Kanalizasiya suları axıdılan göldən çıxarılan duz süfrələrimizi “bəzəyir”…
Bizi izləyin

Qırmızı.az

Kanalizasiya suları axıdılan göldən çıxarılan duz süfrələrimizi “bəzəyir”…

Ötən gün mətbuatda Masazırdakı duz gölünə kanalizasiya sularının axıdılması haqda maraqlı bir yazı oxudum. O göl ki, həmin göldən çıxarılıb emal edilən duz süfrələrimizi bəzəyir...

Məlumatı dəqiqləşdirmək üçün bu gün adıçəkilən ünvana baş çəkib vəziyyətlə maraqlandıq. Doğrudan da, mənzərə təsvir edildiyindən daha da dəhşətlidir. Belə ki, Masazır qəsəbəsində, gölün qırağında tikilən “Qurtuluş” yaşayış kompleksinin və ətrafdakı fərdi evlərin kanalizasiya suları ya qazılmış arxlar vasitəsi ilə, ya da xüsusi borular vasitəsi ilə birbaşa həmin ərazidə duz çıxarılan gölə axıdılır. Əgər nəzərə alsaq ki, “Azərsun Holding” tərəfindən həmin ərazidə 2010-cu ildə tikilib istifadəyə verilən və ölkə əhalisinin böyük əksəriyyətini duzla təmin edən Masazır Duz Zavodu burada yerləşir, o zaman vəziyyətin hansı həddə olduğunu təsəvvür etmək heç də çətin deyil. Çünki qeyd etdiyimiz kimi, Masazır Duz Zavodunun xammal mənbəyi olan gölün ətrafında tikilən fərdi evlərin kanalizasiya suları və həmin fərdi evlərin məişət tullantıları birbaşa gölə və gölün sahillərinə atılır.

Adıçəkilən gölün sahilində olduğumuz zaman hər addımbaşı məişət tullantılarına, üst-üstə toplanan zibillərə rast gəlmək mümkündür. Bir tərəf başdan-başa zir-zibil, çirkab içərisində, digər tərəfdə isə adıçəkilən zavodun istehsal etdiyi və məişətimizdə istifadə etdiyimiz duz. Mənzərənin dəhşət doğuran məqamı da ondan ibarətdir ki, bütün bu proseslər insanların və aidiyyəti qurumların, məmurların gözü qarşısında baş verir və bu idbar mənzərə heç kimdən gizlədilmir. Bütün bu mənzərəni hər gün Masazırdan keçməklə Novxanıdakı bağ evlərinə və əks istiqamətə gedən yüksək rütbəli məmurlar, səlahiyyətli şəxslər də görə bilərlər. Təbii ki, əgər özlərini əziyyətə verib baxsalar...

“Bizə kanalizasiya duzu yedizdirirlər”

Adıçəkilən ünvanda olduğumuz zaman paytaxt sakinlərinin, əraziyə yaxın yerdə yaşayan insanların da fikirlərini öyrəndik. Ərazidə yaşayan insanların sözlərinə görə, bu çirkab mənzərə uzun illərdir qalmaqda davam etsə də, səlahiyyət sahibləri bu çirkabı görməzdən gəlirlər:

“Hər şey göz önündədir, bütün bu mənzərə illərdir davam edir. İllərdir ərazidəki fərdi evlərin və “Qurtuluş” yaşayış kompleksinin kanalizasiya suları gördüyünüz bu gölə axıdılır. Bu göldən çıxarılan duz da emal edildikdən sonra bizim süfrələrimizə daşınır. Bizə kanalizasiya duzu yedizdirən “Azərsu Holding” in, guya, bu işdən xəbəri yoxdur? Təbii ki var, sadəcə, onlar üçün önəmli deyil ki, bu millət nə yeyir”. Sakinlərin sözlərinə görə adıçəkilən gölə əvvəllər də kanalizasiya suları axıdılıb. Ancaq 2010-cu ildə Masazır Duz Zavodu tikiləndən sonra çoxları bu prosesin qarşısının alınacağını düşünürdü, amma görünən mənzərə budur ki, səlahiyyət sahibləri heç nəyi dəyişmək fikrində deyillər.

Əslində, ərazidə olan hər kəsə ilk baxışdan mənzərənin hansı vəziyyətdə olması aydın olur və bu haqda uzun-uzadı cümlələr qurub, bəzəkli-düzəkli yazı yazmağa da ehtiyac yoxdur. Sadəcə, fotoqrafımız Elçin Muradın çəkdiyi şəkillərə baxmaq kifayətdir. Şəkillərdən də göründüyü kimi, fərdi evlərdən axan çirkab sular birbaşa adıçəkilən gölə axıdılır.

Ərazidə yaşayan insanlar da bizimlə söhbətlərində bu çirkabdan, baş çatladan üfunətdənı narazılıqlarını bildirsələr də, nəzərə almaq lazımdır ki, xəstəliklər mənbəyinə çevrilən gölün bu vəziyyətə düşməsində onların da payı az deyil. Çünki həmin gölə axıdılan kanalizasiya sularının bir hissəsi də fərdi evlərin payına düşür, elə əraziyə atılan məişət tullantıları kimi...

Qeyd edək ki, Masazır Duz Zavodu Azərbaycanda duza olan tələbatın əsas hissəsini ödəməklə yanaşı, hətta xarici bazarlara da məhsul ixrac edir. Bu zavod istifadəyə verildikdən sonra ölkəmizə Rusiya, Ukrayna və Türkiyədən idxal olunan duzun miqdarı xeyli azalıb.

Ümumiyyətlə, belə bir zavodun tikilməsində əsas məqsəd ölkəmizin duza olan tələbatını müəyyən qədər ödəməklə yanaşı, həm də insanlarda yod çatışmazlığı problemini birdəfəlik həll etmək idi. Ancaq yod çatışmazlığı problemini həll edən Masazır Duz Zavodu özü ilə yeni-yeni fəsadlar da gətirir ki, bu fəsadların da hansı xəstəliklərə meydan açacağı hələ ki bəlli deyil. Hər halda, ərazidə olan fərdi evlərin məişət tullantıları, kanalizasiya suları ilə yanaşı insanların yod çatışmazlığını birdəfəlik həll etməyə çalışan Masazır Duz Zavodunun məişət tullantıları və kanalizasiya sularının da gölə axıdılması bunu deməyə əsas verir.

Məsələnin ciddiliyini nəzərə alaraq, Abşeron Rayon İcra Hakimiyyətinə telefon açdıq. Ancaq adını açıqlamaqdan imtina edən icra hakimiyyətinin sözçüsü uzun-uzadı suallarımızın sonunda yalnız bu sözləri deməklə kifayətləndi: “Mən bu haqda heç bir açıqlama vermək istəmirəm və heç bir məlumatım da yoxdur”...

Hikmət Kərimoğlu

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm