ABŞ qovur, Rusiya qaçır, Facebook qazanır
Bizi izləyin

Ekopublika.az

ABŞ qovur, Rusiya qaçır, Facebook qazanır

Yola saldığımız həftənin prioriteti yenə də Rusiya, Ukrayna, ABŞ, Avropa Birliyi münasibətləri oldu.

Amerikanın ardınca Avropa Birliyi Ukraynada baş verənlərlə bağlı Rusiya məmurlarına qarşı tətbiq etdiyi genişləndirilmiş sanksiyasını açıqladı. Məlum oldu ki, siyahıya daha 15 şəxs və 18 təşkilat daxil edilib.

Beləliklə, Rusiyanın vəziyyəti doğurdan da “rusca”laşdırıldı. Fransada isə işsizlərin sayının durmadan artdığı açıqlandı, Beynəlxalq Valyuta Fondu ABŞ-ın iqtisadi artım tempinə dair proqnozlarını aşağı saldı.

İş dünyasına gəldikdə, həftə gözünə döndüyüm Mark Zuckerberin oldu. İlin ikinci ¼-də “Facebook”un 791 milyon dollar, hissə başına 30 sent qazanc əldə etdiyi ortaya çıxdı. “Forbes” jurnalı çinlilərə satıldı,

“McDonald's”, “KFC” və “Pizza Hut” ın köhnə ətdən hamburqer hazırladığı ortaya çıxdı.

Başlayaq Fransadan. Ölkədə işsizlik seçki platformasına iş yerləri vəd edən prezident Fransua Ollandınin axırına çıxacaq. Belə ki,Fransada işsizlik nisbəti 8 aydır yüksəliş nümayiş etdirir. İşsizlik iyun ayında 0,3 faiz artaraq 3 milyon 660 min nəfərə çatıb. Yarım iş günü rejimində işləyənləri də işsiz kateqoriyasına daxil esək rəqəm 5 milyon 40 min nəfərə qədər gedib çıxır. Üç il ərzində iş axtaranların sayı 17 faiz artıb.

Gənclər arasında işsizlərin sayı azaldığı halda, 30 yaş arası insanlarda işsizlik nisbəti 0,9 faiz çoxalıb. Uzun dövrlü işsizlik nisbəti isə 9,8 faiz səviyyəsində reallaşıb.

ABŞ-ın da Rusiyaya qarşı sanksiyaları bitmək bilmir.Ölkənin ən əhəmiyyətli enerji və müdafiə şirkətlərini, böyük banklarını hədəf alan ABŞ, eləcə də Avropa Birliyi məqsədinə çatmaq üzrədir. Analitiklər hesab edir ki, üçüncü səviyyəyə çatan sanksiyalar sənayeyə təsir etməyə başlayıb: “Artıq ABŞ-ın sanksiyalarını beynəlxalq sahəyə daşımaq istədiyini görürük. Rusiya ilə ticari əməkdaşlığa gedəcək hər bir ölkə ABŞ tərəfindən cəza ilə üzləşəcək”.

Yeri gəlmişkən, Vaşinqton rəhbərliyi ABŞ şirkətlərinin, Rusiyann ən böyük i neft şirkət “Rosneft”ə dollar əsasında borc verməyi qadağan edib. Fransanın “Total” şirkətinin 16 faiz hissələrinə sahib olduğu “Novatek”ə qarşı da eyni sanksiyalar tətbiq olunub.

Maliyyə qaynaqlarına ən çox ehtiyacı olan bank sektorunun vəziyyəti isə daha kritikdir. Rusiyanın “VEB” və “Qazprom”un maliyyə dəstəkçisi “GazpromBank” bundan sonra ABŞ-dan bir qəpik də kredit ala bilməyəcəklər.

ABŞ-ın sanksiyalarının şirkətlərin varlıqlarına təsir etməyəcəyi deyilsə də 2015-ci ilə qədər 26 milyard dollar həcmində ödəmə reallaşdırmaq öhdəliyi daşıyan “Rosneft”in taleyinə heç kim təminat vermir.

Əvvəla, ABŞ-ın yeni sanksiyaları şirkəti Amerikanın sərmayə bazarlarından uzaqlaşdıracaq. O cümlədən qaz və neft sahəsində inkişaf proyektlərini təxirə salacaq. Digər tərəfdən beynəlxalq ticarətin üçdə ikisinin dollarla aparıldığı şəraitdə bu vəziyyətdən çox uzaq olan rubl dəyər itkisi ilə qarşı-qarşıya qalacaq.

Onu da bildirək ki, Rusiya da sanksiyalara qarşı sakit dayanmaq fikrində deyil. Ölkənin Mərkəz Bankı hərəkətə keçib. Faiz nisbətlərini 7,5 faizdən 8 faizə yüksəldib. Bank həmçinin inflyasiya ilə bağlı risklərin davam edəcəyi halda daha da irəli gedəcəyini açıqlayıb.Onu da bildirək ki, bu qərarın Rusiya iqtisadiyyatına pis təsir edəcəyi istisna olunmur. Mütəxəssislər düşünür ki, qərar yeni sanksiyalar ölkəyə gəlmədən sərmayəni daxildə tuta bilmək üçün verilib. Belə ki, Ukraynadakı qarşıdurma və ABŞ-ın sanksiyalarından sonra Rusiyadan sərmayə çıxışı ilin ilk yarısında 75 milyard dolları ötüb. Bunun qarşısını almaq üçün Rusiya Mərkəz Bankı faiz siyasətində dəyişikliyə getmişdi. Faiz nisbətini 5 faizdən 7,5 faizə qaldırmışdı. Bank son hadisələrdən sonra yenidən artıma getməli oldu. Amma faiz nisbətlərinin yüksəldilməsi Rusiya iqtisadiyyatının artım nisbətinə təhlükə yarada bilər”.

Nəzərə çatdıraq ki, artıq Beynəlxalq Valyuta Fondu rus iqtisadiyyatının artım nisbətini aşağı istiqamətdə revize edərək 0,2 faizə çəkib. Halbuki keçən il bu nisbət 1,3 olaraq reallaşmışdı. 2015-ci ildə isə 1 faiz səviyyəsində nəzərdə tutulur.

Məsələnin bir başqa tərəfi isə Avropa Birliyindən Rusiyanın dövlət banklarının Avropanın maliyyə bazarlarına girişinə qadağa qoyan yeni sanksiyaların gözlənilməsidir. Hansı ki bu da böyük zərbə ola bilər.

Rusun boğazına keçən Amerikanın özünün də vəziyyəti yaxşı deyil. Beynəlxalq Valyuta Fondu (IMF) ABŞ-ın artım proqnozunu yenidən aşağı çəkib. Maraqlıdır ki, bu enişə səbəb kimi pis hava şərtləri göstərilir.

ABŞ-ın ümumi daxili məhsulu keçən il 1,9 faiz səviyyəsində reallaşmışdı. Bu il isə ÜDM-ın 1,7 səviyyəsində artması gözlənilir. BVF bu nisbəti ABŞ iqtisadiyyatı üçün aprel ayında 2,8, iyun ayında isə 2,2 faiz proqnozlaşdırmışdı.

Səudiyyə Ərəbistanının 531 milyardlıq birjası xaricilərə açılır. Bu xarici təşkilatların da Tədavül Birjasında əməliyyat aparmasının mümkün olacağı deməkdir. Ərəb dünyasının ən böyük birjası olan Riyad birjası hazırda yalnız səudiyyəlilərin və Körfəz Əməkdaşlıq Şurasına üzv olan 6 ölkənin sərmayəçilərinə əməliyyat aparmağa icazə verir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı birjasında xarici sərmayəçilər yalnız 5 faizlik bazar kapitalizasiyası meydana gətirir. Birjanın xarici sərmayəçilərə açılmasının səbəbi isə hökumətin qeyri-neft sektorunu dəstəkləmək məqsədi daşıyır, Səudiyyə Ərəbistanı bu sahədə fərqli sektorlara 130 milyon dollar dəyərində dəstək planı hazırlayır.90 yaşındakı Kral Abdullah son dörd ildə ölkədə iqtisadi artımı 6.4 faizə çatdırıb.

İş dünyası

Fast-food restoranları millətin axırına çıxmamış sakitləşməyəcəklər. “McDonald's”, “KFC” və “Pizza Hut” yararlıq müddəti bitən ətlərdən istifadə etməkdə günahlandırılırlar. Amerikanın OSU Qrupuna aid “Husi” adlı tədarükçü firması sözügedən fast-food restoranlarına tarixi keçmiş ətləri yenidən qablaşdıraraq satıb. Artıq “Husi”nin, Şanghay başda olmaqla ölkədəki 5 təsisində təftişə başlanıb. Skandaldan sonra “McDonald's”, “KFC” və Çinin restoran zənciri olan “Dicos” “Husi”dən ət almağı dayandırdıqlarını açıqlayıblar.

Etmə “bulma” dünyasıdır. Qəzza ilə bağlı İsrailə qarşı qadağalar ölkənin iqtisadiyyatında özünü biruzə verməyə başlayıb.

Ölkədə turizm gəlirləri 30-40 faiz arasında düşərək, 500 milyon avro zərərə səbəb olub. Bir çox hava yolu şirkətinin təhlükə səbəbiylə İsrail səfərlərini ləğv etməsi turizm sektorunun zərərini daha da artırıb.

İsrailin Hotelçilər Dərnəyi bu il İsrail hotellərində doluluq nisbətinin 30 faiz olduğunu, qarşıdurmaların olmadığı illərdə isə bu rəqəmin 70-80 faizə çatdığını açıqlayıb: “Ölkədə ilin üçüncü rübündə turistlərin sayının 35 faiz də azalacağı təxmin edilir. İsrail hava yolları şirkəti Əl Alın gəlirinin isə 50 milyon dollar düşəcəyi deyilir. İsrail və Amerika məhsullarına qarşı boykotun davam etməsi İsrail şirkətlərinin səhmlərinin dəyərində enişə səbəb olub. Xüsusilə “Coca Cola” və “Mc Donalds”ın səhmlərində 3 faiz eniş baş verib.

Amerikanın avtomobil istehsalçısı General Motorsun (GM) 30 milyon avtomobilini geri çağırması şirkəti 874 milyon dollar zərərə salıb. GM –nin qazancı ikinci rübdə 85 faiz azalıb.

General Motors fevral ayında kontakt açarları və hava yastıqlarındakı qəza səbəbiylə vasitələrini təkrar geri çağırmışdı. Avtomobil istehsalçısının buraxdığı səhv səbəbindən 10 il ərzində 54 nəfər yaralanıb, 13 nəfər isə vəfat edib. Şirkət buna görə i qurbanlara 400 milyon dollar təzminat ödəyib.

Markın biznesi günü-gündən çiçək açır. Belə ki, “Facebook”un qazancı rekordu qırıb. Sosial paylaşım şəbəkəsi 2014-cü ilin ikinci ¼-də 791 milyon dollar, hissə başına 30 sent qazanc əldə edib. Xatırladaq ki, keçən ilin eyni dövründə bu rəqəmlər müvafiq olaraq 333 milyon dollar,13 sent olmuşdu. “Facebook”un endossamenti ikinci ¼ 61 faiz artımla 2,91 milyard dollara yüksəlib.

“Standart & Poor's Capital” ın analitiklərinin qiymətləndirmələrinə görə, “Facebook” həqiqətən orijinal və bənzərsizdir: “Gerçək budur ki “Facebook” hər rüb böyük bir müvəffəqiyyət təmin edir. Bir hədəfləri var və bu istiqamətdə irəliləyirlər."

“Facebook”un qurucusu Mark Zuckerber də nəticələri müsbət dəyərləndirib. Bildirib ki, 2014-cü ilin iyun ayında “Facebook” ictimai şəbəkəsinin gündəlik aktiv istifadəçilərinin sayı 830 milyona çatıb.

İsveçrənin “Credit Suisse” bankı bu ilin ikinci rübündə 700 milyon İsveçrə franqı həcmində zərərə uğrayıb.

Xatırladaq ki, bir müddət əvvəl bank ABŞ vətəndaşlarının vergidən yayınmasına kömək etdiyinə görə, 2 milyard 600 milyon dollar cərimə ödəməyi qəbul etmişdi. İlin ikinci rübündə isə “Credit Suisse” zərərə uğradığını açıqladı. Müqayisə üçün deyək ki, keçən ilin eyni dövründə bank 1,05 milyard İsveçrə Franqı qazanc əldə etmişdi.

Əvvəlcə kəndlərini satışa çıxaran İspaniya indi də hökümət bankı olan “Catalunya Banc” nı satıb. Dövlət “Catalunya Banc”ı “ Banco Bilbao Vizcaya Argentaria” ya 1,187 milyard avro qarşılığında satıb. Madrid rəhbərliyi “Catalunya Banc”a 12 milyard avro kömək etməsinə baxmayaraq , banka alıcı tapma əməliyyatı iki dəfə müvəffəqiyyətsizliklə nəticələnmişdi.

İş dünyasının pulunu sayan “Forbes” də “kitayiski” oldu. 1997-ci ildən bu yana “Forbes” ailəsinin sahib olduğu jurnal “Hong Konglu Whale Media Investmentsə (Çinin sərmayə fonduna satıb) 475 milyon dollara satılıb. Milyarderlər siyahısıni nəş edən jurnalın oxucu sayı 75 milyon nəfərdir.

Gəldik çatdıq öz bol-bəhrəli, sabit iqtisadiyyata malik ölkəmizə.Son xəbərlərə görə, gömrükdə idxal-ixrac üçün tələb olunan sənədlər sadələşdirilir, kənd təsərrüfatı məhsulları istehsalçılarına 68,5 mln. manat dəyərində texnika satılıb, dövlət ipoteka kreditləşməsi 8% azalıb, bu ilin I yarısında Azərbaycan dövlət büdcəsinin mədaxil proqnozu 101,6%, xərcləri isə 94,7% icra olunub, Neft Fondunun büdcədənkənar xərcləri 71,6 milyona çatıb.

Başlayaq, millətin mənzi dərdinə çarə kimi düşünülən ipotekadan. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 56,561 mln. manat həcmində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,52% azdır. u Ümumiyyətlə, dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək fond xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 590,611 mln. manata çatıb.

Adi və güzəştli ipoteka krediti üzrə borcalanların 81,9%-ni kişilər, 18,1%-ni qadınlar təşkil edir. Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 67,3%-i evli, 32,7%-i subaydır. Borcalanların 38,5%-i 18-29 yaş, 33%-i 30-35 yaş arasında, 28,5%-i isə 36 yaşdan yuxarı olub.

Güzəştli şərtlərlə ipoteka krediti alanların 81,1%-ni hərbi qulluqçular, 7,9%-ni məcburi köçkünlər, 7,1%-ni dövlət qulluqçuları, 2%-ni elmlər namizədləri, 1,4%-ni idmançılar, 0,3%-ni şəhid ailələri təşkil edib.

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron və Gəncədə yerləşir. İpoteka yolu ilə alınan mənzillərin 62,8%-nin qiyməti 30 000-60 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 29%-nin dəyəri 60 000-90 000 manat, 3,4%-nin 90 000-120 000 manatdır, 1,4%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 3,4%-nin qiyməti 30 min manatdan aşağı olub.

Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 35,9%-nin məvacibi 1100 manatdan yüksəkdir. İpotekadan yararlananların 21,7%-nin maaşı 700-900 manat, 18,8%-nin 500-700, 16,6%-nin 900-1100, 6,1%-nin 300-500 manatdır. Borcalanların 0,9%nin əmək haqqısı 300 manatdan aşağıdır.

Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 94,8%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 5,2%-ni isə həyət evləri təşkil edir.

Dövlət Neft Fondu isə 2014-cü ilin ilk altı ayı ərzində gəlir və xərclərini açıqladı. Məlum oldu ki, cari ilin ilk altı ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar gəlirləri 6,5 milyon manat təşkil edib. O cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 78,1 milyon manat, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərcləri 71,6 milyon manat olub.

2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb. 1 iyul 2014-cü il tarixinə fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.

Birjalar

Birjalara gəlincə, istər fond bazarında, istərsə də əmtəə birjasında vəziyyət dəyişkən oldu. Həftənin ortasında dünya səhm birjalarında səhmlər, eləcə də neft bahalaşdı, sonunda birincidə azalma müşahidə edildi.

Belə ki, Amerika fond bazarında Dow Jones indeksi 0,72% - 16 961, Nasdaq 0,50% - 4 450 bəndədək, S&P 500 0,48% - 1 978 bəndədək azalıb. Avropa fond bazarlarında Almaniya DAX-ı 1,53% - 9 644 bəndədək, , FTSE 100 indeksi 0,44% - 6 792 bəndədək, Fransa CAC-40-ı isə, 1,82 % - 4 331 bəndədək azaldı.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,02 dollar bahalaşaraq 1 barelə görə 102,09 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,32 dollar yüksələrək 108,39 dollar olub.

Hər birinizə xoş istirahətlər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm