bənzədən bir cəhət də var. Onlar da dünyanın müxtəlif nöqtəsindən bir-birini axtarıb-tapa, qardaşlaşıb-doğmalaşa bilirlər.

Tarixdə ilk qardaşlaşmış şəhərlərin çox maraqlı tarixçəsi var. Birinci dəfə “qardaşlaşmış şəhərlər” termini İkinci Dünya Müharibəsi dövründə demək olar ki, tamamilə dağıdılıb, xarabazara çevrilən Britaniyanın Konventri və SSRİ-nin Stalinqrad şəhərlərinə aid edilib. Konventri qadınları Stalinqradda yaşayan həmcinslərini dəstəkləmək məqsədilə öz əllərilə süfrə toxuyub, üzərinə 830 qadının adını və “Xırda kömək, böyük təəssüfdən üstündür” yazıb, öz aralarında topladıqları kiçik maddi yardımla birgə onlara göndərirlər.

Kənardan adi parça kimi görünən bu sənət əsəri, dostluq-qardaşlıq rəmzi, kainatın sülhə olan ümid qapısı idi. Bu gün həmin süfrə “Stalinqrad savaşı” panorama muzeyində saxlanılır. 2008-ci ildə bu doğmalığın, qardaşlığın 65 yaşı şərəfinə Volqoqrad ( Stalinqrad) sakinləri “Stalinqrad süfrəsi” hazırlayıb, onu Konventri şəhərinə göndərirlər.

Картинки по запросу stalingrad

"Qardaşlaşmış şəhərlər" termini hər dildə bir cür səslənsə də, ümumi anlam eynidir. Məsələn, ingilis dilində "bacılaşmış şəhərlər " (Sister cities), fransızca “əkiz şəhərlər” (Ville Jumelée ) və s.

Publika.az-ın müsahibi tarix boyu ən çox “qardaşlaşan şəhərlər” sırasında yer alan Fransanın Konyak şəhərinin meri cənab Mişel Qurənşasdır.

- Cənab Qurənşas, təklifimi qəbul edib, mənə vaxt ayırdığınız üçün öncədən minnətdaram. Bizə Konyak şəhəri haqda məlumat verə bilərsinizmi?

- Konyak Fransanın 19 min əhalisi olan şəhəridir. Şəhərimiz Fransanın cənub-qərbindəki Şaranta departamentində yerləşir. Bu ad şəhərdən keçib, Atlantik okeana tökülən Şaranta çayından qaynaqlanır. Dünyada tanınan məşhur spirtli içki şəhərimizin adından götürülüb - Konyak. Burdakı konyak evlərinə görə şəhərimizə hər il minlərlə turist axışır. Mütəmadi olaraq ədəbiyyat, musiqi, incəsənət festivalları təşkil olunur.

Картинки по запросу tovuz konyak şəhərləri

- İki il öncə Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərləri arasında qardaşlaşma sazişinin qüvvəyə minməsi ilə bağlı sənəd imzalandı. Bu barədə təəssüratlarınızı bölüşə bilərsinizmi?

- Ölkənizi sevirik. İki şəhər arasında baş tutan bu doğmalıq əlaqələri bizi çox sevindirir.

- Bəs Azərbaycanda olmusunuz?

- Bəli, iki dəfə olmuşam. Bu xalqınızı yaxından tanımaq üçün əla fürsət idi. Qonaqpərvərliyiniz, xüsusən də fərqli milli mətbəxiniz möhtəşəmdir. Ümumiyyətlə Azərbaycanın tarixinə, mədəniyyətinə biganə qalmaq mümkün deyil.

- Konyakın ən gözəl parkında bizim böyük şairimiz Məhsəti Gəncəvinin heykəli ucalır. Bu iki ölkənin mədəniyyətlərinin qarşılıqlı inkişafı yolunda atılan təqdirəlayiq addımdır.

- Tovuzla Konyakın qardaşlaşması şəhərimizin Oranjeri (l’Orangerie) adlı məşhur mərkəzi parkında Azərbaycan ədəbiyyatının görkəmli siması Məhsəti Gəncəvinin heykəlinin açılışı ilə daha da möhkəmləndirildi. Böyük şairin xatirəsinə ucalan bu sənət əsəri bütövlükdə Azərbaycan mədəniyyətinə verdiyimiz böyük dəyərin rəmzidir. Bu heykəl parkın ən gözəl hissəsində yerləşir. Ətrafını isə al-əlvan çiçəklər bəzəyir.

Картинки по запросу tovuz konyak şəhərləri

- Bu yaxınlarda "Tovuz nar evi"nin də açılışı oldu...

- Konyakın ən məşhur küçələrinin birində “Tovuz, Qafqazın mirvarisi nar evi” mağazasının açılışı baş tutdu. Ümid edirik ki, bu mağaza layiq olduğu diqqəti qazanacaq. Nardan hazırlanmış məhsullarınızı daddıq və qeyd edim ki, bu fransızlar üçün tamailə yeni və fərqli ləzzətdir.

- Tovuzdan öncə Konyak ABŞ-ın Denison, Almaniyanın Köniqsvinter və İspaniyanın Valdenpenyas şəhərlərilə qardaşlaşmışdı. Ümumiyyətlə qardaşlaşma sənədi imzalananda şəhərlərin hansı cəhətləri önə çəkilir?

- Konyakla bugünədək qardaşlaşan şəhərlər yalnız bunlar deyil. Burkino Fasonun Boala, Slovakiyanın Mixaylovka, Çexiyanın Vişkov və Çinin Buçjou şəhərlərilə də uğurlu qardaşlaşma sənədləri imzalamışıq.

Bilirsinizmi, iki müxtəlif şəhər qardaşlaşanda onları ortaq cəhətlər birləşdirməlidir. Məsələn Konyak başqa bir şəhərlə qardaşlaşma sazişi imzalayırsa, demək onları ya memarlıq, mədəni irs və ya istehsal olunan spirtli içkilər birləşdirir.

XIX əsrdə Konyakın üzüm bağları filloksera adlı zərərli həşəratların qarşısıalınmaz təsirinə məruz qalmışdı. Denisonun üzüm bağlarından isə bu təhlükə sovuşmuşdu. Məhz bu səbəbdən uğurlu əməkdaşlıq məqsədilə iki şəhər qardaşlaşmışdı.

Konyakın vaxtilə doğmalaşdığı Könqsvinter və Valdenpenyas şəhərlərində də kifayət qədər üzüm bağları var.

Buçjou ilə Konyakın qardaşlaşmaqlarının məqsədi şəhərdə istehsal edilən qucinq içkisi ilə konyak istehsalı olmuşdu. Boala şəhərilə imzalanan saziş Afrika ölkələrilə həmrəyliyimizi sübut etmək idi.

Похожее изображение

Yəni səbəb nə olursa olsun, əsas məqsəd iki doğmalaşan şəhər vasitəsilə dövlətlər arasında sıx dostluq bağları qurmaq, tarixlərindən tutmuş, iqliminə, musiqisindən mətbəxinə, idmanınadək bütün əhəmiyyətli xüsusiyyətlərini kəşf etməkdir. Bu qardaşlıq, dostluq vasitəsilə Azərbaycanla əlaqələrimizi daha da möhkəmləndirəcəyimizə ümid edirik.

- Cənab Mer, suallarımı cavablandırdığınız üçün minnətdaram!

- Buyurun. Uğurlar arzulayıram sizə!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm