Xüsusi
Bakıda kaftandan möcüzələr yaradan mərakeşli xanım - DƏB DÜNYASINI HEYRAN QOYAN GÖZƏLLİK
Noyabr ayı yaddaşlarda Azərbaycan Milli Moda həftəsi ilə də qaldı. 7 gün davam edən moda təntənəsinin ilk günündə Mərakeş dizaynerlərinin əl işləri təqdim edildi. Nümayiş "Oriental Fashion Show Paris"in (Paris Şərq moda nümayişi) dəstəyilə baş tutub.
Publika.az-ın xüsusi qonağı “İpək yolu və Əl Əndəluz” Assosiasiyasının prezidenti, "Oriental Fashion Show Parisin" qurucusu Hind Cudardır.
- Xanım Hind, gözəl adınız var. Bəs mənası nədir?
- Əslində adımın mənası Hindistanla bağlıdır, amma ümumiyyətlə Hind ərəb ismidir. Bir vaxtlar Hind Rostom adlı məşhur misirli aktrisa varmış. Nənəm də onun şərəfinə mənə bu adı verib.
- Mərakeşdə doğulmusunuz.
- Düzdür, amma Fransada böyümüşəm. Hazırda Parisdə yaşayıram.
- Bir vaxtlar dünya TV kanallarllarında “Klon” adlı serial yayımlanırdı. Bu ekran əsərini insanlara sevdirən bir cəhət də zəngin və rəngarəng Mərakeş mədəniyyətinin təqdimatı idi. Əsrarəngiz ölkəniz haqda danışa bilərsinizmi bizə?
- Mərakeşdə doğulan hər kəs ərəb, bərbər, Afrika və Avropa sivilizasiyalarının vəhdətindən yaranan Şərq və Qərb mədəniyyətinin daşıyıcısıdır. Bilirsiniz ki, Mərakeş uzun müddət Fransanın müstəmləkəsi olub. Həmçinin islamın hakim din olması və qədim ərəb adət-ənənələri xalqımızın mədəniyyətini formalaşdırıb. Buna görə də belə rəngarəng və zəngin görünür.
- Zahirən bizim qadınlarımıza çox bənzəyirsiniz. Sizə elə gəlmirmi?
- Mən də hiss edirəm bu bənzərliyi. Həm Azərbaycan, həm də Mərakeş qarışıq mədəniyyətlərə malikdirlər. Coğrafi şəraitləri, iqlimləri də bənzərdir. Bəlkə də əsas səbəb budur.
- Azərbaycana ilk səfərinizdir?
- Xeyr, ikinci dəfədir gəlmişəm. Bu ölkəni çox sevirəm. Televiziyadan, internetdən görəndə də çox bəyənmişdim Azərbaycanı. Ancaq canlı tanışlıq daha dərin təəssürat oyatdı məndə.
- Bəs insanlarımız necə?
- Mən Parisdə tez-tez moda nümyaişləri təşkil edirəm və bir çox ölkələrin səfirlərinin xanımlarını dəvət edirəm. Səfirinizin xanımı ilə də bu tədbirlərin birində tanış olmuşam. Daha sonra modelyer-dizayner Fəxriyyə Xələfova ilə dostlaşdım. Ümumiyyətlə azərbaycanlı xanımlar arasında yaxın rəfiqələrim çoxdur. Onlardan Aytən Muradovanın adını xüsusi qeyd etmək istəyirəm.
- “İpək yolu və Əl Əndəluz” Assosiasiyasının prezidentisiniz. Həmçinin Şərq milli geyimləri üzrə səlahiyyətli səfirsiniz. Dəbin döyünən ürəyi Parisdə Şərq milli geyimlərini yüksək moda nümunələri zirvəsinə qaldırmısınız.
- 2004-cü ildən etibarən”"Oriental Fashion Show” təşkil etməyə başladım. Əsas məqsədim kaftana (uzunətəkli qədim Şərq geyimi) layiq olduğu dəyəri verib, onu kifayət qədər tanıtmaq idi. İnanırsınızmı, nümayişlərimiz o qədər böyük maraqla qarşılandı ki, bu dəyəri hətta mən belə gözləmirdim. İnsanların xoş təəssüratları gözlərindən oxunurdu. Hazırda komandamızda 20 ölkənin 35 mütəxəssisi çalışır. İndiyədək 22 nəşrimiz işıq üzü görüb.
- Əziz xanım Cudar, Bakıda baş tutan möhtəşəm Mərakeş moda nümayişi haqda bizə məlumat verə bilərsinizmi?
- Tarix boyu Bakı kaftanın inkişafı yolunda əhəmiyyətli rol oynayıb. Çünki onun hazırlanmasında istifadə olunan parçalar Məğribə yetişmək üçün İpək yolundan keçib. Biz İpək yolunun bir zamanlar birləşdirdiyi ölkələr arasında ticari və mədəni əlaqələrin yenidən bərpa edilməsini istəyirik. Bakı isə bu arzumuzu gerçəkləşdirmək üçün mühüm şəhərdir. Azərbaycan moda həftəsində iştirakımızın məqsədi ölkənizin dəb həvəskarlarını Mərakeş kaftanı ilə yaxından tanış etmək idi. Həmçinin burada olduğumuz müddətdə Mərakeş və Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi qeyd olundu. Odur ki, Mərakeşin ölkənizdəki səlahiyyətli səfiri Muhammed Adil Embraş bu münasibətlə onun iqamətgahında da tədbir keçirməyimi xahiş etdi. Tədbirə Azərbaycanın parlaq simalarını da dəvət etmişdik.
- Sizin haqqınızdakı məlumatlarla tanış olanda əsas peşənizin hüquqşünas olmağı nəzərimdən yayınmadı.
- Uzun müddət biznesin təşkili üzrə hüquqşünas olaraq fəaliyyət göstərmişəm. Artıq bir ildir ki, Şərq dəbini kinkişaf etdirmək naminə bu sahədən tamamilə uzaqlaşmışam.
- Hüquq və dəb - bu sahələr arasında bənzərlik və fərqləri sadalaya bilərsiniz?
- Dəb və hüquq bir-birinə çox bənzəyir. Hər ikisi dəqiqlik və məsuliyyət tələb edir. Hazırki layihələrimi gerçəkləşdirməkdə hüquqi biliklərim çox köməyimə çatır.
- 2011-ci ildə “Kaftanın möcüzələri” adlı kitabınız işıq üzü görüb. Kitab satışa çıxandan sonra kaftanın taleyində həqiqətən möcüzə baş verdimi?
- Kitab dünyanın ən maraqlı və unikal geyim növlərindən olan kaftanın yaranma və inkşaf tarixinə həsr olunub. Bir çox Şərq ölkələrində olduğu kimi kaftan Mərakeşin də milli geyim növü sayılır. Bütün təntənəli mərasimlərdə qadınlar rəngarəng kaftanlar geyinirlər. Məqsədimiz kaftanı təbliğ edib, dünyanın dəb ustalarının diqqətinı bu geyim növünə cəlb etmək idi. Düşünürəm ki, arzumuza çatdıq.
- Bu sualım yəqin ki, yerinə düşər. Geyimimizdə milli koloriti qorumaq şərtilə necə edə bilərik ki, həm də dəbli və müasir görünək?
- Etnik üslub həmişə modanın bir hissəsi olub. Buna görə də bütün dəb nümunələrində mütləq etnik toxunuş olur. Elə bu gün də əfsanəyə çevrilən dəb ustalarının əsas ilham qaynağı bu üslubdur. Lakin biz tək bununla kifayətlənməli deyilik. Milli geyim mirasımızı müasir güzəranımıza inteqrasiya etməliyik. Trend dəb nümunələrini etnik cizgilərlə tamamlamalıyıq. Bu həm zərif, həm də fərqli görünüş verəcək bizə.
- Əziz Hind, müsahibəyə razılaşdığınız üçün sağ olun.
- Azərbaycanda olmaq çox gözəl duyğudur. Mən sizə minnətdaram.
Leyla Sarabi
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA