Xəbərlər - Publika.az
Bizi izləyin

İqtisadiyyat

Pərviz Şahbazov: "Enerji keçidində hər bir enerji resursunun iştirak haqqı var"

2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payı 30 %-ə çatdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

"Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonasına çevirmək öhdəliyimiz var. COP26-da biz öz ohdəliklərimizi yeniləyəndən sonra 2050-ci ilə qədər ölkə üzrə karbon emissiyalarını 40 %-ə çatdırmağa və işğaldan azad edilmiş ərazilər üzrə sıfır emissiyalara nail olmaq istəyirik. Amma bunu qeyd etməliyəm ki, enerji keçidi o demək deyil ki, mütləq şəkildə bir enerji resursundan tam şəkildə digər enerji resursuna keçilməlidir. Enerji keçidi ümumiyyətlə idarə olunan bir proses olmalıdır və bizim yanaşmamız bundan ibarətdir ki, hər bir enerji resursunun haqqı var ki, enerji keçidində öz iştirakını təmin etsin, amma hansı dövrə qədər? Bunu proses özü göstərəcək", - deyə nazir bildirib.

Qeyd edək ki, qrtıq 10 ildir ki, Dünya İqtisadi Forumu (WEF) Səmərəli Enerji Keçidinin Təşviqi (Fostering Effective Energy Transition) indeksini açıqlayır. 2021–ci ildə açıqlanan son indeksdə Azərbaycan 115 ölkə arasında 44-cü yerdə qərarlaşıb və postsovet ölkələri arasında yalnız Gürcüstandan geridədir.

Azərbaycanda enerji keçidinin bel sütunu olan bərpa olunan enerji potensialı çox yüksəkdir. Beləki, Energetika Nazirliyinin məlumatına görə, bərpa olunan enerji potensialı 26 940 MVt qiymətləndirilir ki, onun 23 040 MVt-ı günəş, 3 000 MVt-ı külək enerjisinin payına düşür.

Rəylər

İqtisadiyyat

Dövlət Gömrük Komitəsində görüş keçirildi

Bu gün Dövlət Gömrük Komitəsində Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinqin rəhbərlik etdiyi nümyəndə heyəti ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycan gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, bu sahədə mövcud qanunvericilik, gömrük orqanlarının qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Bildirilib ki, 2021-ci ildə gömrük orqanları tərəfindən Azərbaycandan tranzit keçməklə Avropaya daşınmasına cəhd göstərilən 3 ton 43 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bunun əsas hissəsini heroin təşkil edib.

Komitə sədrinin müavini qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrüyünün nümunəvi kinoloji xidmət formalaşdırdığını, gömrük-keçid məntəqələrində ən müasir texniki nəzarət vasitələrindən istifadə etdiyini və beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərdiyini bildirib.

Əsgər Abdullayev Dövlət Gömrük Komitəsinin qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində bir sıra beynəlxalq təşkilatlar, inkişaf etmiş dövlətlərlə səmərəli əlaqələrindən bəhs edib, Böyük Britaniyanın Milli Cinayət Agentliyi ilə də bu sahədə əməkdaşlığın daha çox gücləndirilməsinin ümumi işə fayda verəcəyini vurğulayıb.

Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinq təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, Milli Cinayət Agentliyinin dünyanın bir sıra regionlarında ofisləri fəaliyyət göstərir və məqsəd həmin ölkələrin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq quraraq cinayətkarlığa qarşı səmərəli mübarizə aparmaqdır.

Con Qoldinq Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əldə etdiyi uğurlardan məmnunluğunu ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et

İqtisadiyyat

Vergi güzəştləri neçə tətbiq edilir? - RƏSMİ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti gəlir və xərclərinin uçotunu aparan şəxslərə vergi güzəştinin tətbiq edilməsi ilə bağlı dəyişikliklərlə bağlı məlumat yayıb.

Publika.azxəbər verir ki, məlumatda deyilir:

“Qanunvericiliyə edilmiş növbəti dəyişikliklərdən biri də mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azadolmasının yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq edilməsi ilə bağlıdır.

Məlum olduğu kimi, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin (fərdi sahibkarların) sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi mənfəət (gəlir) vergisindən azaddır. “Kölgə iqtisadiyyatı”nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin güzəştin bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan və şəffaf şəkildə fəaliyyət göstərən vergi ödəyicilərinə şamil edilməsi nəzərdə tutulur.

Belə ki, vergi ödəyicilərinin fəaliyyəti üzrə uçot intizamının təmin olunması vergi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və malın (işin, xidmətin) təqdim olunması üzrə uçot intizamını pozan vergi ödəyicilərinə münasibətdə cəza tədbirləri sərtləşdirilir. 

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, uçot intizamını pozmaqla gəlirlərini gizlədən və vergidən yayınan vergi ödəyicilərinin belə güzəştlərdən istifadə etməsi intizamlı vergi ödəyicilərinə münasibətdə ədalətsiz rəqabət mühiti yaradır. Bu səbəbdən həmin dəyişiklik son illər ərzində uçotun şəffaflaşdırılması ilə bağlı həyata keçirilən vergi siyasətinin ümumi prinsipləri baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Oxumağa davam et

İqtisadiyyat

Baş nazir çörəyin bahalaşmasından danışdı

“Qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Baş nazir Əli Əsədov ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə deyib.

Bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib.

Bildirildi ki, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.

İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür.

Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşmiş və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub.

Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb.

Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə danışan Baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirib.

Vurğulanıb ki, təbii olaraq bütün görülmüş kompleks tədbirlərə baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb.

Bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlərin görüldüyü vurğulanıb.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirlərinin daha da gücləndirildiyi, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlərin aparıldığı diqqətə çatdırılıb.

Qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanı nəzərə alaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir.  

Oxumağa davam et
Reklam

Gündəm