Bakının ən "sərfəli" taksi xidmətləri: Əsəb qarşılığında şəhər gəzintisi
Bizi izləyin

Xüsusi

Bakının ən "sərfəli" taksi xidmətləri: Əsəb qarşılığında şəhər gəzintisi

Leyla Sarabi

Leyla Sarabi

Orta məktəbdə oxuyurdum. Bir gün anamla valideyn iclasına gedəsi olduq. Qadını əmin etdim ki, onu məktəbə daha kəsə yolla aparacam. Çünki tez-tez uşaqlarla evə o yoldan qayıdırdıq.

Az getdik, üz getdik, dar bir yola girdik. Yolun sol tərəfində uzun, hasara alınmış daş bina vardı, əli silahli bir neçə əsgər də binanın ətrafında dolaşırdı. Anam gizlətməyə çalışsa da, ən az mənim qədər həyəcanlanmışdı. Birdən dəmir qapı uğultu ilə açıldı, içimdən soyuq bir cərəyan keçdi. 35-40 yaşlarında, cılız, amma gözlərindən od püskürən nimdaş libaslı cənab silahlı əsgərin müşaiyətilə küçəyə çıxdı. Boğuq səslə “Yenə qayıdaceyəm” deyib, ardımızca dar dalan boyu addımlamağa başladı. Yoldan nə bir maşın keçir, nə də azadlığın havasını aclıqla ciyərinə çəkməyə başlayan klan üzvünün hənirtisindən başqa səs gəlirdi. Bunlar azmış kimi, azıb, qaldığımız dalanda qarğalar da uçuşurdu. Artıq danışa da bilmirdik, dilimiz dodağımıza yapışmışdı ki, qarşıda balaca çörək dükanı gördük. 10 addım irəlidə isə qarğaları göyərçinlər əvəzləməyə başladı (Amma məhz bu məqamda dərin məna axtarmayın, çünki Bakı kəndlərində göyərçin saxlamaq adətdəndir).

Çətinliklə də olsa, gəlib, məktəbin həyətinə çatdıq. 20 dəqiqəlik yolu bir ömürə qət etdiyimiz üçün anamın üzünə baxmağa utanırdım. Çünki yenə istiqaməti yanlış yadda saxlamışdım. Ümumiyyətlə, ən pis vərdişlərimdən biri, hətta birincisi bu məsuliyyətsizliyimdir. Yəqin ki, özümə iş tapmasaydım, yaxşı taksi sürücüsü olardım. Çünki bu ölkədə yolları mənim kimi yadda saxlayanların hamısı taksi biznesindədirlər.

Son 5 il ərzində paytaxtda bir-birinin ardınca taksi xidməti təklif edən xeyli şirkət fəaliyyətə başlayıb. Bu təqdirəlayiq haldır. Çünki hazırda Avropada adi avtobus, tramvay, hətta metronun bir gediş-gəlişlik ödənişi təxmini 4 avro təşkil edir. Bizim taksi şirkətləri isə eyni məbləğə kifayət qədər uzaq məsafəyə getmək imkanı yaradır. Amma necə yaradır?! Əsəbiniz yerlə yeksan olur, sürücü ilə ən az 3 dəfə mübahisə edirsiniz, əvəzində də şəhərin görmədiyiniz yerlərinə ekskursiya imkanı qazanırsınız.

Bir ildir Bakıya dönmüşəm. Hələ xidmətindən razı qaldığım hansısa taksi şirkəti olmayıb. Çünki şəhərdə avtomobili olub, əlavə gəlir qazanmaq istəyən hər kəs taksi sürməyə başlayıb.

Adətən zəng edəndə, hər iki ünvanı bildirib, taksi sifariş edirsən. Sürücü mənzil başına yetişəndə əlaqə saxlayır, maşına əyləşirsən. Dialoq hər zaman eyni sualla başlayır.

- Xanım, hara gedirik?

- Operatorunuza ünvanı demişəm.

- Bilirəm, demisiniz, tanıyıram oranı. Bəs hara yaxın olduğunu da bilmirsiniz?

- Xeyr bilmirəm.

- Birinci dəfədi gedirsiniz?

- Ola bilər. Siz naviqatordan istifadə etsəniz, işiniz daha yüngül olar.

- Maşında var olmağına, amma mən şəhərin küçələrini ovcumun içi kimi tanıyıram. Yenə də siz hara yaxın olduğunu desəydiniz, lap rahat tapardıq.

- Taksi sürücüsü sizsiniz axı, mən deyiləm.

Amma düşünməyin ki, bu səriştəsizlik yalnız şirkət sürücülərinə aiddir. Bir dəfə yolda təsadüfən taksi saxladım. Yenə yolu tanımadığı üçün sürücü ilə dalaşıb, onu rəhbərliyinə şikayət edəcəyimi bildirdim. Şanssızlıqdan eynəyimi də oturacaqda unudub, düşdüm. Şikayəti də, sinirimi də bir tərəfə qoyub, eynəyimi axtarmağa başladım. Nömrəni yadda saxlamadığım üçün düz bir ay şirkət-şirkət zəng vurub, sürücünün əlamətlərini, maşının markasını deyib, möcüzə gözlədim. Amma cəhdlərim boşa çıxdı. Yəqin ki, o da şikayət edəcəyimdən qorxub, üzə çıxmadı. Hardan bilsin ki, gözümün nurunu unutmuşdum maşınında.

Nə isə... bu müddət ərzində “Taksi sərgüzətlərim” adlı maraqlı hekayələr toplusu nəşr edəcək qədər acı xatirələrim yığılıb. Sadaladığım halların yaşanmaması üçün çox sadə çözüm təklif edə bilərəm. Taksi şirkətləri fəaliyyətə başlayanda, heç olmasa 1 həftə ərzində mütəxəssislər sürücülərə təlim keçib, naviqator, GPS haqda ümumi anlayış versinlər ki, müştərilərdə taxifobiya formalaşmasın.

Bütün bunlar bir qırağa, Bakı da çox nazlıdır. Bu şəhərin küçələri düyünlüdü sanki, hər adam çözə bilmir. Ən böyük meqapolislərdə yolu əlimlə qoyduğum kimi tapdığım halda Bakıda özüm də tez-tez azıram.

Bir də unutmadan, onu da deyim. Əziz həmvətənlər, adətən taksi şirkətləri cibinizə fayda vermək üçün fəaliyyət göstərirlər. Mənzil başına çatandan sonra sürücüdən pulunuzun qalığını tələb etməyə utanmayın. Yaxud qəpiklə ödəniş edərkən üzr istəməyin. Marketlərdə 1 qəpiyinin davasını döyən avropalılara baxıb, gözünüzə su verin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm