Eşitmə və görmə qüsurlu qadını boğub öldürdü - Təfərrüat
Bizi izləyin

Qırmızı.az

Eşitmə və görmə qüsurlu qadını boğub öldürdü - Təfərrüat

Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində eşitmə və görmə qüsurlu 68 yaşlı Gülnarə Ağayevanı xüsusi amansızlıqla qətlə yetirən Elşən Vəliədovun məhkəmə prosesi keçirilib.

Xatırladaq ki, bu il fevralın 18-də Bülbülə qəsəbəsində qətl olub. Qəsəbə sakini Gülnarə Ağayevanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar edilib. Bu barədə polisə qadının nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə məlumat verib. Eşitmə və görmə qüsurlu G.Ağayevanın meyitini nəvəsi yatdığı çarpayıda aşkarlayıb. Belə ki, axşam evə gələn qız nənəsinin üzərində xəsarət izləri müəyyən edib, mənzilin isə qarət olunduğunu görüb. Səs-küy salaraq qonşuları köməyə çağırıb. Dərhal hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları və prokurorluq orqanları əməkdaşları gəliblər. Ekspertlər və müstəntiqlər mənzili müayinə edərək əl-barmaq izlərini götürüblər. Sonra da meyitin üzərinə baxış keçiriblər.

Gülnarə Ağayevanın boğazında boğulma izləri müəyyən edilib. Hüquq mühafizə orqanları araşdırmalardan sonra qadının boğularaq öldürüldüyünü istisna etməyiblər. Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Qətldən 12 gün sonra polis cinayəti törədən Bülbülə qəsəbə sakini, 31 yaşlı Elşən Vəliədovu tutaraq istintaqa cəlb edib. Onun üzərindən silah da aşkarlanıb. Cinayətdə istifadə olunan alət istintaqa təhvil verilib. Suraxanı Rayon Prokurorluğunda E.Vəliədov barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib. Bütün materiallar toplanaraq rayon məhkəməsinə göndərilib. Beləliklə, o, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə hakim qarşısında ifadə verib.

“Onu döydükdən sonra başını qolumun arasına alaraq boğdum”

Müttəhim qismində çıxış edən Elşən Vəliədov qadını amansızlıqla öldürdüyünü etiraf edib. Eyni qəsəbədə yaşadıqları üçün qadını yaxından tanıdığını deyən E.Vəliədov hətta onun eşitmə və danışma qüsurlu olmasından da xəbərdar olub:

“Gülnarə Ağayeva çox vaxt evdə tək olurdu. Qızı və nəvəsi ilə yaşasa da, onlar ancaq axşamlar evə gəlirdi. Mən də evdə heç kimin olmadığına əmin oldum və belə bir addım atmağa qərar verdim. Hadisə baş verən gün həyət qapısı bağlı olsa da, açıb içəri keçdim. Qapıya yaxınlaşanda zəngi vurdum, gördüm açan yoxdu. Amma əmin idim ki, qadın evdə olar. Çünki heç yerə gedən deyil. Gec də olsa, qapını elə G.Ağayeva özü açdı. Beləliklə, içəri keçdim. Qadın məni görəndə qorxdu və çaşıb qaldı. Diqqətlə gözlərimin içinə baxdı. Elə bil hansı məqsədlə gəlməyimi hiss etmişdi. Mən də heç nə düşünmədən içəri keçdim. Əvvəlcə 68 yaşlı qadına təzyiq etdim. Onu döydükdən sonra başını qolumun arasına alaraq boğub öldürdüm”.

Mənzili qarət edib izi itirmək istədi

Hadisəni tamah məqsədilə törətdiyini gizlətməyən E.Vəliədovun evdən bəzi qiymətli əşyalar götürdüyü də bildirilir: “Öldüyünə tam əmin olandan sonra meyiti çarpayının üzərinə atdım və evdə axtarış aparmağa başladım. Döşəyin altında xeyli qızıl-zinyət əşyaları, brilliant üzük götürdüm. Şkafdan isə 450 manat pul götürdüm”.

E. Vəliədov qətli törədib, mənzili qarət etdikdən sonra izi azdırmağı da unutmayıb. O, qadının qaz sızmasından öldüyü ehtimalını yaratmaq üçün evdən cıxarkən qazı açıq saxlayıb.

“Əlinin üstü gömgöy idi, ağız nahiyəsində zərbələr vardı”

Şahid qismində ifadə verən Gülnarə Ağayevanın nəvəsi 17 yaşlı Leyla İsrafilzadə həmin mənzildə anası və nənəsi ilə birlikdə yaşadığını bildirib:

“Anam da nənəm kimi eşitmə və danışma qüsurludur. Amma hadisə baş verəndə mən anamla getmişdim, nənəm evdə tək idi. Evə gələndə gördüm evdən qaz iyi gəlir. İşığı yandırmadım ki, birdən partlayış baş verər. Əlimdəki telefonun işığı ilə ətrafa göz gəzdirdim. Sonra anamla birlikdə nənəmi axtarmağa başladıq. Çarpayının üstündə onu halsız vəziyyətdə tapdıq. Boğazında boğulma izləri vardı. Əlinin üstü gömgöy idi, ağız nahiyəsində isə zərbələr vardı. Sonra qışqıra-qışqıra qonşuları köməyə çağırdıq”.

L.İsrafilzadə onu da əlavə etdi ki, mənzilin qapısı həmişə bağlı olub:

“Qapının zəngi vurulanda evin işığı bir neçə dəfə yanıb-sönür. Eşitmədikləri üçün yalnız onda bilirlər ki, qapı döyülür. E.Vəliədov qapının zəngini çalanda evin işıqları yanıb-sönüb. Görünür, nənəm elə bilib ki, həmin vaxt evə gələn bizik. Ona görə də qapını açıb”.

Qeyd edək ki, 68 yaşlı G.Ağayevanın nəvəsi Leyla İsrafilzadə hadisənin Elşən Vəliədovla aralarında yaşanan sevgi münasibətlərindən dolayı baş verməsinə aydınlıq gətirdi:

“Mətbuatda yazıldı ki, guya, mən Elşənlə sevgili olmuşam və bu məsələdə əlim var. Amma elə deyil. Mən onu heç tanımamışam. İndi burda görürəm. Mənim də bu insanla heç bir əlaqəm olmayıb. Hadisə baş verən gün mən anamla birlikdə idim və axşam evə gələndə faciəvi hadisə ilə qarşılaşdıq”, - deyə o bildirib.

“Barmağındakı brilyant üzük də çıxarılmışdı”

Gülnarə Ağayevanın böyük qızı Lalə hadisə şahidlərindən olsa da, onun da anası kimi danışma və eşitmə qabiliyyəti yoxdur. Ona görə də şahid qismində G.Ağayevanın bacısı Səmayə Qəhrəmanova dindirilib. O bildirib ki, bacısı mərhum G.Agayevanın qonşuluğunda yaşayır. Bacısından hal-əhval almaq üçün arada onlara gəlsə də, xəbəri qonşulardan eşidib. S.Qəhrəmanovanın sözlərinə görə, meyitin üzərində zorakılıq izləri vardı:

“Əvvəlcə qonşular qazı bağladılar. Sonra biz içəri keçdik. Meyitin iyi evi bürümüşdü. Dəm qazının iyi ilə bir-birinə qarışmışdı. Meyitə baxanda bilinirdi ki, bacım məqsədli şəkildə, xüsusi amansızlıqla öldürülüb. Evin də altı üstünə çevrilmişdi. Döşək, şkaf səliqəsiz vəziyyətdə idi. Bildirdim ki, evdə bacımın pulu, qızılı var. Baxdım ki, görüm yerindədirmi, tapa bilmədim. Nə pulu, nə də bacıma məxsus qızıl boyunbağı, qolbağ və 4 ədəd üzüyü tapa bildim. Barmağında da 1 ədəd brilyant üzük vardı. O da yox idi, barmağından çıxarılmışdı”.

Qeyd edək ki, məhkəmə prosesi qonşuların və digər şahidlərin ifadəsi ilə davam edir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm