Xanım Bjezinskinin görüşünə gəldiyi azərbaycanlı məşhur - Atına mənim adımı qoymuşdu ki...
Bizi izləyin

Xüsusi

Xanım Bjezinskinin görüşünə gəldiyi azərbaycanlı məşhur - Atına mənim adımı qoymuşdu ki...

Publika.az-ın müsahibi Azərbaycanın dünyada tanınan ən məşhur rəssamlarından biri olan Vüqar Muradovdur.

- Sizcə, rəssam pul haqqında düşünməyə başlayan kimi ən saf duyğularını itirir?

- Əslində kommersiyadan uzaq adamam. 30 yaşımadək heç bir əsərimi satmamışam.

- Səbəbi maraqlıdır.

- Çünki atamgillə birgə yaşayırdım. Pula böyük ehtiyacım yox idi. Özü də gecələr hamı yatandan sonra işləyirdim. Bir müddət sonra evdən köçüb, tək yaşamağa başladım. Emalatxana icarəyə götürdüm. Artıq dolanmağa məcbur idim. Ona görə əsərlərimi satmağa məcbur oldum. Hətta sizə ilk satılan əsərimin tarixçəsini danışa bilərəm. 1990-cı il idi. Qanlı yanvar hadisələrini işıqlandırmaq üçün Britaniyadan Bakıya Azər Emdadi adlı jurnalist xanım gəlmişdi. Mən də o vaxt “Vətən səsi” qəzetinin illüstrasiya şöbəsinin müdiri idim. O vaxtlar da bilirsiniz də, nə komputer imkanlarımız vardı, nə də indiki şərait. Bütün illüstrasiyaları əllə çəkirdik. Müəyyən məqalələrə iri şriftlərlə başlıq da yazırdım. Azər xanım dedi ki, çox istərdim Azərbaycanla bağlı bir xatirə aparım özümlə. Dedim, heç axtarmayın mən çəkdiyim bir əsəri sizə verəcəm. Yağlı boya ilə limonlardan ibarət natürmort çəkmişdim. Sən demə, o da pulu artıq hazırlayıbmış. 200 rubl verdi mənə. Bu mənim bir aylıq maaşımdan çox idi. Çox istədim pulu geri qaytarım. Azər xanım dedi ki, bu böyük məbləğ deyil. Rəssamın zəhməti simvolik də olsa, mütləq dəyərləndirilməlidir. Baxın, bizdə bu çatışmır.

- Bəs ən bahalı əsəriniz bugünədək neçəyə satılıb?

- Ən bahalı işim ötən il 60 min dollara satılıb. Ondan öncə də Tokioda 50 min dollara başqa bir əsərim satılmışdı. Vəziyyət belədir. Kimsə mənim əsərimi alır. Amma təbii ki, bu böyük məbləği ödəmir. Əsas odur ki, həmin pul bizi qane edir. Sonra isə dünyanın ən nüfuzlu qalereyalarında kifayət qədər baha satırlar. Yəni biz hələ ki, dünya bazarında deyilik, amma yavaş-yavaş əsərlərimiz nümayiş olunur.

- Əsərləri 2-3 milyona satılan postmodern rəssamların yaradıcılığı haqda nə düşünürsünüz?

- Nəinki 2, 3, hətta 10 milyon dollara məna yükü daşımayan əsərlərini dünya bazarında satan rəssamlar var. Bilirsiniz, bu sadəcə siyasətdir. Onu izah etməyə nə gücümüz, nə də zamanımız yetər.

- O zaman gəlin gücümüz çatan mövzulara keçək. Yazıçı yazısında qüsur tapanda silib, yenidən yazır, fotoqraf kameranın yaddaşından silib, yenidən çəkir. Rəssamlarınsa bəxti bu baxımdan gətirməyib zənnimcə.

- Bəlkə də bizi digər yaradıcı sahələrdən fərqləndirən də elə budur. Həmin an nə yaşamışıqsa, onu da rənglərə çevirmişik.

- Təbii ki, yaratdıqlarımız bizə körpəmiz qədər doğmadır, amma mütəmadi olaraq əsərlərinizə baxdıqca bir qıcıq oyanmır beyninizdə?

- Ümumiyyətlə, hansı rəssamın emalatxanasına daxil olsanız görəcəksiniz ki, əsərlərinin əksəriyyətinin üzünü divara çevirib. Bu həm fikrimizi yayındırmır, həm də onlara olan ilk günkü hisslərimizi qoruyur. Məndə bir cəhət var. Hansısa müştəri gəlib əsərimi alanda ona deyirəm ki, öncə pul ödəmə. Yəni rəsmlə isnişmək üçün bir növ sınaq müddəti verirəm. Aralarında istənilən ünsiyyət olmursa, gətirib, geri qaytarır.

- Bəs bu hal sizi ruhdan salmır?

- Təbii ki, salır. Mən əksini desəm də, inanmayacaqsınız, amma bilirsiniz, məkanınızı, evinizi bəzəyən rəsmlər bilavasitə əhvalınıza təsir edir. Siz ondan mənfi enerji alacaqsınızsa, niyə bir-birimizə qarşı haqsızlıq edək?!

- Deyirlər, yeni başlayan rəssamların çəkdiklərini 3-4 nəfər anlayır. Ən məşhurların yaratdıqlarını isə lap az adam başa düşür. Bu gün dünyanın dörd bir yanında sərgiləri təşkil olunan Vüqar Muradov öz tamaşaçısına xüsusi bir mesaj verir, yoxsa yox?

- Bu an, məqam məsələsidir. Əsərlərimi məna yükü ilə ağırlaşdırmağı sevmirəm. Həmin an nə hiss etmişəmsə, odur. Yəni tutaq ki, hansısa əsərimdə alma təsviri vermişəm. Hər kəs bir cür yoza bilər. Ümumiyyətlə, rəssamlığı janrlara bölməyi də sevmirəm. Hər bir rəssam özünə görə individualdır, fərqlidir.

- Tarixdən sevib, pərəstiş etdiyimiz rəssamların çoxu içkiyə, hətta narkotik vasitələrə meyilli olublar. Hətta Salvador Dali deyirdi ki, mən narkotik qəbul etmirəm, çünki özüm narkotikəm. Siz nə düşünürsünüz bu haqda? Rəssam içkili halda gözəl əsərlər yarada bilər?

- Mən buna qətiyyən inanmıram. Bəlkə də onların damarları genişlənəndə zehinləri daha aydın çalışır, bilmirəm (Gülürük).

- Bəs siz hansı əhvalda olmalısınız ki, əsərləriniz ərsəyə gəlsin?

- İçkiyə çox da meylli adam deyiləm. Amma yeri gələndə təbii ki, içirəm. Buna baxmayaraq, indiyədək içkili halda heç vaxt fırçaya yaxın durmamışam. Olubsa belə zehni fəaliyyət tələb etməyən texniki düzəlişlər etmişəm. Doğrudur, bu halda hansısa bir rəng beynimizi, hisslərimizi qıcıqlandıra bilər. Amma durum içkili halda palitradan rəng alım, bəlli bir ideya ortaya qoyum, xeyr… Əhvalımı gözləmədən əsasən hər gün çalışıram. Ümumiyyətlə, rəssam formada olmalıdır. Sualınıza isə belə cavab verə bilərəm. Kədərdən doğulmayan əsərlər ruhumuza yaxın olmur.

- Rəssam rənglərdən istifadə edərək, hisslərini çəkir. Daxili aləminizin ən parlaq rəngi hansıdır?

- Bu suala necə cavab verəcəyimi bilmirəm, amma özüm də hiss etmişəm ki, yaşıl və sarı mənə yaxın rənglərdir. Bu yaxınlarda bir gənc ətriyyatçı ilə tanış oldum. Soruşdu ki, hansı rəngi sevirsən? Dedim, yaşıl çox çəkir məni. Sonra parfüm zövqümlə maraqlandı. Bildirdim ki, qlamur insan deyiləm, amma üstünlük verdiyim ətir var. O ətrin qoxusunda isə meşə, ağac təravəti var. İndi ola bilsin mən geniş analiz verə bilməyim, amma yaşıl rənglə meşə ətri bir-birinə çox yaxındır və qəribə vəhdət təşkil edir.

- Çox maraqlıdır.

- İndi biz bunun mahiyyətini, elmini bilmirik, amma zövqümüzü də xarakterimiz formalaşdırır.

- Madam ki, xarakterdən danışdıq, özünüzə necə xarakteristika verərdiniz?

- Yaradıcı insan mütləq müxalif olmalıdır. Axına qarşı, cəmiyyətə qarşı… Yoxsa yaratmağın da anlamı qalmır. Zamanımın çoxunu emalatxanamda tək keçirdiyim üçün ünsiyyətcil insan da sayılmıram.

- İnsanın rənglərlə ünsiyyətindən gözəl heç nə yoxdur, amma danışmaq aclığı hiss etmsiniz?

- Dostlarım çoxdur. Tez-tez görüşürük də, müxtəlif sərgilərə, tədbirlərə qatılıram. Yəni bu təbii ehtiyacımı bacardığım qədər ödəyirəm.

- Sizinçün sərgiləriniz bayram xarakteri daşıyır, yoxsa məcburiyyətdir?

- Ümumiyyətlə, düşünürəm ki, rəssam öz sərgilərində iştirak etməməlidir. Bu böyük məsuliyyət, həm də həyəcandır. Sabah sizi heç xatırlamayacaq qonaqlar şəkil çəkdirmək üçün növbəyə dururlar, hərə bir tərəfə çəkir. Rəssam gündəmi siması ilə yox, əsərləri ilə zəbt etməlidir.

- Həyatınızda fayda verməyən sonrakı peşmançılıqlarınız çox olub?

- 1998-ci ildə Vaşinqtonda, Dünya Bankının binasında sərgi təşkil olunmuşdu. Mənim əsərlərim də bu sərgidə iştirak edirdi. Sərginin kuratoru isə eyni eyni zamanda Albertino Muzeyinin kuratoru idi. Xanım Meda Mladek… Hazırda 97 yaşı var. Şərq və Avropa İncəsənət Fondunun direktorudur. Həmin vaxt mənə təklif etdi ki, iki əsərimi Albertino Muzeyinə satım. Razılaşmadım. Düşünürəm ki, ən böyük axmaqlığı onda etmişəm (Gülürük).

- Niyə məhz axmaqlıq?

- Çünki Albertino dünyanın ən nüfuzlu muzeylərindəndir. Bu muzeyə nəinki əsər satmaq, hədiyyə etmək də bir rəssam üçün böyük uğur sayılır. Bugünədək yeganə azərbycanlı rəssamam ki, mənə bu təklif olunub və imtina etmişəm. Hətta həmin hadisə ilə bağlı daha bir maraqlı məqam var. Xanım Mladek Bakıya gəlib elə o sərgi üçün 12 rəssamın əsərlərini seçəndə, mən də siyahıya düşürəm. Həmin ərəfədə Amerikanın ən nüfuzlu dövlət katiblərindən biri, əslən polşalı Zbiqnev Bjezinski və heykəltaraş xanımı Emiliya Bjezinski də Azərbaycana səfər edirlər. Heydər Əliyevlə rəsmi görüşdən sonra xanım Bjezinski tərcüməçiyə bildirir ki, Vüqar Muradov adlı rəssamla görüşmək istəyirəm. Məlum olur ki, o, Meda Mladeklə yaxın rəfiqədir. İşlərimi də xanım Mladekin kataloqunda görüb. Hər iki xanım, üstəlik ABŞ-ın Azərbaycandakı səfirinin həyat yoldaşı mənim görüşümə gəldilər. Hətta Emiliya Bjezinski bir neçə rəsmlərimi almaq istədi. Mənsə əl işlərimi satmadığımı bildirdim. Dedilər, onda sərgidən sonra satarsan əsərlərini. Belə də oldu, Vaşınqtondakı sərgidən sonra bir çox əsərim satıldı. Hətta Bjezinskilər ailəsinin evində ziyafətə də dəvət aldım.

- Bildiyim qədərilə Fransada adaşınız var?

- 2000-ci ildə iki fransız senatoru Ambrua Düponla Jan Boye Azərbaycana səfər edirlər, və qərara gəlirlər ki, mənim də emalatxanama baş çəksinlər. Gəldilər, bütün işlərimlə tanış oldular və çox bəyəndilər. Ölkələrinə dönəndən bir müddət sonra öyrəndim ki, Düpon öz cıdır atına mənim adımı verib. Səbəbini soruşanda cavab verdilər ki, əslində bu böyük şərəfdir. Çünki at zəhmət, mərdlik rəmzidir. Senator da məndən ilhamlanıb, adımı öz atına qoyub.

- Vüqar Muradovun həyatını bəzəyən qadın kimdir?

- Həyat yoldaşım. Bilirsiniz, mən 45 yaşımda evlənmişəm. Bu bizim cəmiyyət üçün gec sayıla bilər, amma düşünürəm ki, belə ciddi addım atmaqdan ötrü ideal yaşdır.

- Mən də elə düşünürəm. Bəs tanışlığınız filmlərdəki kimi romantik olub?

- Biz 21 il öncə, rayonların birində istirahət edən zaman tanış olmuşduq. Aramızda mehriban ünsiyyət yarandı. Mən onların ailəvi fotoşəkillərini çəkdim. Amma sonra əlaqəni itirdik. Düz 21 il sonra yenidən təsadüfən görüşdük. Danışdıq, görüşdük, məlum oldu ki, hər ikimizin həyatında bu zamanadək ciddi münasibət olmayıb. 5 il öncə evlənmişik. İndi bir qızımız var. Yeganə narahatlığım gələcəkdə qızımla kifayət qədər zaman keçirə bilməməkdəndir. Başqa hər şeydən məmunam. Ailəmi də, peşəmi də çox sevirəm.

Leyla Sarabi,

Fotolar: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm