“O Səs Türkiyə”nin 4 münsifini də HEYRAN EDƏN 19 yaşlı azərbaycanlı: “Atam icazə verməz ki...” – MÜSAHİBƏ - - FOTO/VİDEO
Bizi izləyin

Xüsusi

“O Səs Türkiyə”nin 4 münsifini də HEYRAN EDƏN 19 yaşlı azərbaycanlı: “Atam icazə verməz ki...” – MÜSAHİBƏ - - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi azərbaycanlı müğənni Ayla Şiriyeva “O Səs Türkiyə” mahnı müsabiqəsinin ikinci turunda Yıldız Tilbenin komandasında çıxış edəcək.

Ayla Rayın ən böyük arzusu dünya arenasında çıxış etməkdir. Bu səbəbdən də sənətçi ilk addımlarını qardaş ölkədə atmağa qərar verib.

O, “O Səs Türkiyə”də səsi ilə 4 münsifin 4-nü də özünə o qədər heyran edir ki, onlar Ayla uğrunda sözün əsl mənasında bir-biri ilə mübarizə başlayır. Və uzun müddət davam edən gərgin mübarizədə Yıldız Tilbe qalib gəlir.

Ayla Ray münsiflər heyətinin üzvlərinin onunla münasibəti, layihədə iştirakı və gələcək planları haqqında daha ətraflı Publika.az-a danışıb.

- Xoş gördük, Ayla xanım. İlk növbədə sizə uğurlar arzu edir və inanırıq ki, müsabiqədə istədiyiniz yeri tutarsınız.

- Təşəkkür edirəm.

- “O Səs Türkiyə” Azərbaycanda çox sevilir və izlənilir. Sizcə, bizim gənc ifaçılarımız niyə çoxu bu müsabiqədə iştirak etməyə can atır?

- Çoxu potensialını artırmaq və daha peşəkar olmaq üçün qatılır. Ən əsası isə belə reytinqli verilişdə tanınmaq müğənni üçün uğurdur.

- Sizə də elə gəlmir ki, müsabiqəni maraqlı və baxımlı edən bizimkilərdir.

- Tamamilə razıyam, azərbaycanlıların çıxışı müsabiqəni həqiqətən də maraqlı edir. Sözsüz ki, layihə özü də möhtəşəmdir, amma həmyerlilərimizin ifaları bizim üçün bir başqa doğmadır.

- Bir az özünüz haqqında məlumat verərdiniz.

- Musiqi ilə 6 yaşımdan maraqlanıram. Bülbül adına orta ixtisas musiqi məktəbinin estrada-caz fakültəsini bitirmişəm. 11 il fortopianoya, 6 il fleytaya getmişəm, hazırda isə udarnikdə ifa etməyi öyrənirəm. Bundan başqa 3 yaşımdan 12 yaşıma qədər rəqs və gimnastika ilə məşğul olmuşam. İndi İncəsənət Universitetinin ikinci kursunda oxuyuram.

- Musiqinin bir çox sahəsi ilə maraqlanmısınız. Bunlardan hansı sizə daha yaxındır?

- Əsas ixtisasım müğənnilikdir, digərləri mənim üçün hobbidir.

- Necə oldu ki, siz "O Səs Türkiyə" layihəsində iştirak etmək qərarına gəldiniz?

- Əslində, çoxdan fikrimdə var idi, bəzi problemlərdən dolayı iştirak edə bilmirdim. Keçən il də dəvət etmişdilər, ancaq qərar verdim ki, bu il mütləq getməliyəm. Xaricdə tanınımaq qarşıma qoyduğum məqsədlərdən biridir. Odur ki, “O Səs Türkiyə” müsabiqəsi bu yolda atılan ilk addım oldu. Gələcəkdə Türkiyədə yaşamağı düşünürəm.

- Münsiflərdən bəziləri çıxışınızla bağlı irad bildirdi. Buna münasibətiniz necədir?

- Çox normal, adi həyatda da özümə çox tənqidi yanaşıram. Təbii ki, öz səsimi bəyənirəm, bununla belə hesab edirəm ki, tənqid özünü inkişaf etdirmək deməkdir. Bir də heç kim ideal deyil, odur ki, insan yaşından asılı olmayaraq, ölənə qədər öyrənməlidir. Münsiflərin dedikləri ilə razılaşıram.

- Sözsüz ki, səsiniz bütün jüriləri sözün əsl mənasında, həm də təəccübləndirdi. Bunu gözləyirdiniz?

- Özümü tərifləməyi sevməsəm də, ifama güvənirdim. Əslində, Yıldız Tilbenin dönməyini gözləmirdim. Çünki onun seçimləri arasında xarici dildə oxuyanlar az idi. O, dönəndə dəhşət sevindim, o qədər istiqanlı davrandı ki, onu seçməyə qərar verdim.

- Səhv etmirəmsə, ağlınızda başqası var idi.

- Bəli, ya Gökhanı, ya da Murad Bozu seçəcəkdim. Səhnədəki çıxışımdan sonra gördüm ki, Yıldız Tilbe daha çox ürəyimə yol tapdı. O xanıma o qədər heyran oldum ki, onun komandasında olmaq istədim. Yıldız xanım dönəndə sevincimin həddi-hüdudu yox idi.

- Elə özü də onu seçdiyiniz üçün çox şad olmuşdu.

- Bəli, bunu hiss etdim. Qərar anı bir qədər uzandı, ora çıxanda insan nə fikirləşəcəyini bilmir, hər halda qərarıma görə heç peşman deyiləm. Əksinə, düşünürəm ki, düzgün qərar vermişəm.

- Layihədən sonra oxumağa davam etmək niyyətindəsiniz?

- Nə baş verməsindən asılı olmayaraq sənətimi heç vaxt atmayacağam. Musiqi ilə nəfəs alıram, mahnılarla yaşayıram. Məni dünyda ən çox xoşbəxt edən şey Allahdan mənə verilən vergidir, səsimdir. Gələcəkdə daha böyük səhnələrdə oxuyacağıma və dünyada tanına biləcəyimə ürəkdən inanıram. Və hər şeyi edəcəm ki, xaricdə məşhur olum.

- Azərbaycanlı xanımlar müsabiqədə həm də gözəlliyi ilə diqqət çəkir. “O Səs Türkiyə”də gözəl xanım olduğunuz xüsusi vurğulandı. Gözəlliyinizin hər zaman köməyinizə çatır?

- Başqaları kimi deyim ki, gözələm (gülür)... Əlbəttə ki, səhnədə olan ifaçının xarici görünüşü önəm daşıyır. Yəqin ki, zahiri görkəmim müəyyən məqamlarda köməyinə gəlib.

- Doğmalarınız və dostlarınız layihədə iştirakınıza necə reaksiya verib?

- İlk dəstəkçim atamdır, musiqi istedadını məndə o, kəşf edib. Xoşbəxt insanam ki, ailəm sənət yolumda hər zaman mənə kömək edib. Karyeramda əldə nailiyyətlərdə onların da əməyi var. Mənə heç bir qadağa qoymayıblar, bilirlər ki, sənətimi çox sevirəm. Anam, atam mənimlə fəxr edir.

- Niyə bizim ifaçılar “O Səs Türkiyə”də müasir estrada mahnılarımızı ifa etmir?

- Bu, bizim əlimizdə olan bir şey deyil. Orada nə oxuyacağımıza əsasən onlar özü qərar verir.

- Növbəti çıxışınıza necə hazırlaşırsınız? Təəccübləndirə biləcəksiniz?

- Nə oxuyacağımı hələ bilmirəm, İnşallah yaxşı olar. Mahnını Yıldız Tilbe özü seçəcək.

- Müsabiqə təşkilatçılarının azərbaycanlılara qarşı münasibəti necədir? Keçən ilki iştirakçılarımız bir qədər qalmaqalla yadda qalmışdı...

- Böyük qayğı və hörmətlə yanaşırlar, münasibətləri də çox gözəldir. Bizimlə yüksək səviyyədə davranırlar.

- Nura Suri sizə dəstək olduğunu, hətta sponsorluq edəcəyini demişdi. Bu cür münasibət sənətçilər arasında çox nadir görünən hadisədir.

- Məşhur müğənnilərimiz heç kimə dəstək olmur, çünki bir-birini gözü götürmür. Nura xanım məni uşaqlıqdan tanıyır, ailəvi dostumuzdur. İlk mahnımı çıxartmağa da məni o, həvəsləndirdi. O həm gözəl ana, həm də gözəl insandır. Məndə ruh yüksəkliyi yaratdığı üçün Nura xanıma sonsuz minnətdarlığımı bildirirəm.

- Azərbaycanda şou-biznes toylar üzərində qurulub. Siz müsabiqədən qayıtdıqdan sonra toylarda oxuyacaqsınız? Gəlir mənbəyiniz hardan olacaq?

- Toylara getmirəm, ancaq dövlət tədbirlərində çıxış edirəm. Tədbirlərdə iştirak edə bilərəm, sözsüz ki, baxır hansı toya... Hazırda ancaq dərslərimlə məşğulam, özümü inkişaf etdirməyə meylliyəm.

- Ailə qurmaq barədə fikirləşirsiniz?

- Xeyr, yaxın gələcəkdə belə bir fikrim yoxdur. Karyeram birinci yerdə dayanır.

- Bu gün dünyada tez və asan yolla populyarlaşmaq üçün xanım müğənnilər açıq-saçıq klip çəkdirirlər. Səsi və istedadı öz yerində, amma tanınmaq üçün bədənindən və gözəlliyindən istifadə edənlər çoxdur. Məsələn, Hadisənin bu yaxınlarda “Sıfır Tolerans” adlı klipi cəlbedici səhnələri ilə daha çox yadda qaldı. Siz də gələcəkdə belə addım ata bilərsiniz?

- Səhnə gözəllik tələb edir. Lakin ilk növbədə onu qeyd etməliyəm ki, açıq-saçıq klip çəkdirməyimə atam icazə verməz. Xaricdə yaşasa idim, Beyons, Cennifer Lopes, Rihanna və başqa udluzlar kimi kliplər çəkdirərdim, səhnəyə bodi geyinib çıxardım. Bakıda yaşadığım üçün belə addım atmaram, hətta adi həyatda qlamur geyinməyə daha çox üstünlük verirəm, səhnəyə çıxanda isə açıq-saçıqlığı yığışdırıram.

Nəinki sənətçi, adi insan da gündəlik həyatda dekolteli libaslar geyinə bilər. Əsas odur ki, geyimi ona yaraşsın, estetik təsir bağışlasın və vulqar görünməsin.

- İnanırsınız ki, finala keçə bilərsiniz?

- Özümə inanıram, amma tamaşaçı səsverməsindən də çox asılıdır. İnşallah yaxşı olar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm