Xəbərlər - Publika.az
Bizi izləyin

İqtisadiyyat

Ödəniş tapşırıqlarına dair yeni tələblər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ödəniş tapşırıqlarına dair yeni tələblərlə bağlı məsələyə aydınlıq gətirib.

Dövlət Vergi Xidmətindən Publika.az-a verilən məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanun təsdiq edilib. Qanunvericiliyə edilmiş dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Məcəlləsində edilmiş bəzi dəyişikliklər və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Məcəlləyə edilmiş mühüm dəyişikliklərdən biri 01.01.2022-ci il tarixdən etibarən vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması ilə bağlıdır.

Belə ki, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə alınmış, habelə idxal edilmiş mal, iş və xidmətlərə, həmçinin borc və avans ödənişlərinə görə vergi ödəyiciləri tərəfindən aparılan köçürmələrin ödəniş tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks olunması ilə bağlı vergi ödəyicilərinə tələb və bu tələbin pozulmasına görə maliyyə sanksiyası müəyyən edilib.

Həmin məlumatlara ödənişin aid olduğu elektron qaimə-fakturanın seriyası və nömrəsi, xarici ticarət fəaliyyəti üzrə yük gömrük bəyannaməsinin və ya qısa idxal bəyannaməsinin seriyası və nömrəsi, xidmətlərin alışı ilə bağlı hesab-fakturanın (invoys) tarixi və nömrəsi, avans ödəmələrinə münasibətdə təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin tarixi və nömrəsi, yaxud tərəflər arasında bağlanmış müqavilənin və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi, borc ödəmələrinə münasibətdə təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin tarixi və nömrəsi və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi aiddir.

Qeyd olunan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Təcrübədə sahibkarlıq subyektləri arasında aparılan hesablaşmalar zamanı müxtəlif təyinatlar (ixtisar edilmiş sözlərdən, müqavilə, razılaşmaya əsasən, verilmiş qaiməyə əsasən və s. qeyri-müəyyən sözlərdən istifadə olunmaqla) qeyd edilməklə ödənişlər həyata keçirilir ki, həmin ödənişlərin hansı dövrün əməliyyatlarına aid olduğu müəyyən edilmir və bu, vergi nəzarəti tədbirləri zamanı çoxsaylı mübahisələrin yaranmasına səbəb olur. Bu baxımdan, qanunvericiliyə edilmiş dəyişikliklərdə vergi ödəyiciləri arasında bank hesabları üzrə aparılan ödənişlərin təkmilləşdirilməsi, həmin sahəyə vergi nəzarətinin artırılması və aparılan əməliyyatların şəffaflığının təmin olunması məqsədilə ödəmə tapşırıqlarının ödənişin təyinatı hissəsində konkret rekvizitlər üzrə məlumatların əks etdirilməsi öz əksini tapıb.

Göründüyü kimi, dəyişiklik vergi ödəyiciləri arasında aparılan hesablaşmalar zamanı ödəniş intizamının artırılmasına və vergi nəzarəti tədbirləri zamanı mübahisəli halların aradan qaldırılmasına şərait yaradacaq.

Rəylər

İqtisadiyyat

Dövlət Gömrük Komitəsində görüş keçirildi

Bu gün Dövlət Gömrük Komitəsində Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinqin rəhbərlik etdiyi nümyəndə heyəti ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycan gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, bu sahədə mövcud qanunvericilik, gömrük orqanlarının qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Bildirilib ki, 2021-ci ildə gömrük orqanları tərəfindən Azərbaycandan tranzit keçməklə Avropaya daşınmasına cəhd göstərilən 3 ton 43 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bunun əsas hissəsini heroin təşkil edib.

Komitə sədrinin müavini qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrüyünün nümunəvi kinoloji xidmət formalaşdırdığını, gömrük-keçid məntəqələrində ən müasir texniki nəzarət vasitələrindən istifadə etdiyini və beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərdiyini bildirib.

Əsgər Abdullayev Dövlət Gömrük Komitəsinin qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində bir sıra beynəlxalq təşkilatlar, inkişaf etmiş dövlətlərlə səmərəli əlaqələrindən bəhs edib, Böyük Britaniyanın Milli Cinayət Agentliyi ilə də bu sahədə əməkdaşlığın daha çox gücləndirilməsinin ümumi işə fayda verəcəyini vurğulayıb.

Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinq təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, Milli Cinayət Agentliyinin dünyanın bir sıra regionlarında ofisləri fəaliyyət göstərir və məqsəd həmin ölkələrin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq quraraq cinayətkarlığa qarşı səmərəli mübarizə aparmaqdır.

Con Qoldinq Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əldə etdiyi uğurlardan məmnunluğunu ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et

İqtisadiyyat

Vergi güzəştləri neçə tətbiq edilir? - RƏSMİ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiq edilməsi ilə bağlı dəyişikliklərlə bağlı məlumat yayıb.

Publika.azxəbər verir ki, məlumatda deyilir:

“Qanunvericiliyə edilmiş növbəti dəyişikliklərdən biri də mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azadolmasının yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq edilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin (fərdi sahibkarların) sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi mənfəət (gəlir) vergisindən azaddır. “Kölgə iqtisadiyyatı”nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin güzəştin bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan və şəffaf şəkildə fəaliyyət göstərən vergi ödəyicilərinə şamil edilməsi nəzərdə tutulur.

Belə ki, vergi ödəyicilərinin fəaliyyəti üzrə uçot intizamının təmin olunması vergi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və malın (işin, xidmətin) təqdim olunması üzrə uçot intizamını pozan vergi ödəyicilərinə münasibətdə cəza tədbirləri sərtləşdirilir. 

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, uçot intizamını pozmaqla gəlirlərini gizlədən və vergidən yayınan vergi ödəyicilərinin belə güzəştlərdən istifadə etməsi intizamlı vergi ödəyicilərinə münasibətdə ədalətsiz rəqabət mühiti yaradır. Bu səbəbdən həmin dəyişiklik son illər ərzində uçotun şəffaflaşdırılması ilə bağlı həyata keçirilən vergi siyasətinin ümumi prinsipləri baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Oxumağa davam et

İqtisadiyyat

Baş nazir çörəyin bahalaşmasından danışdı

“Qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsədov ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə deyib.

Bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib.

Bildirildi ki, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.

İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür.

Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub.

Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb.

Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə danışan Baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirib.

Vurğulanıb ki, təbii olaraq bütün görülmüş kompleks tədbirlərə baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb.

Bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlərin görüldüyü vurğulanıb.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirlərinin daha da gücləndirildiyi, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlərin aparıldığı diqqətə çatdırılıb.

Qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanı nəzərə alaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir.  

Oxumağa davam et
Reklam

Gündəm