Dünya azərbaycanlılarının yolunu gözlədiyi İsfar Sarabski: "Dilimizi mütləq bilməliyik..."
Bizi izləyin

Xüsusi

Dünya azərbaycanlılarının yolunu gözlədiyi İsfar Sarabski: "Dilimizi mütləq bilməliyik..."

Konsertlər, səfərlər, müxtəlif ölkələrdə qatıldığı festivallar musiqisi kimi qaynayan həyatının ayrılmaz hissəsidir. O, İsfar Sarabskidir... Kimlər üçünsə istedadlı cazmen, çoxlarına görə yaraşıqlı, xarizmatik gənc. İsfarın qrafiki o qədər gərgindir ki, bəzən dincəlməyə də vaxt tapmır. Elə görüşümüz də bu templi günlərin birində baş tutdu. Təyyarəyə minməyə bir neçə saat qalmışdı. Ancaq söhbətimiz o qədər maraqlı alındı ki, zamanın necə keçdiyini hiss etmədik belə...

Publika.az-ın qonağı Azərbaycanın Əməkdar artisti İsfar Sarabskidir.

- Cazı nə vaxtdan sevməyə başladınız?

- Uşaqlıqdan. Evimizdə həmişə caz səslənərdi. Elə o vaxtdan bir maraq, həvəs yarandı bu janra.

- Bu janrı uşaqlıqdan dərk edib, sevmək mümkündürmü?

- Caza bəslədiyim ilkin hisslərə dərin məhəbbət deyə bilmərəm, ancaq qulağım yavaş-yavaş bu musiqilərə alışırdı. Tədricən dünyaşöhrətli caz sənətçilərinin əsərlərini bir birindən seçməyə, fərqləndirməyə başlayırdım.

- Bəs başqa maraqlarınız yox idi?

- Bütün oğlanlar kimi futbol oynamağı çox sevirdim. İndi də sevirəm.

- Hansı kluba azarkeşlik edirsiniz?

- “Milan” və təbii ki, milli komandamız, öz futbolumuz...

- “Milan”ı sevirsinizsə, demək İtaliyanı da sevirsiniz.

- Sevirəm təbii ki...

- Bəs Avropada yaşaya bilərdiniz? Elə lap İtaliyanın özündə.

- Dəfələrlə belə şansım olub. Avropaya köçmək təklifləri də almışam, hətta bir neçə ay orada yaşayıb, işləmişəm. Amma artıq tab gətirə bilməyib qayıtmışam. Bilirsiniz, Avropa da, Amerika da tam fərqli dünyalardır. Özümünkü deyil, yaddır. Bir söz var, “torpaq insanın köküdür”. Həqiqətən belədir. Bir az xaricdə qalandan sonra Bakıya qayıtmaq istəyirəm. Evim üçün darıxıram. Doğmalarımı, dostlarımı yanımda hiss etmək istəyirəm. Bu faktı dəyişmək mümkün deyil.

- Bəs musiqi karyeranız necə axarına düşdü?

- Lap kiçik idim, bəlkə də yeni gəzməyi öyrənirdim. Ən çox sevdiyim oyuncaqlar evimizdəki vallar idi. Belə deyək “DJ” rolunu oynayırdım (gülürük). Evdəkilər mənə tez-tez mahnı sifariş edirdilər. Anam skripka müəllimidir, atamın da musiqi təhsili var. Böyüdükcə pianomuzun dillərinə toxunmağa başladım. Notları bilmədən bəzi musiqilər ifa edirdim. Musiqi təhsili aldım, tədricən festivallarda, müsabiqələrdə, yəni bütövlükdə ciddi tədbirlərdə çıxış etməyə başladım.

- İsfar, əvvəllər sanki Azərbaycanda daha çox tanınıb, sevilirdiniz.

- (Gülür). Nə demək istəyirsiniz, artıq sevilmirəm?

- Mən onu nəzərdə tutmadım. Sadəcə, belə deyək, ölkəmizdəki fəaliyyətiniz məhdudlaşıb.

- Razıyam. Son vaxtlar xarici səfərlərimin sayı o qədər artıb ki, Vətəndə çox konsert verməyə zamanım qalmır. İstəyirəm ki, Azərbaycanın zəngin musiqi irsini əcnəbilər də tanısın.

- Təbii ki, əsas da budur. Hələ əcnəbiləri qoyaq bir kənara. Xaricdə yaşayan həmvətənlərimiz sizin konsertlərinizi səbirsizliklə gözləyirlər. Çünki vaxilə özüm də bu hissləri yaşamışam.

- Təşəkkür edirəm, bunu bilmək çox gözəldir. Hazırda bir çox şirkətlərlə çalışırıq. Avropada albomum işıq üzü görməlidir. Bunun üzərində də işləyirəm.

- Yəqin ki, Azərbaycanla bağlı da proqramlarınız nəzərdə tutulub?

- Yaxın vaxtlarda elektron konsertim baş tutacaq. Burada daha çox “DJ” avadanlıqlarından istifadə olunub. Konsertdə çox maraqlı yeniliklər olacaq.

- Səbirsizliklə gözləyirik. Bəs bizim auditoriya sizin musiqinizi kifayət qədər anlayırmı?

- Hər bir janrın öz auditoriyası var, bu faktdır. Bir də istənilən sahəni sevdirmək üçün tanıtmaq lazımdır. Bunun üçünsə Azərbaycanda caz meydanı məhduddur. Məsələn, təsəvvür edin ki, şəhərin mərkəzində yerləşən məkanların birində caz ifa edilir. 10 nəfər gənc də ayaq saxlayıb, dinləyir. Onların 8-i bu musiqini bəyənməsələr də, 2-si mütləq qalıb, sonadək qulaq asacaq, maraqlanacaq. Hazırda inkişaf etmiş ölkələrdə bu təbliğat aparılır. Azərbaycansa hələ gənc ölkədir. Ancaq bir gün bu da olacaq.

- Dövrümüzün ən gənc və nüfuzlu cazmenlərindənsiniz. Digər musiqiçilərlə münasibətiniz necədir?

- Çox yaxşı. Biz hamımız bir-birimizin yaradıcılığına dərin hörmətlə yanaşırıq.

- Bəs musiqidə avtoritet var sizin üçün?

- Fikrimcə, musiqidə avtoritet yoxdur. Heç olmamalıdır da. Sadəcə ifası mənə çox yaxın olan, daim dinlədiyim ifaçılar var. Məsələn, Bred Meldou... Mən onu hər an dinləyə bilərəm. Çünki ifası ruhən mənə çox yaxındır.

- Digər janrlara münasibətiniz necədir?

- Çox gözəl. Mən musiqiçiyəm. İstənilən janrı dərk eləmədən, qavramadan öz musiqimi yarada bilmərəm. Məsələn, xalq mahnılarımızı çox sevirəm. Bəzən rok ifaçılarının konsertinə gedib, rok dinləyə bilərəm, bəzən sadəcə sakit oturub klassikaya qulaq asaram. Hətta rep də dinləyirəm. Janrlanrın özəllikləri, xüsusiyyətləri məni çox maraqlandırır. Musiqini çərçivələməyin, qəlibə salmağın əleyhinəyəm. Belə deyim, zəhmətin, sevginin bəhrəsi olan bütün keyfiyyətli kompozisiyalar mənə doğmadır.

- Bəs incəsənətin digər növləri?

- Xəmiri peşəkarlıqdan yoğrulan bütün əsərləri sevirəm. Anlamadığım tək şey "müasir incəsənət" deyilən məfhumdur. İki daşı bir-birinin üzərinə qoyub, buna incəsənət deyə bilmərik. Bir şey ki, bizi düşündürmür, zövqümüzü formalaşdırmır bu əsər deyil.

- Axı sizin də yaradıcılığınız müasir incəsənətə aid edilir. Fərqi nədə görürsünüz?

- Zəhmətin, peşəkarlığın, yuxusuz gecələrin, qarışıq emosiyaların məhsulu olmayan işi “art” adandıra bilmərəm. Fərq də yəqin budur.

- Məncə, sənətkarın dərin dünyagörüşü, yüksək intellekti də önəmlidir. Bu isə sizdə müşahidə etdiyim keyfiyyətlərdir. Mütaliə ilə aranız necədir?

- Mütaliə böyük diqqət tələb edir. Təəsüüf ki, zaman azlığı bir az mane olur mənə. Bir də kitab oxuyanda yazarın düşüncələrilə təklikdə qalmalıdır insan. Mənsə daha çox tamaşaçıların önündə, səs-küylü məkanlarda oluram. Çox vaxt təyyarələrdə vaxt tapıram kitab oxumağa.

- Daha çox hansı yazıçıları oxuyursunuz?

- Tarixi filmləri sevdiyim üçün həmin dövrün yazıçılarına üstünlük verirəm. Məsələn, hazırda yenidən Talstoyun əsərlərinə geri dönmüşəm. Amma deyim ki, əhvalım dəyişkəndir. Bir də gördün, oxuduğum kitabı yarımçıq qoyub, digər əsəri əlimə alıram.

-Yəni, çılğın musiqiçi ruhu.

- Demək olar...

- İsfar, deyim var ki, caz sənə öz qapılarını açdısa, özünü kral hesab edə bilərsən. Özünüzü kral sayırsınız?

- Xeyr!

- Ümumiyyətlə caz sizə qapılarını açıb?

- Daha dəqiq desək, mən onun qapılarını açmağa cəhd edirəm. Əlimdəki açarı daim itiləyirəm. Məsələn, birini zəhmətlə açdınsa, qarşıda səni digər bağlı qapı gözləyir. Onu açmaq üçünsə digər açar tələb olunur. Və beləcə yaradıcılığın boyu bu qapıların sayı da artır.

- Siz buna nail olursunuz, şəxsi fikrimdir.

- Ola bilər. Mən hər gün çalışıram. Səhvlərimi düzəltməkçün əmək sərf edirəm. Bu həmişə davam edəcək. Çünki bilmədiyimiz, öyrənməli olduğumuz o qədər yeniliklər var ki, heç bir sahədə birinci olmaq mümkün deyil. Məhz buna görə özümə kral deyə bilmərəm.

- Şahzadə də deyə bilməzsiniz?

- (Gülürük) Əsla, sadəcə peşəmin bilicisi deyək.

- Belə çıxır ki, özünüzdən razı insan deyilsiniz?

- Bunu məni tanıyan insanlar deyə bilər. Amma istənilən sahədə məndən, sizdən daha çox bilən insan mütləq olacaq. Hamıdan üstün olmaq qeyri-mümkündür. Biz sadəcə bir işi yaxşı bacara bilərik. Ağıllı insan heç vaxt özündən tam razı ola bilməz axı.

- İsfar, 7 il öncə televiziyada çalışırdım və sizin yaradıcılığınızı yaxından izləyirdim. Ancaq məni həmişə bir sual düşündürürdü. Görəsən bu gözəl musiqiçi öz dilini niyə bilmir? Daha sonra ailə qurdum və oğlum dünyaya gəldi. Onun artıq 5 yaşı var, amma azərbaycanca bilmir. Bu karmadır yəqin.

- Təəssüf ki, mən məktəbdə oxuduğum illərdə ədəbiyyatın çoxu rus dilində idi. Sovet rejimi yenicə dağılmışdı, ancaq təsiri hələ də duyulurdu. Valideynlər övladlarına daha keyfiyyətli təhsil vermək üçün rusdilli təhsili üstün tuturdular. Ən azı bizim uşaqlığımızda belə idi.

- Ümid edirəm bu fikrimdən incimədiniz.

- Təbii ki, yox. Mən əsaslı tənqidlərdən heç vaxt incimirəm. Əksinə özüm üçün nəticə çıxardıram. Azərbaycanın bir vətəndaşı kimi dilimi çox sevirəm. Baxmayaraq ki, ana dil bilgim istədiyim səviyyədə deyil, öyrənməyə çalışıram. Çoxları deyir ki, Azərbaycan dili nəyimə lazımdır, əsas əcnəbi dilləri bilməkdir. Ancaq biz dilimizi mütləq bilməliyik.

- Hətta əlavə edərdim ki, əcnəbilərin yanında öz aramızda rusca danışanda onlar təəccüblənirlər ki, öz dilinizi qoyub, başqa dildə niyə danışırsınız?

- Ümid edək ki, öz səhvimizi bizdən sonra gələn nəsil üzərində təkrarlamayacağıq.

- Ümid edək...

Картинки по запросу huseynqulu sarabski

- İsfar, Şərq opera sənətinin banilərindən biri Hüseynqulu Sarabskinin nəticəsisiniz? Səsiniz varmı?

- Var. Amma deyim ki, vokalla ciddi məşğul olmuşam və ya buna hazıram, yox. Bəzən kompozisiyalarımı ifa edərkən zümzümə edə bilərəm. Sadəcə, publika qarşısında vokalist kimi çıxış etməyə hazır deyiləm.

- Böyük sənətkarımız ananızın babası olub, eləmi?

- Bəli.

- Bəs bu genetik irsin məsuliyyətini hiss edirsiniz?

- Bu məsuliyyəti öz üzərimdə daim hiss etmişəm. Peşəmin ciddiyətini anlamışam. Amma bunu sırf soyadım üçün deyil, sənətimə bəslədiyim hörmət naminə də etmişəm. Ümumiyyətlə, torpağımız başdan-başa istedadlı insanlardan ibarətdir. Biz musiqiçilər Sarabskinin, Hacıbəyovun, Pirimovun, Ərəblinskinin musiqimizə üfürdükləri hava ilə nəfəs alırıq. Əsas vəzifəmiz də sahib olduğumuz bu mirası gələcək nəsilə çatdırmaqdır.

- Tələbələriniz var?

- Hələ ki, yox. Amma gələcəkdə bildiklərimi gənc musiqiçilərə öyrətməyi düşünürəm. Bir də sözün düzü, pedoqoji təhsilim yoxdur.

- Hansı universiteti bitirmisiniz?

- Bakı Musiqi Akademiyasının məzunuyam. Daha sonra Amerikada oxumağa yollandım. İndi yenə Akademiyada magistr təhsili alıram.

- Deyilənə görə, caz qaraların ağlara qarşı intiqamıdır. Ümumiyyətlə, cazı qaradərililərin musiqisi adlandıra bilərik?

- Deməzdim. Ona qalsa, bu fikri digər janrlara da aid edə bilərik. Doğrudur, belə əhvalatlar var ki, cazı Amerikaya köçən afrikalılar gətirib, kilsələrdə ifa edərək yayıblar. Amma heç bir musiqinin kökünü dəqiq bilmirik axı. İnsanları irqlərə ayırmağı sevmirəm. Sadəcə deyə bilərəm ki, cazın janr kimi formalaşmağında hər bir musiqiçinin əməyi var.

- Çox humanist cavabdır.

- Sonda isə özünüzə cavablandırmaq istədiyiniz sualı verin.

- Sual verərdim ki, bizim bu dünyada nə işimiz var? Ümumiyyətlə hansı missiyanı daşıyırıq? Cavabında deyərdim ki, mən burada olmaqdan məmnunam. Yaşadığımız hər an dəyərlidir. Məsələn, indi sizinlə burda əyləşməyimiz də gözəldir. Doğrudur, həyat yolu həmişə hamar olmur. Bəzən başımıza pis hadisələr də gəlir, kədərlənib, hər şeydən əlimizi də üzürük.

- Depressiyaya tez-tez düşürsünüz?

- Əlbəttə, gözümdə hər şeyin çətinləşdiyi anlar olur.

- Bəs necə çıxırsınız bu durumdan?

- Musiqi mənə kömək edir. Piano arxasına keçib, Şopendən, Raxmaninovdan, yaxud, digər bəstəkarlardan bir əsər ifa edirəm. Bir şeyi anlamalıyıq ki, bu dünyaya zövq almaq üçün, həyatın hər anını sevinclə yaşamaq üçün gəlmişik. Təəssüf edirəm ki, bədbin insanların sayı çoxdur.

- Xüsusən də Azərbaycanda...

- Elədir. Amma bu dünyada əhvalımızı qaldıran o qədər gözəlliklər var ki. Səyahət edin, maraqlı məkanlarda olun...

- Bəlkə də siz bütün bu imkanlara sahibsiniz, buna görə fikir yürütmək daha asandır?

- Bu şansı əldə etmək lazımdır. Çünki hər kəsin hansısa bir sahədə bacarığı var. O istedadı üzə çıxarmaqsa öz əlimizdədir. Bir nöqtədə durub, gözləmək olmaz. Özümüzü daim inkişaf etdirməliyik. Ardından pul da gələcək, şans da...

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm