"Rus qızlarının etdiyini bizim qızlar etmirlər" - Ən məşhur akademiyanın AZƏRBAYCANLI TƏLƏBƏSİ
Bizi izləyin

Xüsusi

"Rus qızlarının etdiyini bizim qızlar etmirlər" - Ən məşhur akademiyanın AZƏRBAYCANLI TƏLƏBƏSİ

Publika.az-ın müsahibi Rusiyanın ən məşhur rəssamlıq akademiyasında təhsil alan həmyerlimiz Elşad Əhmədovdur.

- Rəssamlıq da həyat yolumuz kimidir. Enişi, yoxuşu keçmədən, yağışda islanmadan günəşli çəmənlikdə addımlamaq olmur. Bəs sizin yaradıcılıq yolunuz hansı çətinliklərdən keçib?

- Uşaqlıqdan rəssam olmaq istəyirdim. Mən təbiətdən çox təsirlənirdim və onun gözəlliyi və harmoniyasını məni heyran edirdi. Mən həmişə bu anları tutmağa çalışırdım, bunları kətanda və kağızda ifadə etmək məni həyəcanlandırdı, hansı ki, duyğularını və emosiyarını rənglərlə çatdırmaq istəyirsən. Əvvəlcə karandaşla kiçik eskizləri edirdim, sonra onlar üzərində rənglərlə çalışırdım,Bacardıqca naturadan daha çox şey çəkirdim və hər şey bu istiqamətdə davam edirdi! – öncə məktəb, hərbi xidmət, sonra Ölkəmizdəki Azərbaycan Rəssamlıq Akademiyası, daha sonra isə hörmətli Ədalət Əliyevin dəstəyilə bütün rəssamlar üçün Alma mater – Rusiya Rəssamlıq Akademiyası (indiki adı İ.Y. Repin adına Sankt-Peterburq rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutu). Əlbəttə, valideynlərim, ailəm olmasaydı, rəssamlıq yolumda daha çox çətinlik çəkərdim. Mənim bəxtim o zaman gətirdi ki, məni çox yaxşı insanlarla rastlaşdım, bütün bu insanların mənim həyatımda böyük təsirləri var. Yəni bunlar biri alicənablığı ilə, biri mərdliyi ilə mənə dəstək oldular, hansıki onlarsız heçnə olmazdı! Onlara çox minnətdaram. İstənilən birisi yoluna başlayanda ona hər zaman olduqca çətin olur. Ümumiyyətlə insan daim dəstəyə ehtiyac duyur, çünki yaradıcılıq dünyasına gəlmək olduqca çətindir, daha çətini orada qala bilməkdir. Buna tək-tük insanlar nail olur. Elə bilməyin ki, özümü tərifləmək istəyirəm, yox. İş orasındadır ki, incəsənətlə məşğul olmaq rəssamın bütün ömrününü alır. İncəsənətdə rəqabət olmaz, ya özünü qurban verib ona bütün ömrün boyu qulluq eləyirsən və onda əsl rəssam ola bilirsən, ya da çevrilirsiniz sadə sənətkara, rəngkarlıq haqqında yaxşı savadınız var, yaxşı rəsm çəkməyi bacarırsız, lakin yeni bir şey yaratmaq üçün qabiliyətiniz yetərli deyil, yaradıcılıqla məşğul olmaq, yeni kompozsiyalar işləmək, öz zamanını duymaq və ən əsası öz dövrünün aktual birisi ola bilməyən sıradan bir əsnafa çevrilirsən.

- Tarix boyu rəssamlar gündəmdə qalıb, sevilmək üçün müxtəlif üsullara əl atıblar. Bəs sizcə, rəssam özünü cəmiyyətə necə qəbul etdirməlidir?

- Rəssam hər zaman aktual olmalıdır. Çağdaşları üçün fayda gətirməli və maraqlı olmalı, yeni mövzuları meydana çıxarmalı, mənəvi cəhətdən tərbiyə verməli, ya da bu dünyaya gözəllik gətirməli və onu artırmalıdır. Yoxsa o, nəyə lazımdır? Əlbəttə, ifa tərzindən başlayaraq, rəssamın önəmi və məqsədləri haqqında məsələnin çox mübahisəli olduğunu başa düşürəm. Məsələn, avanqard, yoxsa realizm üslubu daha düzdür? Bu sual əbədidir. Heç kimin tərəfini saxlamıram, ona görə ki, fərqli istiqamətli rəssamları sevirəm, amma tək bir şeyə əminəm ki, incəsənətdə müəllifin fikri, duyğusu və səmimi narahtlığı yoxdursa, incəsənət də yoxdur.

- Yaradıcılıq yolunuzun başlanğıcında sizin üçün ən çətini nə idi?

- Başlayanda hər şey çətindir! Amma olduqca maraqlıdır! Bilirsiniz, mənim üçün ən xoşbəxt anlar hansıdır? Zamanın içində əriyib, onu hiss eləməyəndə, incəsənət səni bütövlüklə canına çəkəndə əsl xoşbəxtliyi dadırsan! Yaradıcılıq sahəsində çalışan insanlar məni anlayacaqlar, ümumiyyətlə sevimli işiylə məşğul olanlar nə dediyimi başa düşərlər. Ancaq buna nail olmaq çox da asan deyil. Öncə hər gün çalışırsan, sonra bu, sənin üçün adi bir şeyə çevrilir, daha sonra isə gərəkli məharəti əldə edərək yaradıcılığa bir az yaxınlaşa, səni heyrətləndirən şeyi yaratmağa başlaya bilərsən. Mənim üçün ən çətini yaradıcılıq yolumun başlanğıcı, Akademiyada oxumağımın ilk illəri idi. Rus dilini bilmirdim, həddindən artıq pis anlayırdım. İlk iki ildə həm oxumağa, həm də rus dilli müəllimlərimi başa düşməyə çalışırdım. Daha sonra isə hər şey asanlaşdı.

- Rusiyanın rəssamlıq məktəbinın ünü dünya ilə birdir. Sizcə, bu məktəbin zəngin rəng palitrasını yaradan amillər hansılardır?

- Bütün müəllimlərimin qarşısında baş əyirəm! Bilirsiz, mənə ən güclü sənətkarlarla tanış olub onlardan öyrənmək nəsib oldu! Bakıda - Fərman müəllim, Sankt-Peterburqda – Kalyuta, Kolleqova, Petrov, Mogilevsev. Onların hamısı bənzərsizdir, ən əsası isə fəal olaraq yaradıcı surətdə çalışan və rəssamlaq nəslini yetişdirən formalaşmış sənətkarlardır. Onlardan çox şey öyrənmişəm, hər zaman düşünürəm ki, daha çox öyrənmək lazımdır. Oxumaq rəssam üçün özəl bir həyatdır. Elə bilirəm ki, Peterburqa yenicə gəlmişəm, Akademiyanın rəssamlıq fakültəsinə girmişəm. Amma başa düşürsən ki, artıq oxuduğun 6 ilin geridə qalıb... Hazırda Yuri Vitalyeviç Kalyutanın rəhbərliyi altında diplom üzərində işimi bitirirəm. Rus rəssamlıq məktəbi dünyanın önəmli məktəblərindən biridir. Sənətkarları, ustaları çox peşəkardır! Serov, Korovin, Repin, Çistyakov, Levitan – daha çox sadalaya bilərəm. Əsərləri olduqca güclüdür! Özəlliklə Serovun yaradıcılığını çox sevirəm. Onu şair, məharətli sənətkar sayıram! Sovet dönəminin rəssamları tam başqa bir aləmdir! Rusiyanın zəngin rəssamlıq həyatı adamı cəlb eləyir və bütün dünyanın rəssamlarını cəlb eləməyə bilməz. Demək olar ki, artıq hər yerdə itirilmiş realistik incəsənətin böyük pedaqoji tədris sistemi Rusiyada hələ də qorunub saxlanılır.

- Təhsil almadan rəssam olmaq mümkündürmü?

- Məncə, ilkin təhsil olmadan rəssam rəssam ola bilməz, əminəm ki, əsasları bilmədən dünyanı başa düşmək, gerçək ustalıq və əsl incəsənət zirvəsinə çıxmaq olmaz. Akademiya rəssam üçün bir məbəddir, burada rəssamlar doğulur, fundamental adətlər qorunub nəsildən nəsilə diqqətlə ötürülür. Rusiyanın başlıca rəssamlıq ocağının tələbəsi olduğum üçün həqiqətən fəxr edirəm.

- Rusiyanın ən güclü rəssamlıq akademiyasında təhsil almağın qüruru da, məsuliyyəti də çox böyükdür. Yəqin ki, indi ən çətin mərhələdəsiniz?

- Beşinci kursdan sonra ən məsuliyyətli iş başlayır – diplom işinin yazılması, bitirilmiş və bütöv rəssamlıq əsəri. Məncə, akademik təhsilin məqsədi peşakar bacarıqlara sahib olan rəssamın tərbiyəsinə yönəldilib, tələbəni rəsmin yaradılmasına hazırlaşdırmaqdır. Fikirlərim çox idi, amma onları necə gerçəkləşdirməli olduğumu təsəvvür eləmirdim (Gülür). Bütün rəssamlar üçün ən çətini rəsmi obraz şəklində düşünüb yaratmaqdır. Diplom işimin adı “Mənim Azərbaycanım”dır. Bu mövzu həyat təəssüratlarımla sıx bağlıdır. Oxuduğum müddətdə şəkillərə baxırdım, xoşuma gələn Şərq qadınlarının obrazlarının, Vətənimizin məişətinin şəkillərini çəkib gündəlik həyatda alışdığımız şeylərdə sadə gözəllik axtarırdım. Olduqca çox material topladım. Gələcəkdə çəkdiyim şəkillərin sərgisini də təşkil etməyi düşünürəm. Amma indi bütün gücümü rəsm əsərlərimə yönəltmişəm. Çətinliklə qərar verib yaradıcılıq tapıntılarımın içərisindən ən yaxşısını seçə bildim. Nəticədə bir sıra rəsmlər meydana gəldi. Onların arasında “Dəmirçi”, “Bulaq başında”, “Şərq xalçalarının sənətkarları”, “Gənclik. Ailə həyatının başlanması” var. Hər işim haqqında ətraflı danışmayacam, çünki elə rəsmlərin adı nə demək istədiyimi açıqlayır.

- Amma əsərlərinizin biri haqda ətraflı məlumat versəniz, maraqlı olardı...

- “Ailə həyatının başlanması” adlı işimdən danışmaq istəyirəm. Artıq uzun müddətdir Rusiyada yaşayıram, dünyanın bir çox şəhərlərində olmuşam. Vətəndən cismən uzaq qaldıqca mədəniyyətimiz mənim üçün daha aydın oldu və ölkəmizin ailə adətlərinin nə qədər güclü olduğunu anladım. Adətlər, ailə anlayışı, uşaqlar! Dəyərlərimizlə qürur duyuram. Bu rəsmimdə təşəkkülü, ya da daha demək olar ki, gənc bir ailənin əmələ gəlməsi, kişi və qadın arasında mümkün olan duyğular, xəyallar və hər şeyin yaxşı olacağı inamla dolu ən romantik dönəmi təsvir eləmişəm.

- Elşad, madam ki, ailə mövzusuna toxunduq, gəlin, xanımlardan danışaq. Rus xanımları öz gözəlliyi və cazibəsi ilə dünyanın bütün kişilərini heyran qoyur. Bəs sizi onların hansı cəhətləri cəlb edir?

- Düşünürəm ki, onları belə zərif, gözəl edən sadəlikləridir. Məsələn, bir gənc və kifayət qədər dəbli xanım nənəsinin 40-cı illərə aid nimdaş donunu sevərək geyinib, universitetə gələ bilər və qürurla paltarın tarixindən danışar. Bizim qızlar bunu edə bilərmi? Məncə, xeyr. Bir də rusların ən çox sevdiyim cəhətləri odur ki, bir-birinə xoş söz deməkdən çəkinmirlər. Tutaq ki, gedirsən bərbərxanaya, saçını səliqəyə salandan sonra o qədər tərif vururlar ki, elə bilirsən, dünyanın ən yaraşıqlı kişisi sənsən.

- Dediniz ki, Rusiyaya köçməzdən əvvəl dili də bilmirdiniz. Artıq Puşkinin, Dostoyevskinin əsərlərini orijinaldan oxuyursunuz. Əminəm ki, bu yaradıcılığınıza da təsirsiz ötüşməyib.

- Rus dili o qədər poetik, o qədər zəngin dildir ki, insanın dünyagörüşünə təsirsiz ötüşmür. Bu dili bilənlərin qarşısında yeni üfüqlər açılır. Mənim üçün rus dili yüksəsk səviyyə deməkdir. Axı şəhərin mərkəzində böyümüş insanla, kənar kəndlərdə yaşayanların da dünyagörüşü arasında fərq var. Bunu dana bilmərik. Mən Ağcəbədi rayonunda doğulub, böyümüşəm. Artıq 6 ildir ki, Peterburq kimi mədəniyyət mərkəzində yaşayıb, oxuyuram. Təbii ki, yaradıcı insan kimi formalaşmağımda bu dəyişikliyə borcluyam.

- Qarşınıza hansı məqsədlər qoyursuz?

- Hələ ki, diplom işimin bitirilməsindən başqa heç nəyi düşünmürəm. Düşünə bilmirəm. Məqsədlərim çoxdur, onlardan hansılarınısa gerçəkləşdirə biləcəyimə ümid eləyirəm. İncəsənətə maksimum yaxınlaşmaq, ona fayda verən bir parçası olmaq istəyirəm. Bu, əlbəttə, məqsəd deyil, xəyaldır. “Danışan” rəsmləri yaratmaq istəyirəm. Üstü gözəl sürtülmüş rəsmlər deyil, ideyalı, məharətli, şairyana, duyulan əsərlər yaratmaq niyyətindəyəm. Bunu nə vaxtsa eləyə bilsəm, çox xoşbəxt olacam.

- Yəqin ki, planlarınız çoxdur...

- İstəyirəm ki, dünya incəsənətinin inkişafında mənim də qatqım olsun. Rusiyadakı dostlarımın maarifləndirici fəaliyyətlərinə ürəkdən valehəm. Dövlət muzeylərinin keçirdiyi yüksək səviyyəli sərgiləri çox görmüşəm, amma məhz özəl şəxslərin sərgi layihələrini qeyd eləmək istəyirəm. Hesab eləyirəm ki, incəsənəti sevən oxumuş insanlar ən yaxşı adətlərin inkişafı və qorunub saxlanılması ilə məşğul olmalıdırlar. Şadam ki, zamanımızda incəsənətə yardım göstərən yetərincə varlı insanlar var. Ölkəmizin sərgi fəaliyyətinə qatılmaq və onunla məşğul olmaq istərdim. Çünki sərgilər həm təcrübə mübadiləsi, həm də bütövlükdə incəsənətin inkişafının gərəkli elementidir. Gələcəkdə planlarımda savadlı bir incəsənət mütəxəssisi ilə bir sıra sərgilər təşkil eləmək var, amma hələ ki, bütün sirlərimi açıqlamayacam.

- Sizin üçün incəsənət nədir?

- Həyatımızın ən mükəmməl yönüdür. İnsan ruhunun ən yaxşı təzahürüdür. Mənəvi anlam və dünyamızın zənginliyidir. Əslində hər birimiz öz içimizdə rəssamıq. Ən başlıcası isə incəsənət özünü daima inkişaf elətdirmək, qəlbimizdə gözəllik duyğusunu oyatmaq, gözəlliyi canına çəkib, onu görməyi öyrənməkdir. Bunu hər birimizə arzulayıram!

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm