Planetin ən mistik alimindən həyat, eşq və axirətlə bağlı SENSASİYALI MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Planetin ən mistik alimindən həyat, eşq və axirətlə bağlı SENSASİYALI MÜSAHİBƏ

Planetin ən mistik adamı kimi tanınan buddist Robert Turman ideal qadın, gələcək, reinkarnasiya haqqında danışıb, həm də 20 il sonra dünyanın siyasi və dini xəritəsinin dəyişəcəyini iddia edib.

Publika.az Robert Turmanın bu yaxınlarda Rusiya mətbuatına verdiyi müsahibəsini təqdim edir:

Harvard məzunu olan buddist - Nyu-Yorkda Kolumbiya universitetinin professoru, Dalay-lama və bir çox ulduzların yaxın dostu, buddizm üzrə dünyada əsas ekspert, bestsellerlərin müəllifi və sanskritçənin mükəmməl bilicisidir. Bütün sadaladığımız üstünlüklərə baxmayaraq, təkid edir ki, ona sadəcə, "Bob" adı ilə müraciət etsinlər.

Məşhur aktrisa Uma Turman professor Robert Turmanla İsveç əsilli model və psixoterapevt Nena von Şlebrüqqenin böyük qızıdır. Qızın valideynləri 1967-ci ildə ailə qurub. Planetin ən mistik adamı - Robert Turman uşaqlarını da buddist təlim-tərbiyəsi ilə böyüdüb. Hətta öz uşaqlarına hind adları qoyub. Məsələn, Umanın adı "ölçü hissi" və ya "həzz verən" mənasını verir.

- Siz gələcəyin ideal qadınını necə görürsünüz?

- O, daima inkişafda olmalıdır. Təkcə ağlını deyil, ruhunu və qəlbini də tərbiyə etməlidir. Öz daxili aləmini təkmilləşdirməlidir. İdeal qadın - yaxşı yoqinyadır. O, öz ərinin qayğısına qalır, onu yalnız uğur qazanmaq üçün ruhlandırmır, həm də sağlamlığının qeydinə qalır. Qadınlar təsir etmə gücü və həssaslığı sayəsində mənəviyyatını daha çox zənginləşdirmək potensialına malikdir.

- Yoqanın dəbdə olmasına necə yanaşırsınız? İndi onunla hamı məşğul olur, bu, yoqaya qarşı sayğısızlıq deyil ki?

- Yoqa həmişə və istənilən halda yaxşıdır.

- Buddistlər reinkarnasiyaya (ruhun təkrar qayıdışı və bədənlənməsi, ruhun bir bədəndən digərinə keçməsi) inanırlar. Siz necə düşünürsünüz, öldükdən sonra biz bu dünyaya tez qayıdırıq, ya əksinə?

- Kim deyib ki, ümumiyyətlə, biz ölürük? Karma biologiyasının qanunlarına əsasən, biz yenidən doğuluruq. Hər bir insan paklanmaya qədər arınma prosesini keçir, ruhu təkrar-təkrar dünyaya qayıdır. Getdikdən demək olar ki, dərhal sonra başqa təcəssümü qəbul edərək dünyaya geri qayıdırıq. “Nə olacağıq?” sualı isə başqa məsələdir.

Dünyaya yenidən insan simasında qayıtmaq böyük şərəfdir. Çünki insan ən ali bioloji varlıqdır. İnsan reinkarnasiyasına layiq olmaqdan ötrü bu dünyada müdrik, rəhmli, xeyirxah olmalı, çabalamalı, neqativ enerjilər yaymamalı, ucuz ehtirasın qurbanı olmamalı və qısa müddətli zövqlərə aldanmamalıyıq.

- Biz yenə də keçmişdə münasibət qurduğumuz insanlara aşiq olacağıq?

- Belə hallar həqiqətən də tez-tez baş verir və bu, “karma münasibətləri” adlanır. Daha mükəmməl münasibətlər var, amma onlar çox nadir hallarda baş verir. Bu, “ikinci yarım” kimi qəbul edilən (Amerikada biz soul-mate – ruh əkizi deməyi sevirik) anlayışdır. Belə sevmək üçün, daha yüksək səviyyədə özünüdərk lazımdır. Əgər erkən xristianlıq dövrünə qədər antik dünyada, Pifaqorun vaxtında olduğu kimi karma biologiyası rəsmi qəbul olarsa, hər birimiz sevgilimizi fərqli şəkildə seçəcəyik. Və onda bizim xoşbəxt, sevgi dolu münasibətlər yaratmaq potensialımız daha çox olacaq.

- Bəs indi və burada əsl sevgi mövcud deyil?

- Biz bir-birimizdən nə qədər az şey tələb etsək və nə qədər çox versək, münasibətlər bir o qədər harmoniyada olacaq. Əsl sevgi qarşı tərəfi xoşbəxt etmək ehtirası və istəyidir, heç bir halda kimisə xudbincəsinə sahiblənmək arzusu deyil. Xüsusən tərbiyə üsulları və xurafatlar çoxlarının içində daxili maneələr yaradır. Bu maneələr bizi əsl həzdən qorxudur. Özümüzə icazə vermirik ki, sevincdən və xoşbəxtlikdən məst olaq. Halbuki, insan beyni və ürəyi məhz məhəbbətdən əriyir və buna planlaşdırılıb. Amma yenə təkrar edirəm, başqası üzərində hakimiyyətlə buna nail olmaq mümkün deyil. Əsl sevgiyə gedən yol ancaq empatiya hissi və fədakarlıqdan keçir.

- Yaxşı, bəs sevgini necə qoruyaq?

- Məhəbbətin canlı orqanizm olduğunu fakt kimi qəbul edin, o da sizinlə birlikdə daim dəyişir. Ehtiras tədricən dərin qarşılıqlı hörmətə əsaslanan dostluğa keçir. Bu, təbii və gözəl prosesdir.

- Rusiyada boşanma faizi 70 faizə yaxınlaşır, Amerikada da vəziyyət ürəkaçan deyil. Ümumiyyətlə, nikah institutunun yaşamaq şansı var?

- Əlbəttə! Amma o, dəyişəcək, artıq dəyişir. Məsələn, qızım Uma iki dəfə boşanıb, indi də qeyri-rəsmi nikahda yaşayır. O, “Kişilər onlara ərə getməyənə qədər özlərini yaxşı aparır” fikrini tez-tez təkrar etməyi xoşlayır.

Biz isə Nena ilə artıq 50 ildir nikahdayıq, münasibətlərimiz əvvəlki kimi yaxşıdır. Gələcək nikahlarda əlaqələr daha çevik, açıq və ortaq olacaq. Qadına olan "sən mənimsən və mənə məxsussan" patriarxal seriyalı münasibəti keçmişdə qalacaq. Boşanmaq kədərlidir, xüsusilə də əgər ailədə uşaqlar varsa. Amma bəzən bu, ən yaxşı çıxış yoludur, ən əsas da əgər sivil qaydada razılığa gələ bilirsinizsə. Ümumiyyətlə, mən həmişə qadına özünü realizə etməyə və inkişaf etdirməyə kömək edən hər şeyin yanındayam. Güclüləri sevirəm.

- İndi və gələcəkdə uşaqları necə tərbiyə edək?

- Birincisi, az doğmaq lazımdır. Yeddi milyard insan həddindən artıq çoxdur. İkincisi, uşaqlarla başqa bir planetdən olan ali varlıq kimi davranmağa başlamaq lazımdır. Uşağa maksimum hörmət və dəstək göstərin, onu dinləyin və nəyin bahasına olursa-olsun unikal potensialını reallaşdırmaqda ona kömək edin. Uşaqlar buna görə sizə təşəkkür edəcəklər. Yalnız yadınızda saxlayın ki, uşaqlarınız əslində sizə məxsus deyillər!

- Siz yumurta hüceyrənin dondurulması və nəsil artırmanın digər yeni üsullarına necə yanaşırsınız?

- Dünyada ailəyə ehtiyacı olan o qədər kimsəsiz uşaq var ki... Qadınlar isə nəyin bahasına olursa-olsun dünyaya uşaq gətirmək istəyirlər. Onu özünüz doğmusunuz deyə elə bilirsiniz ki, o, tamamilə sizin olacaq? Belə çıxır ki, qalan uşaqlar ögeydir? Həyata, insanlara və uşaqlara qarşı bu cür münasibət tədricən köhnələcək. Yadınızda saxlayın ki, bu dünyada heç bir insan sizə aid ola bilməz.

- “Düşmənlərinizi də sevin” kitabının müəllifisiniz. Maraqlıdır ki, düşmənlərinizi sevə bilirsiniz? Bunu bizi də öyrədin.

- Budda və peyğəmbərlər öz fikirlərində tamamilə haqlıdır, düşmənə sevgi həqiqətən düşünmək və rahat yaşamaq üçün çox praktik yoldur. Mən praktikadan danışarkən ikiüzlü olmağı nəzərdə tutmuram. Lakin düşmənə xoşbəxtlik arzulayıram. Axı düşmən özünü yaxşı hiss edərsə, sənə zərər verməyə bir daha cəhd etməyəcək. Birini sevmək o deməkdir ki, onun xoşbəxt olmasını arzulayırsınız. Düşmənlərimiz isə bizi onların xoşbəxtliyinə yol açan bir maneə hesab edir. Bu maneə olmaqdan imtina etsək, onda o insanlar bizə nifrət etmək həvəsini itirəcək.

Bəli, düşmən hesab etdiyimiz kimsələrdən qaçmaq və bəzən də onlara qarşı tədbirlər görmək lazım gəlir. Ancaq bunu zəhərsiz, qorxusuz və nifrətsiz edin. Əks təqdirdə, düşməndən daha çox özümüzə zərər verəcəyik. Əgər düşmənlərdən özümüzü məhəbbətə əsaslanan müdafiə üsulu ilə qorusaq, istənilən halda biz qazanacağıq. Hər hansı döyüş sənəti üzrə ekspertə müraciət etsəniz, o da sizə eyni şeyi söyləyəcək.

- Dünyanı on beş, ya da iyirmi ildən sonra necə təsəvvür edirsiniz?

- Gələcəyi məndən çox qətiyyətlə soruşursunuz, halbuki, sizdən daha çox şey bilmirəm. Hər halda necə görmək istədiyimi danışaram. Liderlər ən azı bir qədər aydınlanma yolunda olacaq. Lakin mənə kömək edə bilərsiniz. Xəyal qurmağa başlayın! Biz hamımız mümkün qədər daha çox xəyal qurmalıyıq ki, xəyallarımızdakı dünyanı vizuallaşdıra bilək. Beləliklə biz hamımız müsbət enerjini özümüzə tərəf çəkəcəyik və yavaş-yavaş hər şey gerçək olacaq!

- Daha da konkretləşirsək, tam olaraq nə baş verəcək?

- Yaxşı olacaq. İnanıram ki, BMT bir neçə onillikdə dünyanın əsas qüvvəsi olacaq, çünki o zaman İkinci Dünya müharibəsini qazanmış ölkələr dominantlıq etməyəcəklər. Birləşmiş Millətlər Təşkilatına çox güclü Hindistan, Yaponiya, Braziliya kimi ölkələr, Cənubi Afrika, Cənubi və Şimali Amerika əyalətlərinin federasiyası, həmçinin Avropa vahid dövlət kimi daxil olacaq. Məsələn, Çin də Rusiya kimi federal respublika ola bilər. Dünyanın super gücləri olmayacaq. Amerika qüvvətli bir ölkə kimi qalmasına baxmayaraq, indiki kimi olmayacaq. Çin kimi, lakin o anqlo-sakson sivilizasiyasından daha vacib sayılmayacaq. Və əgər cəhd edərsə, sonda məğlub olacaq. Rusiya yenidən Slavyan dövlətləri ilə birləşəcək, amma könüllü olaraq. Eləcə də Hind-Pakistan-Banqladeş federasiyası əhəmiyyətli təsir zonası olacaq.

- Müsəlman dünyasında nə olacaq?

- İslam dövlətlərinin və İsrailin gələcəyi mənim üçün bir qədər qaranlıqdır. Əgər şiələr və sünnilər öz aralarında razılığa gələ bilərlərsə və İsraillilərin mövcudluğunu qəbul etsələr, bəlkə də Yaxın Şərq, Şimali və Mərkəzi Afrika dövlətlərini birləşdirən güclü İslam-İsrail federasiyası yarana bilər. Türkiyə isə ola bilsin ki, dünyəvi dövlət olacaq. Əgər onlar razılığa gələ bilməzlərsə, düşünürəm ki, İslam dövlətlərinin gücü zəifləyəcək.

- Müharibələr olacaqmı?

- Zənn etmirəm, müasir dünyada bu, çox risklidir. Savaşlar daha az olacaq. Amma stress zonaları qalacaq. Çin Rusiyanın ərazilərinin müəyyən hissəsini (məsələn, Sibirin bir hissəsinin) istəyə bilər. Dediyim kimi, sünni və şiələrin İsraillə qarşılaşması da təhlükəlidir.

- Demokratiya hələ köhnəlməyib?

- İnanıram ki, gələcək demokratiyanın müxtəlif formalarının əlində olacaq, amma güclü şəxsin - monarx və ya prezidentin ekologiya, təhsil, mədəniyyət kimi vacib məsələlərdə veto hüququna malik olması şərti ilə.

Mənim üçün demokratiya yalnız onu ifadə edir ki, cəmiyyətdə, insan, ya da bir qrup şəxs (nə qədər çox olsa, bir o qədər yaxşıdır) alına bilmir. Amerikanın problemi ondadır ki, demokratiyamız hazırda praktik olaraq iflicidir. Biz Mammon tanrısı tərəfindən idarə olunan teokratiya olduq.

- Bəs Rusiyanın gələcəyi haqqında nə deyə bilərsiniz?

- Kifayət qədər yaxşıdır. Avropa və Asiya arasında körpü olmaq çox mühüm missiyadır. Bununla belə sizdə demokratiya inkişaf edəcək, dövlət vəsaitləri isə ilk növbədə silahlara yox, təhsilə yatırılacaq.

- Biz nəyə inanacağıq? Dinlər qalacaq?

- Hesab edirəm ki, din xidmət sənayesindən biridir. Dinin rolu ondan ibarətdir ki, insanların həyatını asanlaşdırsın, həmçinin onlara gümrah və xoşbəxt olmağa kömək etsin. Lakin dinlər heç kimi qul olmağa məcbur etməli deyil. Pis və ya düzgün olmayan din yoxdur. Bu, mədəniyyətin bir hissəsidir, siyasət aləti deyil. Dinlər elmə nə qədər açıq olarsa, bir o qədər yaxşıdır. Alimlər də humanist olmalı və daxili harmoniyaya qovuşmalıdır.

- Sizə elə gəlmir ki, vegetarianlıq getdikcə yeni bir din olacaq?

- Elə bilirsiniz ki, müasir qida sənayesinin öldürdüyü milyardlarla heyvanın çəkdiyi əzablar bizə heç cür təsir etmir? Özü də necə təsir edir! Yer üzündə tədricən səssiz soyqırımı gerçəkləşir və heyvanların əzablarının bizə təsiri qaçılmazdır. Ancaq hər şeydə ölçü lazımdır, vegetarianlar da öz növbəsində fanatik olmamalı və et yeyənləri lənətləməməlidilər. Bununla belə düşünürəm ki, planetimizin sağlamlığı və rifahı üçün tədricən ümumilikdə bitki zülallarına keçmək daha yaxşıdır. Və heyvanları öldürmək lazımdırsa, bunu mümkün qədər humanistcəsinə etməyə çalışmalıyıq. Vegetarian Çin və Hind mətbəxi çox dadlıdır! Başa düşmürəm ki, niyə qərb mətbəxində hər şey ətin ətrafında dönür.

- Xoşbəxt olmaq üçün nə etməliyik?

- Həyatın əsas qayəsi sevgi və şəfqətdir. Və bunu öyrənmək üçün Buddist olmaq lazım deyil. Amma mənəviyyatın zənginləşməsi üçün çalışmaq vacibdir.

- Nə demək istəyirsiniz?

- Kainatın sizin üçün nə ifadə etməsindən aslı olmayaraq, ona etibar edin. Heç bir şeydən qorxmayın. Əgər materialistsinizsə və hesab edirsiniz ki, Kainat böyük bir heçdir, onda bu heç nədən ümumiyyətlə, qorxmaq lazım deyil. Müdrik olun, sevməyi, verməyi və bağışlamağı öyrənin. Həyatı çətinləşdirməyin, pul dalınca qaçmayın. Bəli, pul insanı xoşbəxt edir, amma hansısa həddə qədər. Onlar hər dərdə dərman deyil, çox zəngin insanlar adətən tənha və daimi gərginlik içində yaşayır, paranoid xəstəliyindən əziyyət çəkir.

Ölüm də daxil olmaqla hadisələri olduğu kimi qəbul edin. Ölüm həqiqətən də yeni bir həyata, sonsuzluğa keçid mərhələsidir. Bu həyatda yaxşı insan olmusunuzsa, mənəvi zənginliyiniz üçün çalışmısınızsa, onda mütləq daha yaxşı olacaq.

- Görürəm ki, optimistsiniz. Həqiqətən də, gözəl gələcəyə ümid edirsiniz?

- Çoxları üçün gələcək qaranlıq və ya qorxulu görünür, lakin bu, səthi bir duyğudur. Hər birimizin potensialı var ki, çoxdan köhnəlmiş ideyaların hakimiyyəti olmadan, müdrikcəsinə, sevgi və şəfqət içində yaşayaq. Bir şəxs optimist olmaqdan utanmamalıdır. Və ətrafda nə olursa olsun, o, xoşbəxt olmağı öyrənməlidir, amma ilk növbədə başqalarının xoşbəxtliyini nəzərə almalıdır. Biz yenidən doğulacağıq. İnanın sözlərimə.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm