• USD 1,7000 0,00% EUR 2,0001 -0,08%
    • GBP 2,2810 +0,02% RUB 0,0277 +0,36%

Elnur Hüseynovun bir anda hamını tanınmaz hala sala bilən bacısı: “Ya falçıya, ya da...” - MÜSAHİBƏ

  • Xüsusi
  • 15 Fevral 2018 14:32
  • 5 973 Baxış
Elnur Hüseynovun bir anda hamını tanınmaz hala sala bilən bacısı: “Ya falçıya, ya da...” - MÜSAHİBƏ

"Bəzən “Qardaşınız “O Səs Türkiyə”də birinci yeri tutdu, siz niyə onun kimi irəli getmirisniz?” deyə sual verirlər. Nə olsun ki, Elnurun bacısıyam. Bu, onun öz uğurudur. Hər kəs öz nailiyyətini öz zəhməti ilə qazanmalıdır. Onun adından istifadə etmək istəmirəm, tanış-tunuşla daha çox pul qazanmaq mənə lazım deyil. Təəccüblənirlər ki, niyə şansım olduğu halda əlaqələrdən istifadə etmirəm. Mənim tək ehtiyacım sənətdir".

Bu sözləri azərbaycanlı qrim və makiyaj ustası, eləcə də məşhur müğənni Elnur Hüseynovun bacısı Aytən Hüseynova Publika.az-a verdiyi müsahibəsində deyib:

“Ailə qurduqdan sonra musiqi fəaliyyətimi davam etdirmədim”

- Aytən xanım, həm makiyaj ustası, həm də qrimyorsunuz. Vizaj sənəti son illərin ən populyar və gəlirli peşələrindən biridir, bununla belə siz daha çox qrim işi ilə məşğul olursunuz. İstərdim ki, söhbətə bu peşəyə olan marağanızdan başlayaq...

- Uşaqlıqda rəssamlığa və rənglərə böyük marağım olub. Həm də musiqiçiyəm, Azərbaycanda fortopiano üzrə iki dəfə laureat olmuşam. Müəyyən nailiyyətlər də qazanmağıma baxmayaraq ailə qurduqdan sonra bəzi səbəblərə görə musiqi fəaliyyətimi davam etdirmədim. Odur ki, birinci arzuma qayıtmağa və qrimi öyrənməyə qərar verdim. Lakin təhsili böyüdüyüm dövlətdə - Türkmənistanda almışam. Orada həm makiyaj, həm də qrim təhsilinə yiyələndim. Azərbaycana qaytdıqdan sonra makiyaj ustası kimi fəaliyyət göstərməyə başladım. Onda Azərbaycan kinolarında qrimə tələbat yox idi. Bununla belə qrimyorluğu kənara atmadım, bu sahəni dərindən mənimsəmək üçün tez-tez ustad dərslərinə gedirdim. Hazırda İstanbulda plastik qrim dərsləri keçirəm. Türkiyə filmlərinin istehsalçılarından barmaq və boğaz kəsimləri, yaralar, üzün əyilməsi, gözün çıxması, mulyaj və sair sifarişlərim olur.

- Təhsil almaq üçün niyə Türkmənistana üz tutdunuz?

- Atam hərbçi olduğundan Almaniyadan tutmuş Türkmənistana qədər bir çox ölkələri gəzmişik. Bir müddət də Türkmənistanda yaşamışıq. Təəssüf ki, ölkəmizdə qrim sahəsi o qədər də inkişaf etməyib və onun dərsi deyilmir. Kinostudiyada gözəl sənətkarlarımız var, amma onlar qrim ustası sayılır. Qrimlə plastik qrimin fərqi var. Qrim rənglər üzərində həcm yaratmaq deməkdir. Plastik qrimə silikon, lateks, bal mumu kimi maddələr daxildir. Teatrda qələmlə çəkilmiş yara uzaqdan yaxşı görünə bilər, lakin kamera üçün yaranı xüsusi maddələrlə işləmək lazımdır.

Teatr və digər sənət sahələrindən fərqli olaraq kinoda qrim operator texnikası, kinoplyonkanın həssaslığı, məkanın işıqlandırılmasından asılıdır. Teatr və ya səhnə qrimi adətən şərti xarakter daşıyır. Kinoda isə iri planları nəzərə alaraq qrim daha dəqiq olmalıdır.

Əslində qrim özü də iki sahəyə bölünür: teatr qrimi və plastik qrim. Plastik qrim indi o qədər inkişaf edib ki, insanın başının sürətini çıxardırlar. Saçlar, qaş, göz və digər cizgilər real insanın üzündən fərqlənmir. Buna mulyaj deyilir.

- Siz də üzün sürətini hazırlaya bilirsiniz?

- Bir neçə gün sonra Sankt-Peterbuqra yola düşürəm. Rusiyada bu sahədə mütəxəssislər çoxdur. Orada tanınmış sənətkardan mulyaj texnikasının dərslərini alacam.

- Plastik qrim üzrə peşəkar olmaq üçün rəssamlıq qabiliyyətlərinin olması vacibdirmi?

- Sözsüz. Həm rənglərdən anlayışın olmalı, həm heykəltəraş, həm də rəssam olmalısan. Texniki məsələlər də vacibdir, müəyyən həcmi istifadə etməyin öz qaydaları var. Öyrəndikcə görürsən ki, heç nə bilmirsən.

- Qrim üçün lazım olan məhsulları haradan alırsınız?

- Türkiyədən və Moskvadan.

- Qrimin dəriyə mənfi təsirləri varmı?

- Əlbəttə, makiyaj kimi qrim də uzun müddət qalarsa, dərini nəfəs almağa qoymayacaq. Nəticədə üz yorğun görünəcək, bəzi yerlərdə mimik qırışlar əmələ gələcək.

Əvvəlcədən kənarda hazırlanmış və insan üzərində düzəldilən plastik qrim var. Əvvəlcədən hazırlanan qrim çox ağır maddələrdən ibarətdir, onları dəriyə xüsusi yapışdırıcıyla otuzdururlar. Yapışdırıcının tərkibi allergik problem yaratmasa da, dərini nəfəs almağa qoymur, dəri qrim altında qalıb tərləyir.

Bütün bədənə geyindirilən qrim insanı bir günün içində dörd kiloqram arıqlada bilər. Çünki dəri nəfəs ala bilməyəndə daim tərləyir və tər vasitəsilə çəki atmağa başlayırsan.

“Ulduzlar məndən inciməsin, özümü təsdiq etmək üçün...”

- Məşhurlardan kimlərlə çalışmısınız? Makiyaj masası arxasında onların hansı xasiyyətləri üzə çıxır?

- Mənim üçün fərqi yoxdur ki, yanıma gələn insan məşhurdur, ya adi bir insan. Ətrafımda olanlar yaxşı bilir ki, onlar arasında heç vaxt ayrıseçkilik salmamışam.

Azərbaycanda da, Türkiyədə də sənət adamlarının bir çoxu ilə işləmişəm. Xasiyyətləri müxtəlifdir, insann özündən də çox şey asılıdır. İcazə versən, o zaman məşhur da eqosunu nümayiş etdirməyə başlayacaq. Əgər sən peşəkarsansa və özünə güvənirsənsə, onda iş prosesində heç bir problem olmur. Tanınmış da insandır.

Ümumiyyətlə, müğənni və aktrisalarla işləməyə can atmamışam, hədəfim bu sənəti öyrənmək və onu paylaşmaqdır. Müğənnilərlə çalışmaq üçün dəqiq iş qrafikin olmalıdır. Mən isə daima Azərbaycanda olmuram, təhsil məqsədiylə tez-tez Türkiyə və Rusiyaya gedib gəlirəm.

Makiyaj ustaları məşhurlarla ona görə çalışır ki, təbliğ olunsunlar. Amma o da həqiqətdir ki, müğənni və aktrisalar həmişə eyni makiyaj ustası ilə çalışmır. Ulduzlar məndən inciməsin, özümü təsdiq etmək üçün hansısa sənətçi ilə işləməyə ciddi ehtiyac görmürəm. Sənətkar olmağım onlardan asılı deyil. Əl işlərimə tamaşaçılar özləri baxıb qiymət verməlidir. Etiraf edirəm ki, bu dövrdə reklamsız yaşamaq mümkün deyil.

İnşallah özümü tələbələrim və işlərimlə sübut edəcəyəm. Hazırda qrim dərslərimi "Make-up Academy"də deyirəm. Akademiyanın 300-dən çox tələbəsi buraxılıb. Gələcəkdə fəaliyyətimizi daha da aktivləşdirəcəyik. Hesab edirəm ki, İncəsənət və Mədəniyyə Universitetində də ayrıca qrim fakültəsi olmalıdır. Təəssüf ki, belə fakültə yoxdur.

Bəzən “Qardaşınız “O Səs Türkiyə”də birinci yeri tutdu, siz niyə irəli getmirisniz?” deyə sual verirlər. Nə olsun ki, Elnurun bacısıyam. Bu, onun öz uğurudur. Hər kəs öz nailiyyətini öz zəhməti ilə qazanmalıdır. Onun adından istifadə etmək istəmirəm, tanış-tunuşla daha çox pul qazanmaq mənə lazım deyil. Təəccüblənirlər ki, niyə şansım olduğu halda əlaqələrdən istifadə etmirəm. Mənim tək ehtiyacım sənətdir.

- Sizin kimi mütəxəssislər azdır, artıq neçə ildir bu sənətdəsiniz, amma hələ də özünüzü inkişaf etdirmək barədə düşünürsünüz.

- Moda, kino və gözəllik sənayesində daima yeniliklər baş verir. Özünü peşəkar adlandırırsansa, bu yeniliklərdən xəbərdar olmalısan. Hər yeni çıxan tekstura və texnikaları öyrənməlisən. Əgər öyrənməyi dayandırdınsa, geriləməyə başlayırsan.

Tələbələrimə həmişə deyirəm ki, siz məndən bir addım öndə olmalısınız. Çünki gəncsiniz, 25 yaşınız var, mən isə 36 yaşında bildiklərimi sizə öyrədirəm. Bu, o deməkdir ki, onlar məndən də güclü və enerjilidir. Tələbə istəsə, öz müəllimini də keçə bilər.

“Pul xərcləməyəndə əlbəttə ki, qanın yerinə ketçup vuracaqlar”

- Azərbaycanda qrimyora nə dərəcədə tələbat var? Niyə bəzi film və seriallarımızda qan əvəzinə hələ də ketçupdan istifadə edirlər?

- Bu, büdcənin az olmasından irəli gəlir. Filmin büdcəsi az olsa da, prodüserlər tammetrajlı film çəkməyə risk edirlər. Maddi vəziyyətin yaxşı olmadığını görəndə işçilərin maaşını azaldırlar, qan əvəzinə boyadan, yaxud da ketçupdan istifadə edirlər. Bəzən də pullar lazımsız yerlərə xərclənir. Bütün bunlar təcrübəsizlikdən irəli gəlir. Kino effektlərinin uğurlu olması üçün yaxşı pul xərcləmək və keyfiyyətli məhsul almaq lazımdır. Pul xərcləməyəndə əlbəttə ki, qanın yerinə ketçup vuracaqlar, nəticədə media onları ələ salacaq. Belə işlərlə nüfuzumuz aşağı düşür. Nəzərə almalıyıq ki, bu filmlərə tək Azərbaycanda deyil, başqa ölkələrdə də baxıla bilər.

“Tamaşaçını obraza inandırmaq qrim ustasının məsuliyyətindən xəbər verir”

- Filmin uğurlu alınmasında qrimin rolu nə qədərdir?

- Kinoda texnikanı bilmək və işıqlandırmanı nəzərə almaqla bərabər tamaşaçını obraza inandırmaq qrim ustasının məsuliyyətindən xəbər verir. Bunun üçün qrim texnologiyasına dərindən yiyələnməli və daim yeniliklərdən agah olmalısan. Çünki tamaşaçı birinci aktyorların zahiri görkəminə diqqət edir. Əgər aktyorun zahiri görkəmi inamsızlıq yaradırsa, onun danışıqları da heç kim üçün maraqlı olmayacaq. Təəssüf ki, Azərbaycanda birinci rejissorun, işıqların, kameraların, aktyorların pulu sayılır. Ən axırıncı qrimyor və geyim üzə rəssam işi hesablanır. Elə rejissorlar var ki, ssenarini çəkilişə bir həftə qalmış gətirib verirlər. Halbuki, onun hazırlıqlarına bir-iki ay vaxt tələb olunur.

Kino böyük bir ailə işidir, bütün komanda öz işini mükəmməl səviyyədə görməlidir ki, nəticə yaxşı olsun. Sadəcə yaxşı qrimlə də iş bitmir. Məsələn, peşəkar tərəfindən qrim edilmiş aktyor rolunu təsirli oynamazsa, onda hamının işi puç olacaq. Odur ki, kinoda hamı bir-birindən asılıdır.

- Hər hansı obrazın yaradılmasında sizi nə ruhlandırır? Əl işiniz digərlərindən nə ilə fərqlənir?

- Makiyaj bir neçə növə ayrılır: klassik, kino, biznes və salon. Kino makiyajı klassik makiyajda istifadə edilməməlidir. Kamera makiyajında küçəyə çıxmaq olmaz, çıxsanız da, kənardan qəribə baxışlar dərhal üzərinizə hücum çəkəcək. Salon makiyajında da kamera makiyajının məhsullarından istifadə edilməməlidir.

- Ən çətin qrimləriniz hansı olub?

- “Dönərçi” filmində baş qrimyor və rəssamam. Ancaq filmin çəkilişləri bəzi problemlərə görə yarımçıq qalıb. Bu, Azərbaycanda lentə alınan ilk qorxu filmidir, baş və barmaq kəsikləri aydın şəkildə göstəriləcək. Bunlar hamısı protez üzərində əvvəlcədən hazırlanmışdı. İlk qorxu filmi olduğuna görə bəzi problemlər yaranırdı. Kameralar və işıq tam hazır olana qədər yapışdırılmış plastik qrimlər qopurdu. Bu baxımdan sıxıntılar yaşayırdım, çünki qrimi yenidən işləmək lazım gəlirdi. Bəzən bir qrimə 6 saatdan çox vaxt sərf edirsən. İnstaqramda paylaşdığım şəkillərin çoxu yuxusuz gecələrin əziyyətidir.

“Dönərçi” filmi ilə bağlı problemlər öz həllini tapandan sonra çəkilişlərə davam edəcəyik.

- İşinizdən zövq alırsınız?

- Bu işdən zövq almasan, onu görə bilməzsən. Qrim sənəti çətin olduğu qədər də maraqlıdır.

“Qana baxa bilmirəm”

- Belə çətin qrimlərin öhdəsindən gəlirsinizsə, yəqin ki, rəsm əsərləri də çəkə bilərsiniz. Gələcəkdə rəssamlıqla məşğul olmağı düşünürsünüz?

- Xeyr. Hədəfim odur ki, qrim sənayesini ölkəmizdə inkişaf etdirim. Çünki Azərbaycanda qrim sənətini öyrədən kurs və məktəblər mövcud deyil. Lakin sənət elədir ki, onun sonu yoxdur. Günbəgün dərinləşir, axtarış tələb edir. Obraz ətrafında düşünməli, ona təbiilik bəxş etməlisən. İstəyirəm ki, gələcəkdə kino çəkəndə qrim ustalarını Moskvadan gətirməyə ehtiyac qalmasın, yerli mütəxəssislərdən faydalanılsın. Bizdə qorxu filmlərinin çəkilməməsinin bir səbəbi də bu sahə üzrə mütəxəssislərin az olması ilə bağlıdır. Kifayət qədər peşəkar qrimyor olarsa, qorxu janrında filmlər də çəkilər.

- Kəsilmiş barmaqlar, kəsilmiş baş, qan... Siz danışdıqca məndə qəribə qorxu yarandı. Müxtəlif orqanların plastikadan da olsa, kəsilmiş variantı hazırlamaq sizdə hansı hissləri oyadır?

- Qəribədir ki, qana baxa və ya iynə vura bilmirəm. Lakin işlədiyim materialların qan olmadığını bildiyim üçün bütün gün onların içində oynayıram. Qrim olmadığını bilsəm, təbii ki, narahat olaram.

- Televiziya aparıcılarının və ya efir adamlarının makiyajı sizi qane edir?

- Bəzən hə, bəzən yox. Bu, normal haldır, həm də zövqlə bağlıdır. Millətimizin qanında var ki, başqasında gördüyünün eynisini təkrarlasın. Bəzən də gözəl xanımlar üzünə o qədər kosmetik vasitələr sürtürlər ki, makiyaj təbii gözəlliyi örtür. Gözəl xanımların üzünü rənglərin hücumuna məruz qoymasına ehtiyac yoxdur. Makiyaj insanın daxili dünyasını əks etdirməlidir.

Qadın makiyajdan çox istifadə edirsə, deməli, özgüvən problemi yaşayır. Bu, mənim fikrim deyil, dünyada aparılan sorğular nəticəsində əldə edilən statistik göstəricilərdir. Qadın nə zaman bəzənmək istəyir? Kiminsə xoşuna gəlmək istəyəndə. Bu isə o deməkdir ki, nə qədər çox makiyajdan istifadə ediriksə, içimizdə bir o qədər narahatçılıq var.

“Kukla” kimi qızdır, ona makiyaj etmək günahdır”

- Belə xanımlarla işləmək çətindir?

- Bəli, özünə nəyin yaraşdığına, nəyin yaraşmadığına dəqiq qərar verə bilmirlər. Rəfiqələrinə zəng edib məsləhət istəyirlər.

- Sirr deyil ki, azərbaycanlı xanımlar makiyajı çox sevir, toylara gedəndə kosmetikanın gücündən maksimum dərəcədə faydalanmağa çalışırlar. Bu, onu göstərir ki, xanımlarımızın çoxu özgüvən problemi yaşayır?

- Bu, həm psixoloji problemlərdən, həm də fiziki qüsurların olmasından irəli gələ bilər. Bəziləri diqqətə ehtiyacı olduğu üçün, bəziləri də düşdüyü depressiyadan çıxmaq üçün makiyaja əl atır, özünü bu yolla sakitləşdirir. Odur ki, bu faktı hamıya aid etmək olmaz.

Ümumiyyətlə, işlədiyim müştəri kateqoriyası makiyaj etməyi sevmir, sadəliyə meyilli olurlar. Bəzi xanımların üzündə qüsurlar olduğu üçün onu makiyajla örtməyə məcburdur. Əslində dəri problemlərini dekorativ kosmetika ilə örtməkdənsə, müalicə etmək məsləhətdir. Xəstəliklərin müalicəsi ilə heç kim məşğul olmaq istəmir, hamı makiyaja qaçır.

Bəzən də görürsən ki, “kukla” kimi qızdır, ona makiyaj etmək günahdır, layner, tuş və pomada onun üçün bəsdir. Amma az makiyajla qane olmur. Niyə bu qədər çox makiyaj etmək istədiyini soruşanda “Daha gözəl görünmək istəyirəm”, - deyir. Bu, o deməkdir ki, həmin xanım güzgüdə özünü görmür. Ya da mənəvi problemi var, uşaqlıqda anası ona “Sən mənim gözəl qızımsan”, - sözlərini az deyib, övladına layiqincə qiymət verməyib. Uşağın da şüuraltında qalıb ki, qəşəng deyil. Belə xanımlar güzgünün qarşısında dayananda öz məziyyətlərini görmədən süni gözəllik yaratmaq istəyirlər.

Lazım olduğundan artıq bəzənən bir qrup qadınlar da var ki, bunun səbəbləri və onlar haqqında danışmaq istəmirəm.

- Dəb və gözəllik tendensiyalarını həmişə dünya şöhrətli müğənni və aktrisalar müəyyənləşdirir. “Oskar”, “Qızıl Qlobus”, “MTV” və s. bu kimi önəmli mərasimlərdə Hollivud ulduzlarının əksəriyyəti sadə makiyaja üstünlük verir. Siz bir mütəxəssis kimi minimum, yoxsa maksimum makiyaja üstünlük verirsiniz?

- Təbiliyə daha çox önəm verirəm. Problem varsa, onu müalicə etmək lazımdır, ağır makiyaj dərini qocaldır. Gündəlik CC və BB tonal kremlərdən istifadə etsinlər. Əgər xanımlarımız cavan qalmaq istəyirlərsə, iki detalı unutmasınlar. Birincisi, 20 yaşından sonra dərilərini gündə iki dəfə nəmləndirsinlər, ikincisi isə günəşdən qoruyucu krem çəkmədən evdən çıxmasınlar. Dərinin elastikliyini qorumaq üçün daim günəş şüaları və quruluqla mübarizə aparmalısan. Onda öz yaşınızdan cavan görünəcəksiniz. Bunu analar qızlarına izah etməlidir. Analar çox makiyaj etdikdən sonra qızlar nə etsinlər.

“Burunları Maykl Ceksonun burnuna oxşayır”

- Plastik əməliyyatlara münasibətinizi bilmək maraqlıdır.

- Yaralı yerimdir, lazım oldu-olmadı hər kəs plastik əməliyyata qaçır. Başa düşmürlər ki, Koreyada yaşamırıq, hamımız eyni deyilik. Azərbaycanda hər kəsin üz cizgizləri fərqlidir. Məsələn, burnumda qüsur var, nəfəs almaqda çətinlik çəkirəm. Düz olmasa, belə bu formanı itirməmək üçün əməliyyata girmirəm. Çünki özümü olduğum kimi sevirəm, məni yaradan belə yaradıb. Bu qüsuru düzgün saç düzümü və makiyajla bir qədər yumşaldıram.

Bizim qızların burnunda ciddi qüsur olmasa da, hamısı əməliyyata qaçır. Nəticədə əməliyyat edilmiş burunlar Maykl Ceksonun burnuna oxşayır. Çünki peşəkar həkim azdır. Elə bilirsiniz ki, hər rinopalstik cərrah gözəl rəssamdır? Üz bir neçə yerə bölünür, burun qısalanda üzün forması itir. Axırı ona gətirib çıxarır ki, hamı bir-birinə bənzəyir.

“Silikonlarla, balaca burunlarla problem həll olunmur”

- Sizcə, qadınlar kişilərin gözündə gözəl görünmək üçün əməliyyat edir, ya bir-birinin bəhsinə?

- Çoxu elə fikirləşir ki, burnu kəsdirməklə həyatında hər şey düzələcək. Həyatda üzləşdiyi problemləri zahiri görkəmi ilə bağlayırlar. Silikonlarla, balaca burunlarla problem həll olunmur.

Azərbaycanda psixoloq adı gələndə qorxurlar, onu psixiatrla səhv salırlar. Avropada normal ailələrdə böyüklərin və uşaqların ayrı-ayrılıqda psixoloqu olur. Özünə inamsızlıqdan əziyyət çəkən insanlar psixoloqla danışıb problemin həlli istiqamətini tapa bilir. Həlli yolunu psixoloq göstərmir, mütəxəssislə söhbətdən sonra problemin çıxış yolunu insan özü tapır. Bu, o deməkdir ki, insanlar psixoloqa etibar edir. Bizdə isə xanımlar bir balaca problemləri olan kimi falçıya qaçır.

- Dəriyə qulluq neçə yaşından başlamalıdır?

- 20-25 yaşından sonra dəri xüsusi diqqət tələb edir. Saç düzümü və makiyajı istənilən yaşda dəyişmək olar. Dəyişməyi sevən insanlar zahiri görkəmində tez-tez cəsarətli eksperimentlər edir. Onlar uzun müddət eyni obrazda qalanda darıxırlar. Mühafizəkar insanlar dəyişməyi sevmir.

- Türkiyədəki fəaliyyətiniz haqqında məlumat verərdiniz.

- İstanbulda qrim məktəbinin açılması üçün hazırda bələdiyyə ilə danışıqlar gedir. Bu, dövlət əsasında olacaq. Gələcəkdə belə bir məktəbi Azərbaycanda da açmaq istəyərdim.

- Müsahibə üçün minnətdaram, Aytən xanım. Arzu edirəm ki, növbəti görüşümüz gələcəkdə Azərbaycanda açdığınız qrim məktəbində baş tutsun...

- Çox sağ olun.

Aytən,

Foto: Elnur Muxtar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>