Zədələnərək fiziki məhdudiyətli doğulan tanınmış simanın İNANILMAZ HƏYAT HEKAYƏSİ - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Zədələnərək fiziki məhdudiyətli doğulan tanınmış simanın İNANILMAZ HƏYAT HEKAYƏSİ - MÜSAHİBƏ

Çatışmazlığın olması önəmli deyil. Əhəmiyyətli olan bunun fərqində ola bilməyimizdir. İstər fiziki, istər mənəvi, istər ruhi baxımdan. Bədbəxtlik isə az qala bir əsr ömrü olan insanın bütün bu həqiqətlərdən bixəbər yaşamasıdır. Bu, məni qorxudur. Məni həyatda narahat edən yeganə şey özümü axtarmağımdır. Bir də bu axtarışların nəticə verməməsi. Ancaq əlbət ki, özünü kəşf edə bilən insanlar var, bir yerlərdə. Buna sevinirəm. Çünki belələri narahatlıqlar üçün bir işıqdır. Bu gün o işığı bütün sərhədlərini aşa bilən biri ilə tapmağa çalışacam.

Publika.az-ın qonağı idman jurnalisti Orxan Əliyevdir. Yəqin ki, maraqlıdır onu niyə müsahib seçmişik. Məncə, bu sualın cavabını müsahibə özü verəcək.

- Özünü oxucularımıza necə təqdim edərdin?

- Orxan Əliyev. Özümü başqa cür təqdim etmək üçün hələ ki, fantastik bir iş görməmişəm.

- Artıq özünü cəmiyyətə yararlı bir şəxsiyyət kimi təqdim etmisən. Bəs qüsursuz Orxanı nə zaman kəşf elədin?

- Doğuşdan fiziki məhdudiyyətliyəm. Ana bətnində zədə almışam. Uşaq ikən çox şeyi dərk etmirdim. Mənimlə nələr baş verdiyini anlaya bilmirdim. Ancaq yaş ötdükcə anlamağa başladım. Elə bil, kimsəsiz bir adaya düşmüsən. Nəsə etməlisən ki, sağ qalasan. Mən də özümü həmin vəziyyətdə hiss edirdim. 15-16 yaşımdan sonra isə mübarizə aparmağa başladım. İbtidai sinfi evdə təhsil aldım. Beşinci sinifdən isə məktəbdə təhsil almağa başladım. Üzərimdə birinci sinfə gedən uşaqların həyəcanı var idi, o gün. Artıq o gündən etibarən özümü cəmiyyətə normal bir insan kimi qəbul etdirməyə çalışdım və müəyyən mənada bunu bacardım. Düzdür, o zaman da insanların narahat, gərgin, kədər və təəssüf dolu baxışları var idi üzərimdə. Ancaq zaman keçdikcə onlar da, mən də alışdım.

Mənə ən çox qəribə baxan isə yaşlı nəslin nümayəndələri idi. Bu situasiyanı aradan qaldırmaq üçün mənə qəribə baxan insanların arasında daha çox olmağa başladım. Məhəlləmizdə yaşlı bir kişi var idi. Bir tərəfi iflic olmuşdu. Uşaqlar həmişə onun ünvanına uyğunsuz sözlər işlədir, hətta daşa basırdılar. O kişini görəndə özümə söz verdim ki, mənim həmin vəziyyətə düşməyəcəm. Özümü normal insan kimi qəbul etdirəcəm dünyaya. Beləliklə, səbirlə çalışdım və bu günlərə gəlib çıxdım. İndi çox az insan mənə fiziki məhdudiyyətli şəxs kimi münasibət göstərir. Kimsə qüsursuz deyil və hamının öz fikri var. Mənə qarşı fərqli fikirləri, sözün yaxşı mənasında, yola verirəm.

- Jurnalistika elə bir sahədir ki, orada aktiv, dinamik, operativ olmaq əsas şərtlərdəndir. Müəyyən sahələrində xarici görünüş də üstün tutulur. Ancaq sən bütün məhdudiyyətlərə rəğmən, yenə bu peşəni seçmisən...

- Orta məktəbdə inşa yazmağı belə bacarmırdım, doğrusu. Universitetə özüm hazırlaşdım. Ancaq evdəkilərin istəyi ilə sənədlərimi mühasibatlığa verdim. Qəbul olmadım. İkinci dəfə isə qəbul olmağa cəhd belə etmədim. Sonra kompüter kurslarına getdim. Jurnalistika kurslarına yazıldım. Vəziyyətimə görə oturaq iş görmək daha münasibdir. Kursları bitirdikdən sonra futbolla maraqlanmağa başladım. Uşaqlıqda məhəllə matçlarının qapıçısı olmuşam. 2000-ci ildən bəri də “Qalatasaray”ın, Azərbaycanda isə “Qarabağ”ın azarkeşiyəm. “Qarabağ”ın fan klubu “İmarət tayfa” ilə birgə matçlara getməyə başladım. Futbola tribunalardan baxandan sonra sosial şəbəkələrdə statuslar, təhlillər yazmağa başladım. Və beləliklə, yazı qabiliyyətim inkişaf etdi. Elnarə Məmmədova adlı bir xanım “Kiçik addımlarla böyük uğura doğru” adlı layihə təşkil etmişdi. Dostum Murad Məmmədovla birgə həmin layihəyə qoşulduq. Layihə çərçivəsində beş fiziki məhdudiyyətli şəxsə peşəkar jurnalistikanı öyrətmək nəzərdə tutulmuşdu. Əslində başqa Orxan çağırılmalı imiş. Ancaq səhvən məni dəvət etmişdilər. Beləliklə, təsadüfən jurnalistika ilə tanış oldum. Layihəyə qatılmaq üçün öz həyat hekayəmizi yazmalı idik. Mən də həmin il ağırlıqqaldırma üzrə paraolimpiyada 3-cü yerə çıxmışdım. Bu hadisəni “Uğurun sirri” adı ilə qələmə aldım. Elnarə Məmmədovanın fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə adaptasiya olunması ilə bağlı bir layihəsi var idi. Həm də bu kontekstdə “inkluzivnews.com” adlı sayt işlədirdi. Mənə də həmin saytda işləməyi təklif etdi. Mətbuatda ilk təcrübəmi də burada qazandım.

Milli komanda ilk dəfə Bakı Olimpiya Stadionunda oynayacaqdı. Rəqib İtaliya yığması idi. Həmin oyunun bilet satışı ilə maraqlandım. Rekord sayda bilet satılmışdı. Xəbər kimi saytda paylaşdım. Hətta AFFA mənim xəbərimdən sonra rekord sayda bilet satılması xəbərini paylaşmışdı. Çox sayda sayt mənim xəbərimi istinadla qoymuşdu. Yazılı mətbuatda ilk uğurlu xəbərim də bu olmuşdu. Sonra “Media Mən” layihəsində iştirak etdim və dörd ay ərzində peşəkar jurnalistika ilə tanış oldum. Həmin layihədə çərçivəsində yazdığım “Oturmağa qəzet” məqaləsi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin məqaləsini də geridə qoydu.

- Jurnalistika fəaliyyətinin ən uğurlu günlərindən biri də Qurban Qurbanovun çempion medalını sənə hədiyyə etməsi olub. Qurbanov bu jesti sənə edəndə üzüldünmü, yoxsa fiziki məhdudiyyətli olduğun üçün daha çox sevindin?

- Qurban müəllimlə ilk tanışlığım “İmarət tayfa”da olarkənbaş tutdu. Fanklub hər il ilin yekunlarına dair tədbir təşkil edir. Məni də xüsusi qonaq kimi çağırmışdılar. Doğrusu, nəsə sürpriz təşkil etdiklərini gözləyirdim. Düşünürdüm klubun formasını verərlər. Mükafatlandırmadan sonra “İlin ən yaxşı azarkeşi” laureatı təqdim edildi və gözləmədiyim şəkildə bu azarkeş mən oldum. Qurbanov mənə Rəşad Sadıqovun formasını hədiyyə etdi. Formanı bütün futbolçular imzalamışdı. Hədiyyəni verərkən gözləri dolmuşdu. Tədbirdən sonra da görüşüb söhbətləşdik.

Medalı hədiyyə etməyinə gəlincə isə, doğrusu, bu sualı şəxsən özünə verməmişəm. Ancaq düşünürəm ki, Qurbanov o medalı mənə yazığı gəldiyi üçün verməmişdi. O zamana qədər dəfələrlə “Qarabağ”ın mətbuat konfranslarında iştirak edirdim. Qurbanov da məni orada görürdü. Özü də medalı verəndə dedi ki, bu sənin zəhmətinin haqqıdır. Yəqin ki, mərhəmət göstərib versəydi, bu sözləri deməzdi.

- Yəqin sənin belə çətin şəraitdə bütün məhdudiyyətlərə baxmayaraq işləməyin Qurbanovu təsirləndirmişdi...

- Fiziki məhdudiyyətin olması mənim üçün çətinlik yaratmır. Düzdür, bəzi hallarda köməyə ehtiyacım olur. Hazırkı cəmiyyətdə kömək etmək sözü mərhəmət göstərmək kimi deyil, yazığı gəlmək kimi başa düşülür. İnsanlar da fərqlilərə bu gözlə baxır. Kömək, əlbəttə, lazımdır. Ancaq yerində. Kömək lazım olanda özüm çəkinmədən başqasına yaxınlaşıram.

- İradə, yoxsa cəsarət səni bu günə gətirib çıxardı?

- Düşünürəm, iradəsi olmayan insanda cəsarət də yoxdur.

- Riskə getmək daha cəlbedicidir, yoxsa taleyin axışına buraxıb özünü sığortalamaq?

- Nəsə əldə etmək üçün riskə getmək, nələrisə gözdən çıxarmaq lazımdır. Ancaq bütün nəticələri, çətinlikləri gözə alıb riskə getmək daha yaxşıdır. Sadə bir misal çəkim. Azarkeş kimi səfərlərə gedəndə demək olar ki, həyatımı riskə atıram. Çünki fanklublar arasında oyundan sonra davalar düşür. Basabas olur və hərəkətim üçün məhdudiyyətlər yaranır. Ancaq azarkeşlik hissim bütün qorxulara qalib gəlir.

Müsahibəyə gələrkən başıma bir hadisə gəldi. Deməli, metroya tərəf düşürdüm. Qarşıdan da əlində çörək yaşlı bir qadın gəlirdi. Məni gördü və nəsə dedi. Əvvəlcə başa düşmədim. Təkrar soruşdum nə dediyini. Dedi ki, niyə Xoşqədəmin verilişinə getmirsən? Mən də cavabında dedim ki, elə Xoşqədəmlə bir binada işləyirəm də. Dedi, get, sənin ayaqlarını düzəltsin də. Cavab vermədim və gülərək keçdim. Onların verilişinə çıxan şəxslər də düzgün davranmırlar. Fiziki məhdudiyyətli şəxslərin çıxıb özünü efirdə fağır, yazıq kimi göstərməsi cəmiyyətdə bizə qarşı başqa cür münasibət formalaşdırır.

- Televiziyaya necə keçdin?

- Mənim üçün xəyal kimi görünürdü. Ötən il Xəzər Tv-nin “2x2” verilişinə idman jurnalisti kimi dəvət aldım. Doğrusu, dəvətə təəccübləndim. Verilişin redaktoru Mətanət xanım məni hələ MAG verilişində iştirak edəndə görüb diqqətində saxlayıbmış. Verilişdə idman jurnalistikasına həvəsim haqqında suallar verdilər. Proqramın sonunda redaktor təklif etdi ki, onlarla birgə işləyim və idman sahələrindən süjetlər hazırlayım. Qəbul etdim. Ağlımda layihə də var idi. Düşünürdüm paraolimpiyaçılar haqqında qısa süjetlər hazırlayım və cəmiyyəti onlarla tanış edim. Beləliklə, “Oyan Azərbaycan” verilişi üçün həftədə iki dəfə fiziki məhdudiyyətli idmançılarla bağlı “Niyə də yox?” adlı süjetlər hazırladım. Uğurlu alındı. Hətta idmançılardan başqa, istedadlı fiziki məhdudiyyəti olan insanlardan da süjetlər hazırladım. Ancaq bir müddət sonra reytinq məsələsi gündəmə gəldi və veriliş bağlandı. Beləcə, televiziyadan ayrılmalı oldum.

- Layihənə Gənclər Fondu da dəstək olub?

- Televiziyada baxılandan sonra Gənclər Fonduna təqdim etdik. Bəyənildi və vəsait ayrıldı. Bizdə paraolimpiya deyiləndə sadəcə İlham Zəkiyev yada düşür. Başqa kimsəni tanımırlar. Ancaq bizim məqsədimiz professional idmanla məşğul olan fiziki məhdudiyyətli insanları işıqlandırmaq idi. O idmançılar ki, onları yalnız medal qazananda yada salırlar. Onsuz da, medal qazanandan sonra onları çəkmək televiziyanın borcudur. Üç ay ərzində belə insanlar haqqında qısa videoçarxlar hazırladıq və sonda hesabat xarakterli video təqdim etdik. Çox bəyənildi və bu ilin əvvəlində 3000-dən çox layihənin içində ilk üçlüyə düşdü.

- Fiziki məhdudiyyətli olmaq, bir mənada, şəxsi həyata da öz təsirini göstərir. Bu baxımdan hansı çətinlikləri yaşayırsan?

- Fiziki məhdudiyyətli birini sevmək üçün kifayət qədər fədakar və dözümlü olmaq lazımdır. Bu təkcə fiziki məhdudiyyətin gətirdiyi çətinliklərin tələbi deyil. Həm də kənardakıların təsirlərinə dözmək üçün vacibdir. Bir müddət sonra fikirlər üst-üstə düşməsə və səbirlər tükənsə, bu, hər iki tərəfə, sözsüz, təsir edəcək. Ancaq fiziki məhdudiyyətli biri üçün belə bir zərbənin altından qalxmaq daha çətin olur. İkinci dəfə yara almış kimi hiss edir. Buna görə də belə məsələlərdə xüsusilə diqqətli olmaq lazımdır.

- Ümid edirəm, tezliklə ürəyincə olan insanı tapar və həyatını onunla daha rəngarəng edərsən. Təşəkkür edirəm. “Qarabağ”ın çempionluq oyununda görüşənədək...

- Təşəkkürlər.

Zümrüd Kərimova,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm