Məşhur kəşfiyyatçı Türkiyəni idarə edənlərin adlarını açıqladı - ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Məşhur kəşfiyyatçı Türkiyəni idarə edənlərin adlarını açıqladı - ŞOK FAKTLAR

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının (Milli İstihbarat Teşkilatı - MİT) Antiterror Mərkəzinin sabiq rəisi Məmməd Eymür sensasiyalı açıqlama ilə çıxış edib.

Publika.az-ın məlumatına görə, M.Eymür deyib ki, hazırda xarici dövlətlərin kəşfiyyatçıları Türkiyədə “at oynadır”.

Onun sözlərinə görə, 1950-ci ildən bəri keçən 50 il ərzində Türkiyəni türklər idarə etməyib:

“Türkiyəni 1950-ci ildən bəri türklər idarə etməyib. Bu da haradasa 50 il davam edib. Dünyanın ən kritik regionunda yerləşən Türkiyəni başda ABŞ olmaqla, Rusiya, Almaniya, İngiltərə, İsrail və digər ölkələr rahat buraxmadı və bundan sonra da buraxmayacaqlar. Həmin dövlətlərin Türkiyəni idarə edən şəxslərə də təsirləri olur. Hətta Türkiyəni idarə edəcək kəsləri onlar təyin edir.

İndi də başda ABŞ olmaqla, Rusiya, İngiltərə, İsrail və digər ölkələr bizi rahat buraxmır. Türkiyədə xarici ölkə agentləri “at oynadır”. Bu agentlər daha çox səfirliklərdə olur. Bundan əlavə, hava yolları və turizm şirkətlərində, media orqanlarında və digər sahələrdə də agentlər var. Onların arasında daha çox agent Rusiyaya məxsusdur”.

M.Eymür yerli və xarici agentlərin ölkə mediasına necə sızmasını da izah edib:

“Türk jurnalistlər hər zaman xarici xüsusi xidmət orqanlarının hədəfindədirlər. Çünki cəmiyyəti yönləndirmək, yəni psixoloji güc üçün media əhəmiyyətli rola malikdir. Buna ən yaxşı nümunə kimi “Aydınlık” qəzetini göstərmək olar.

Xarici xüsusi xidmət orqanları mediadakı bəzi şəxsləri pulla ələ alırlar. Həmin şəxslər pul müqabilində daha təsirli və onların maraqlarına uyğun fəaliyyət göstərirlər”.

M.Eymür həmçinin bildirib ki, CIA (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) NATO çərçivəsində MİT ilə ortaq hərəkət edir:

“Ancaq CIA Türkiyənin düşmən bildiyi ölkələrin kəşfiyyat orqanları ilə də ortaq işlər görür. Daha çox mütəşəkkil cinayətkarlıqla mübarizə adı altında kəşfiyyat toplantıları təşkil olunur və sairə. Adətən, qayda belədir, diplomatiyanın bitdiyi yerdə kəşfiyyat işə girər.

Keçmişdə olduğu kimi indi də MİT-in içində ABŞ, (CIA), İsrail (MOSSAD) və Almaniya (BND) xüsusi xidmət orqanlarına çalışan şəxslər var. Xarici məxfi və xüsusi xidmət orqanları MİT-in əməkdaşlarını, adətən, bu cür yollarla ələ alırlar. Məsələn, CIA maliyyə büdcəsi olduqca böyük olan xüsusi xidmət orqanı olduğu üçün MİT-in hər hansı əməkdaşının övladını öz hesabına ABŞ-da təhsil aldırır və beləliklə də, o tələbə CIA-nın agentinə çevrilir. Əksər hallarda isə bu cür şəxslər CIA kimi güclü bir kəşfiyyat orqanına simpatiyası olduğuna görə bu quruma könüllü çalışmağa razılıq verir. Keçmişdə buna oxşar bir hadisə baş verib. Belə ki, Sabahattin Savaşman adlı MİT agenti ABŞ-a çalışırdı. Daha sonra mənim rəhbəri olduğum qrup onu ifşa etmişdi”.

Məşhur türk kəşfiyyatçısı CIA-ya işləməsi barədə mediada yayılan iddialara da cavab verib:

“Əgər mən CIA-ya çalışsaydım, indi MİT-in başında mən olardım. Bundan əlavə, biz CIA-ya çalışsaydıq, o zaman “Green Card” almaq üçün 9 il gözləməzdik”.

MİT-in “qara qutusu” adlandırılan M.Eymür bəyan edib ki, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl də peşəkar kəşfiyyatçıdır:

“Türkiyədə ən böyük kəşfiyyatçı Süleyman Dəmirəldir. Ona MİT-in daxilindən və kənardan məlumatlar ötürən şəxslər var. Dəmirəlin xüsusi şəxsi kəşfiyyat əlaqələri var. Ona bu mənbələrdən vacib və etibarlı məlumatlar ötürülür”.

Qeyd edək ki, Türkiyə gündəminə oxşar hadisələri canlandırılan “Kurtlar Vadisi Pusu” teleserialındakı Mete Aymar obrazı Məmməd Eymürün gerçək prototipi hesab olunur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm