Zeynal Məmmədli dönə-dönə üzr istədi - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Zeynal Məmmədli dönə-dönə üzr istədi - MÜSAHİBƏ

Publika.az tanınmış media eksperti Zeynal Məmmədli ilə müsahibəni təqdim edir.

– Zeynal müəllim, nəzəri baxımdan “reket jurnalistika” anlayışı varmı? Yəni ixtisasa “reket” demək olarmı?

– Belə bir anlayış bizim Mətbuat Şurasının sözüdü və təəssüf ki, Milli Məclisədək ayaq açıb. Beləcə, yoxdan var olub. Ancaq bu anlayışa güc və maliyyə qurumlarında yer ola bilər, mediada qətiyyən.

Bəlkə “reket müxbir” daha düzgündür?

– Məncə, bir qədər məntiqli olsa da, “reket müxbir” demək də yanlışdır, çünki şantajdan şəxsi çıxarları üçün yararlanan müxbir ola bilər, amma “reket müxbir” yox.

– Bəs “reket müstəntiq”, “reket polis”, “reket məmur” necə, bu ifadələr doğrudur?

– Hə, bunlar ola bilər və ən azı bunda məntiq var, çünki onların silahları, pulları, səlahiyyətləri var... “Reket müxbir”sə... Dönə-dönə üzr istəyirəm Servantesdən, bu Don Kixotun cəngavərliyinə bənzəyir.

– Tez-tez tənqidlər səslənir ki, intihar və yaxud digər kriminal xəbərlərin mediada yayılması və onların xüsusi sensasiya ilə təqdimatı cəmiyyətdə gərginlik yaradır. Amma bu gün media həm də kommersiya qurumudur, əldə etdiyi məlumatı daha çox oxucuya təqdim etməklə ayaqda qalmağa çalışır...

– Səmimi olaq. Gerçək media öz missiyasını gerçəkləşdirməyə çalışsa, olub-bitənləri doğru-dolğun-dəqiq xəbərləsə, necə deyərlər, doğru zamanda, doğru adamdan, doğru olaydan və doğru məkanda söz açsa, başqa sözlə, doğruları bir araya gətirməyi bacarsa, özəl sensasiyalara, reytinq canavarına, siz demiş, intihar və kriminal xəbərlərini tirajlamaqla ayaqda qalmağa ehtiyac qalmaz. Bunlar isə medianın reklam bazarından və jurnalistlərin, özəlliklə media menecerlərinin peşəkarlıq dərəcəsindən qaynaqlanan problemlərdir...

– Sizcə, nə etməli?

– Məncə, bu sualın cavabını da qeyd etdiyim problemlərdə axtarmaq lazımdır. Bir də “hansı media” sualı da aktuallığını daim qoruyacaq. Mediaya adi biznes kimi baxanlar baxışlarında çox səmimi olsalar belə saralıb “sarı media”ya və qaralıb “bulvar mediası”na çevriləcəklər. Yumşaq desək, Azərbaycandakı media ortamı buna çox müsaiddir. Nə yazıq ki, Azərbaycan cəmiyyətində ortaq yaddaşda olmalı şeylər fərdi yaddaşlarda qalır, məhz fərdi yaddaşda qalmalı şeylərsə, ortaq yaddaşa sırınır. Beləcə bizləri gerçəkdən bizlərə çevirən o nəhəng, o sehrli, o ərdəmli yaddaş dağarcığımız aramsız boşalır...

– Zeynal müəllim, bizdə öz qələmi ilə müəyyən bir yerə gəlib çıxan, uğur qazanan yazarlar sonradan öz yazılarını yüz ölçür, bir biçir. Sanki onlar zaman keçdikcə məmurlaşır, yazılarındakı səmimiyyət dozası azalır. Halbuki dinin, ənənənin daha çox oturuşduğu Türkiyə cəmiyyətində vəziyyət tamamilə fərqlidir. Məsələn, ən nüfuzlu qəzetlərin rəhbərliyində təmsil olunan, uzun illərdir böyük oxucu kütləsi qazanan Ərtoğrul Özkök, Ayşə Arman kimi yazarlar heç bir kompleks keçirmədən intim mövzularda da yazırlar. Bəs o imzalardan bizdə niyə yoxdur? Nüfuzlu köşə yazarlarımız, jurnalistlər niyə bu mövzulardan çəkinirlər?

– 20-ci yüzilin əvvəlinə göz atsaq, Azərbaycan mediasındakı imzalar heç də az səs salmamışdı, o cümlədən qardaş Türkiyədə. Sonra məlum şərtlərdən inkişaf saptırıldı. “Nüfuzlu yazarlarımız, o cür jurnalistlər yoxdur” desək, məncə, yanılarıq. Şərait müsaid deyil. TV-lərimizdə kimləri görüb-tanıyır, hansı diqqətədəyər köşə yazısını “kiçik ekran”dan yayırıq? Üstəlik, Özkök 20 il “Hürriyet”in baş redaktoru olub. Fransada ali təhsil alıb. Kommunikasiya doktorudur. Ayşə xanımın da, sadəcə, anasının alman olduğunu xatırlatmaq yetər ki, siz deyən mövzulardakı cəsarətini anlayaq. Səksən milyonluq, dinamik gəlişən ölkə və Osmanlı İmperiyasının varisi olmaq, bütün dünya ilə birbaşa və sıx bağlantı qurmaq, medianın cəmiyyətdəki önəmli rolu, azı dörd milyard dollarlıq media reklam bazarı, ciddi jurnalistika təhsili və s. Azərbaycanda xəyal kimi görünən şeyləri Türkiyədə adi gerçəyə çevirir. Orada nə din, nə də ənənələr ölkə çapında böyük əngəl törətməz. 80-85 min əhalisi olan Karsda belə urbanizasiya ağır basıb, sakinlər mədəniyyətə hopublar və birgəyaşamın şərtlərini anlayıb-paylaşırlar. Müstəqil mediaları və bələdiyyələri var... “Media nəyə gərək” sualı Türkiyə toplumunda gülüş doğurar, amma Azərbaycanda çox məntiqli səslənə bilər... Uzun-uzun illərin öz ayrıcalığı var axı!..

– Təxminən, 40 ildən artıq media təcrübəniz var...

– Üç il sonra təcrübəmin yaşı 50-ni haqlayacaq (Gülür).

– Maraqlıdır, jurnalistlərin dolanışığı maddi cəhətdən ən çox hansı dövrdə yaxşı olub?

– Bu sualın doğru cavabını bilmirəm. Şəxslərə görə dəyişir. Əslində, doğru cavab belə olmalı: jurnalist peşəsi hansı dövrdə çox nüfuzlu sayılıbsa, o zaman. Cəmiyyətin doğru sözə ehtiyacını ödəyən media, ən azı ruhən güclü qalır. Zəngin olmaq istəyən jurnalistikanı seçməz. Ciddi media dünyanın çox yerində qarın doyurmur...

– Elə jurnalistlərimiz var ki, mitinqlərdə, ayrı-ayrı nümayişlərdə məqsədli şəkildə şəkil çəkdirir ki, mühacirətə gedə bilsin... Sizcə, bu peşədən daha nə kimi istifadə etmək olar?

– Çoxumuzda olmaq yox, bənzəmək şakəri var. Kimi iqtidarçıya bənzəmək istəyir, kimi müxalifətçiyə, kimi dəbdə olan birinin qohumuna, kimi qatı ateist olsa da, dindara və s. Elələrindən ötrü amaca yetişdirən bütün yollar keçərli sayılır. Bu, təkcə şəxsi deyil, ictimai əxlaq problemidir və əslində, sosial yaşamın özəlliklərindən qaynaqlanır. Cəmiyyət diaqnoz qoya bilmirsə və ya qoymaq istəmirsə, demək, adı var, özü yox. Bu halda hərə problemini bir cür yolla çözməyə cəhd göstərir.

Sizcə, bu peşədən daha nə kimi istifadə etmək olar?

– Sualınızın bu bölümünü cavabsız buraxsam yaxşıdır.

– Bir dəfə demişdiniz ki, Qorbaçovun “yenidənqurma”sı dövründə mətbuat əvvəlki vaxtlara nisbətən daha azad idi. Bəs bu azadlığın mahiyyəti nədən ibarət idi?

– TV, radio, qəzet və dərgilər dəyişməyə üz tutmuşdu. Ən başlıcası, auditoriyaya həssas yanaşmağa məcbur qalmışdı. Məsuliyyət duyğusu ciddi dəyər sayılırdı. Ruh cismi üstələmişdi. Rəqabət həmrəylik hissini kölgədə buraxmamışdı. Media müstəqil güc olaraq, varlığını duyurmağa başlamışdı.

– Siz bunu Elçibəyin dövründə də gördünüzmü?

– Şəxsən mən Elçibəy dövrünü həmin dönəmin uzantısı kimi qavrayıram. Amma çox ağrıyla vurğuladığım bir məqam da var: Elçibəy dönəmində yenidənqurmadan gələn və bəlkə də aldadıcı demokratik media havası alternativ media ab-havasıyla əvəzləndi. Göy qurşağının rənglərini ağ-qara boyalar əvəzlədi.

Səhv eləmirəmsə, hakimiyyəti dövründə hansısa bir qəzet ona “keçibəy” demişdi. Bu, azadlıqdımı?

– Bu, məncə, Elçibəydən çox dövrün ziddiyyətlərindən, “gücün demokratiyası”ndan gələn rəngsizlik idi və bu rəngsizlikdən “keçibəy” kimi, yumşaq desək, tərbiyəsiz, ədəbdənuzaq sözcüklər də doğdu. Məktəb o zaman həqiqətidir ki, demokratiya ortaq məxrəcə, anlaşmaya, özünün gücünə üstünlük verir, qarşıdurmaya, “gücün demokratiyası”na yox...

– Zeynal müəllim, TV-lərimizdən danışaq. 1991-2001-ci illərdə Azərbaycan teleməkanında fəaliyyət göstərən böyük simaların əksəriyyəti indi efirdə yoxdur. Sizcə, onları televiziyadan uzaq salan nə oldu?

– Bu sualı sualla cavablamaqda məntiq görürəm: “Böyük simalar”ın yoxluğunu xalq – tamaşaçılar niyə görmədi? Gördüsə, niyə səsini çıxarmadı? Media o vaxt güclənir ki, yoxluğundan sadiq dostları – adi vətəndaşlar duyuq düşür və “davranışlarını mənim hüquqlarım çərçivəsində gerçəkləşdir” deyərək, yoxa çıxarılanları geri qaytarır. Təbii, “yoxa çıxmaq” yoxa çıxanların könül işi deyilsə...

– Belə hesab edirlər ki, televiziyamızın hazırkı vəziyyətinin günahkarı reytinq və reytinq hesablayıcı şirkətlərin Azərbaycana gəlməsidir. 2001-2002-ci illərdə sözügedən şirkətlər Azərbaycana gəldi və bununla da bizim indi razılaşmadığımız, qəbul etmək istəmədiyimiz məqamlar çoxalmağa başladı...

– Yox, təbii. Dəyirmançı oldunsa, “çağır gəlsin dən, Koroğlu” deməlisən. Reytinq və onu ölçən şirkətlər bazar iqtisadiyyatının olmazsa-olmazlarıdır. O başqa məsələ ki, hüququnu, azadlığının hüdudlarını bilən auditoriya – bizlər o şirkətlərin “oyun qurmaq” iştahlarını qursaqlarında qoymağı bacarmalıyıq. Bazar tək əldə deyilsə, sahibkarlar verilişin məzmununu deyil, baxanların sayını əsas götürəcəklər. Üstəlik, ciddi ictimai rəydən çəkinib, beyin və mədə bulandıran proqramcıqlara deyil, bilgiləndirən, öyrədən, insanı ruhca da ucaldan verilişlərə reklam yatıracaqlar. Əks halda vəziyyət pisləşir. “Dəyişəcəyik” görüntüsü yaratsalar da, hər şey əvvəlki kimi qalır. Güzgü – TV bulanıq göstərirsə, günahı özümüzdə arayaq, reytinq şirkətlərində yox.

– Bizdə şoumen və aparıcıların məktəbi varmı?

– Yaradıcı azadlıq, sərbəst bazar varsa, niyə də olmasın? Olmasa da, önü-sonu, olacaq. Öncə şoumenlər çoxalmalı və arasından bir neçəsi xalqın sevimlisinə çevrilməli ki, ardından məktəb də yaransın. Amma Azərbaycandakı kimi yox, təbii.

– Bəs veriliş aparıcısının mövqeyinin olmaması əsas şərtdirmi? Yaxud, aparıcı mütləq obyektiv olmalıdırmı? Məsələn, vaxtilə “El içində” verilişinin aparıcısı Elçin Əlibəyli subyektiv mövqeyi ilə diqqət çəkirdi...

– Bu sualın çox uzun cavabı var...

– Mümkünsə izah edərdiniz...

– Aparıcı ayrı, spiker – diktor ayrı, diskussiya moderatoru ayrı. İllərin təcrübə və sınağından çıxmış aparıcılar öz mövqeyini bildirə bilər, amma ayrıca vurğulamaq və ya sezdirmək şərtiylə. Başqa baxışlara yer ayırmaları isə mütləq tələb kimi qalır. Tutalım, mərhum Mehmet Ali Birand və ya Ali Kırca kimi. Tamaşaçı belələrinə güvənir, çünki illərin sınağından çıxıblar – xəbər reportyoru olublar, olayları doğru-dolğun işıqlandırıblar, ixtisaslaşıblar. Yalan danışmayıblar, yanılıblarsa, dərhal üzr istəyib, səbəbini açıqlayıblar. Onlar apardıqları proqramda ayrıca rubrikada öz baxışlarını da diqqətə yetirirdilər.

Veriliş əyləncə TV-sinə aiddirsə, aparıcının da məqsədi əyləndirmək olur, sadəcə, vasitə kimi bilgi də verir. Məsələn, Murad Dadaşov kimi. Bunu jurnalistika ilə qarışdırmayaq. Elçin Əlibəylinin verilişləri isə diskussiya – müzakirə məzmunludur. O öz mövqeyindən diqqət oyatmaq, hətta əyləndirmək üçün yararlana bilər, amma məqsəd dartışılan məsələ barədə dolğun təsəvvür yaratmaqdır. Bax, bu təsəvvürə müdaxilə edə bilməz.

Debat və dartışma moderatoru tərəfsiz olmağa borcludur. Xəbər spikeri də. TV-də personifikasiya – özümsəmə deyilən anlayış var. Nə aparırsan-apar, sənin insani özəlliklərin əksini tapacaq. Sadəcə, bundan vasitə kimi yararlanmaq, amma hədəf-məqsəd-amac kimi özünü uzaq tutmaq lazım. (gülür)

– Yəqin ki, TV-lərimizdə zövqünüzə uyğun verlişlər də var...

– Ötən illər ATV-nin xəbərlərini, əyləncə verilişlərini izləyərdim...

– Bəs indi?

– İndi ARB-yə baxıram. Bu iki kanalda, məncə, işgüzar mühit var və entuziazm-coşqu sifətlərdə də əksini tapır. Bu kanalları bölgələrdə çox izləyirlər deyə, mən də baxıram zaman-zaman. Mənim peşəmdə simpatiyadan çox, empatiya – özünü başqalarını yerinə qoymaq, məsələni onların gözüylə dəyərləndirmək çox önəmlidir.

– Başqa kanallara baxmırsınız?

– Digər TV-lərə çox az baxdığımdan, nəsə deməyim ədalətli olmaz.

Hansı aparıcıların adını çəkə bilərsiniz?

– Bəyəndiyim reportyorlar var, aparıcılar yox. Amma sözsüz ki, bəyənilənlər var mütləq. Bu qədərini deyə bilərəm. Mən daha çox proqram biçimlərinə, prodüser mədəniyyətinə diqqət yetirdiyimdən, şəxs adı çəkməkdə çətinlik çəkirəm.

Kəramət Böyükçöl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm