Dünya liderlərinin taleyini həll edən, 47 dildə danışan tərcüməçi: "Ərdoğanla Putin..." - ÖZƏL MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Dünya liderlərinin taleyini həll edən, 47 dildə danışan tərcüməçi: "Ərdoğanla Putin..." - ÖZƏL MÜSAHİBƏ

Bir neçə il öncə bütün ölkə mediası bu şəxsin bacarığını müzakirə etməyə başladı. Hər kəs 32 dil bilən Avropa Komissiyasının baş tərcüməçisindən danışır, onu nümunə göstərirdi. Dillərə olan marağım məni də feysbukun yeni fenomeninə biganə qoymadı. Dəfələrlə sosial hesabımda bu tərcüməçiyə aid yazılar paylaşmışam. Hətta bir neçə ay öncə onun haqqında qısa məqalə də yazmışam. Bu yaxınlarda Fransada yaşayan azərbaycanlı tərcüməçi Elvin Abbasbəyli sayəsində onunla tanış olmaq imkanı qazandım. Gərgin iş rejiminə rəğmən israrlı təklifimi qəbul edib, internet vasitəsilə canlı müsahibəyə razı saldım.

Və budur, Publika.az-ın xüsusi qonağı 47 dil bilən, 32 dildə danışan, Avropa Komissiyasının baş tərcüməçisi İohannis İkonomudur.

- İohannis, mədəniyyətini, tarixini çox sevdiyim ölkədənsiniz.

- Təşəkkür edirəm. Bəli, Yunanıstanın Krit adasında dünyaya gəlmişəm. 4 yaşımadək orada yaşamışam. Həmin illər taleyimi həll edib, deyə bilərəm. Yəqin bilirsiniz ki, Krit Yunanıstanın ən böyük və daim turist qaynayan ərazisidir. Özümü xatırlayandan adadakı əcnəbi turistlərin əhatəsində olmuşam. Bir-birilə ünsiyyətlərini eşitmişəm. Tədricən danışıq səslərini, tərzlərini təkrarlamağa çalışırdım. Təbii ki, o zamanlar çox balaca idim. Uşaq düşüncəsilə bu duruma heyrətlənirdim. Axı necə olur ki, bizə yad olan səslər çıxaran, sözlər, cümlələr quran bu insanlar bir-birini rahat anlayır, zarafatlaşır, ciddi mövzular müzakirə edirlər?

- Dillərə sevginizin qaynağı da budur yəqin...

- Şübhəsiz. 6 yaşım olanda artıq Afinaya köçmüşdük və mən məktəbdə ingilis dili öyrənirdim. Səsləri, ifadə tərzini təkrarlamaq bacarığım sayəsində bu dili asanlıqla qavradım. Hər il yay tətilini Kritdə keçirirdik. Adada alman dili müəlliməsi vardı. Anam məndən soruşdu ki, almanca da öyrənmək istəyirsənmi? “Əlbəttə” dedim. Beləcə lisanları kəşf etməyə başladım. Onlar arasındakı yaxınlığı hiss etdim. Öyrəndiyim hər dil digərinin bağlı qapılarını açmağa başladı. Bu minvalla alman dilinin ardından italyan, fransız, rus və digər dilləri mənimsədim.

- Sizin üçün çətin və asan dil anlayışı var?

- Bu dillər haqda ən yanlış təsəvvürdür. Dil ailələri termini var. Məsələn azərbaycanlısınızsa, türk və ya özbək dilini öyrənmək sizə daha asan gələcək. Lakin bu o demək deyil ki, alman dilini öyrənə bilməzsiniz. Mən eyni dil qrupundan olan ingilis, alman və s. lisanları bilirdim və çin dilini öyrənməyə qərar vermişdim. Çox çətin olacağını düşünürdüm amma əksi ilə qarşılaşdım.

- Çin dili və asan?

- Bəli, bəli... Baxın, ingilis, alman dillərində qaydasız fellər var ki, onları mütləq yadda saxlamalısınız. Çin dili isə qrammatika baxımından çox sadədir. Lakin təbii ki, Avropa dilləri ailəsindən tam fərqlənir. Məsələn, mən bu dili Çində öyrənəndə Koreyadan, Yaponiyadan da tələbələr vardı. Onların dilləri arasında bir qohumluq əlaqəsi var. Odur ki bir koreyalı və ya yapon Çin dilini avropalıdan qat-qat tez öyrənə bilir. Amma unutmayın ki, içinizdə bir dilə böyük sevgi varsa, siz bu sərhədləri aşacaqsınız.

Картинки по запросу İOANNİS İKONOMOU

- Çox vaxt insanlar öz ölkələrində əcnəbi dil öyrənib, sonra həmin ölkəyə köçəndə bir müddət çətinlik çəkirlər. Bəziləri hətta etiraf edirlər ki, ilk günlər heç nə anlamırdım, sanki onlar başqa dildə danışırdılar. Vaxt keçdikcə dili hiss edib, rahat danışmağa başladım. Bəs sizdə belə hallar olub?

- Əlbəttə, olub. Bu təbiidir. Bəzən insanlar bu durumla üz-üzə qalanda özlərini itirib, bildiklərini də unudurlar. Hətta "mən kütbeyinəm" deyib, stressə düşürlər. Öz başıma gələn bir hadisəni bölüşəcəm sizinlə. Rus dilini öyrəndiyim müddətdə Sankt-Peterburqa getmişdim. Ətrafımdakı insanlar avtomatik sürətlə rusca danışırlar, mənsə sadəcə “xoroşo”, “koneçno” deyə cavab verirəm. Lakin ümidsizliyə qapılmadım. Təcrübə sayəsində dil biliyinizi sürətlə artırıb, istədiyiniz həddə çatdıracaqsınız. Səyahət etdiyiniz ölkənin dilində ən sadə sözləri, küçədə, nəqliyyatdakı işarələri anlayırsınızsa, bu artıq sizin uğurunuzdur. Qavradığınız ən sadə cümləyə görə özünüzü dəyərləndirin, təbrik edin. Çünki bu bir addım öndə olmağınızın göstəricisidir.

- Bəs olubmu ki, bir dildə danışarkən digər dildə düşünmüsünüz?

- Olub. Çünki biz tərcüməçilər də insanıq, robot deyilik. Məsələn, rus dilində danışanda daha çox ingiliscə düşünə bilərəm, amma fransızca danışanda elə o dildə də fikirləşirəm. Çünki Belçikada daha çox fransızca ünsiyyət qururam.

-Azərbaycanca bilirsinizmi?

- Əlbəttə, bilirəm. Sadəcə ətrafımda azərbaycanlı az olduğuna görə danışanda bir az çətinlik çəkirəm.

- Yəqin ölkəmizin müharibə şəraitində yaşadığından da xəbəriniz var?

- Təbii ki, var. Bu çox kədərli mövzudur. Mən dünyada sülhün tərəfdarıyam. Bizim ölkəmiz də uzun illər Türkiyə ilə savaş şəraitində olub. Buna baxmayaraq, yenidən gözəl münasibət qurmağa nail olmuşuq. Bir gün Ermənistanla sizin ölkənizin də belə sülh şəraitində yaşamasını arzu edirəm. Çünki müharibədən ən çox zərər görən uşaqlardır. Onlara bu faciəni yaşatmağa haqqımız yoxdur.

- Müharibənin içində böyüyən uşaqlardan biri də mənəm.

- Təəssüf edirəm. Həmin illəri xatırlayırsınızmı?

- Əlbəttə, xatırlayıram. Uşaqlığıma qayıtmışkən, bilirsinizmi, mən kiçik yaşlarımdan yunan mədəniyyətini çox sevirəm. Diliniz isə sanki hecalaradək düşünülüb. Sözlərin sıralanması da harmonikdir. Uzun illərdir ən böyük arzularımdan biri Afinada olmaqdır. Lakin Strasburqda yaşayan bir yunan tanışım mənə dedi ki, əgər Yunanıstanı belə sevirsənsə, ora gedib insanların çətin güzəranını görməyi tövsiyə etmirəm. Ölkəmizi gözəl xatırla… Siz necə düşünürsünüz, Yunanıstanda vəziyyət həqiqətənmi acınacaqlıdır?

- Təəssüflə həmvətənimin fikirlərini təsdiqləmək məcburiyyətindəyəm. Yunanıstanda yaşayış səviyyəsi ürəkaçan deyil. Bilmirəm sizə iş tapmaqda çətinlik çəkən dostlarımdan danışım, yoxsa valideynlərim də daxil olmaqla, təqaüdünün bir hissəsi kəsilən yaşlılardan. Bütün bu çətinliklərə baxmayaraq, mən nikbin insanam. Avropa Birliyinin gücünə inanıram. Son illər ölkənin iqtisadiyyatında az da olsa, inkişaf duyulur. Yunan adalarına gələn turistlərin sayı da artır. Yəni, biz ölkəmizin gələcəyinə böyük ümidlər bəsləyirik. Mən də Azərbaycanı çox sevirəm.

Картинки по запросу İOANNİS İKONOMOU

- Bəs sizə ölkəmizə gəlməyə nə mane olub?

- Təəssüf ki, vəziyyət elə gətirib ki, Azərbaycana səfər edə bilməmişəm. Rusiyada yaşadığım müddətdə də, Avropa Birliyində də çoxlu azərbaycanlı tanımışam. Millətiniz çox səmimidir, mehribandır. Bəzən, hətta onlar azərbaycanca, mənsə türkcə ünsiyyət qururduq. Mətbəxinizə isə söz ola bilməz.

- Sosial şəbəkələrdə çox fəalsınız. Siyasi baxışlarınızı qorxmadan sərgiləyirsiniz, dünya liderlərini tənqid edirsiniz. Siyasətə qatılmaq fikriniz yoxdur?

- Mən Yunanıstanda Soloniki Universitetini bitirmişəm. Daha sonra təhsilimi ABŞ-ın Kaliforniya, Britaniyanın Harvard Universitetlərində davam etdirmişəm. Yəni ali təhsilim linqvistikanın yaranması, tarixi, eyni zamanda sivilizasiyaların meydana gəlməsiylə bağlı olub. Yəqin bu faktor mənim dünyaya baxışımı, ideologiyamı formalaşdırıb. İnsanların qəlbində gizlənən ən təmiz hisslərə inanıram. Fərqi yoxdur hansı millətdənik, yunan, azərbaycanlı, çinli - biz hamımız demokratik ölkədə yaşayıb, sözün hər mənasında azad olmağa layiqik. Mənim bütün mübarizəm də bununla bağlıdır.

- Axı sizin Avropa Komissiyasında yüksək vəzifəniz var. Bəs qorxmursunuz ki, bu baxışlarınız işinizi itirməyinizə səbəb ola bilər? Bu baxımdan çox cəsur insansınız.

- Təşəkkür edirəm. Mən Belçikada yaşayıram. Demokratik cəmiyyətin bir üzvüyəm. Bəlkə də içimdə bir az ehtiyat edirəm, amma dünyanı biz dəyişməsək, bunu kim edəcək? Trampın, Putinin, Ərdoğanın siyasətinə qarşıyam.

Yannis Ikonomou adlı şəxsin şəkli.

- Ümumiyyətlə fikir vermişəm, sosial şəbəkələrdəki məşhur tərcüməçilər sanki iki cəbhəyə bölünüblər. Dünyada baş verənlərə neytral yanaşıb, yalnız peşəsilə bağlı statuslar paylaşanlar və sizin kimi bir simada siyasətçi və tərcüməçiliyi cəm edənlər.

- Hər şeydən öncə mən bu planetin sakiniyəm. Din, dil ayrı-seçkiliyi qoymadan hər kəsə azad həyat arzulayıram. Siz də susun, mən də susum, bəs sonumuz necə olacaq?! Axı hamımız gözəl həyata layiqik. İnsan hüquqları, qadın haqları, heyvanların azadlığı - bunlar hamısı məni narahat edir.

(Elə bu an azyaşlı oğlum qapını döyüb, söhbətimizə mane olur və su istədiyini bildirir. Bu durumdan bir az narahatlıq keçirirəm.)

- Oğlunuzdur?

- Bəli, üzr istəyirəm, söhbətimizə mane oldu.

- Bu çox şirin dururmdur. Narahat olmayın. Təbrik edirəm sizi.

- Anlayışınız üçün minnətdaram. Bəs sizin övladınız var?

- Xeyr, yoxdur.

- Ailəlisiniz?

- Bəli, ancaq həyat yoldaşım kişidir.

- Bu sizin seçiminizdir və heç kimin müdaxilə etmək haqqı yoxdur.

- Təbii ki, mən də belə düşünürəm.

- Bəs ailəniz, valideynləriniz cinsi seçiminizi necə qarşıladılar?

- Yadımdadır, yeniyetmə olanda hisslərimdən utanırdım. Hətta bunu gizlətməyə çalışırdım. Amma biz özümüzü olduğumuz kimi qəbul edib, sevməliyik.

- Yunanıstanda eynicinsli nikahlara münasibət necədir?

- Artıq normaldır. Əvvəllər daha çətin idi. Amma yenə də onun fotoşəkillərini paylaşmıram. Haqqında danışmamağa üstünlük verirəm.

Картинки по запросу İOANNİS İKONOMOU

- İohannis, sinxron tərcüməçiliklə də məşğul olmusunuz. Etiraf edirəm, bu sahə ölkələrin, xalqların taleyini ən az siyasətçilər qədər həll edir. Bir yanlış tərcümə dövlətləri düşmən edə bilər.

- Bəli, mən sinxron tərcüməçi kimi də çalışıram. Əsas məsələ işin məsuliyyətini dərindən dərk etməkdir. Baxın, (kameranı kompüterin ekranındakı tərcümə mətnlərinə doğru çevirir) burada tərcümə edilməsi gərəkən ən az 10 dildə mətn var və mən bunları tamamlamalıyam.

- Siz yəqin ki, bu mürəkkəb işləri yalnız pul xatirinə etmirsiniz?

- Təbii ki, xeyr. Axı sevməsəm, işimi layiqincə görə bilmərəm. Avropa Birliyində çalışdığım üçün çox xoşbəxtəm, amma bu o demək deyil ki, işim mənim həyatımdır.

Картинки по запросу İOANNİS İKONOMOU

- Elə söz düşmüşkən, başqa hobbiləriniz, maraqlarınız varmı?

- Səyahət etməyi sevirəm. Ədəbiyyatla maraqlanıram. Öyrəndiyim dillərin yazıçılarını oxuyuram.

- Bu yaxınlarda Nobel mükafatına layiq görülən İşiquronun əsərlərini necə, oxumusunuz?

- Xeyr, tanış deyiləm onun yaradıcılığı ilə.

- Bəs musiqini sevirsiniz?

- Çox sevirəm.

- Hansı janra üstünlük verirsiniz?

- İstər xalq musiqisi olsun, istər klassik, istərsə də pop… Fərq etməz, ürəyimə toxunan musiqiləri sevirəm. Sizin muğamınız möhtəşəmdir, məsələn. Tez-tez dinləyirəm. Müasir pop janrında ifa edən musiqiçilərinizə də hərdən qulaq asıram. Təəssüf ki, indi adları yadıma gəlmir.

- Əziz İohannis, dəyərli vaxtınızı mənə ayırdınız. Maraqlı söhbət üçün sağ olun.

- Məqalələrinizi oxuyacağıma söz verirəm. Hələlik!

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm