Yazarlarımız İbrahimbəyov haqqında: Satqın, "sovet mollası", gizli erməni... - RƏYLƏR
Bizi izləyin

Xüsusi

Yazarlarımız İbrahimbəyov haqqında: Satqın, "sovet mollası", gizli erməni... - RƏYLƏR

Son günlər Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

Publika.az xəbər verir ki, 2015-ci ildə lentə alınan filmin rejissoru gürcü əsilli Eldar Şengelaya və Fuad İbrahimovdur.

Dağlıq Qarabağ mövzusunun adı belə keçməyən filmdə erməni xalqı azərbaycanlılar müqayisədə vəhşi, qəddar, qorxaq obrazında təqdim edilib. Bunun əksinə, ermənilər ziyalı, mərhəmətli şəxslər kimi qələmə verilib. “Milli Şura”nın fəal üzvlərindən biri kimi vaxtilə prezidentliyə namizədliyini irəli sürən Rüstəm İbrahimbəyovun öz xalqına bu cür münasibət bəsləməsi və bunun fonunda Ermənistanla Azərbaycanı alçaq formada müqayisəyə qoyması, filmdə özünü yeganə “yaxşı azərbaycanlı” kimi təqdim etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı müasir ədəbiyyatın və düşüncənin bəzi öndə gedən nümayəndələrinin fikirlərini öyrəndik.

Şair-publisist Murad Köhnəqala Rüstəm İbrahimbəyovun bu əsərini milli satqınlıq nümunəsi hesab edir:

“Bir zamanlar arxasında Rusiya milyarderləri dayanan Milli Şura təsis olunanda düşünürdüm ki, Rüstəm İbrahimbəyov da, artıq, bəzi QHT-çilərimiz kimi iri qrantların sifarişi altında fəaliyyət göstərməyə başlayıb. Məşhur rejissorun həmin vaxtlar siyasi motivlərlə ora-bura tullanması karikatura təsiri bağışlayırdı. Onun hazırda sözügedən "Qafqaz üçlüyü" adlı filmi isə milli satqınlıqdan başqa bir şey deyil. Görünür, bu proyektə ayrılan düşmən pulları rejissorun milli heysiyyatını, ədalət hissini və vicdanını rahatlıqla satın ala bilib”.

Yazıçı-publisist Həmid Herisçi isə qeyd etdi ki, siyasətçilərin həll etmədiklərini, bacarmadıqlarını yazarların boynuna yükləmək, yanlış məsələdir:

“Təəssüf ki, yazarlar sadəlövhcəsinə buna inanır, siyasətçilərin uduzduqları mövzularda uğurlu olacaqlarını sanırlar.

Orxan Pamuk, misal üçün, erməni-türk, türk-kürd qarşıdurmasından danışıb. Ancaq öz bədii fırçasında elə qüdrət tapmayıb ki, mövzunu həll etsin. Elə deklarativ şəkildə elan edib ki, bəs guya türklərin erməni, kürd qarşısında günahı var. Bəs guya türklər gərək bu cinayəti boyunlarına alsınlar.

Orxan Pamuk, Rüstəm İbrahimbəyov kimilər gərək bilsinlər ki, yazar bu cür sualların qısa cavabını deyil, uzun cavabını verir bir növ. Yəni bu suallara bir roman həcmində, yaxud uğurlu hekayə janrında cavab verir. Ədəbiyyatda qısa yox, uzun cavablar mümkündür. Qəbulediləndir.

Bir də, Rüstəm İbrahimbəyov təkcə elə yazar-filan deyil ki. Həm də Milli Şuranın fəalıdır. Deyirəm, yaxşı ki, yazar öz siyasi karyerasında ciddi bir uğur qazanmadı. Yoxsa, “Qafqaz üçlüyü” filmindəki təcrübəsini siyasətdə təkrarlar, təslimçi sənədlərə çəkinmədən qol çəkərdi.

Siyasiləşmiş yazarlara inanaraq öz daxilinizdə, tarixinizdə “daş yuxular” axtarmayın. Tapıb natamamlıq kompleksinə qapılmayın. Daş yuxulardan ayılmağın mən də tərəfdarıyam. Ancaq inanmıram bu cür yuxulardan ayılmaq daxilmizdə cəllad, killer aşkarlamaqla nəticələnəcək.

Bakıya qayıdan erməni taleyi, istərdim məhz erməni yazarının qələmindən süzülsün. Bu tale bizlik deyil. Onu qoy ermənilər qələmə alsınlar. Biz Qarabağa qayıdanlardan danışmalı, yazmalıyıq.

Bəzi yazarlarımız, öz daxillərində ermənini çox asan şəkildə aşkarlayırlar. Bircə dəfə erməni mövzusuna müraciət etsinlər, bəsləridir. Daxillərində o dəqiqə bir erməni canlanır. Başlayır Rüstəm İbrahimbəyov kimi yazarlarımıza nəsə diktə etməyə. Deyir məndən yaz. Xalqına tüpür.

Filmdə belələrini xatırladanlar az deyil. Elə biri həkim erməninin Bakıda qalmış aktyor övladı. O, erməni olsa da, sənədlərdə azərbaycanlıdır. Rüstəm film boyu çox çalışır daxilimizdəki bu gizli ermənini diriltsin. Müvəffəq olmur buna.

Məncə, erməni-Azərbaycan münaqişəsinin bədii həlli Rüstəmlik deyil. Buna ancaq bir yazarımız - Sabir Əhmədli “Ömür urası” əsərində nail olub. Mövzu gözəldi: müharibə bitib, işğal edilmiş ərazilər boşaldılıb. Müəllifi xatırladan bir kənd müəllimi “Bakı-İncevan” qatarında silkələnə-silkələnə bu doğma ünvana doğru irəliləyir.

Sabir Qarabağ düyününün həllini siyasətçilərə etibar etmədi. Bədii qələminin qüdrəti ilə işğal olunmuş ərazilərimizə daxil oldu. Bu əraziləri qələmi ilə düşməndən azad etdi. Ürəyində arzusu vardı: həyətdə üstündə oturub fikirlərə dalmağa rahat bir kətil olsun. Ermənilər müəllimin bu arzusunu sanki eşidiblər. Həyətdəki bütün cevizləri mişarlayıblar. Kötükləri həyətdə kətil kimi qaralır.

Sabir bu kətillərin biri üstə oturub öz taleyi barədə dərin duyğulara qapılır.

Əsər bax budur.

Oxşar mənzərələri nə Orxanda, nə də Rüstəmdə tapa bilərsiz.

Bu “Bakı-İncevan” qatarının Yerevanadək getmək imkanı var. Ancaq heyif ki, bu qatarın sərnişinləri arasında mən Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli kimi yazarlarımızı görmürəm”.

Şair-publisist Aqşin Yenisey bildirdi ki, filmə baxmayıb, ancaq Ayaz Salayevin məqaləsindən oxuduqlarından belə nəticəyə gəlib ki, Rüstəm İbrahimbəyov bizi aldığı qonorar qarşılığında aşağılamağa razı olub:

“Yəni pulunu alıb, sovet təlimi görmüş bir yazıçı kimi zatını danıb. Eyni məbləği azərbaycanlılar versəydilər, ermənilərin, yaxud gürcülərin xain əli ilə filmdə özümüzü quyuya itələyərdi. Bu adamlar qarşılıqsız sevə bilmirlər, bazar adamlarıdırlar. Sovet ziyalı kultu milli duyğuların təhqiri üzərində yaradılmış bir kultdur. Bu adamlar öz bəy nəsillərinə xəyanət edib sovet rəncbərliyini qəbul etdikləri üçün indiyədək sağ qalıblar, bəylərə xas imtiyazlar əldə ediblər. Öz nəslinə, kökünə Lenin mükafatı almaq üçün xəyanət edən adamlardan nə gözləmək olar ki? Rüstəm İbrahimbəyov tipli sovet ziyalıları erməni kartından sovet imperiyası dağıldıqdan sonra dəyərsiz mənəvi ünsürlərə çevrildikləri vətəndən intiqam almaq üçün istifadə edirlər. Milli münaqişələr üzərindən çəkilmiş yüzlərlə film, əsər var, belə əsərlərin yeganə ədəbi, mənəvi dəyəri tərəfsiz olmaları ilə ölçülür, vurğu münaqişənin mənasızlığına qoyulur. "Qafqaz üçlüyü"nə aid əhvalatlar da elə yaradılıb ki, hər xalq oradakı müsbət obrazı öz adına çıxa bilir. Erməni özünü ağıllı azərbaycanlının, azərbaycanlı özünü çoxbilmiş gürcünün yerinə qoya bilir. Bu cür filmlər, əsərlər bir işarədir ki, Azərbaycan dövləti, nəhayət, özünün milli ədəbi-mədəni kultunu yaratmaq haqqında düşünməlidir. "Fəxri xiyaban"da basdırılmayacağını eşidib bütün Azərbaycanı dünyaya erməni qəbiristanlığı kimi göstərən bu "sovet mollaları" ilə vidalaşmaq lazımdır artıq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm