Yaponiya haqqında dəhşətli faktlar - "YOLÇU" (VİDEO/FOTOLAR)
Bizi izləyin

Yolçu

Yaponiya haqqında dəhşətli faktlar - "YOLÇU" (VİDEO/FOTOLAR)

Yaponiya Cənub-Şərqi Asiyanın ən əsrarəngiz, dünyanın isə ən təhlükəsiz ölkələrindən biridir. Gündoğan ölkə son vaxtlar ictimaiyyətin diqqətini daha çox cəlb edir. Bu, nəinki orada kapitalizmin dağılması ilə əlaqədardır, eyni zamanda bu məsələdə yaponların öz ölkəsini turistik bölgə kimi göstərmək bacarığı, həmçinin alimlərinin qeyri-adi kəşfləri böyük rol oynayır. Unikal ənənələri, ləziz mətbəxi və yüksək mədəniyyəti turistə qeyri-adi şərq dünyasına daxil olmağa və boz günləri unutmağa kömək edir.

Beləliklə, Publika.az-ın “Yolçu” layihəsinin bu sayında oxucuları Yaponiyaya vizual səyahətə dəvət edirik.

Odur ki, yolçu yolda, gözlər isə yazıda gərək...

Gündoğan ölkəsi nə deməkdir?

Yaponlar öz ölkələrinə Yaponiya deyil, “Nihon” və ya “Nippon” deyirlər. Bunun mənası “Günəşin yüksəldiyi yer” anlamına gəlir. Sözün ümumi mənası “günəşin mənşəyi” və ya “günəşin doğması” deməkdir. Həm də çinlilərin yanaşmasına görə, günəş Yaponiyada doğur. Buna görə də Yaponiyanı bəzən “Gündoğan ölkə” də deyilir.

Ən sülhsevər, qonaqpərvər, loyal və qanuna tabe olan xalq

Əgər siz ekzotik yerlərə səyahət etməyi sevirsinizsə, onda Yaponiya o ölkələrin siyahısında birinci olmalıdır. Gündoğanlar ölkəsinin qədim mədəniyyəti və müasir həyat tərzi arasında maraqlı ziddiyyətlər, inanılmaz atmosfer hər kəsi özünə heyran edir. Yaponiyanın müəmmalı və zərif şərq dəyərləri, qərb ənənələri, texnoloji innovasiyaları, qədim tarixi abidələri və göydələnləri, dəbdəbəli otelləri, balaca evcikləri ən tələbkar səyyahların belə ürəyincə olacaq. Odur ki, sizin bu ölkəyə getmək şansınız varsa, çox uzun müddət düşünməyə dəyməz.

Yapon xalqı mehriban, nəzakətli və inanılmaz dərəcədə zəhmətkeşdir. Yaponlar hətta ən xırda məsələlərdə gözəllik axtarır və istənilən vəziyyətdə həyatdan zövq almağı bacarırlar. Yaponiya sakinləri qonaqları hərarətlə qarşılayır və onların dilində danışmaq istəyən turistləri görəndə vəcdə gəlirlər. Bu da yapon dilinin qəliz olması ilə bağlıdır. Onlar hesab edirlər ki, yapon dilini öyrənmək mümkünsüzdür.

Yaponiyada cinayətlərin sayı çox aşağıdır. Odur ki, bu meqapolisdə sakit yaşamaq və Tokio küçələrində bütün gecəni heç bir hücum və terror qorxusu olmadan rahatlıqla gəzmək mümkündür. Yaponlar kənd yerlərində evlərinin qapısını bağlamır, maşının açarları isə içəridə qalır.

Naqasaki və Xirosima

Aparılan tədqiqatların nəticələrinə görə, yaponların planetin ən sülhsevər sakinlərindən biridir. Yaponiya yeganə ölkədir ki, ərazisində nüvə silahı tətbiq edilib və bu vəhşiliyin nəticəsində Naqasaki və Xirosima şəhərlərinin dinc sakinlərinin demək olar ki, hamısı məhv olub. Bu hadisədən sonra Yaponiya rəsmi olaraq heç bir ölkə ilə müharibə elan etmək istəmədiyini konstitusiyasına daxil edib. Yaponiya silahlı qüvvələrindən ancaq özünü qorumaq lazım gələrsə, istifadə edəcəyini bildirib.

Yaponiyaya gələn hər bir turistin Xirosima tarixi ilə tanış olmaq imkanı var. Atom bombardmanından sonra şəhərin dirçəlməsinə baxmayaraq, faciəli hadisələr şəhərin atmosferində dərin iz buraxıb. Siz Xatirə parkı ilə yanaşı, eyni adlı muzeydə o hadisələrə həsr edilmiş fotolar, abidələr, mərasim zəngi və “Dünyanın alovu”-nu görə bilərsiniz. Parkda partlayışdan sonra dağılmayan və yarımdağılmış azsaylı binaları, həmçinin Qembaku Günbəzini ziyarət etməmək bağışlanmaz günah olardı.

Tarixi abidələr

Yaponiya dünya şöhrətli unikal memarlıq abidələri ilə də cəlb edir. Kioto şəhərində Qızıl Məbəd, İmperator Sarayı, Böyük Budda məbədi və digər tarixi abidələri ziyarət edə bilərsiniz. Onu da qeyd etməliyik ki, Tokioda çoxsaylı sənaye nəhəngləri arasında 2 minə yaxın məbəd yerləşir.

100 mindən çox festival

Yaponiya həm də festivallar ölkəsidir, hesablamalara görə, bu ölkədə hər il təxminən 100.000-dən çox festival təşkil olunur. Bu, o deməkdir ki, siz Yaponiyaya gedəndə həmişə hansısa festivallarda iştirak etmək şansınız var.

Uşaqlar üçün əyləncə dünyası

Yaponiya yüksək yaşayış normasına, həmçinin körpə ölümünün ən az müşahidə olunduğu 3-cü ölkədir. Təsadüfi deyil ki, yapon xalqı uşaqların doyunca əylənə bilməsi üçün hər cürə şərait yaradır. Məsələn, "Disney-si", "Disneylend", "Universal Studio” kimi dünyanın ən yaxşı əyləncə parkları Yaponiyadadır. Uşaqlardan söz düşmüşkən, onu da vurğulayaq ki, Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Buna görə də valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün narahatlıq keçirmirlər.

Suşi dünyası

Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gələ bilərsiniz. Və heç nə yaxşı hazırlanmış suşi rolları və tofu qədər Yaponiya barədə gözəl təəssürat yarada bilməz... Əgər siz də mənim kimi suşi pərəstişkarısınızsa, onda siz yapon mətbəxindən böyük zövq alacaqsınız! Yapon mətbəxinin ən məşhur yeməyi – suşi indi dünyanın istənilən ölkəsində təklif edilsə də, onların heç biri yaponların əllərindən hazılanmış qədər ləziz ola bilməz. Yeri gəlmişkən, Yaponiya mətbəxinin bütün gözəlliyi dəniz məhsulları ilə bitmir. Oraya gedən turistlərin çoxu qastronomiya turlarında iştirak edə bilər. Qeyd etmək lazımdır ki, yaponlar yemək zamanı yeməyin dadından, görünüşündən danışmağı sevir. Siz yemək vaxtı bir dəfə də olsa, “dadlıdır” sözünü deməsəniz, onlar sizi mədəniyyətsiz insan hesab edəcəklər. Bundan əlavə, yeməklərdə istifadə etdikləri “Chopstick” yəni, taxta çubuqlar ildə 24 milyard cüt istehsal olunur.

Qeyri-adi dadlar

Şimali Amerika və Yaponiya mətbəxini müqayisə etsəniz, onda siz böyük fərqlər taparsınız. Yaponlar yemək baxımından, bəlkə də, ən qəribə dadları ilə öyünmək haqqına sahibdir. Götürək, elə dondurmanı. Əgər siz qeyri-adi dondurmalar dadmaq istəyirsinizsə, onda Yaponiyaya getmək lazımdır. Məsələn, indi böyük məmnuniyyətlə yeyilən qəhvəli və peçenyeli dondurmalar bir vaxtlar qeyri-ənənəvi dad sayılırdı. İndi isə günün 24 saatı açıq olan yapon mağazalarından tərkibində at əti, toyuq, pivə, kaktus və kerri krabı, dəniz ilbizi və s. bu kimi qəribə dadlar olan dondurma ala bilərsiniz. Əgər bu dadların heç biri sizi qane etmirsə, onda özünüzə adi “Kit-kat” şokoladı alın.

Mədəniyyəti

Bu, yəqin ki, insanların əksəriyyətinin Yaponiyaya səfər etmək istəyinin əsas səbəbidir. Yapon mədəniyyəti öz əzəməti ilə həqiqətən təsirlidir. Bu əfsanəvi torpaq özündə zəngin mədəniyyəti birləşdirir, gözəl mənzərələr və yapon xalqının sivilizasiyanı inkişaf etdirmək cəhdləri isə bütün dünyanı heyrətləndirir. Ümumiyyətlə, bu ölkə öz mahiyyətinə görə, unikaldır və buraya gəlmək üçün hər kəs minlərlə səbəblər tapa bilər.

Müdriklər ölkəsi

Yaponiya bütün dünyada yoqa və meditasiyaları ilə də məşhurdur. Yaponiyada turistlərə meditasiya turları təklif olunur. Hətta həvəskar səyahətçilərdən bəziləri bir müddət monastırlarda qalır və rahiblərlə səylə eyni meditasiya edir.

Samuraylar

Köhnə Yapon döyüşçülərinə “Samuray” deyilərdi və bunlar Katana adında bir qılıncla vuruşardılar. Yaponlarda Karate, Cüdo, Sumo, Ninjutsu, Kendo, Jujutsu və Aykido kimi döyüşlər bu mədəniyyətin əhəmiyyətli bir parçasıdır. “Samuray” sözü qədim yapon dilindən tərcümədə - “ali mənsəbə məxsus insanlara xidmət”, “sahibinə qulluq” mənasındadır. Samuraylar sahiblərinin həm özünü, həm əmlakını, həm də ərazisini qoruyurdular. Onu da əlavə edim ki, dünya şöhrətli yapon samurayları üçün döyüşçünün meyitini düşmənin ərazisində qoymaq dövlətin bayrağını itirməyə bərabərdir. Hər halda əsgərə və döyüşçüyə bundan dəyərli qiymət verilə bilməz.

Geyşalar

Geyşaların ən məşhur məhəlləsi Yaponiyanın Kioto şəhərində yerləşir. Bu küçələri gəzərkən özünü sanki samuraylar dövrünə düşmüş kimi hiss edəcəksiniz. Yolda siz üzü ağappaq qrim edilmiş, işə - çay evlərinə tələsən geyşalara rast gələcəksiniz. Bu çay evləri kənar şəxslər üçün qapalı dünyadır və oraya giriş çox bahalıdır. Burada geyşalar rəqsləri, mahnıları, oyunlar və müdrik söhbətləri ilə öz qonaqları əyləndirməklə məşğul olur. Lakin “sevgi kahinləri” ilə geyşaları qarışdırmaq lazım deyil. Geyşalar kişilərlə intim münasibətdə olmur.

Sumo döyüşlərini canlı izləmək

Sumo mübarizəsinin mahiyyəti iki kök adam arasında adi döyüş deyil. Sumo güləşçiləri həqiqətən əla inkişaf etmiş əzələlərə malik olur. Yarışların birinə düşmək və belə böyük ölçüləri olan idmançılar canlı izləmək çox maraqlıdır.

Texnologiya

Dünyadakı robotların yarısı Yaponiyadadır. Yaponlar texnologiyanın bir çox sahəsində olduğu kimi robotlar mövzusunda da birincidirlər və ASIMO kimi insana bənzəyən robotlar hazırlamaq üçün gərgin çalışırlar.

Sürətli qatarlar

Maqnit üzərində hərəkət edən qatarların sürəti saatda 500 km-ə çata bilir. Qatarlar heç vaxt gecikmir, orta gecikmə müddətləri yalnız 18 saniyədir. Bu qatarlarda bəzən o qədər adam olur ki, stansiyalarda qapıda qalanları itələmək üçün xüsusi işçilər olur. Qatarın önünə atılaraq intihar edənlərin ailəsinə isə cəza verilir.

Kapsul otellər

Əksər hallarda Yaponiyada otellər böyük və cah-cəlallı deyil. Bu adalar ölkəsinin əhali sayı 126 milyon nəfərdən çoxdur və onun böyük hissəsi şəhərlərdə yaşayır. Tokio, Osaka və İoqoqama kimi şəhərlər əhalinin ən yüksək gur olduğu yerlərdi, bu isə o deməkdir ki, ərazidən daha səmərəli istifadə etmək lazımdır. Yaponlar bu problemi həll etmək üçün kapsul otellər yaradıb. Kapsul otellər ilk dəfə 1979-ci ildə Osakada yaranıb. Lakin onlar qarabasmadan əziyyət çəkən insanlar üçün münasib yer deyil. Ziyarətçiləri burada hündürlüyü və eni bir metr olan otağa göndərirlər. Bu otaqların daxilində Wi-fi, döşək, televizor və kondisioner yerləşir. Bu otaqlar bahalı yerdə gecələmək imkanı və böyük məbləğdə pulları olmayan insanlar üçün münasib yerdir.

“Səni sevirəm” demək qəhrəmanlıqdır

Yapon xalqı vicdanlıdır. Əgər siz haradasa pul kisənizi itirsəniz, yaponlar birmənalı olaraq onu sizə geri qaytaracaq. Tapan şəxs mütləq pul kisənizi “itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək.

Bu ölkənin polis işçiləri rüşvət almırlar. Ciddi qanun pozuntusuna yol vermisinzisə, sizi 30 gün təcridxanada saxlamağa və vəkilinizi yanınıza buraxmamağa ixtiyarları var.

Yaponlar həm də çox utancaq xalqdır. Nə qədər qəribə səslənsə də, yaponlarda “səni sevirəm” sözləri yoxdur. “Səni sevirəm” kəlməsini demək isə onlarda qəhrəmanlıq hesab olunur. Bu sözləri "Sən mənim xoşuma gəlirsən" ifadəsi əvəz edir. Yapon dilində söyüş də yoxdur. Bu dildə ən pis sözlər “dəli” və “axmaq”dır. Yapon dilində üzr istəmək üçün ən az 20 fərqli söz var.

Eksperimentlər muzeyi

Bu muzeydə tullantılara və zibillərə həsr olunmuş sərgilər təşkil olunur. Əgər sizin Tokioda yerləşən bu muzeyə getmək şansınız olsa, onda özünüz üçün yeni aspektlər açmağa və nəcislər haqqında yeni məlumatlar öyrənməyə hazır olun. Karuselləri sevirsinizsə, onda bu yer sizin üçündür. Bu zaman muzeyin əməkdaşları sizə nəcisə bənzər şapka verəcək. Sizə isə onu geyinib unitaza oturmaq və üzü aşağı sürüşmək qalır. Oradan siz müxtəlif növ unitazlara, eləcə də müxtəlif tipli nəcislərə baxa bilərsiniz. Narahat olmayın, orada zəngin heyvan nəcisləri kolleksiyası təqdim olunur. Əmin olun ki, orada sizə dəqiq darıxdırıcı olmayacaq.

İnanılmaz faktlar

Yaponlar delfin əti yeyirlər. Balıq dadı verməyən delfin əti çox dadlıdır. Delfin ətini həm çiy, həm də bişirilmiş (kabab, sup) şəkildə yeyirlər.

Yaponiyada küçələrdə zibil qabları yoxdur. Zibili hər kəs evinə aparır. Yaponlar zibili dörd hissəyə ayırırlar: yandırılmalı, şüşə, yandırılmayan və yenidən emal oluna biləcək zibil.

Yaponlar hamı bir nəfər kimi çox təmizkardır və hər gün çimirlər. Ümumiyyətlə, yaponlarda şəxsi gigiyena birinci yerdə gəlir.

Yapon ailələrində ailədaxili münasibətlər fərqlidir. Qardaş və bacının ünsiyyət qurub danışmaması tam normal hal hesab olunur. Onlar hətta bir birilərinin mobil nömrələrini bilməməsi də adi halıdır.

Yaponlar spirtli içkini az istifadə edirlər. Səbəb isə bir qədəh içəndən sonra yaponların üzlərinin və bədənlərinin qızarmasıdır.

Çox işləməyə öyrəşən yaponlar gündə 15-18 saat fasiləsiz işləyə bildikləri üçün başqa xalqlar onları “qarışqa” adlandırır. Yapon dilində “karoşı” sözü var. Tərcümədə “çox işləməkdən ölüm” deməkdir. Bu diaqnozla Yaponiyada ildə 10000 insan ölür. Yaponlarda məzuniyyət isə cəmi 4 gündür. Onlarda bir ildə 21 günlük istirahət ayıb sayılır. Əvəzində iş yerində mürgüləmək çox normal qəbul edilir. Çünki bu, onlarda çox işləməyin göstəricisi kimi qiymətləndirilir. Gündoğan ölkəsində işə vaxtında gəlmək də adət deyil. İşə yarım saat əvvəl gəlmək lazımdır, gecikmək isə böyük tərbiyəsizlik sayılır.

Yaponlar demək olar ki, evə heç vaxt qonaq çağırmırlar. Dəvət əksər hallarda nəzakət xətrinə və "Vaxtınız olanda bizə də gəlin" şəklində deyilir.

Yaponiyada evlərin və mənzillərin əksəriyyəti soyuq və dar olur.

Qeyd edək ki, Yaponiyanın hər ikinci sakini gözəl rəsm çəkmək qabiliyyətinə və məlahətli səsə malikdir. Bu hal tərbiyə ilə izah olunur - uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı, sonra isə yazmağı və danışmağı öyrədirlər.

Yaponiya adalar ölkəsidir. Bu ölkə 6852 adadan ibarət olsa da, bunların sadəcə 430-unda 127 milyon insan yaşayır. Əhali sayına görə, dünyanın 10-cu ölkəsidir.

Yaponiya dünyanın ən böyük avtomobil istehsalçısıdır. Bu ölkədə içindən şose yolları keçən binalara belə rast gəlmək olar. Küçələrinin isə çoxunun adı yoxdur.

Ölkənin 70% -i dağlarla örtülüdür. Yaponiyanın ən uca zirvəsi Fuci dağında yerləşir. Fuci dağı yaponların ən çox ziyarət etdiyi məkandır.

Burada 400 ildən bəri “Ağlayan Sumo” adında bir yarışma keçirilir. Bu yarışmada Sumo güləşçiləri qucaqlarındakı körpələri ağlatmağa çalışır.

Evlərdə bəslənən heyvan sayı uşaq sayından daha çoxdur. Hətta doğuş faizi o qədər aşağıdır ki, yaşlı insanlar üçün buraxılan bezlərin sayı körpə bezindən daha çoxdur.

Bir çox xəstəxanalarda, restoranların yarısında, bəzi ofislərdə və bütün evlərdə ayaqqabını çıxarmaq lazımdır. Ona görə də corablar həmişə təmiz olmalıdır.

Dünyada uzun həyat dedikdə ilk ağla gələn ölkə Yaponiyadır. Burada 100-dən çox yaşı olan 50000-dən çox insan yaşayır.

Yaponiyada hər il 1500-ə yaxın zəlzələ olur. Sonuncu dəhşətli zəlzələ 2011-ci ildə baş verib.

Yaponiyada vulkanların sayına görə də seçilir. Məsələn, Maharo vulkanının kraterinin ətrafına hasar çəkmək məcburiyyətində qalmışlar. Çünki bu günə qədər 2000-dən çox insan vulkana atılaraq intihara cəhd edib.

Statistikaya görə, Yaponiyada 1 milyondan çox insan otağından heç vaxt çıxmır. Hikikomori deyilən bu fenomen fərdlərin ictimai həyatdan çəkilmələri və həddindən artıq özlərini sosial həyatdan təcrid etmələri deməkdir. 20-44 yaşda olanların əsas ölüm səbəbi isə intihardır.

Kub şəklində qarpızın kəşfi də bu ölkəyə aiddir. Fermerlər daha asan paketlənə bilməsi və daha az yer tutması üçün qarpızı kub şəklində yetişdirir.

Cib telefonlarının 90%-i su keçirməzdir. Çünki gənclər duşda belə cib telefonlarından istifadə edir.

Şagirdlər və müəllimlər siniflərini özləri təmizləyir.

Qərb inanclarının əksinə, yapon xalqı qara pişiyin şans gətirdiyinə inanır.

İsti su qaynaqlarının içinə döyməli insanların girməsinə icazə verilmir.

Cizgi filmlərində istifadə olunan kağızların miqdarı tualet kağızlarından daha çoxdur.

Ölüm cəzaları Yaponiyada hələ də tətbiq edilir.

P.S. Belə çıxır ki, Yaponiyaya ziyarət üçün heç bir problem yoxdur. Onda çamadanları hazırlayıb yola düşürük. Ancaq Misir, Türkiyə, Tailand və s. ölkələrlə müqayisədə Yaponiyaya səfər bir balaca baha olacaq. Hər halda turizm şirkətləri arasında ən münasib turları tapmaq mümkündür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm