Azərbaycandan gedən sirli şair: Daha Allahla aramda heç kim yoxdu... - FOTOLAR - VİDEO
Bizi izləyin

Xüsusi

Azərbaycandan gedən sirli şair: Daha Allahla aramda heç kim yoxdu... - FOTOLAR - VİDEO

Fyodr Dostoyevski qardaşına yazdığı məktubların birini belə sonlandırırdı: “Əziz qardaşım, məni bağışla, zamanın məhdudluğundan məktubu uzun yazdım”.

Əslində bu cümlədə ədibin nəhəng yaradıcılığı boyda dərin məna yatır. Axı, sözü qənaətlə, hətta azca xəsisliklə xərcləmədən, ağırlığını dərk edib, məna yükünü daşımadan onunla doğmalaşmaq olmur. Söz də hər yazanın əlinə, dilinə yatıb, ürəyinə hakim kəsilməz. Qəhrəmanımız sözün sevib, seçdiyi şair Camal Yusifzadədir. Dövrünün ustadlarından xeyir-dua alan Camal Yusifzadə yaradıcılığı mətn sadəliyi, zəngin fəlsəfi ifadələri ilə oxucunu ovsunlayır. İlk baxışdan adi görünən misraların hər birində aydın fikir, müdrik düşüncə seli gizlənir.

Iki dünya

Çaş-baş salıb çoxunu,

Nə cənnəti görmüşəm,

Nə cəhənnəm xofunu-

Kim yozub bu yuxunu?

İki dünya bir olsa da,

Mənim üçün ömür birdi.

Ümid yaşıl, dünya bir.

İstərdim ki, “duza gedən”,

Bəni insan övladı

Yana-yana

Bir anlaya, bir qana-

Ömür birdi-

Ümid birdi,

Dünya bir.

O da qalmır insana!

Bu qaçhaqaç, qovhaqov dünyasında bəzən sənətkara baxıb, köksündəki duyğuları görmədən keçirik. Zamanla müdrikləşib, qəlbində gəzdirdiyi xəzinənin dəyərini anlayanda da iş-işdən keçmiş olur. Bu fani dünyada yaxşı ki, sən də varsan, milyonların, milyardların içində öz zərrənlə zülmətə bürünən hisslərimizi aydınladırsan deməyə gecikirik… Camal Yusif oğlu düz bir ildir ki, cismən bizi tərk edib. Daha Allahla onun arasında heç kim yoxdur. İnci kimi düzdüyü misralarda, sevənlərinin xatirələrində yaşayan sənət fədaisini doğmaları ilə birgə yad edib, gecikmiş etiraflarımızı dilə gətirməyə çalışdıq. Bəlkə duyar deyə…

Hər kişini şair edən, hisslərinə hakim kəsilən bir qadın var. Qəhrəmanımızın sevimli ömür yoldaşı, ən böyük dəstəkçisi, Əntiqə xanımla həmsöhbət olduq.

- Əntiqə xanım, şairin özünə öncə aşiq oldunuz, yoxsa sözünə?

- "Ədəbiyyat" qəzetində işləyirdim. Günlərin bir günü, səhv etmirəmsə, “Gənclər” qəzetində Camalın bir şeirini oxudum - “Əllərim əlində qalsa, qaytarma”. Bu şeir çox xoşuma gəldi. O vaxt da mənimlə birgə İsa İsmayılzadə işləyirdi. Allah rəhmət eləsin, o da dünyasını dəyişib. Dedim, İsa, bu kimdir? Şeiri çox bəyəndim. Cavab verdi ki, dostumdur, gələr, tanış edərəm sizi. 1971-ci ildə bizə işləməyə bir oğlan gəldi. İsa mənimlə tanış etdi ki, həmin şeirin müəllifi Camaldır, artıq bizimlə işləyəcək. Dedim, şeiriniz çox xoşuma gəldi, o da təşəkkür elədi. Beləcə tanış olduq.

- Bəs sevgisini necə etiraf etdi?

- Belə şeylər gizli qalsa, yaxşıdır (gülümsəyir).

- Bildiyim qədərilə sizə çox şeir həsr edib.

- Doğrudur, elə burada da mənə yazdığı şeir çoxdur (Camal Yusifzadənin şeirlər kitabına işarə edir).

- Bu məhəbbətin neçə meyvəsi var?

- İki qızımız, bir oğlumuz var.

- Bəzi şəxslər iddia edir ki, Azərbaycan qadını şairin yaradıcılıq ruhunu beşikdə boğur. Amma Camal bəy sağlığında da dəfələrlə qeyd edib ki, əsərlərini ilk oxucusu siz olmusunuz.

- Bəli, şeirlərinin ilk oxucusu mən olurdum. Bəzən deyirdim, bu sözü başqa ifadəylə əvəzləyə bilərsən. Üzümə baxıb, gülümsəyirdi.

- Siz deyəni edirdi?

- Çox az hallarda. Özü də bir neçə qaralaması olardı. Amma həmişə ən son variantı göstərərdi mənə. Ümumiyyətlə, qaralamalarını özündən başqa kiminsə oxumağına razı olmurdu. Bəzən şairlər haqda danışanda deyirlər, oturardı, saatlarla şeir yazardı. Camalda belə şey yox idi. Heç bilmirdik, hisslərini nə vaxt kağıza köçürdü. Amma verilişlərinin üzərində çox çalışardı. 100-dən çox sənədli filmin, çoxsaylı verilişlərin müəllifidir. Hər birini ərsəyə gətirmək üçün günlərlə çalışırdı. Kitabları, mənbələri araşdırırdı. Tarixi faktları dəqiqləşdirmədən, ssenarini bitirmirdi. Ümumiyyətlə, çox dünyagörüşlü insan idi, belə deyim, canlı ensiklopediya… Hətta bir filmə baxanda onun sonluğunu öncədən təxmin edirdi. Bilirsiniz, insan yaşlandıqca, həyat yoldaşı ilə bir başqa cür doğmalaşır. O sənin dostuna, sirdaşına çevrilir. Xüsusən də birgə çalışırsansa, bu doğmalıq daha da qabarır. Ona görə bu itki mənə qat-qat artıq təsir edir. Heyf ki, sağlığında layiq olduğu dəyəri almadı.

- Əntiqə xanım, poeziyanı anlayan, ona dəyər verən insanlar Camal bəyin yaradıcılığını hər zaman yüksək qiymətləndiriblər. Elə Rəsul Rza, Əli Kərim kimi zəngin fikir sahiblərinin onun haqda dediyi sözlər bütün təriflərdən üstündür zənnimcə. Lakin təbii ki, insanlara sağlığında dəyər verməliyik.

- Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə kimi böyük şairlərimizin də Camalla gözəl münasibətləri vardı. Problemi belə olsa, heç kimə ağız açmazdı, dərdini deməzdi. Ümumiyyətlə, yaradıcı insanlar çox həssas olur. Onları nə qədər sevib, dəyərləndirsən, yaşam sevincləri, sənət eşqləri də bir o qədər şaxələnir.

Mənim kədərimi kim daşıyacaq?

Payıza bənzəri var,

Qızılı var, zəri var.

Ürəkdə öz yeri var-

Bilmirəm ancaq

Mənim kədərimi özüm qarışıq

Bircə gün özüylə kim daşıyacaq?!

- Əntiqə xanım, bugünlərdə İlham Tumasın gözəl şairimiz haqda hazırladığı filmə baxdım. Onun bir çox düşüncələri mənə çox yaxın gəldi. Xüsusən də, deyir ki, insan nə isə yaradanda, müdaxilə etməyin. Bu onundur, öz yoludur.

- Camal həmişə deyirdi ki, özünüzdən yaşca kiçik insanların belə həyatına qarışmayın. Seçimlərinə müdaxilə etməyin. Məsələn, bir evə gedirsən, oradakı əsyalara, rəng seçiminə irad bildirmə. Demək ki, ev sahibinin gözünə, könlünə belə xoşdur. Axı o evini sənin üçün deyil, özü üçün qurub. Xüsusən də yaradıcılıqda insanlara azadlıq verməyin tərəfdarı idi. Deyirdi, bu insan öz üzərində çalışıb, səhvlərini də düzəldəcək, əsərərini də mükəmməlləşdirəcək. Ancaq kənardan kimsə mane olsa, onun ruhunu söndürəcək.

- Ömür yoldaşınız sizi özünə də, yaradıcılığına da ən yaxın insan sayırdı. Bəs özünüz necə düşünürsünüz, onun gərçək dostu ola bildinizmi?

- Məncə, oldum. Sadəcə təbiətcə bir az soyuq, sərt insanam. Hər kəsə qarşı beləyəm. Sevgimi çox biruzə verə bilmirəm. Bu məni hələ də çox incidir.

- Bəlkə də, sizi bu mərdliyinizə, güclü xarakterinizə görə daha çox sevirdi...

- Bilmirəm, bəlkə də…

Zamanın nəbzi vurur

Ömrün yaralarında-

Atır, Əntiqə xanım.

Hələ neçə dərdimiz

Mışıl-mışıl uyuyur.

Yatır, Əntiqə xanım.

Vaxt gecəni gündüzə

Ağı zülmət qaraya

Satır, Əntiqə xanım

Bir ömürdü beləcə

Bitir, Əntiqə xanım.

Bir həsrət var uzanır,

Yaxır, Əntiqə xanım.

Taleyinlə diz-dizə

Otur, Əntiqə xanım

Bu payız da beləcə

Ötür, Əntiqə xanım.

- Camal Yusifzadə sözləri sanki inci kimi düzür. Qəribə bir estetika var əsərlərində. Bu dərin romantika hardan qaynaqlanırdı?

- Daha çox xarici poeziya vurğunu idi. Yapon şairlərinin əsərlərindən bəhrələnirdi. Afrika yazarlarını oxuyurdu.

- Əsərlərində nə pafos, nə də beyin yoran cümlələr var.

- Bu Allahın vergisidir. Görürsünüzmü, əslində sərbəst vəzndə yazıb. Amma şeirlərində həzin bir axıcılıq, olduqca böyük məna var. Onun yazılarını dərk etmək üçün qəlbən yaxın olub, demək istədiklərini çözmək lazımdır. Bir az təffəkkür, məntiq kifayət edər ki, sözlərini anlayasan.

Gerçək şairlər sözlərilə deyil, bu sözlər arasındakı sükutla çatdırarlar dediklərini. İncə duyğular şairindən geriyə hələ sözə çevrilməyən çox sükut qaldı. Əntiqə xanım ömür yoldaşının gerçəkləşməyən planlarından, arzularından da söz açdı.

- Gündəlikləri çox idi, amma baxmağa icazə vermirdi. Hərdən evdə olmayanda, açıb oxuyurdum. Gələndə, hiss eliyib deyirdi, baxmısan? Deyirdim, azca baxdım. Cavab verirdi ki, sən baxma, hazır olsun, özüm oxuyacam. Yarımçıq layihələri, araşdırmaları qaldı. İrəvan xanlığı haqda film hazırlamaq istəyirdi. Ömür vəfa etmədi ki, tamamlasın.

- Belə ali hisslərə sahib olan insan necə bir ailədə doğulub boyümüşdü?

- Camal Lənkəranda doğulub, böyümüşdü. Ailədə 5 övlad olmuşdular. Atalarını tez itirmişdilər. Anası uşaqlarını tək böyüdüb, hamısına ali təhsil vermişdi. Özü də çox ziyalı xanım olub. Cavid əfəndidən dərs alıb. Çox zəhmətkeş ana idi. Camalın bacı, qardaşları rus bölməsində təhsil almışdılar. Tək o, istəməyib. Deyib, mən öz dilimdə təhsil alacağam. Camal ali məktəbi bitirib, diplomunu alır. Lənkərana qayıdır ki, anasını sevindirsin. Həmin vaxt da anasında xəstəlik aşkarlanır, Bakıya gətirirlər, elə burada da dünyasını dəyişir. Övladının sevincinə şərik ola bilmədən dünyasını dəyişir.

Gəlini köynəkdən keçməyən anam,

Toyuma al paltar biçməyən anam -

Kətan köynəyinin yaxası yaşmı?

Yolları köynəkdən keçirən anam

Yordu yollar məni, yordu yar məni.

Kətan köynəyindən keçən adamın

Çöpünə toxunsam, paralar məni.

İblis köynəyindən keçən adam var-

Tək bir mininin min bir təkrarı,

İblis şərabını içən adam var-

Kətan köynəyini düymələ barı.

Ölümü köynəkdən keçirən adam,

Kətan köynəyinin yaxası yaşmı?...

Atasının ilk göz nuru, onun poeziyasını öz körpəsi kimi əzizləyən Nigar xanımla da söhbətləşdik.

- Atanız uşaq şeirlərinin də müəllifidir. Yəqin övladları doğulandan sonra ilhamlanıb.

- Elədir, amma bizdən öncə də bu mövzuda şeirlər yazmışdı. Həmin şeirlərin dərin fəlsəfi mənası var. O qədər gözəl keçib ki, uşaqlığımız… Saatlarla bizimlə söhbət edərdi. Bilirsiniz də, qız uşaqlarının qəhrəmanı ataları olur. Müharibənin qızğın günlərində Qarabağın qaynar nöqtələrinə çəkilişə gedirdi. Divardan da bir xəritə asmışdıq. O xəritədə bir-bir harada olduğunu işarələyirdim. Atam gələnə qədər gözümüzə yuxu getmirdi. Atam Yazıçılar Birliyinin üzvü idi, "Ədəbiyyat" qəzetində çalışanda, bəzən məni də özü ilə aparardı. Hər üçümüzün nazı ilə oynayırdı, istəklərimizi imkanı daxilində gerçəkləşdirməyə çalışırdı.

- Nigar xanım, atanızın adı ilə bağlı ən gözəl xatirələrinizi bölüşə bilərsinizmi ?

- Qardaşımın oğlu eynilə atam kimi gülümsəyir. O, güləndə atamın bığaltı şirin təbəssümünü xatırlayıram. Bir də İlham Tumasın onun haqda hazırladığı "Bir ovuc torpaq misalı" adlı sənədli film ərsəyə gələndə üzündə çox gözəl bir ifadə vardı. Onu yadıma salıram. Ümumiyyətlə, atam deyirdi ki, keçmiş sənindi. Acısı ilə, şirini ilə bütün xatirələr sənə məxsusdu. Onu səndən istəsə də, kimsə ala bilməz. Keçirdiyimiz gözəl günlər, bizə verdiyi məsləhətlər, həyatımın təməli olub. Bir də deyirdi ki, heç kimdən heç nə ummayın. Hamıdan hər şey gözləyin. Belə yaşamaq daha rahat olur. “Mən ondan bu hərəkəti gözləməzdim” kimi qəlbi yandıran ikinci cümlə yoxdur.

Camal Yusifzadə dünyasının iki doğma qadını ilə sözümüzü yarıda saxlayıb, birgə Yazıçılar Birliyinin binasına, duyğularının rəngli siluetini yazıya köçürən şairin anım mərasiminə yollandıq. Tədbirdə şairin qohumları, yaradıcılığını sevənlərlə yanaşı, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Seyran Səxavət və digər müdriklər iştirak edirdilər. Camal Yusifzadənin yaradıcılığını təhlil edən söz adamları onun dramaturji fəaliyyətindən, televiziyanın fonduna bəxş etdiyi sənədli filmlərindən də söz açdılar. Həlim xasiyyətli, sakit təbiətli şairin hər zaman doğrulıarı müdafiə edən cəsur, qorxmaz yönlərindən danışdılar.

Şair, dramaturq Camal Yusifzadə bir ildir ki, haqqın dərgahındadır. Lakin, hər dəfə zərgər dəqiqliyi ilə düzdüyü misraları oxuyanda, düşüncələrə rahatlıq gətirən mərhəmətli səsi, ürəyinin istisi duyulur.

Görən bilər!

Duyan bilər!

Sevən bilər!

Ölən bilər!

Vəssalam!!

Leyla Sarabi

Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm