Yolçu
Filippinin kəşf edilməmiş torpaqları, piton masajı, sirli dağları haqqında bilmədikləriniz - - FOTO/VİDEO
Filippin minlərlə adası olan ölkədir. Bu, isə o deməkdir ki, Asiya ekzotikası macəra həvəskarları üçün əsl cənnətdir. Adalar ölkəsinə hər il minlərlə dayver, kliffer, xəzinə axtaranlar, konkistador varisləri və sadəcə meqapolisin boz həyatdan yorulan turistlər axın edir. Bu ölkə rahat dincəlmək üçün hər cür şərait var: mağaralar, şəlalələr, laqun və çimərliklər. Ümumiyyətlə, Filippinin gözəlliyi hər kəsi tilsimləyir. Təbiəti, dənizi, yerli sakinləri, havası çox gözəldir və fərqlidir. Füsunkar adalar insanı rahatlaşdırır və qayıtmaq istəmirsən. Ayaqların geri qayıtmaq məcburiyyətində olsa da, bütün fikrin-zikrin, gözün oralarda qalır...
Belə soyuq havada ekzotik Filippinin bənzərsiz təbiəti haqqında danışıb heç kimin əhvalını korlamaq istəməzdim. Lakin gedə bilməsiniz də, gözəllikləri ilə tanış olmağa həqiqətən dəyər.
Beləliklə Publika.az “Yolçu” layihəsinin bu həftəki sayında oxucuları Filippinə virtual səyahətə dəvət edir. Odur ki, xahiş edirik təhlükəsizlik kəmərlərini bağlayasınız. Səyahətimizin qısa, amma əyləncəli olacağını vəd edirik.
Filippin Respublikası Asiyanın cənub-şərqində, Sakit Okeanın qərb hissəsində yerləşən Malay arxipelaqının bir hissəsidir. Ölkə 7100 adadan ibarətdir və onlardan yalnız 860-da məskunlaşma var. Filippinin paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziya və İndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəddir. Əhalinin 43%-i şəhərlərdə yaşayır. Rəsmi dili Filippin dilidir. İspan və ingilis dili də istifadə olunur.
Viza rejimi
İlk növbədə Filippinin ucuz ölkə olduğunu qeyd etmək lazımdır. Bəlkə də minlərlə turistin bu ölkəyə axın etməsinin əsas səbəbi adalardakı ucuzluqdur. Gündə 50-60 dollara krallar kimi yaşamaq olar. Yeganə çətinlik təyyarə bileti ilə bağlıdır. Azərbaycandan paytaxt Manilaya birbaşa uçuş reysi mövcud deyil. Filippinə səfər üçün ən qısa və maliyyə cəhətdən sərfəli Bakı-Dubay (Azal şirkəti), Dubay - Manila (Emirates Airlines şirkəti) və eyni formada geri marşrutdur. Eyni zamanda Tayvan və Honkoqndan da uçmaq olar.
Filippinin giriş məntəqələrində xarici vətəndaşlara viza rəsmiləşdirilməsi Azərbaycan Respublikasının vətəndaşlarına şamil edilmir. Bu səbəbdən ölkəyə səfər etmək niyyətində olan Azərbaycan vətəndaşları Filippinin Türkiyədəki Səfirliyindən viza almalıdır. Viza alınması üçün zəruri sənədlərlə bağlı həmin Səfirliyə müraciət edilməlidir.
Xarici vətəndaşlar Filippindən uçarkən hava limanlarında 550 Peso aeroport vergisi ödəməlidir. Daxili uçuşlar zamanı 100 Peso ödənilir. Xarici ölkə vətəndaşları vizada göstərilmiş müddətdən artıq ölkədə qala bilməz.
Qışda Avropa ölkələrində qar yağarkən Filippində günəş işıq saçır
Ekvatordan aşağıda qalan ölkələrdə iqlim bizim fəsillərlə tamamilə ziddiyyət təşkil edir. Odur ki, adalar ölkəsibə səyahət qışın soyuğundan bezənlər üçün çox maraqlı bir təcrübə ola bilər. Filippin adaları axşam düşənə qədər günəşdə qaralmaq və Sakit okeanda üzmək üçün ən ideal yerdir. Filippinin çimərliklərinin qumu da çox gözəldir.
Rahatlaçdırıcı masaj
Cənub Şərqi Asiya ölkəsinin masajı terapiya təsiri göstərir. Bali və ya İsveç masajı qədər yaxşı olmasa da, olduqca peşəkar masajçılar var. Ən maraqlısı bilirsiniz nədir? 5 dollara 1 saat ərzində masaj etdirirə bilərsiniz. Gündüzlər sahildə və dənizdə yorulan bədən axşamlar masaja həqiqətən ehiyacı duyur. Masaj sayəsində insan özünü yenidən doğulmuş kimi hiss edir. Üstündən də bir stəkan sərin pivə! Bəh-bəh...
Filippində şir ürəyi yeyən insanlara ilan masajı da təklif olunur. Yeni masaj metodu Cebu zooparkında həyata keçirilir. İddialara görə, insanlara sarılan piton əzələləri yumşaldır. Bu müalicə metodunda istifadə edilən piton ilanlarının hər birinin çəkisi 250 kiloqram, uzunluğu isə 5 metrdir. Populyarlıq qazanan bu mesaj üslubuna turistlər tərəfindən böyük tələbat var.
Kəşf edilməmiş torpaqlar
Filippin hələ də tam kəşf edilməyib. Bir çox adaya yol yoxdur. Adalar turistlərə kater və ya mühərriklərlə gəzdirilir, avtomobil istifadə edilmir, polislə əsgər də yoxdur. Texnologiya isə varla-yox kimidir. Bir çox ada isə elektrikdən məhrumdur. Lakin təxmin etmək çətin deyil ki, bir neçə ildən sonra o adalarda da çoxsaylı hotellər tikiləcək, heyvanlar öz yuvalarından didərgin düşəcək... Odur ki, kəşf edilməmiş torpaqları görməyə tələsin.
Qürub aşiqləri
Günəşin dünyada qürub etdiyi ən gözəl ölkələrdən biri də Filippindir. Hər axşam günəş batanda tropik ağacların altında oturub rəngarəng mənzərələrə şahid ola bilərsiniz. Bu gözəlliyi sözlə ifadə etmək çətindir, yəqin ki, foto vəziyyəti yetəri qədər izah edir.
Dadını bilmədiyiniz meyvələr
Bu ölkədə o qədər maraqlı, o qədər ekzotik meyvələr var ki, təbiəti bir tərəfə, sırf bu ləzzəti dadmaq üçün Filippinə gəlməyə dəyər. Manqo, Durian (ayaq iy verdiyi deyilir, amma dadına söz ola bilməz), ananas, marang, kanzones, mangostin, papaya kimi meyvələr həm ləzzətli, həm ucuzdur. Fantastik səslənir, elə deyilmi? Xoşbəxtlik həqiqətdir. Xüsusən xalq bazarlarında meyvələr daha münasib qiymətə satılır. Zahiri görkəmini görüb onları dadmaqdan imtina etməyin, çünki çoxu kənardan çox gözəl görünməsə də, ləzzəti huşunuzu itirməyə səbəb olacaq.
Cənnət ölkənin xoşbəxt sakinləri
Filippinlilərin ən müsbət cəhəti çox gülərüzlü olmalarıdır. Həmişə şəndirlər, problem yarananda belə təbəssümləri üzlərindən əskik olmur. Nədənsə kasıb ölkələrin insanları həyat eşqi və pozitivliyi ilə seçilir. Bunu ölkənin təbiəti ilə izah etmək olar. Axı necə ola bilər ki, cənnət diyarında yaşayan insan aqressiv olsun? Mümkün deyil! Və əminliklə demək olar ki, turistləri bu ölkəyə ikinci dəfə gəlməyə həvəsləndirən başqa bir səbəb yerlilərin mülayim və mehriban rəftarıdır.
Mətbəxi
Filippin mətbəxinin formalaşmasına ölkənin yerləşdiyi coğrafi mövqeyi öz təsirini göstərib. Adanın sahillərini yuyan dənizlər Filippin süfrəsinə su aləminə məxsus nemətləri, xüsusən də tunes və skat balığını gətirir. Asiyanın bütün ölkələrində yetişdirilən düyü burada da önəmli yer tutur. Məşhur xörəklərindən buğda unu və yumurtadan hazırlanan pansit kantonu xüsusi qeyd etmək lazımdır.
Ət müxtəlif üsullarla hazırlanır. Məsələn, əti soya sousu, sarımsaq və istiotla sirkədə saxlayıb daha sonra qızartmağı çox sevirlər. Hər bir əyalətdə adobeyə yerli inqredient əlavə edilir. Məsələn, bu, kokoslu qaymaq və ya sarıkök ola bilər.
Filippinlilərin leçe flan adlanan deserti də məşhurdur.
Görməli yerləri
Dediyimiz kimi ölkə 7000-dən çox adadan ibarətdir. Ölkə çox böyükdür, bu səbəbdən də eksursiyanı əvvəlcədən müəyyənləşdirib siyahı tutmaq tövsiyə olunur. Ölkənin ən iri adaları Luson, Mindoro, Samar, Panay, Palavan, Neqros, Sebu, Leyte və Mindanaodur.
Manila şəhəri Filippinin paytaxtı sayılır. Şəhər körfəzin sahilində, Luson adasında yerləşir. Manila İspaniya memarlığının ideal nümunəsidir: Malat kilsəsi barokko üslubunda tikilib və Filippində ən qədim dini tikililərdən biridir.
Manilada hər il Əyləncə Rəng Festivalı keçirilir. Yeri gəlmişkən, Marinduk adasında “Moriones”, Las-Pinasda beynəlxalq bambuk, Suriqaoda “Bonok-bonok” etnik, yay aylarında isə manqo və ananas festivalları keçirilir. Paytaxt Manila inkişaf etmiş şəhərdir, amma adalar tam başqa bir aləmdir.
Turistlər minlərlə ada arasında seçim etməkdə çətinlik çəkir, amma hamısı bir-birindən gözəldir. Məsələn, Kanyanqan gölü Karon adasının ən diqqətəlayiq yerlərindən biridir. Büllur kimi təmiz buxtası və heyranedici yaşıllıqları saatlarla seyr etmək olar.
Filippin Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Luzon adasında yerləşən Mayon dağı Filippində ən aktiv fəaliyyətdə olan vulkandır. Vulkanın ideal simmetriyası səyyahları heyran edir.
Yeganə monastırın salamat qalmış qülləsi Mayon dağının təbii gözəlliyini vurğulayır. Rəvayətə görə, bütün başqa tikililər vulkan püskürməsi zamanı dağıdılıb, lakin bu fakt tədqiqatçılar üçün mübahisəlidir.
Ağ (White Beach) və Yapak çimərliyi Filippində iki ən çox ziyarət olunan yerdir. Amma yaxşısını axtarsınızsa, Borakay sahilində daha maraqlı buxtalar sizi sevindirə bilər.
Min beş yüz sakini olan kiçik Batad kəndi İfuqao düyü tarlaları arasında yerləşir. Bu kəndə geniş yol yoxdur.
Əzəmətli Tumaloq şəlaləsi Oslob şəhəri yaxınlığında, Sebu adasında yerləşir. Buranın təbiəti əsrarəngizdir: şəlalələri bağlamış mamır süxurları, sakit meşə və təmiz su.
Sulu dənizindəki mağaraya baş vurub sualtı heyvanat və bitki aləmi ilə tanış ola bilərsiniz.
Ən populyar ekskursiyalardan biri Borokaydan Ariels Pointə qədər qədər birgünlük səfərdir. Orada hər kəs dənizə tullanmaq istəyir, yaxud sadəcə müayinədən keçə bilərsiniz.
Busuanqa - Kalamian arxipelaqı arasında ən iri ada sayılır.
El Nido Palavan adasının sahilində kiçik şəhərcikdir. Onun gözəl çimərlikləri əhəngdaşı və mərmər qayaların arasında və sakit göllərin əhatəsində yerləşir.
Qeyri-adi formalı Şokolad təpələrini və onların yaranma səbəblərini hələ ki heç bir geoloq dəqiqliklə araşdıra bilməyib.
P.S İnanırıq ki, ölkə haqqında yaratdığımız təsəvvürlər sizə səyahət xəyalları qurmağa və bu xəyalları qısa zamanda reallaşdırmağa vadar edəcək. Asiyanın ekzotik cənnət ölkəsinə səyahət etmək hər kəsin haqqıdır! Həyatın sizə fürsətlər verməsini gözləməyin, bu şansı özünüz üçün özünüz yaradın! Xəyallarınızın izi ilə...
Aytən
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO