Konsertə hazırlaşan İLQAR MURADOV: “Asan pul qazanmaq üçün...” - MÜSAHİBƏ - FOTOLAR
Bizi izləyin

Xüsusi

Konsertə hazırlaşan İLQAR MURADOV: “Asan pul qazanmaq üçün...” - MÜSAHİBƏ - FOTOLAR

Əməkdar artist İlqar Muradov bir neçə gün sonra “Ötüşür zaman” adlı konsert proqramı ilə Heydər Əliyev sarayının səhnəsində sevənlərinin görüşünə gələcək.

60 yaşını səhnədə qeyd etməyə hazırlaşan mülayim, səbrli və bir o qədər də alicənab Muradovla konsertinin məşqləri zamanı görüşdük.

Publika.az İ.Muradovla müsahibəni təqdim edir:

- 60 yaşınızı səhnədə qeyd edirsiniz. Necə hisslərdir?

- Hər yaşın öz gözəlliyi var. Allah insan ömrünü mərhələli yaradıb. Vaxt o qədər amansızdır ki, 60 yaş necə getdi bilmirəm. Bu yaşda insanın həyatında çox sevindirici hadisələr olur – nəvə qohumluqları, nəvə xoşbəxtlikləri. Hansısa şairin “Yaşa dolduqca ucalır insan” deyimi var. Düşünürəm ki, insan yaşa dolduqca təkmilləşir və ucalır. 60 yaşında solo konsert çox maraqlı, çox vacib bir şeydir. Bu həm də hesabat konsertidir. Kiçik yaşlarımdan indiyədək həmişə səhnədə olmuşam. Məhz bu il konsert verməyim çox sevindiricidir.

- Konsertdə hansı mahnılar səslənəcək?

- Yeni mahnılar da oxuyacağam. Lakin əsas sevilən, xalq və bəstəkar mahnılarını səsləndirəcəyəm. Çox uzun konsert olmayacaq. Təxminən bir saat yarım davam edəcək. Musiqi rəhbəri Xalq artisti, bəstəkar Siyavuş Kərimi olacaq.

- Səhnədə kiminləsə duet oxumaq fikriniz var?

- Heç kimlə duet oxumayacağam. Lakin onların hər birini həmin gün zalda görmək istəyirəm.

- Kimləri dəvət etmisiniz?

- Ad çəkməyim düzgün olmaz. Konsertə gələndə özünüz görəcəksiniz.

- Ekranda sizi mülayim görürük, həyatda da beləsiniz?

- Çalışıram ki, həmişə səbrli və mehriban olum. İnsanın bir əlində səbr, birində şükür olmalıdır. Onun bu balansla yaşaması vacibdir.

- Bir mahnınızda “Bu dünyanı nağıl bilək” deyirsiniz. Bu nağılın içində mənfi, yoxsa müsbət qəhrəmansınız?

- Bu klipdə mənfi obraz oynasam da, həmin adam deyiləm. Uşaqlıqdan nağılları sevərək, ssenariləşdirərək öz aləmimizdə daha da dramatik bir formaya salmışıq. Əfsanələr, fantaziyalar olsalar da, nağılların həyatımda böyük rolu var. Şahın üç oğlu olur. O, həmişə övladlarına nəsihətlər verir. Məndə də elə olub ki, Allah qismət edib, nağıllardakı kimi üç oğlum dünyaya gəlib. Onlara nəsihətlərimi vermişəm və verirəm. Ən böyük arzum onları xoşbəxt, sağlam görməkdir.

- Keçmişinizdə nələri əlinizdən qaçırmısınız?

- Zaman o qədər qəddardır ki, birdən müəyyən vaxtlarımdan səmərəli istifadə etmədiyim üçün çox heyfslənirəm. Kaş ki, bütün sərbəst vaxtlarımı yaradıcılığa həsr edərdim. Amma peşman deyiləm. Nələr yazmışamsa, yaratmışamsa onlar da tarixdə qalmaqdadır.

- Röya Ayxan deyir ki, hansı müğənni "üç-beş manata görə oxuyuram” desə, onu silib atın, bu sənətə hörmətsizlikdir. Siz bu fikirlərlə razısınız?

- Əlbəttə, razıyam. Biri var şou-biznes – bu sənətə gəlirlər asan pul qazanmaq üçün, biri də var Allahın verdiyi əsl istedad – hansı ki, biz onu təbliğ və tərənnüm edirik. Musiqiyə professional yanaşmaq lazımdır. Düşünürəm ki, pul qazanmaq üçün olan işlər müvəqqətidir.

- Səsinizdəki bu hüznün səbəbi nədir? Adamı alır, uzaqlara aparır...

- Bir az dediyim kimi, gənc vaxtlarda başqa səpkidə musiqiylə məşğul olmuşam. İnsan təkmilləşdikcə, professional səviyyəyə çatır. Harada səsi necə işlətmək lazımdır, hansı hissədə qəlbə yaxın olmaq olar, onu bilirəm. Həmişə çalışıram insanların ruhuna və qəlbinə yaxın musiqilər ifa edim.

Pərviz Hüseyn

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm