Kor qıza Ayı göstərən bəstəkar - Publika.az
Bizi izləyin

Köşə

Kor qıza Ayı göstərən bəstəkar

Leyla Sarabi

İçindəki heyvanı maqqaşla çəkib qoparmışdılar. Elə bil tamponu da çıxarmağı unutmuşdular. Hər gün bir az qan hopurdu üstünə. Bütün ibtidai duyğuları itirə-itirə bozarırdı. Bilirdi ki, dünyada cəmi 100 nəfər ən nadir xəstəlikdən əziyyət çəkir. Dünyada cəmi 100 nəfər fiziki ağrı hiss etmədən yaşayır. Təsəvvür et, ağrını duymamaq ən dəhşətli xəstəlikmiş. Betəri də odur ki, yıxılırsan, qol sümüyün qırılır, beynin ağrı siqnalı ötürmür, amma bədən öz işini görür, o şiddətdən dilini dişləyib qanadırsan.

İndi vəziyyət bir az fərqli tüğyan edirdi. Şəksiz, o yüzlüyün siyahısındaydı, amma digər refleksləri də sovrulurdu. Əlləri titrəyəndə bilirdi ki, aclıqdan şəkəri oynayır, dili, dodağı çat verirdi susuzluqdan. Su ilə dolu şüşə gəzdirirdi yanında. Zəngli saat çalan vaxtda qabıq qoyan dodağını soyuq şüşənin ağzı öpürdü. Qızdırmadan qaynadığı gecələrçün darıxmaq istəyirdi hərdən. O da gəlmirdi duyğusuz bədənindən. Qupquru yaş, dopdolu boş xurcun deyirdi özünə.

Sancı çəkən Bakı küləyi qova-qova işə yollayırdı tənbəl xurcunu. Bir qütbdən çiskin yuyub, o birindən duman dalğası döyürdü torpağı. Daşları mamırlamış köhnə beşmərtəbənin yanına çatanda ayaqları yerdən qopdu. Nə qəribə təzaddır, yeni tikililər köhnələr kimi doğulub, yaşayıb qocalmır sanki. Onlar da GMO-lara bənzəyir - nəfəssizdir, duyğusuzdur, uydurmadır. Evdir, amma anlamının haqqına bürünən, ciyərinin dibindən yuvam, ocağım deyəcək qədər EV deyil. Otaqlarının istisinə qızınmırsan, yuyunanda su qulağına keçmişdən səslər pıçıldamır. Məsələn, elə bu binanın birinci mərtəbəsinin aralı nəfəsliyindən burnuna dolan zəfəranlı plovun mətbəx qoxusuna qarışan ətri ağız tamına belə doğma tumar çəkmir. Birdən boğuq səs eşitdi. Aclığı mədəsinin cırıldayan qapısını açırdı.

Küncdəki meyvə-tərəvəz piştaxtasından çoxlu yaşıl alma doldurdu torbasına. Tələsik pulunu ödəyib, almanın şirəsi damarına qarışana qədər yeyib bitirdi meyvələri.

Günbəgün içində solub tökülən xəzəl yaşıllayıb bədəninə baharı gətirirdi.

Balaca piştaxta gözündə pirə çevrilmişdi. Artıq ibadəti də, sevgisi də, doğması da çürümüş taxtalar idi. Ovucları yamyaşıla, dodaqları qırmızıya bürünürdü get-gedə. Hər günü eyni ritualla başlayıb alışdığı rutinə davam edirdi. Amma minqat daha xoşbəxt, ot yaşılı...

Vay o gündən ki, alma satan ya özünü, ya da almasını əskik etsin bəndəsindən. Ovucları saralır, dodaqları quruyurdu. Bütün ümidini, imanını, inamını sabaha bağlayırdı.

Artıq təbiətin də yaz damarı tuturdu. Hər səhər quşların dedi-qodusu ayırırdı onu yuxusundan.

Yenə bir alma sevdasına mikropolisin küçələrində qarışqa olub itməyə hazırlaşırdı. Bütün həyəcanını əllərinə büküb yaşıl həzzinə qovuşmağa tələsirdi. Həmin məhəllə, həmin nəfəslik... Pambıq barmaqlarına yapışan zibil torbasının içindən limon dilimləri gülümsəyən, ötən gecə qonaqlığa qarışdığı anlaşılan tanımadığı doğma qadın... Yuxulu günəşin isitdiyi mamırlı daşlar...

Hər şey yerində durub, təkcə piştaxta yoxdur. Nə almalar, nə gözündən Oşo hiyləsi tökülən satıcı, nə də müqəddəs taxtalar... Gələn-gedən kim vardısa, hamısına ağız açdı, dil tökdü.

- Burada piştaxta vardı axı... Dəqiq vardı. Siz də görürdünüz məni, ay xala. Hər gün buradan alma alırdım.

- Mən 40 ildir bu binada yaşayıram. Gəlin gəlmişəm bu məhəlləyə. Amma həyətin içində heç vaxt meyvə-tərəvəz satılmayıb.

Hamı eyni faktı aktlaşdırıb imzaladı.

- Necə yəni olmayıb? Özümü özümdənmi uydurmuşam?

Yer üzündən silinmiş məbədinə ağladı. Amma nə dodağı qurudu, nə də əlləri soldu. Günəşin altında pişik olub isinmək keçdi içindən. Yenə eyni rutin, günün digərlərinə bənzər yekunu.

Ayın közərtisində evə qayıdırdı. Bethoveni xatırladı. Görəsən “Ay sonatası”nı həqiqətən o balaca kor qıza Ayı göstərmək üçün yazıb? Görmək üçün bəzən 7 notun yallısı, bəzən də yaşıl yöndəmsiz alma bəs edir yəqin.

Qapını açıb, içəri girdi. Masanın üstündəki şüşə qabda bir qucaq yaşıl alma vardı.

Rəylər
Oxumağa davam et
Reklam

Köşə

Ən yanlış tibbi fakt budur

Bəzi hallarda etdiyimiz səhvlərin altında mütləq bir doğru payı olur. Amma çox vaxt büdrəməyimizə nə qədər fəlsəfi don geyindirsək də, yanlış elə yanlışdır. 

Əsla bu səhvi etməsəydim, öz yolumu tapmazdım demirəm. Məncə, insan ən acı təcrübəsindən sonra duruma uyğunlaşmağını, o qarışıqlığın içində var olmağa çalışmağını böyük cəsarət zənn etdiyi üçün özünü öyməyə başlayır. Bəlkə də buna görə xırda uğurlarına taleyin əsəri deyib, "bərkə düşmədən, zirvəyə çıxmazdım" adlı hipotizlər uydurmazdı. 

Mənim vətəndaş mövqeyim də, içimdəki şəxsiyyət vəsiqəsi almaqdan imtina edən havadakı kimliyim də çoxdan belə möcüzələri rədd edir. Yəni doğrudanmı düşünürsən ki, qarşına çıxan vicdansıza yem olan qürurunun parçalarını yapışqanlı birləşdirib daha uğurlu həyata başlayırsan?! Əslində bizdən çimdik-çimdik qoparılan sinirimiz, güvənimiz, məsum baxışlarımızın yerində tikan bitir. Bəlkə də yaşadıqlarımızdan sonra dörd yanımıza tikdiyimiz hündür hasarlarımız bizi qorumağın ideal yolu deyil. Əslində "gücləndim" saydığımız o mifin altında incinən mənliyimiz, bir də dadmayacağımız ən körpə duğularımız can verir. 

Məsələn, 10 yaşımda ağladığım faciəmi 20 yaşımda orta statistik hadisə zənn edirəmsə, 20 yaşımda can atdığım insanlar 30 yaşımda lax yumurta kimi üfunətə bürünürsə, mən sinəmə böyüməyim, müdrikləşməyim münasibətilə saxta medallar asmıram. Bəlkə xəmirimi yoğurub acıtmasaydılar, qaynar sobada  bişirib üzümü qızartmasaydılar, sonra dişlərinə çəkib tikə-tikə yeməsəydilər öz tarlamda küləklərə dost olardım. Bilmirəm, hərdən bərkimədən öncə o pambıq, naşı mexanizmim üçün darıxıram. Bəlkə də sərt tənqidlərin qarşısında aciz idim, bəlkə də normadan artıq yasa batırdım, amma ən xırda sevinclərin içində lap dərində boğula bilirdim. Hadisələri idarə edə bilmirdim, amma duyğularımın çalarları daha zəngin idi. 

Eşitdiyim ən absurd fakt var. Guya insanın gözündən başqa bütün orqanları qocalmağa məhkumdur. Elə yanlış müşahidə, bəlkə də tibbi faktdır ki... Deməyin ki, ananız öləndən sonra axıb gedən göz yaşlarınızın ardınca əvvəlki işıltı ilə baxmısınız. Deməyin ki, bir vaxtlar ən adi şeylərə baxıb alovlanan bəbəkləriniz yenə eyni nəsnələrdən qığılcımlanır. İnsanın gözündə hər şey adiləşir. Dəhşət sandığınız qəza xəbərlərinə bir müddət sonra baxmağa cəsarət etdikcə, ruhu çıxan canları qucaqladıqca, görmək istədiklərinizin xəyalı da xatirənizdən silindikcə, gözləriniz də daşlaşır... baxışlarınız da sərtləşir... Uzaqdan pıçıldayan keçmişin nəğməsi, qonşudan gələn ananın yeməyinin ətri, ağacların tumurcuqlarından qopub tökülən ləçəkləri bir anlıq gözünə ox olub batdıqca, özünü kənardan izləyirsən. İstəsən də, mümkün deyil itirdiyin "sən"ləri tapıb içində bəsləmək. 

Bəlkə də buna görə böyüdükcə böyüməyin bir işə yaramadığını anlayırsan. Bir yaran sağalmadan, ard-arda yoluna tökülən ifrat təcrübə parçalarına ilişib küt ağrı ilə qidalanırsan.

Oxumağa davam et

Köşə

Şər-böhtan kampaniyası iflasa uğradı

İtaliyanın Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci ildə tarixi qərar qəbul edərək bir neçə il davam edən şər-böhtan kampaniyalarına,  qondarma korrupsiya iddialarına son qoydu.  

Belə ki, Milan Məhkəməsi 2018-ci ildə azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədovu AŞPA üzvü və qurumun ən böyük siyasi fraksiyası olan Avropa Xalq Partiyası (EPP) qrupunun sədri, italiyalı deputat və beləliklə, dövlət rəsmisi Luka Volonteyə öz vəzifələrindən Azərbaycanın maraqları naminə icra etməsi və xüsusilə Azərbaycanda siyasi məhbuslara dair “Ştrasser Məruzəsi”nin əleyhinə səs vermələri üçün digər parlamentariləri inandırması üçün ödəniş etməkdə günahlandırmaqla məhkəmə prosesi başlamışdı. Birinci instansiya məhkəməsində prokuror korrupsionerlər qismində Elxan Süleymanovu qərarverici, Müslüm Məmmədovu göstərişlərin icraçısı kimi müəyyənləşdirmişdi və onlara qarşı 21 epizod üzrə ittiham irəli sürmüşdü.

Milan Məhkəməsi bir neçə il davam etmişdir məhkəmə prosesinin nəticəsi olaraq 2021-ci ilin yanvar ayında Süleymanov, Məmmədov və Volonte barəsində yalnız 3 epizod üzrə (2012-ci ilin dekabr ayı ilə 19 mart 2013-cü il aralığında) hökm çıxardı və digər 18 epizodla bağlı bəraət verdi. Bununla belə, Milan Məhkəməsi günahlandırılan üç şəxsin (Luka Volonte, Elxan Süleymanov, Müslüm Məmmədov) hər biri barəsində 4 il azadlıqdan məhrumetmə qərarı verdi.

Lakin İtaliya qanunlarına əsasən məhkəmənin yekun qərarı yalnız apellyasiya məhkəməsi və kassasiya məhkəməsi tərəfindən təsdiq edildikdən sonra və ya heç kim qərar barədə apellyasiya şikayəti vermədiyi halda qüvvəyə minmiş hesab edilir. Odur ki, Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası birinci instansiya məhkəməsinin qərarı ilə bağlı araşdırmalara başladı və, nəhayət, Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci ildə qeyd edilən işlə bağlı qərar qəbul etdi. Apellyasiya Məhkəməsi italiyalı deputat Luka Volonte, azərbaycanlı deputatlar Elxan Süleymanov və Müslüm Məmmədov barəsində Milan birinci instansiya Məhkəməsi tərəfindən 2021-ci ilin yanvar ayında verilmiş 4 il həbs cəzası qərarını ləğv etdi. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Milan Apellyalsiya Məhkəməsində Dövlət Prokurorluğu Milan Məhkəməsi tərəfindən Elxan Süleymanov və Müslüm Məmmədov barəsində verilmiş qərarın ləğvini istədi və bildirdi ki, Prokurorluq Ofisi istintaqın əldə etdiyi bütün nəticələri protokola daxil etməmiş və beləliklə birinci instansiyada daha şüurlu, tam və olduqca mükəmməl müdafiənin qarşısını almışdı.

Beləliklə, Milan Apellyasiya Məhkəməsi bir neçə il davam edən əsassız iddialara, şər-böhtan kampaniyasına son qoydu. Belə ki, korrupsiya iddiaları ilə başlamış bu iş əvvəlcədən siyasi xarakter daşıyırdı, AŞPA-da və bir sıra Avropa təsisatlarında ölkəmizin beynəlxalq aləmdə uğurlarından narahat olan güc mərkəzlərinin, ermənilərin, ermənipərəst qüvvələrin, daxili bədxahların Azərbaycana qarşı apardığı təzyiq kampaniyasının tərkib hissəsi kimi gündəmə gəlmişdi. 

Lakin bu siyasi xarakter daşıyan əsassız, qondarma və saxta korrupsiya iddiaları haradan qaynaqlanmışdı və nə üçün Elxan Süleymanov və Müslüm Məmmədova qarşı ittihamlar irəli sürülmüşdü? 

Bu suallara cavab axtarmaq üçün heç də uzağa getmək lazım deyil.

Əlbəttə ki, əvvəlcədən siyasi xarakter daşıyan bu iddiaların əsas hədəfi Azərbaycan dövləti idi. Belə ki, davamlı olaraq AŞPA-da Azərbaycana qarşı aparılan təzyiqlərə baxmayaraq, ölkəmiz bu qurum çərçivəsində bir çox ciddi uğurlara nail olmuşdu və bu Azərbaycanın düşmənlərini narahat etməyə bilməzdi. Bu nailiyyətlərdən bəzilərini qeyd etmək zəruridir:

AŞPA-da siyasi məhbuslara dair qəbul edilmiş heç bir meyar olmadığı halda Avropa Şurasının 47 üzvündən yalnız Azərbaycan üzrə siyasi məhbuslar məsələsinə dair məruzəçilər təyin edilirdi, Azərbaycanın AŞPA-ya qəbul olunduğu gündən indiyədəkdaim bu qondarma məsələ  Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilirdi. Yalnız Azərbaycanın mübarizəsi nəticəsində, təvəzökarlıqdan uzaq olsa da, insan haqları komitəsinin üzvü kimi Elxan Süleymanovun bir neçə il ərzində davamlı təkidlərindən sonra  siyasi məhbusların müəyyənləşdirilməsi üçün hüquqi meyarların mövcud olmaması AŞPA tərəfindən etiraf edildi. AŞPA-da məruzəçi Ştrasser müstəqil ekspertlərin 2001-ci ildə təklif etdikləri müvəqqəti meyarları öz məruzəsinə daxil etdi və 2012-ci ildə həmin meyarlar qəbul edildi. Lakin Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair məruzəsi 2013-cü ilin yanvar sessiyasında qəbul edilmədi.

Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov tərəfindən “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” və  “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihələri irəli sürüldü. Britaniyalı deputat Volterin hazırladığı “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” məruzə ATƏT-in ermənilərin xeyrinə absurd bəyanatdan sonra cəmi 3 səslə qəbul edilməsə də, onun hazırlanaraq plenar iclasda müzakirəyə çıxarılması düşmənlərə böyük zərbə oldu. Bosniya və Herseqovinalı deputat Milisa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsinə dair” məruzəyə dair 2085(2016) saylı qətnamənin qəbul edilməsi, bu qətnamədə Ermənistanın işğalçı kimi tanınması, Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərdən silahlı qüvvələrinin dərhal çıxardılması tələbi, sudan mülki əhaliyə qarşı silah kimi istifadə etməyin yolverilməzliyi, bölgədə ekoloji terrora görə məsuliyyət daşıması kimi müddəaların olması Azərbaycanın böyük uğuru, düşmən tərəfin iflası oldu.   

Azərbaycanın AŞPA-da əldə etdiyi uğurlardan ciddi şəkildə hiddətlənən anti-Azərbaycan qüvvələr Azərbaycana qarşı strategiya işləyib-hazırlamış və bu strategiyanı reallaşdırmağa davamlı səylər göstərmişlər. Onlar öz məqsədlərinə nail olmaq üçün Azərbaycana qarşı məkrli planların həyata keçirilməsinə məruzələrin gündəmə gətirilməsi yolu ilə, yəni dünyada qəbul edilmiş demokratik səsvermə yolu ilə nail olmasının qeyri-mümkünlüyünə əmin olaraq yeni strategiya seçdilər – Azərbaycana qarşı əsassız korrupsiya iddiaları irəli sürərək AŞPA-da qəbul edilmiş qərarların obyektivliyini şübhə altına almaq və yenidən gündəliyə gətirilməsinə nail olmaq. 

Əlbəttə, AŞPA-da anti-Azərbaycan və ermənipərəst qüvvələrin Azərbaycana qarşı yeni siyasi təsir imkanları əldə etmək məqsədilə hazırladıqları strategiyaların əsasında qondarma siyasi məhbus məsələsinin hər vəchlə yenidən gündəliyə qaytarılması və ondan Azərbaycana qarşı istifadə edilməsi dayanırdı. 

Sadəcə, bu məkrli strategiyanın reallaşdırılması üçün “Ştrasser məruzəsinin” qəbul edilməməsinin səbəbi qismində Azərbaycan hakimiyyətini korrupsiya yolu ilə Avropa deputatlarını ələ almaqda günahlandırmaq lazım idi və bu qondarma korrupsiya əməllərini həyata keçirən deputatları müəyyən etmək qalırdı. Bu məqsədlə AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair İstintaq Orqanı yaradıldı. İstintaq Orqanı tərəfindən qısa müddət ərzində Azərbaycana qarşı heç bir dəlil və sübut olmadan saxtalaşdırılmış və böhtanla dolu cinayət işləri fabrikləşdirildi, anti-Azərbaycan güc mərkəzlərinin, ermənipərəst qüvvələrin, daxili bədxahların köməyi nəticəsində 60-dan çox AŞPA üzvü, komitə və fraksiya sədrləri, hətta Avropa Şurasının prezidenti istefa verməyə məcbur edildi.

Elxan Süleymanovun və Müslüm Məmmədovun korrupsiya iddiaları ilə ittiham edilməsi isə Azərbaycana qarşı yönəlmiş kampaniyaların qarşısının alınmasında onların xüsusilə aktivlik göstərməsi ilə bağlı idi. Belə ki, 2010-cu ildən bəri AŞPA-da, AP-də, Avronest PA-da insan hüquqları və söz azadlığı, siyasi məhbus məsələsi, seçkilər, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal altında saxlaması və digər məsələlərdə Azərbaycanın maraqlarının təmin edilməsi istiqamətində aktiv mübarizə aparması, onun AŞPA-da “Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artmasına dair” və  “Azərbaycanın cəbhəyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihələri irəli sürməsi, AŞPA-da siyasi məhbuslara dair meyarların olmamasını sübuta yetirməsi, qərəzli “Ştrasser məruzəsinin” qəbul edilməsinin qarşısının alınmasında davamlı və genişmiqyaslı mübarizə birbaşa məni-Elxan Süleymanovu və Müslüm Məmmədovu ittiham edilməsi üçün hədəfə çevirmişdi. Qənaətimcə, “böyük” Almaniya dövlətinin deputatı Ştrasserə qarşıkiçik Azərbaycan Respublikasının deputatı Elxan Süleymanovun prinsipiallıq nümayiş etdirərək dirəniş göstərməsini həzm etmək iqtidarında olmadığını göstərdi.

Qeyd edim ki, mən məruzəçi Ştrasserin Azərbaycana qarşı düşmən mövqeyinə qarşı Azərbaycan, Avropa mətbuatında daima çıxış etmişəm. 

Odur ki, bu mübarizənin və uğurların qarşısını almaq üçün Elxan Süleymanov və onun yaxın həmkarı Müslüm Məmmədov anti-Azərbaycan qüvvələr tərəfindən hədəf kimi seçildilər və qondarma korrupsiya iddiaları ilə ittiaham edildilər. Bu illər ərzində biz qondarma ittihamlar, mənəvi və maddi  təzyiqlərlə üzləşdik, heç bir əsası olmadan iztirablara məruz qaldıq. 

Milan Apellyalyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci il tarixdə qəbul etdiyi qərarla Luka Volonte, Elxan Süleymanov və Müslüm Məmmədova qarşı irəli sürülmüş korrupsiya ittihamlarının heç bir əsasının olmadığını bir daha sübuta yetirdi. Bununla da AŞPA-da şər və böhdan kampaniyası iflasa uğradı.

Mən 20 illik siyasi və ictimai fəaliyyət təcrübəmə əsaslanaraq Milan Məhkəməsinin bugünkü qərarını ədalətin təntənəsi hesab etmirəm, bu qərarla hakim sadəcə olaraq özünü vicdan məhbusluğundan azad etdi. Çünki bizim, Elxan Süleymanov və Müslüm Məmmədovun  heç bir günahı yoxdur və cinayət işlətməmişdik. Biz AŞPA-da Azərbaycana qarşı yaradılmış birləşmiş güc mərkəzlərinin apardığı terrorun, şər-böhtan kampaniyalarının əleyhinə mübarizə aparamışıq.

 Bu, Azərbaycanın uğurlarına qarşı terror idi, güc mərkəzlərinin sifarişi əsasında ermənilərin və ermənipərəstlərin, daxili bədxahların ölkəmizə qarşı apardığı şər və böhtan kampaniyası idi. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq uğrunda fəaliyyətimi dayandırmaq, məni susdurmaq üçün atılmış məkrli addım idi.  Biz Azərbaycana layiqli xidmət göstərmişik, şərə, böhtana qarşı mübarizə aparmışıq və bunun qurbanı olmuşuq. 

Bu günkü reallıqlarda isə bu məsələ artıq gündəmdə deyil və məhkəmə hüquqa tamamilə göz yuma bilməzdi. Lakin məhkəmə ədaləti bərpa etməyib, günahsız insanların haqqını özünə qaytarmağa məcbur olub. Mən millət vəkili və AVCİYA prezidenti kimi Avropa strukturlarında fəaliyyətimə, təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, Avropada həqiqi demokratiya yoxdur, onlar   güc mərkəzlərinin sifarişlərini icra edirlər. 

AVCİYA prezidenti,

qondarma iddialardan azad olunmuş Elxan Süleymanov

Oxumağa davam et

Köşə

Tüstüsü buluda bənzəyən sürreal parovoz

Günün tək doğrusu - postkarantin dövrünün insanları bıçaq kimi itiləndi. İtiləndikcə, bir-birindən itələndi.

Avropalı rəfiqəm danışır: Elə şüursuz, duyğusuz epoxanı geridə qoyduq ki, küçədə adam yıxılıb ölsə, heç kim əyilib gözünü qapamayacaq. Bu avtomatlaşma dövrü kiminə sonsuzluq, kiminə də göz qırpımı gəldi. 

Amma ölmək xofu ilə yaşamağın özü də bir növ cüzamdır. Bu gün oğlumun timsalında dijital nəsil tornadosu xəfif-xəfif burulmağa başlayır. Mən onun bir düyməni sıxıb, monitorumu sahmana salmaq qabiliyyətinə paxıllanmıram. Əsla! 

Amma elektron yollarda tövşəmədən dövrə vurub, köynəyinin düyməsini mənə bağlatdırmaq inadı səbrimi zorlayır. Anam ixtisasca ekonomist idi. İllərlə statistika idarələrinin ən mürəkkəb kompüterlərində hesab-kitab işi aparmışdı. Amma mən ona telefonunda sosial hesab açanda, fövqəltəbii bacarığıma həsəd aparmışdı. 

Bir yandan da əlimdən düşməyən qacetin hiddətini qurtumlayırdı. Anamın hadisələrə münasibəti eyni nöqtədən iki səmtə ayrılan dəmir yoluna bənzəyirdi. Ömür boyu çalışdığı rəqəm selindən də sürətli TGV qatarı və tüstüsü buludlara bənzəməyə çalışan sürreal parovoz... 

İşlədiyi müddətdə gözü çox pul saymışdı. Bəlkə də ona görə yox, vaxtı da tox ola bilirdi. Tək aclığı bizə idi. Qazan-qazan boğazına töksə də, doymadıqları idik - bacım və mən... 

Ən gerçək həyat romanlarını oxutmuşdu mənə. Amma öskürməyə başladımmı, Qırmızı papağa dönürdü. 11-ci sinfin son akkordlarında gəzişirdik bacımla. O, məndən iki yaş böyükdür. Amma anam bizi cüt cücə kimi geyindirməyi sevirdi. Bəlkə də bu məntiqdən yola çıxıb, ibtidai beynimə yazdım ki, mən də bacımla eyni sinifdə oxumalıyam. Gizlin-gizlin sayıb-oxumağı öyrəndim 4 yaşımda. 

İki ayağımı bacımın başmağına dirədim ki, məni də onun sinfinə yazdırın. Nəhayət 5 yaşımda bacımla 2-ci sinfin qapısını açdım. Son sinfə çatanda, ikimizin də ali məktəb həyəcanı sıyıq olub şəhərin küçələrinə dağılmağa başladı. İkimiz də ikiyə bölünüb repetitor müəllimlərin iş otaqlarında yuxulayırdıq. Bir ovuc zaman qalmışdı imtahana. Hətta gizlin-gizlin düşünürdük ki, mən qəbul olunsam, onun balı çatmasa, bu il oxumaqdan imtina edəcəm. 

Belə tragikomik şərqtəhər ailə bağımız var. Elə bu dəmdə bütün məktəblərə məxmərək virusu yayıldı. Sinfimiz qırmızıya bələndi. Öncə bacımı otağına dustaq edib sağaltdı anam. Sonra bir gecədə təbiət mənim dərimə məxmərdən üz çəkdi. Anam həkimin yazdığı müalicəyə də, pəhrizə də sərt əməl edirdi ki... bir səhər qaçaraq otağıma girdi.

Yastığımdan tutmuş çəkələyimə qədər hamısını qırmızı rənglə əvəzlədi. Mübarəksən deyib, pörtmüş əlimi öpdü. Qızdırmanın içində göynəyən bədənimin bütün hüceyrələri bu divanəliyinə bağırmaq istəyəndə, otaqdan çıxdı. Sən demə anam qonşuluqdakı kürd nənədən belə bir inancın olduğunu eşidibmiş. Xəstə adam qırmızıya baxanda, tez sağalırmış. Bilmirəm, bunu hansı kürd Quru Everestin zirvəsindəki meditasiya zamanı kəşf etmişdi, amma virusun bədənlə real sevişmə müddəti var. İki həftə sonra məxmərim söküldü. 

Anam gəlin otağımı əvvəlki palitrasına qaytardı. Yaxşı ki, pandemiya günlərini yerin altında, göyün üstündə, cəmi bir qırmızı pərdənin bizi ayırdığı şəffaf planetdə yaşadı. Yoxsa əminəm, gözü önündə koronavirusa yoluxsaydım, öncə bütün interneti, dünya səhiyyə təcrübəsini oxuyacaqdı. Sonra da həkim resepti olmadan dərman boxçasına bir kapsul da qatmayan anam, kürd nənə əlac buyurub deyə bütün cərəyanların vəhdətindən ibarət sevgisi ilə fil sümüyündən tac düzəldib, başıma qoyacaqdı. 

Necə ki, dinlərdən yan gəzən mən hər körpə canı "maşallah" deyib sevirəm. Nitsşenin daim təriflənmək istədiyi üçün uzaq durduğu Allahın adını unudan mən, oğlumun parlaq gələcəyindən "inşallah" demədən danışmıram.

Oxumağa davam et
Reklam

Gündəm