Rus TV-lərində dünyanı mat qoyan azərbaycanlı - İnsanı "sms"lə də hipnoz edir - VİDEO
Bizi izləyin

Xüsusi

Rus TV-lərində dünyanı mat qoyan azərbaycanlı - İnsanı "sms"lə də hipnoz edir - VİDEO

Son günlər bütün Rusiya ondan danışır. Ölkənin birinci kanalında hər həftə efirə gedən "Ulduzlar hipnoz altında" (Звезды под гипнозом ) verilişinə gələn bütün məşhurları öz təsirinə salıb, onlara hər istədiyini etdirir. Verilişin digər aparıcı Maksim Qalkinsə onun bacarığı qarşısında heyrətini gizlətmir. Hətta bir həftə öncə Rusiyanın ən reytinqli “Veçerniy Urqant” (Вечерний Ургант) şousunun qonağı olub, insanları öz sehrinə salmağı bacardı. Həmsöhbətim əslən azərbaycanlı ekstrasens, hipnoloq-mentalist İsa Bağırovdur.

İsa aparıcısı olduğu şounun qaydalarına görə, nadir hallarda müsahibə verir. Lakin sağ olsun ki, sözümüzü yerə salmayıb, bizim üçün istisnaya razılaşdı.

Картинки по запросу ИСА БАГИРОВ ЗВЕЗДЫ ПОД ГИПНОЗОМ

- İsa, etiraf edirəm, sizin şouya baxıb, şoka düşdüm. İnsanları təsir altına salıb, hər istədiyini etdirmək bu qədərmi asandır?

- Öncə, gəlin, sizə hipnoz haqda məlumat verim. Çoxları düşünür ki, hipnoz yuxudur. Lakin belə deyil. Bu yuxu ilə gerçəklik arasında olan bir məqamdır. Həmin məqamda insan beynindəki etiraz, tənqid kimi hisslər neytral olur. Odur ki, qarşınızdakı hər istədiyinizi edə bilir. Məsələn, mən sizə bu məqamda desəm ki, sənin adın yoxdur, buna inanacaqsınız. Yaxud, çox kədərli bir filmə baxdığınıza inandırsam, şübhəsiz, oturub hıçqırıqla ağlayacaqsınız. Hipnoloq bir neçə saniyə ərzində insanı hipnoz halına çatdırmağı bacarmalıdır.

- Maraqlısı odur ki, ölkənin ən məşhur ulduzları sizin şouda iştirak etməyə can atırlar. Sonra isə öz qeyri-iradi hərəkətlərinə baxıb, əylənirlər. Bəs tamaşaçılar bu möcüzəni necə qəbul edir?

- Bilirsiniz, keçmiş Sovet ölkələrində, o cümlədən Rusiya və Azərbaycanda hipnotika elmi ciddi qəbul edilmir və daim tənqidə məruz qalır. Çünki bu ölkələr hələ ki, Avropa qədər inkişaf etməyib. Məsələn, Fransada hipnoloq həkim, müəllim kimi adi peşə sayılır. Bizdə isə vəziyyət bir az qəlizdir. Rusiyada da mənə qarşı bir neçə tamaşaçı ordusu yaranıb. Bəziləri etdiklərimə çox ciddi yanaşır, digərləri dələduzluqda ittiham edir. Lakin bu reaksiyalara tam normal yanaşıram.

- İsa, deyirlər, hipnoz terapiyadır və bir çox xəstəlikləri müalicə etmək gücünə malikdir.

- Bir sıra xəstəliklərin kökündə psixoloji sarsıntı dayanır və bu sirr deyil. Bu baxımdan təbii ki, hipnoz altında insanların psixoloji gərginliklərini, fobiyalarını aradan götürmək mümkündür. Onları narahat edən, yaşamağa mane olan blokları qırmaq üçün hipnoz əvəzsiz terapiyadır. Şəxsən mən insanları cəmi bir seansda bütün emosional və psixoloji gərginlikdən xilas edirəm. Məsələn, bəzilərinin təyyarədə uçmağa, digərlərinin adi həşəratlara qarşı fobiyası olur. Bütün bu qorxular hipnoz halında aradan qaldırılır.

- Bəs hipnoz halında unudulmuş keçmiş xatirələri xatırlamaq mümkündür? Yaxud, gizli istedadımızı üzə çıxarda bilərik?

- Hipnozda mümkün olmayan heç nə yoxdur. Bəzən 60-70 yaşlı insan körpəliyini xatırlaya bilər. Bəzən də qarşımızdakını iki il əvvələ qaytara bilərik. Hətta hipnozdan sonra rəssamlıq, yaxud hansısa alətdə ifa etmək bacarığı özünü biruzə verə bilər. Bu dəfələrlə rastlaşdığım bir şeydir.

Похожее изображение

- İsa, bioqrafiyanızı oxuyanda bir az təəccübləndim, birinci peşəniz beynəlxalq hüquqdur. Bəs bu sahələr arasında nə kimi bənzərlik var?

- Ümumiyyətlə, bəşəriyyətin özülünü nə təşkil edir? İnsanların qarşılıqlı münasibəti. İstənilən sahədə əsas faktor qarşındakı insanla ünsiyyət, onu özünə ram edib, andırmaq bacarığıdır. Bu baxımdan nəinki hüquq və psixologiya, bütün sahələr bir-biri ilə sıx əlaqədədir. Həmçinin bildiyiniz kimi mentalistəm. Mentologiya insanların fikirlərini oxumaq bacarığıdır. Bu özəlliklərə sahib olan insan istənilən sahədə uğur qazana bilər.

- Madam ki, mentalizm sahəsinə toxundunuz, gəlin bu haqda da danışaq.

- Mentalizmin tarixi qədim Yunanıstana və Romaya gedib çıxır. Tarix boy sehirbazlar, falçılar, peyğəmbərlər insanları öz qeyri-adı bacarıqları ilə heyrətləndiriblər. Lakin bu sahə XIX əsrdən etibarən incəsənətin bir növü kimi daha geniş yayılmağa başladı. Çünki bu dövrdə insan mənəviyyatı daha geniş araşdırılmağa başlandı. Mentalizm qarşınızdakı insanla şifahi ünsiyyət qurmadan onun fikrindən keçənləri oxumaq bacarığıdır. Çox vaxt insanlara nə düşündüklərini dəqiqliyi ilə deyəndə şoka düşürlər. Çünki metalistlər, belə deyək, başqa dünyanın insanlarıdır. Onlar adi insanlar üçün qaranlıq olan məqamları aydın görürlər.

- Maraqlıdır mən mentalist ola bilərəm?

- Bütün insanların şüuru eyni quruluşa malikdir. Bəzilərinin bu sahəyə doğuşdan bacarıqları olur. Öz üzərinizdə kifayət qədər çalışıb, gərəkli metodikanı mənimsəyə bilsəniz, təbii ki, mümkündür. Axı insan istəsə, hər şeyin öhdəsindən gələ bilər.

Картинки по запросу ИСА БАГИРОВ ЗВЕЗДЫ ПОД ГИПНОЗОМ

- İsa, nəzərə alsaq ki, sizinlə heç vaxt görüşməmişik, məni hipnoz edə bilərsiniz?

- Ümumiyyətlə, hipnoza qarşılıq verməyən insan yoxdur. Hər kəsi müxəlif üsullarla bu məqama çatdırmaq mümkündür. Sadəcə ola bisin ki, 10 üsulun yalnız ikisi sizin şüurunuza daha tez təsir etsin. Bir də var, çox tez ram olan insanlar. Onları nəinki telefon danışığı ilə sadə bir ismarışla da hipnoz etmək mümkündür.

- Yaxşı ki, bu mövzuya da toxunduq. Hər gün dünya sakinləri fərdi, yaxud kütləvi şəkildə müxtəlif hipnotik təsirə məruz qalırlar. Bəs siz bir mütəxəssis olaraq, bu duruma düşə bilərsinizmi?

- Həyatımızın demək olar ki, əksər anlarında hipnotik təsirə məruz qalırıq. İstər küçədə bizdən pul istəyən qaraçılar olsun, istər çox məşhur brendlərin reklamları, istərsə də marketoloqların şüurumuza təsir edən mühazirələri. Bundan qaçmaq mümkün deyil. Özü də bu yenilik deyil, qədim dövrlərdən mövcuddur. Sadəcə insan peşəkar olanda, beynindəki bəzi fazaları bloklamağı bacarır ki, qarşısındakına ram olmasın.

- Bakıda doğulub, böyümüsünüz. Həmçinin Rusiyanın məşhur ekstrasensi Qalina Bağırovanın oğlusunuz. Ananızı özünüzə ustad sayırsınız?

- 1983-cü ildə Bakıda anadan olmuşam. Öncə də qeyd etdiyimiz kimi, birinci təhsilim beynəlxaq hüquq sahəsi üzrədir. İkinci ali təhsilimi isə Bakı Slvayan Universitetində psixologiya üzrə almışam. 2000-ci ildən Rusiyada yaşayıram, əsasən İsraildə çalışıram. İnsanları qorxularından, psixoloji sarsıntıdan qurtarmaq üçün hipnoz terapiyaları keçirirəm. Bu günədək bir çox televiziya şoularının iştirakçısı olmuşam. Anam Qalina Bağırova TNT kanalında yayımlanan “Ekstrasesnlərin döyüşü”( Битва экстрасенсов) mistik layihəsinin səkkizinci mövsümünün qalibidir. Onun anasının da qeyri-adi bacarığı olub. Lakin mən Qalina xanıma sadəcə anam kimi yanaşıram.

- Barmağınızdakı kəllə sümüyü təsvir edilmiş üzüyün bilmədiyimiz müəmmalı yönləri varmı?

- Kəllə sümüyü əbədiyyətin, ölməzliyin rəmzidir. Başqa möcüzə axtarmayın.

- Heç bəyəndiyiniz xanımları özünüzə aşiq etmək üçün fantastik bacarığınızı işə salmısınız?

- Heç vaxt.

- Sonda mənə maraqlı nə deyə bilərsiniz?

- Bilirsiniz, hipnoz o qədər dərin anlayışdır ki, bu proses zamanı beynimizdə gedən biokimyəvi reaksiyaların açmasını elm izah edə bilmir. Lakin əsas nəticədir. Nəticəyə baxanda isə görürük ki, insan hipnoz altında ən ağılagəlməz hərəkətləri icra edir. Hətta ən dəhşətli fobiya olan insanlardan, cəmiyyətdən qaçıb, özünə qapanma xarakteristikası verdiyimiz psixoloji pozğunluq hipnozla müalicə olunur. Nə qədər fantastik görünsə də, hipnoz bütöv elmdir.

- İsa, tezliklə sizi Bakıda gözləyirəm. Əmin olun, hipnoz edəcəyiniz ilk insan mən olmaq istəyəcəm.

- Yaxın gələcəkdə Bakıda görüşmək ümidi ilə. Sağ olun.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm