"Burnunu kəsdirib evdə üstünə bişmiş yumurta qoyur ki..." - Vaqif Qələndərlidən ÖNƏMLİ AÇIQLAMALAR
Bizi izləyin

Xüsusi

"Burnunu kəsdirib evdə üstünə bişmiş yumurta qoyur ki..." - Vaqif Qələndərlidən ÖNƏMLİ AÇIQLAMALAR

Son vaxtlar insanlar arasında plastik əməliyyatlara maraq artıb. Xüsusilə də rinoplastikaya müraciət edən insanlar həkim qəbullarında növbəyə düzülüblər. Hansı həkimdən soruşursan, ayın bütün günlərində əməliyyatı olduğunu deyir. Bəs zərurət olmadıqda belə həkimə müraciət edərək, çətin plastik cərrahi prosedurlara gedən insanlar sağlamlıqlarını düşünürmü? Uğursuz əməliyyatlara səbəb nələrdir? Hansı yaşda, hansı mövsümdə burun əməliyyatı etdirmək daha uğurlu nəticə verər?

Publika.az-ın suallarını Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli cavablandırıb:

I HİSSƏ

- Plastik əməliyyatlar dedikdə hansı prosedurlar nəzərdə tutulur?

- İnsanlar bəzən plastik əməliyyat dedikdə, yalnız rinoplastika prosesdurunu (burun əməliyyatı) nəzərdə tutur. Lakin bu belə deyil. Tibbdə 6800-dən çox müxtəlif plastik əməliyyat növləri var. Bunlar özü də 3 yerə bölünür: Rekonstruktiv plastik cərrahiyyə (toxumaların zədələnməsi, əzaların bir hissəsi qoparsa, sinir zədələnmələri və s. bərpası), estetik cərrahiyyə (plastik əməliyyatların yalnız 25 faizini təşkil edir və burun əməliyyatı, üzün dartılması, piylərin götürülməsi və s. proseslər), mikrocərrahiyyə. Bütün bunlar ümumilikdə plastik əməliyyatları təşkil edir.

- Burun əməliyyatı üçün müəyyən bir yaş həddi varmı?

- Bütün əməliyyatlarda olduğu kimi burun əməliyyatlarında da, yaş həddi həm mövcuddur, həm də yox. Bu onunla izah olunur ki, bəzən anadangəlmə qüsurlar olur ki, normal həyat tərzinə qayıtmaq üçün bu qüsurlar dərhal aradan götürülməlidir. Ona görə də, mütləq cərrahi prosedur keçirilir. İstər burunda, istər dodaqlarda, üz nahiyyəsində və bədənin istənilən yerində olan qüsurlar zərurət yarandığı təqdirdə yaş məhdudiyyəti olmadan aradan qaldırıla bilər. Amma zərurət yoxdursa, bu sadəcə diskomfort yaradacaq problemdirsə, sümük və qığırdaqların vəziyyəti ilə əlaqədar olaraq xanımlara ayrı, bəylərə ayrı yaş həddi təyin edilir. Normalda 20 yaşdan yuxarı nəzərdə tutulsa da, hər bir orqanizmin özünəməxsus xüsusiyyətləri və inkişaf tempi olduğu üçün konkret yaş demək olmur. Bəzən elə olur ki, 18-20 yaşındakı xanımların sümükləri və qığırdaqları zəif inkişaf etdiyi üçün o yaş həddi də nisbi sayılır. Ona görə də təkcə yaş həddini deyil, həm də fizioloji xüsusiyyətləri nəzərə almaq lazımdır.

- Qadınlar hər zaman formada qalmaq, gözəl və qüsursuz görünmək üçün müxtəlif vasitələrə əl atıblar. Bu istiqamətdə sizə ən çox hansı problemlərlə müraciət edirlər?

- Bilirisiz, xanımlar hər zaman diqqət mərkəzində olmağı sevirlər. Onların gözəl, baxımlı olması biz kişilərin də xoşuna gəlir, elə deyilmi? (Gülür) Onu qeyd etməliyəm ki, təbiiliyi qorumaq şərtilə plastik əməliyyatların insan orqanizminə zərəri yoxdur. Plastik cərrahiyyədə ən önəmli bir məqam mütəxəssis pasient münasibətinin doğru formalaşmasıdır, qarşılıqlı olaraq fikirləri düzgün anlamaqdır. Bu cəhət ümumilikdə hər iki tərəfin icra etdiyi estetik əməliyyatın nəticəsinə müsbət təsir edərək, yekunda pasiyentin məmnunluğuna gətirib çıxarır. Maddi vəziyyətə görə sağlamlığını riskə atıb, bıçaq altına yatan insanlar var. Bu düzgün deyil. Həkimləri seçərkən diqqətli olmaq lazımdır ki, uğursuz prosedurlar keçirib məyus olmayasan.

- Həkim, yaxşı məqama toxunduz. Uğursuz prosedurların nəticələrini çox vaxt xəstələrin təlimatlara düzgün riayət etməməsi ilə əlaqələndirirlər. Bəs burada həkimin rolu nə qədərdir?

- Əlbəttə, var. Ortada uğursuz prosedur varsa, bunun məsuliyyətinin 60 faizi həkimin, 40 faizi xəstənin üzərinə düşür. Plastik cərrahiyyə elə bir sahədir ki, onun üçün ayrıca təhsil almalısan. Bu tam ayrı bir ixtisasdır desəm, yanılmaram. Universiteti bitirdikdən sonra bu sahənin incəliklərini öyrənmək üçün 4-5 il ayrıca təhsil almalısan ki, plastik cərrah olasan. Baxın, ümumi cərrahlar plastik cərrahiyyənin bir qolu ilə məşğul olur, burun-boğaz həkimi bir başqa qolu ilə məşğul olur və s. Yaxud da elə olur ki, heç bir tibbi savadı olmayan bir şəxs 6 ay kurs keçməklə xüsusilə gözəllik salonlarında xanımlara kosmetoloji xidmətlər təklif edirlər. Tərkibi məlum olmayan gellər vasitəsilə burun çəpəri əyriliyinin xaricdən görünüşünü dəyişirlər, dodaq dolğusu, üzün dartılması və s. prosedurlar həyata keçirirlər. Təbii ki, tibbi savadı olmayan bir şəxsin insanların sağlamlığı ilə oynaması cinayətdir. Dəfələrlə yanıma bu cür özlərini “həkim” adlandıran şəxslərin uğursuz prosedurlarından əziyyət çəkən pasiyentlər gəlib. Mən onlara yardım etmişəm. Amma gərək xəstə özü də sağlamlığının qədrini bilsin və seçdiyi həkim haqqında müəyyən qədər araşdırma aparsın.

- Son vaxtlar plastik cərrahiyyəyə üz tutan insanların sayında artım müşahidə edilir. Bəs bu nədən irəli gəlir?

- Bilirsiz, bu gün dünya ölkələri ilə yanaşı, Azərbaycanda da plastik əməliyyatların metodikası sadələşib. Əməliyyatların müddəti də azalıb. Ən son texnoloji avadanlıqlarla pasiyentlərə əməliyyatdan sonrakı modeli təqdim edə bilirik. Əvvəllər xəstələr nəticəni görə bilmirdilər və əməliyyat sonrası narazılıq edirdilər. Bu hallarla çox rastlaşırdıq. Lakin, artıq pasiyentin üz quruluşuna uyğun olan hazır model ona göstərilir və daha sonra prosedur həyata keçirilir. Təbii ki, əməliyyatdan minimum 6 ay, 1 il keçməlidir ki, toxumalar öz formasını alsın. Bəzən pasiyentlər tələsir, dərhal narazılıq edirlər. Onlara izah edirik ki, bu prosedur individualdır. Heç vaxt bir insanda olan burun olduğu kimi digərinə kopyalana bilməz.

- Olubmu nəticəni bəyənməyib ödənişi geri istəsinlər?

- Əlbəttə, belə hallar çox olur (gülür). Məndə olmayıb, ancaq yoldaşlardan eşidirəm. Bu zaman sadəcə psixoloji cəhətdən pasiyentlə söhbət etmək, ona yeni görünüşünə uyğunlaşa bilmək üçün vaxt vermək lazımdır.

- Rinoplastika üçün əməliyyatdan qabaq hansı analizlər, yoxlamalar vacibdir?

- Çox doğru vurğuladınız. Bəzən pasiyentlər 3-6 ay əvvəlki analizləri ilə gəlirlər ki, hər şey yaxşıdı, bizi əməliyyat edin. Belə olmaz. Əməliyyatdan bir gün qabaq və ya həmən gün tezdən ac qarına gələrək ümumi analizlər verməlidir. Kordiololoji, rentgen müayinədən keçməlidir. Heç bir problem aşkarlanmazsa, biz o pasiyentləri əməliyyata götürürük.

- Bəzən əməliyyatdan sonra pasiyentlər burunun əyilməsindən, nəfəs alarkən qəribə qoxular gəldiyindən şikayət edirlər. Bəs bu nədən qaynaqlanır?

- Baxın, bir insanda toxuma inkişafı sürətlidir, digərində nisbətən ləngdir. İnsanlar əməliyyatdan çıxan kimi normal həyat tərzinə qayıtmaq istəyirlər. Bir az səbrli olmaq, prosedurun qaydalarına uyğun davranmaq lazımdır. Xəstə var ki, əməliyyatdan sonra həkimlə məsləhət etmədən uzaq yola çıxır və ya hər hansı prosedur keçirir. Məsələn, evdə, dostlar arasında kimsə deyir ki, yumurta bişir, qoy burnunun üstünə şişi çəkilsin. Ay balam, bu yumurta ilə gedən bir şey deyil axı. Allergiyası olan adamın orqanizmi o dəqiqə reaksiya verir və bu da daha bir problem yaradır. Sonra da deyirlər ki, həkim elədi (Gülür).

- Rinoplastikadan nə qədər sonra xəstənin burnu öz formasını alır və o, adi həyat rejiminə qayıda bilər?

- Əməliyyatdan sonra bir gün xəstəxanada qalır. Sabahı gün isə evə buraxılır və 7-10 gündən sonra öz əvvəlki işinə başlayır. Bəzən deyirlər ki, xəstəyə 2-3 həftə ağır şey qaldırmaq olmaz. Amma belə deyil, evə gedəndən sonra 2-3 kiloqramlıq ev əşyalarını götürmək olar, təxminən 10 gün sonra isə insan tamamilə rahat şəkildə həyat tərzinə davam edə bilər. Burunun tam formalaşması isə bayaq da dediyim kimi 1 ilə qədər vaxt alır. Orqanizmdən asılı olaraq bu müddət arta və azala bilir. Amma dediyim formalaşma mikroskopik formalaşmadır. Mikroskopik deyəndə, daxildə olan qığırdaqların biri-birinə tam birləşməsini nəzərdə tuturam. Bu da, gözlə görünən proses deyil. Bu müddət ərzində xüsusi qida rasionu tərtib edilir. Yaxşı olar ki, sulu yeməklərə üstünlük verilsin ki, çeynəmə zamanı üst çənə çox hərəkətdə olmasın.

- Deyirlər ki, burun əməliyyatları yay aylarına təsadüf edəndə qanamalar çox olur, qış aylarında isə soyuqdan şişkinlik artıq. Bəs hansı fəsil bu əməliyyat üçün daha uyğundur?

- Bunu çox eşidirəm. Elə bir məqam yoxdur. Bu insandan asılıdır. Sağlam insan da günün altında normadan artıq dayansa, şüalardan burnunda qanama başlaya bilər. Bu o demək deyil ki, bu sırf əməliyyatla bağlıdır. Gözəllik qurban tələb edir. Bir balaca həkim məsləhətlərinə riayət etmək lazımdır. Rinoplastika istənilən mövsümdə icra oluna bilər. Sadəcə hər mövsümə uyğun olaraq həkimin spesifik məsləhətlərinə əməl etmək lazımdır. Məsələn, yay aylarında günəşin altında gəzməməli, qışda isə özünü soyuqdan gözləməlidir. Ümumiyyətlə isə hansı dövrdə aparılmağından asılı olmayaraq, əməliyyatdan sonrakı bir ay ərzində günəşdən qorunmalıdır. Çünki günəş şüaları burun dərisində rəng fərqləri yarada bilər. Və ya yay mövsümündə istiyə dözə bilməyib, kondisioner altında yatmaq, soyuq su içmək əlbəttə ki, mənfi təsir edəcək. Eləcə də qış mövsümünə təsadüf edən əməliyyatlardan sonra pasiyentlər papaq qoymur, maska taxmırlar, vaxtında həkim yoxlamasına gəlmirlər, müəyyən masaj hərəkətləri var, onları davamlı etmirlər. Bu masaj ətrafdakı şişkinliklərin azalmasına kömək edir. Amma dediyiniz kimi pis qoxunun gəldiyi ilə bağlı şikayət eşitməmişəm.

- Bəs burun içərisində balıqqulaqlarının kəsilməsi doğrudurmu?

- Baxın bu elə bir prosesdir ki, onu tamamilə kəsmək mümkün deyil. Sadəcə olaraq orta burun balıqqulaqlarında çox vaxt böyümələr olur ki, bu da nəfəs alma prosesinə mane olur. Onun da müəyyən hissəsi kəsilib götürüldükdə problem aradan qalxır. Balıqqulaqlarını tam kəsmək olmaz, çünki burun içərisi qurumağa başlayar. Hər kəsdə olan “konxa” və ya burun balıqqulağı adı verilən və burunun hər iki tərəfində yerləşən bu ətlər burun daxilində nəmləndirmə, istilik vermə vəzifəsini təmin edir və alt, orta və üst balıqqulaqları şəklində adlandırılırlar.

- Son günlərin ən aktual mövzularından birinə cavab verməyinizi istərdim. Necə düşünürsüz, burun estetikasını qulaq-burun-boğaz cərrahları, yoxsa plastik cərrahlar etməlidir?

- Rinoplastikanı həm LOR, həm də plastik cərrahlar icra edə bilər. Əsas tələb olunan amil bu əməliyyatı icra edəcək cərrahın burundaxili orqanlara və onların patalogiyalarına (burun çəpər əyriliyi, haymorit, konxa patalogiyaları və s.) lazımi qədər hakim olması və ehtiyac yarandığında bu əməliyyatları eyni anda icra edə bilməsidir. Bizə estetik əməliyyat üçün müraciət edən pasientlərin böyük əksəriyyətində nəfəsalma, haymorit, burun axıntısı problemləri də olduğu üçün düşünürəm ki, burunun estetik əməliyyatlarını LOR cərrahların icra etməsi daha məqsədəuyğundur.

- Bildiyimiz qədər bu əməliyyat bir neçə üsulla aparılır. Siz daha çox hansı üsula üstünlük verirsiniz?

- Rinoplastika əməliyyatı açıq və qapalı olmaqla 2 üsulla həyata keçirilə bilər. Qapalı üsulda nisbətən az problemi olan burunları əməliyyat etmək daha məqsədəuyğundur. Biz öz praktikamızda açıq üsulla əməliyyata daha çox üstünlük veririk. Mənim istifadə etdiyim metodika Amerikada da tətbiq edilməyə başlayıb. Ötən illərdə Amerikada cərrahlar arasında keçirilən konfransda mənim gerçəkləşdiriyim əməliyyatlardan biri nümunə olaraq təqdim edildi. Bunun üstünlüyü ondan ibarətdir ki, burunda olan ən kiçik qüsurları belə gözlə görüb aradan qaldırmaq mümkündür. Burunların formasından asılı olaraq, incə və qalın dərili burunlara müdaxilə etmək də , nəticələri də fərqli olur. Əvvəllər uğursuz əməliyyat keçirmiş xəstələrdə də açıq üsulla əməliyyat icra etmək arzuolunan nəticəni əldə etməyə imkan verir.

- Haymoritdən əziyyət çəkən xəstələr burun əməliyyatı keçirə bilərmi?

- Tək dediyiniz problem deyil, hər hansı bir mane olacaq vəziyyət aşkarlandığında əvvəlcə onu müalicə edirik. Daha sonra əməliyyata hazırlıq proseduru yenidən təkrarlanır, bütün analizlər, yoxlamalar və s. Problem aradan qalxırsa, vəziyyətə uyğun şəkildə istiqamət götürmək olar.

(Müsahibənin davamını BURADAN oxuya bilərsiniz)

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm