Bakıda kişi həbsdə olan dostunun arvadına qarşı cinayət törətdi – TƏFƏRRÜAT - Publika.az
Bizi izləyin

Hadisə

Bakıda kişi həbsdə olan dostunun arvadına qarşı cinayət törətdi – TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Aqil həyat yoldaşı həbsdə olan Türkana qarşı dələduzluq edib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Aqil aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyəti ilə Türkanı aldadıb.

O, Türkanın Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəza çəkmə müəssisəsində cəza çəkən ərinin adından danışıb, həmin müəssisədə problem olması səbəbindən cərimə ödəməli olduğunu bildirib. Aqil qadından ümumilikdə 2820 manat alaraq ələ keçirib.

İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, ailəsi ilə birlikdə yaşayır, əvvəllər dörd dəfə məhkum olunub: “Zərərçəkmiş şəxs Türkan bizimlə bir məhəllədə yaşayır və dostluq münasibətim olan Mirhəsənin arvadıdır. Mirhəsən hazırda həbsdədir. Onun tutulması barədə xəbəri mənə Türkan dedi. Birlikdə Mirhəsənin məhkəməsində iştirak etmişik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, maddi vəziyyətinin pis olması ilə əlaqədar Türkana əri Mirhəsənin adından yazıb və pul almaq qərarına gəlib: “Bu məqsədlə avqustun 28-də vatsap vasitəsilə Mirhəsənin adından Türkana yazdım, cəza çəkdiyi müəssisədə problemə düşdüyünü dedim, cərimə ödəmək üçün təcili pul lazım olduğunu bildirdim. Həm də onu hədələdim, bu barədə heç kəs heç nə deməməyi tapşırdım. Türkan da mənə inandı.

Həmin gün ilkin olaraq 750 manat, ardınca 850 manat, sonra 680 manat, avqustun 29-da isə əvvəl 20, ardınca isə 520 manatı Türkan karta köçürdü. Bu minvalla Türkanı aldadaraq, ümumilikdə 2820 manatını ələ keçirmişəm”.

Aqil qeyd edib ki, sonuncu dəfə yenə Türkandan 300 manat istəyib: “Türkan mənə onlayn ödəmə edə bilməyəcəyini, göndərəcəyi şəxsə pulu ancaq əlbəəl verə biləcəyini dedi. Mən də Türkanın yaşadığı evə getdim. Həmin vaxt orada olan polis əməkdaşları məni saxladı”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Türkan qeyd edib ki, 2021-ci ilin aprelində Mirhəsənlə qeyri-rəsmi nikaha daxil olub, hələlik birgə nikahdan övladları yoxdur: “Mirhəsənlə Nərimanov rayonu ərazisində kirayədə yaşamışıq. 2021-ci ilin mayında Mirhəsən Nərimanov rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindi, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Həmin vaxtdan etibarən qaynanamgilin yanında yaşamağa başladım”.

Zərərçəkmişin ifadəsinə görə, həyat yoldaşının dostu olmuş Aqil 5 saylı Cəza Çəkmə Müəssisəndə cəza çəkən əri Mirhəsənin adından danışıb və həmin müəssisədə probleminin olması səbəbindən cərimə ödəməli olmasını bildirib: “Məni aldadaraq avqustun 28-də, gecə saat 04.00-da Binə qəsəbəsi ərazisində 750 manat, avqustun 28-də, saat 13.39-da Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən “Zənbil” marketdə quraşdırılmış “eManat” vasitəsi ilə “Kapital Bank” kartına köçürtməklə 850 manat, avqustun 29-da, saat 13.45-də Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə bank kartına köçürtməklə 680 manat, avqustun 29-da, saat 13.49-da Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” vasitəsi ilə bank kartına köçürtməklə 20 manat, avqustun 29-da, saat 19.12-da Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” vasitəsi ilə bank kartına köçürtməklə 520 manatımı ələ keçirib.

Həmin pul indiyə qədər qaytarılmayıb. Bu səbəbdən də Aqil ilə barışmaq fikrim yoxdur, ondan şikayətçiyəm”.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə baxılıb.

Aqil 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəylər
Oxumağa davam et
Reklam

Hadisə

DİN-dən tir tüfəngindən istifadə ilə bağlı XƏBƏRDARLIQ

“Yaşayış sahəsində tir tüfəngindən istifadə etmək ağır fəsadlar yarada bilər. Paytaxtın Xətai rayonunda bir nəfər tir tüfəngindən atdığı qırma digər qonşunun pəncərəsini zədələyib. Orda insan olsaydı, onun gözünə dəysəydi, necə olacaqdı?”

Publika.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi qadağandır. Həmin şəxslər onu da bilsinlər ki, bu neqativ hal xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər”, - DİN rəsmisi əlavə edib.

Oxumağa davam et

Hadisə

Naxçıvana gedən təyyarə tufana görə GERİ QAYITDI

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə Publika.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Oxumağa davam et

Hadisə

Öldürülən İran zabiti ilə Orxan Əsədovu nə birləşdirib? - İsrail kəşfiyyatından ŞOK

Mayın 22-də Tehranın mərkəzi küçələrindən birində qətlə yetirilən yüksək rütbəli hərbçi, İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Həsən Səyyad Xodainin ötən ilin sentyabrında Kiprdə həbs edilərək göndərilən azərbaycanlı qatillə əlaqəsi olub.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İsrail kəşfiyyatı məlumat yayıb. Qeyd olunur ki, O.Əsədov Xodainin sifarişi ilə israilli iş adamlarını aradan götürməli idi.

Həmçinin məlum olub ki, Xodai iki il əvvəl Amerikaya məxsus pilotsuz uçan aparatdan açılan atəşlə öldürülən Qüds İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Qasım Süleymaninin sağ əli olub.

İran hüquq-mühafizə orqanları Xodainin qətlində əli olanları axtarır.
İranın Tasnim xəbər agentliyi xəbər verir ki, insident mayın 22-də bazar günü günortadan sonra Tehranın mərkəzində baş verib.

Mərhum İran Müdafiə Nazirliyinin texnoloji tədqiqatlar və hərbi-sənaye kompleksinin inkişafı şöbəsinin müdirinin köməkçisi olub. İlkin məlumatlara görə, söhbət sifarişli qətldən gedir. Ən azı iki icraçı olub. Silahlılar motosikletlə hərəkət ediblər. Onlar 50 yaşlı SEPAH zabitinin olduğu avtomobilə yaxınlaşaraq atəş açıblar. Polkovnikə təxminən beş güllə atılıb. O, aldığı yaralardan yerindəcə keçinib. Qatillər qaça biliblər. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir. SEPAH bu hadisəni terror hücumu kimi qiymətləndirib. “Mehr” xəbər agentliyinə istinadla qurumun bəyanatında deyilir ki, qətl “antiinqilabçı ünsürlər” tərəfindən həyata keçirilib.

Fars xəbər agentliyi yazıb ki, “sionist rejim”lə əlaqəsi olan bir neçə nəfər həbs edilib.

Media bildirir ki, mərhum Hizbullaha və Fələstin müqavimət qüvvələrinə dəstək verib.

İsrail mediası isə polkovnik Səyyad Hodainin İsrail vətəndaşlarına və xaricdəki İsrail hədəflərinə qarşı hücumların planlaşdırılması və hazırlanmasından məsul olduğunu bildirir. Kan Bet radiostansiyasının məlumatına görə, Türkiyə, Kipr, Keniya və Kolumbiyada terror aktları hazırlanırdı. Bütün hücumların qarşısı İsrail kəşfiyyatı “Mossad” tərəfindən alınıb.

Öldürülən polkovnikin Kiprdə həbs edilən azərbaycanlı qatil Orxan Əsədovla əlaqəsi olduğu da bildirilir. Keçən ilin sentyabrında Kiprin xüsusi xidmət orqanları milyarder Tedi Saqi də daxil olmaqla, ölkədəki yəhudi iş adamlarını məhv etmək üçün göndərilmiş Rusiya pasportlu 38 yaşlı azərbaycanlı Əsədovu həbs ediblər. Daha sonra onun bir neçə şəriki həbs edilib. Həmin vaxt İsrail hökuməti, o cümlədən müdafiə naziri Benni Qantz bildirib ki, İran kəşfiyyat orqanlarının Kiprdə yəhudi iş adamlarına qarşı planlaşdırdığı terror aktının qarşısı İsrail kəşfiyyat orqanları tərəfindən alınıb.

İsrail mediasında yer alan məlumatlara görə, Orxan Əliyevin mobil telefonunda “Hizbullah”la bağlı videolar olub. Onun Rusiyada “Hüseynçilər” təşkilatına mənsub olduğu bildirilir. Kipr polisi terror planının qarşısının son anda alındığını açıqlayıb. O.Əsədov Kiprə sentyabrın ortalarında Rusiyadan təyyarə ilə gedib, dəfələrlə adanın şimal hissəsinə keçib və geri qayıdıb. Növbəti dəfə nəzarət-buraxılış məntəqəsini keçib adanın yunan hissəsinə daxil olanda həbs olunub. Onun Moskvada meyvə-tərəvəz ticarəti və taksi fəaliyyəti ilə məşğul olduğu deyilirdi.

İndi məlum olub ki, Kiprdə israilli iş adamlarına hücumun arxasında məhz polkovnik Xodai dayanıb.

Oxumağa davam et
Reklam

Gündəm