“Gecə iranlı qadın dedi ki, gedək bara” - Tanınmış bələdçinin turistlərlə BAŞINA GƏLƏNLƏR
Bizi izləyin

Xüsusi

“Gecə iranlı qadın dedi ki, gedək bara” - Tanınmış bələdçinin turistlərlə BAŞINA GƏLƏNLƏR

Son vaxtlar ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir. İldən ilə Azərbaycana gələn müxtəlif mədəniyyətlərə sahib insanların sayı artmaqdadır. Bu inkişaf özü ilə bağlı maraqlı detalları da gətirir. Əsas da Azərbaycan həqiqətlərinin təbliğatı sahəsində. Bu işdə isə əsas yük bələdçilərin və yerli turizm şirkətlərinin üzərinə düşür.

Bəs bu fürsətdən yararlana bilirikmi?

Bizə “ciblərini” verib gedən qonaqları layiqincə qarşılayırıqmı? Turistlərlə, əsasən də ərəblərlə bağlı yayılan xoşagələn və xoşagəlməz söhbətlər nə dərəcədə doğrudur? Azərbaycan insanından və mədəniyyətindən razı qalırlarmı? Ölkəmizlə bağlı hansı faktlar onları daha çox maraqlandırır?

Düşündük ki, bütün bu suallara ən yaxşı cavabı həm ərəb, həm ingilis, həm fars dilini bilən, bütün günlərini turistlərlə bərabər keçirən bir şəxs verə bilər.

Beləliklə Publika.az-ın qonağı tərcüməçi-bələdçi Mirəli Ağayevdir:

- Gəncsiniz. Amma indidən peşəkar tərcüməçi və bələdçi kimi tanınırsınız. Jurnalistika sahəsi ilə də bağlılığınız var. Bu sahələrin arasında bir qohumluq da mövcuddur. Dil bilgisi sizə xeyli şey bəxş edib yəni.

- Bilirsiz, tərcüməçi peşəsi, ümumiyyətlə, dil bilgisi bir çox sahələrdə sərbəst fəaliyyət göstərmək üçün insana kifayət qədər avantaj yaradır. Mənim ilk fəaliyyətim çox aşağı pillələrdən başlayıb. Şirkətlərdə sənədlərin çatdırılması üçün kuryer kimi işləmişəm. Daha sonra kurslarda və fərdi şəkildə fars dili müəllimi kimi çalışmışam. Müəllim kimi fəaliyyətə 4-cü kursda oxuyarkən başlamışam. Eyni zamanda, rəsmi və qeyri-rəsmi sənədlər, məktublar tərcümə etmişəm. Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbu orqanlarda jurnalist kimi də fəaliyyətim olub. Əsasən, fars və ərəb bölmələrində xəbərlər, müsahibələr yazmışam. Hazırda isə müxtəlif turizm şirkətləri ilə əməkdaşlıq edirəm.

- Bəs qeyd etdiyiniz bu sahələr içərisində ən çox sevdiyiniz hansıdı? Özünüzü hansı sahədə daha təcrübəli və peşəkar hesab edirsiz?

-Əsas sahəm Şərqşünaslıq olduğuna görə, tərcümə sahəsində özümü həqiqətən peşəkar hesab edirəm. Digər sahələrdə də kifayət qədər təcrübəliyəm, amma əsas ixtisasım tərçüməçilikdir. Jurnalistika sahəsinin incəliklərini bilmədiyim üçün qətiyyən özümə “mən peşəkar jurnalistəm” deyə bilmərəm. Jurnalist olmaq üçün xüsusi istedad, yaradıcılıq olmalıdır. Amma bayaq da vurğuladığım kimi, tərcümə sahəsində olduğum üçün məqalələr, xəbər janrı mənə yad deyildi. O baxımdan, çətinlik çəkməmişəm. Bələdçilik isə mənim üçün çox maraqlıdı. Müxtəlif insanlarla ünsiyyətdə oluram. Çalışıram onlarla uyğun dildə münasibət yaradım.

- Tərçüməçi “gözəgörünməz” olmalıdır. Gözəgörünməz olmağı bacarırsınızmı?

- Əlbəttə, bəzi tərcümələr zamanı tərcüməçinin mətndə və ya danışıqda rolu sezilməməlidir. Amma bəzi hallarda, müxtəlif gedişlər vasitəsi ilə tərcüməçi özünü tərcümə prosesində büruzə verməlidir.

Bu o qədər incəlik tələb edən peşədir ki... Adi bir tərcümədə bir sözün səhv tərcümə edilməsi, çox ciddi problemlərə səbəb ola bilər. Məsələn, mən hər hansı ölkəyə aid, xüsusilə İran, fars məsələləri ilə bağlı materail yazarkən çalışıram, orjinaldan oxuyum. Ola bilər ki, ruslar, ingilislər və s. eyni materialı fərqli prizmalardan öz mənafelərinə uyğun yazsınlar. Belə məqamda isə tərcüməçinin gözəgörünən olması yaxşıdır.

- Çox gözəl mövzuya toxundunuz. İnsanlar pul xətrinə incəliklərini bilmədikləri qeyri-ixtisas sahələrdə çalışmağa üstünlük verirlər. Bəs yaxşı bələdçi olmaq üçün əsas prinsiplər nələrdir?

- Təbii ki, bütün işlərdə maddi maraq var. Hər kəs istəyir ki, yaxşı məvacib alacağı peşəyə yiyələnsin. Amma kor-koranə, keyfiyyətsiz iş ortaya qoymaq ilk növbədə insanın özü üçün mənfi imicdir. Necə ki, jurnalistikada imzanın tanınması söhbəti var, bizim peşəmizdə də elə. Mənə görə, əsas bir neçə prinsip var, amma ən önəmlisi vətənə, millətə bağlı, tariximiz haqqında dərin məlumatlı və təəssübkeş olmaqdır. Bələdçilik asan görünsə də, çox qəliz peşədir. Müxtəlif millətlərin nümayəndələri, bir-birindən fərqli xarakterli insanlarla işləmək, onlarla dil tapmaq asan deyil. Mən xüsusilə, iranlılar və ərəblərlə işlədiyim üçün onların olduqca kaprizli millət olduqlarını deyə bilərəm. Həddən artıq küsəyəndirlər. Ölkəmizə gələn turistlər çox vaxt memarlıqla maraqlanırlar. Şəhərin memarlıq nümunələri onlar üçün çox maraqlı olur. Amma bəzən turistlər şikayətlənir ki, bələdçilər onları yola verir. 2-3 saat tur xətrinə dolğun informasiya vermədən, onları restorana, oradan da hotelə yerləşdirib işlərinin tamamlandığını deyirlər. Bu isə nə insani keyfiyyətlərə, nə də peşə etikasına yaraşmır. Hər ölkədə bələdçi bir nəfər olsa da, milyonluq xalqı təmsil edir. İstəməzdim ki, bizim bələdçilər bu cür münasibət sərgiləyərək, Azərbaycanın imicinə xələl gətirsinlər.

- Məsələyə bu cür yanaşmaq sizə çətinlik yaratmır ki?

- Çətinlik hər zaman var, amma mən səbrli insanam. Çalışıram ki, müşayiət etdiyim turistlər ölkəmizdən, eləcə də, məndən razı qalsınlar. Hər zaman çalışıram, onların yaddaşında silinməz izlər qoyum. Şəxsi vəsaitim hesabına jestlər edirəm ki, onları maraqlı xatirələrlə yola salım. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. İranlılar bizim tariximizi daha çox özününküləşdirməyə çalışır. Məsələn, hər dəfə Nizami Gəncəvinin fars şairi olduğunu iddia edirlər. Əsasları da odur ki, onun bütün yaradıcılığı fars dilindədir. Mən isə hər dəfə səbr və arqumentlərlə onlara bunun əksini izah etməyə çalışıram. Eləcə də, bir sıra tarixi faktlar var ki, onlara məlumat verməyə çalışıram. Məsələn, İran Ermənistanla qonşu dövlətdir və təbii olaraq, onların əksəriyyətinin ermənilərə qarşı normal münasibəti var. Sonuncu dəfə bu bələdçilik etdiyim turistlərə ermənilərin Azərbaycan ərazilərində yaşayan azyaşlı uşaqları hədəf alaraq öldürdüyü (Füzuli rayonunda Zəhra və nənəsinin erməni snayperləri tərəfindən qətlə yetirilməsi – red.) haqqında danışırdım. Bu zaman iranlı turistlər bu hadisələrə çox böyük həssaslıq göstərdilər, məndən hadisələrlə bağlı məlumatlar, eləcə də, Ermənistanın özünün bu cinayətləri qəbul edib-etməməsini soruşdular. Bu isə bir daha göstərir ki, Ermənistanın cinayətkar addımları ilə bağlı İran xalqına məlumatlar verilmir. Bir dəfə isə Şəhidlər Xiyabanında 20-ci əsrin əvvəllərində Azərbaycan xalqını erməni-daşnaq birləşmələrinin qırğınından qurtarmaq üçün ölkəmizə gəlmiş və burada şəhid olmuş türk şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə ilə bağlı turistlərə məlumat verirdim, elə bu an, Təbrizdən olan bir nəfər mənə etiraz edərək ermənilərin müdafiəsinə qalxdı. Məslənin mübahisə şəklini almasına icazə verə bilməzdim. Amma çalışdım ki, ona Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı obyektiv izahat edim. Günahsız, silahsız insanları və uşaqları hədəf alan, öldürmə əmri verən millətin hansı tərəfini müdafiə etmək olar, başa düşmürəm.

- Hansısa tanınmış insanı ölkəmizdə müşayiət etmisiniz?

- Təəssüf ki, belə bir məqam olmayıb. Amma yaxın həmkarlarım arasında fars müğənnilərini Azərbaycana gətirənlər olub.

- Dilimizdə qarşılığı tapılmayan sözlər olur. Belə hallarla qarşılaşmısız?

- Düzünü desəm, xeyr. Mən belə çətinliklə qarşılaşmamışam. Əksinə, hərdən elə olub ki, mən onların dilində elə sinonimlər işlətmişəm ki, özləri də təəccübləniblər ki, bu bizim sözdür?

- Bəzən gənclərimiz ölkəyə gələn turistlərlə dostluq əlaqələri qurur. Və bizim dilimizdə onlara zarafatlar, söyüşlər öyrədirlər. Siz necə, olubmu ki, turistlərə bizim dilimizdə hansısa sözləri, ifadələri öyrətmisiz?

- Təbii ki, söyüş yox, amma öyrətdiyim sözlər olub. (Gülür) İranlılarla bizim dilimizdə bir sıra oxşar sözlər olduğu üçün düşünmürəm ki, onlara çətin olub. Məsələn, mənə zəng edəndə “Əli.. salam qardaş.. necəsən?.. yaxşısan?, soyuqdur? ” kimi tək-tək söz və ifadələr öyrətmişdim. Amma nə qədər edirəm, “yaxşısan?” sözünü öyrədə bilmirəm. “Ş” və “ç” səslərinin tələffüzündə çətinlik çəkirlər. Bütün sözlərdə də saitləri uzadırlar. Belə çox şirin danışırlar. İki sözlərindən biri “can”, “əzizim” olur. “Necəsən” demək istəyirlər, amma “nə cürsən?” deyirlər.

- Ölkəyə gələn turistlər əsasən hansı yerləri gəzməyi və görməyi üstün tuturlar?

- Əsasən tarixi yerləri xoşlayırlar. Bayaq qeyd etdiyim kimi, Bakının memarlığı onların çox xoşuna gəlir. İçərişəhərdə gəzməyi sevirlər. Ümumiyyətlə, iranlılar Azərbaycana çox vaxt əyləncə məqsədilə gəlirlər. İranda gecə istirahət etmək üçün məkanlar yoxdur. Hər dəfə gələndə deyirlər ki, Əli, bizi bara, gecə klublarına, diskotekaya apar. Daha sonra ilk olaraq Gəncəni, Nizami məqbərəsini görmək istəyirlər. Ümumilikdə, bir günlük şəhər turu 2-3 saat çəkir. Daha sonra gəzinti üçün bələdçiyə əlavə xidmət haqqı ödəyirlər. Arada elə olur ki, gecə saat 1-ə, 2-yə qədər şəhərdə gəzmək istəyənlər olur. Elə olanda yorğun oluram, yox deyə bilmirəm, bayaq da dediyim kimi, narazı getmələrini istəmirəm, uyğun bir dil ilə hər iki tərəfi vəziyyətdən çıxartmağa çalışıram. Bir dəfə bir turist ailəvi şəkildə bara getmək istədiyini dedi. Mən də qaldım çıxılmaz vəziyyətdə ki, ona necə izah edim ki, bizdə ailəvi istirahət üçün bar məsləhətli deyil. (Gülür) İndi mən deyirəm belə, onlar deyir yox, belə. Axır, güc-bəla ilə izah etmişəm ki, bəs burdakı barlar xaricdəki kimi deyil, biz ora xanımlarımızı aparmırıq. Bəzən də tam əksinə, ailəli xanımlar bara getmək istəyirlər, bu dəfə də həyat yoldaşıları mənə işarə edir ki, indi yox, axşam xanımlarsız gedərik. (Gülür)

- Dediniz, ölkəyə tez-tez gəlib-gedən turistlər var. Maraqlıdır, bu cür turistlər Azərbaycana nə üçün tez-tez gəlirlər?

- Maraqlı sualdır. Bilirsiz, eləsi var 2 aydan bir gəlir, eləsi də var, bir dəfə gəlir, gəzir, çıxır gedir. Adam tanıyıram ki, mütəmadi olaraq Azərbaycana gəlir. Burda iş qurmaq istədiyini deyir. Əsasən, tikinti sahəsində yatırım etmək istəyirlər. Xüsusilə, iranlılar Azərbaycanda vətəndaşlıq almaq üçün yol axtarırlar. Bütün alternativləri araşdırırlar. Eləsi də var, burda ünsiyyəti olan xanımlara görə gəlir. Amma adam da var ki, sadəcə istirahət üçün ayda 1 dəfə Azərbaycana gəlir. Araşdırma məqsədilə jurnalistlərin də Azərbaycana tez-tez gəldiyini deyə bilərəm.

- Turistlər daha çox nələrdən narazı qalırlar? Məsələn, deyirlər ki, taksilar 3 manatlıq yolu 100 manata aparırlar, restoranlar 3-5 nəfərlik masa üçün az qala 1 toyun pulunu istəyirlər...

- İlk dəfə gələnlər bunu o qədər də hiss etmir. Amma soruşurlar ki, niyə belə bahadı hər şey? Mən də deyirəm ki, Bakı bahalı şəhərdir. O, nəqliyyatla bağlı məsələ, həqiqətən də, var. Düzdür. İki addımlıq yolu aparmaq üçün bütün şəhəri fırladırlar ki, əlavə pul alsınlar. Mənim şəxsi fikrimə qalsa, bütün bunlar tək bizdə deyil. Mən özüm də İrana gedəndə olub ki, restoranda menyunun qiymətlərini hesablamışam. Masadan qalxanda hesabı istədiyimdə, onların dilini bilmədiyimi zənn edib mənə 2, hətta 3 qat hesab gətiriblər. Yəni bu hər yerdə belədir. Turizmin incəlikləri var. Bələdçilərin də işlədikləri xüsusi məkanlar var və s. Ona görə buna bu qədər təəccüblənmək lazım deyil. Onu deyim ki, iranlılar xüsusilə bir məsələdə olduqca təəssüf hissi keçirdirlər. Küçələri süpürən qadınları görəndə olduqca narazı qalırlar. Onlara görə bu, qətiyyən qəbuledilməzdir.

- Mirəli bəy, taksi sürücüləri deyir ki, iranlı və ərəb turistlər o qədər natəmizlik edirlər ki, bizim onlardan aldığımız gediş haqqı sonradan avtomobilin yerli-dibli təmizlənməsinə gedir...

- Bəli, bu mövzuda olduqca haqlıdırlar. Sizə deyim ki, ümumilikdə iranlılar təmizkar olsalar da, bəziləri həddən artıq natəmiz olurlar. Əgər, həqiqətən, bu məqsədlə artıq gediş haqqı alırlarsa, o zaman məncə, ədalətlidir. Nə üçün öz qazandığı 3-5 manatı maşının təmizlənməsinə versin?! Ədalətli olduqlarını nədə görmüşəm? Bir dəfə turistlərdən biri 100 dollarını itmişdi. Mənə zəng elədi ki, bəs vəziyyət belədir: oteldən çıxırıq, amma pul yoxdur. Getdim otelə, axtardıq, tapmadıq. Kim olsa, borclu çıxardardı ki, kimsə götürüb. Amma o, həm yazılı, həm də şifahi şəkildə otelin adminstratoruna dedi ki, mən gedəndən sonra qətiyyən, heç kimə heç nə deyilməsin. Mən pulu harda itirdiyimi dəqiq bilmirəm. Mənə görə heç kim işindən çıxarılmasın, xahiş edirəm.

- Mirəli bəy, Azərbaycanla bağlı hansı məlumatlar turistlərdə təəccüb oyadır? Məsələn, iranlılar nəyə təəccüb edir, farsları nə heyrətə gətirir, ingilislər nəyə inana bilmir?

-Bilirsiz bayaq da qeyd etdiyim kimi, mən, əsasən, İran və fars dilləri üzrə mütəxəssis olduğum üçün çox hallarda onlarla çalışıram. Azərbaycan haqqında, qanlı tariximiz haqqında danışdıqlarıma heyrətlənirlər. Onları Şəhidlər Xiyabanına aparıram. Baş verən hadisələrlə, dinc insanların amansızcasına qətlə yetirilməsi ilə bağlı danışdıqlarım onları dəhşətə gətirir. Əsasən, İlham və Fərizənin sevgi əhvalatı onları kövrəldir. Amma onu da deyim ki, iranlıların bəziləri özləri etiraf edir ki, bəli, biz ermənilərə dəstək veririk. Bəzilərinin isə ermənilərə olan sevgisi o qədər gözlərini örtüb ki, biz onlara uşaq qatili deyəndə qəbul edə bilmirlər. Hətta onlara bir hadisəni də danışdım. Bir neçə il əvvəl Tovuzda azyaşlı bir qız uşağı çayda üzən kuklanı götürmüşdü. Oyuncağı oynadanda partlamışdı, körpə həlak olmuşdu. Ermənistanın xüsusi xidmət orqanları oyuncağın içərisinə partlayıcı yerləşdirərək çaya buraxır və uşaqlar bilmədən bunun qurbanı olurlar. İŞİD və ermənilərin törətdiyi cinayətlər artıq eyniləşib. Mən çox az hallarda ingilislərə bəldəçilik etmişəm. Amma onlar tarixi faktlardan az-çox məlumatlı olduqları üçün bu məsələnin nə zamansa həll olub-olmayacağına daha çox maraqlıdırlar.

- Bir az da başqa tərəfə yönələk. Milli mətbəximizdə ən çox hansı yeməklərə üstünlük verirlər?

- İranlılar ən çox düyü yeyirlər, bunu hamı bilir. Onların əlindən almasanız, gündə 3 dəfə düyü yeyərlər. (Gülür) Bura gələndə də düyü istəyirlər. Hərdən onlara sataşıram ki, düyü qurtarmadı ki... Bir mən məsləhət etdiyim yeməklərin də dadına baxın, xoşunuza gəlməsə, yenə düyü yeyərsiz. Məsələn, saciçi, langet onlarda yoxdur. Yedikdən sonra dedilər, möhtəşəmdir. Azərbaycan, Türkiyə və İranın mətbəxi nisbətən bir-birinə yaxındır, ona görə çox elə təəəccüblü dad olmur onlara görə.

- “Dünyanın ən gözəl qadınları ərəb qadınlarıdır” desələr də, ərəblər, eləcə də, iranlı turistlər azərbaycanlı xanımların daha gözəl olduğunu deyirlər. Hətta danışırlar ki, “tarqovı”da turistlər gecə saatlara qədər məhz qızlara görə gəzir. Şahidi olmusuz?

- İran xanımlarına bir az azərbaycanlı kişilər sərf eləmir açığı. (Gülür) Çünki onlarda ailədaxili nizam-intizam bir az fərqlidir. Bizim mentalitetimizdə isə daha başqadır. Onlarda kişilər qadınlara qulluq edir, yeri gələndə yemək bişirir, qonaq qarşılayır, süfrə açır və s. Bizdə isə əksinə. İranda heç bir kişi əlini stola vurub “mənə çay gətir” deyə bilmir. (Gülür) Bu səbəbdən azərbaycanlı qadınlara maraq göstərirlər. Saf, duru gözəlliyə sahib qızlarımız var. Niyə də bəyənməsinlər?! Özləri də deyir ki, sizin oğlanlarınız yaraşıqlı, qızlarınız gözəl olurlar. Ümumilikdə götürsək, bəli, demək olar ki, qızlarımızla həddən artıq maraqlanırlar. Oxumuş, karyera sahibi olan xanımlar isə onlar üçün daha maraqlıdırlar. Əcnəbilər (türklər, iranlılar, ingilislər), əsasən, azərbaycanlı xanımlarla ailə qurub onları işlədirlər. Bu isə heç də xoşagələn hal deyil. Qızlarımız isə xaricdə yaşamaq sevdası ilə bu faktoru unudurlar.

- Bəs olubmu ki, sizin özünüzə eşq elan etsinlər?

- (Gülürük) Yaman yerdən sual verdiniz. “Yox” deməyəcəm, olub, bəli. Bir dəfə bələdçilik etdiyim iki iranlı xanım bir-birindən xəbərsiz mənə öz hisslərini açmışdılar. Amma təəssüf ki, mən iş ilə şəxsi həyatı bir-birinə qatmaq istəmirəm. Onların xətrinə dəyməmək üçün çalışırdım, onlardan qaçım. Fürsət olan kimi uzaqlaşırdım. Amma sonda münasib bir dil ilə izah etmişdim. Sağollaşanda hər şeyə rəğmən sərhəddə məni biabır etdilər (Gülür). Nə qədər təəssübkeş olsam da, hər zaman müəyyən etik çərçivələri gözləməyə çalışıram. Sərhəddə xanımın boynuma sarılıb “səni sevirəm“ deməsi məni şoka saldı. Hamı bizə baxır ki, yəni hansı ara belə durum oldu? Məndən əsar-əlamət yox idi. Qıpqırmızı qızarmışdım. Təbii ki, sonra hər şeyi izah etdim, hər şey öz qaydasına düşdü. Həm də mənim xəyalımdakı xanım bir az fərqli obrazdı. Və gələcəkdə karyeramdan dolayı istəmirəm, həyatımdakı xanım əcnəbi vətəndaş olsun. Ən əsası da, iranlı xanımların sadiqlik anlayışı ilə bizim xanımlarınkı çox fərqlidir. Mənim fikrimcə, bizim xanımların sədaqətli, sadiq olması başqa heç bir xalqın xanımlarında yoxdur.

- Farslarda da Gürcüstanda, Türkiyədə olduğu kimi yetkinlik yaşına çatmayan qızları yaşca özündən böyük, atası, babası, yaşında kişilərə ərə verirlər. İslam dövlətidir, dinə də bağlı millət hesab edilirlər. Bəs bu paradoks nədən irəli gəlir sizcə? Statistikaya görə, təcavüz halları da orda kifayət qədər çoxdur...

- Doğrudur, dediyiniz hallar İranda da mövcuddur. Bunun əsasında isə bir çox faktorlar dayanır. Bununla bağlı, təqribən 2 il öncə farsdilli medialardan biri geniş reportaj hazırlamışdı və mən o vaxt bunu tərcümə edib bizim saytlardan birinə təqdim etmişdim. Həmin reportajda mövzu ilə əlaqəli müsahibə verən iranlı ekspertlər bunun səbəbinin "iqtisadi amillər və təhsilsizlik" olduğunu qeyd etmişdilər. Bunun dinlə əlaqəli olması isə istisna edilir. Məsələnin qaynaqlandığı əsas mənbə iqtisadi amildir. Təcavüz halları bütün cəmiyyətlərdə olduğu kimi, İranda da mövcuddur. Bu hal heç bir amillə bağlı deyil, fərdlərdən asılı olan məsələdir. İran teokratik dövlət olduğu üçün burada təcavüzkarlarla bağlı sərt intizam tədbirləri mövcuddur, lakin yenə də təcavüzlə bağlı statistika yüksəkdir. Bu isə onu deməyə əsas verir ki, bu hal fərdlərin şəxsi əxlaqi keyfiyyətlərinə bağlı məsələdir, bu onların bağlı olduğu cəmiyyət, din və ya irqdən qaynaqlanan fakt deyil. Azərbaycana gələn iranlı turistlərin əksəriyyəti gənclərdir. Yeni nəsil biz düşündüyümüz qədər dinə bağlı deyil. Müəyyən qismi çıxsaq, əksər iranlı gənclər sekulyar düşüncəyə sahibdirlər. Mənim ünsiyyətdə olduğum iranlılarla bu barədə söhbətlərim olub və bu günə qədər onların arasında 4 arvadlılığı dəstəkləyən iranlı gənc görməmişəm. Lakin, cəmiyyətlər müxtəlif düşüncələrə, dinlərə, cərəyanlara və s. sahib insanlardan ibarətdir, bu isə insanların düşüncələri arasında müxtəlifliyə səbəb olur. Mövlanə Cəlaləddin Rumidən gözəl bir cümlə ilə fikrimi tamamlamaq istərdim: "Hər kəs eyni şeyi düşünürsə, demək heç kim düşünmür".

- Xatirələriniz arasında unutmaq istədiyiniz və ya xoş xatirə olaraq ağlınızda qalan nələrsə var?

- Bəli, təbii ki. Həyatın hər dəqiqəsi bir xatirədir. Unutmaq istədiyim məhz o 12 nəfərlik tur zamanı Təbrizdən olan turistin erməniləri müdafiə etməsi idi. Mənə çox ağır gəlmişdi. Yadda qalan isə çoxdur, indi hamısı yadıma gəlmir. Amma bu il bildiyiniz kimi “İslam oyunlarına” görə, ölkəyə çoxsaylı müsəlman ölkələrindən turistlər gəlmişdi. İranlılarla dənizkənarı bulvarda gəzirdik. Ətrafımdan gələn-gedən hamı farsca, ərəbcə danışırdı. Dostum qayıtdı ki, bu nədir, Əli, iranlılar Bakını işğal edib? Gəldik bura ki, azərbaycanlıları görək burda da bizimkilər. (Gülür) Dedim, biz Bakı bütün dünyanı qonaq edə bilər. Maraqlı söhbətləri, zarafatları olur.

Bir dəfə iranlıları Astaraya aparırdıq. Bir sürücümüz var, sağ olsun, heç vaxt “yox2 demir bizə. Yolda bu iranlı gah marmelad verir mənə, gah ləpə verir. Bir az da qovurulmuş taxıla bənzər bir şeydi, bu, verir mən də yeyirəm. Dadı da qəşəngdi. Qayıtdı ki, bir ovuc da sürücüyə ver. Mən də dedim, qovurğadı da. İndi Astaraya çatana qədər, yalan olmasın, 1 kilo yemişəm bundan. Dayıya verəndə, üzümə baxdı ki, bəs, ay oğul bu nədi? Mən də dedim qovurğa. Qayıtdı ki, bu qovurğaya oxşamır, dəqiq soruş gör bu nədi. Qayıtdım ki, bəs, Rza, bu taxıl deyil?! O da, qayıdasan ki, əşi, yox, bu xaşxaşdı. (Gülür) Rza bildirdi ki, əlbəttə ki, bu, narkotik vasitə yox, İranda çərəz kimi mağazalarda satılır. İndi dəli olmuşuq ki, bütün yolu xaşxaş yemişik. Belə maraqlı sərgüzəştlərimiz olur.

- Mirəli bəy, maraqlı və yaddaqalan söhbətiniz üçün təşəkkür edirəm...

- Siz sağ olun, Könül xanım. Çox xoş oldu.

Könül Cəfərli

FOTO: Zümrüd Kərimova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm