Xəbərlər - Publika.az
Bizi izləyin

Köşə

Şəhid qardaşlar İstanbulu belə fəth etdilər

Aydın Canıyev

İstanbula uçanda Feysbukda gözüm Ayxan Ayvazın bir yazısına sataşdı: soyuq başlıqlı xəbərlərdən yazırdı! Doğrusu, Ayxan o çəlimsiz canında özünün və xəbər yazılarındakı soyuq başlıqların acılarını gözəl anlatmışdı - imkan olmadı zəng edim özünə, təşəkkür edim, “ağrılarından, acılarından öpürəm” deyim! Burdan deyirəm, Ayxan Ayvaza və elə Ayxan Ayvazın o faciəli və sarsıntılı düşüncələr üstündə sayrışan gözəl nəticələrinin təsiri altında yazıya nəzərdə tutduğumdan fərqli giriş yazıram:

Sadəcə, faktın fiksasiyasıdır bu bir cümlə: “Mübariz Mənsimov şəhid qardaşların adına gəmi buraxdı!” - bu qədər soyuq cümlə ilə yaşantıları, atılan addımları, görülən işləri, verilən dəyəri ifadə etmək... Peşənin və sözün qəddarlığıdır, acımasızlığıdır!

Əslində...

Məni heç kim heç yerə dəvət etməyib, etmir, etməyəcək də... Ölkədə və ölkədən kənarda keçirilən tədbirlərə. Amma harda azərbaycanlı varsa, təbliğ etmək lazımdırsa, oralara özüm getdim indiyəcən... Kiyevə, Minskə, Moskvaya, Kazana, Yaroslavla, Sankt-Peterburqa: öz hesabıma - evdə arvadın nişan üzüyünü satıb təyyarəyə bilet aldım, dostların yanında girov qoydum, pul götürdüm, faizə borc aldım, getdim!!! Və... Biləndə ki, mənə İstanbula o baş, bu baş bilet alınır, üç günlük səfərə dəvət olunuram, həddən artıq gözlənilməz oldu, şmardım, şaşırdım, kövrəldim!

İstanbula... Şəhid qardaşlar İman və Bəhram Məmmədzadələrin adına buraxılacaq tankerin dənizə buraxılma törəninə məni şəhidlərimizin atası Elman dayı Aqil Alışovun təklifiylə dəvət etmişdi!

İstanbul haqqında lap əvvəldən tarix kitablarından oxumaqla tanış olmuşam! Sonra cavan rəhmətə getmiş Nigar İsmayılqızı Orxan Pamuk sevgisinin üstündən yazdığı yazı ilə mənə anladırdı İstanbulu! Sonra... İradə Tuncayın “Sarı odaları”ndan bilgilənmişdim. İstanbul bütün hallarda və bütün nüansları ilə mənə doğmaydı!

Ancaq təyyarə trapına qalxarkən özüm-özümə pıçıldayırdım: “Sağ olun, İradə Tuncay. Sizin tanıtdığınız İstanbula İstanbulu anlayaraq getmək nə gözəl!” Yəni kimsə, istənilən azərbaycanlı İstanbula gedirsə, mütləq İradə Tuncayın İstanbul haqqında düşüncələrini oxumalıdır! Ki, bilsin hara gedir! Əks təqdirdə, İradə Tuncayın yazısını oxumadan İstanbula gedən Moskvaya, Təbrizə, Berlinə, Londona, Dubaya alverə, kefə, bazlığa, bazarlığa gedən biriləri kimi getmiş olacaq!

“Ah, İstanbul!” demədim, demədən getdim! “Jurnalist heyrətlənməməlidir, heyrətləndirməlidir” prinsipi jurnalistikanın əsas prinsipi və jurnalistin kredosu olmalıdır. Belə öyrədiblər! Mən İstanbula heyran deyildim: nə fiziki-siyasi coğrafiyasına, nə hərbi-siyasi tarixinə, nə də Allahın və zamanın üstündə işlədiyi nəqqaşlığa görə!

Mən İstanbulu fəth edənlərə səcdə edirdim! Əzəmətə qalsa, dünya əzəmətli yurdlarla doludur, amma onun nə qədərində türk izi varsa, mən o fatehlərə səcdə edirəm! Dünyada xüsusilə iki meqapolis fəthini diktə edir: Moskva və İstanbul!

Moskvanı nə fransızlar, nə almanlar fəth edə bildi. Ümid var ki, ukraynalılar və Ukrayna bu şəhərin sehrini, tilsimini heçə-puça çıxaracaqlar! Amma İstanbulu fəth edən Türkün əlindən rus da İstanbulu ala bilməyib!

Amma bir orası da var ki, alınmazlığa yüksəlmiş bu şəhərlərdə fatehlər də olub: Kərim Kərimov, Çingiz Hüseynov, Heydər Əliyev və başqaları. İstanbulda zirvəyə ucalanları isə axtarmaq, tapmaq və tanıtmaq lazımdır! 

Belə... Məkan və mühit fərqli və miqyaslı düşündürür, arada orbitdən çıxmaq lazımdır. Mən orbitdən çıxdığımda düşünürdüm.

Kimə minnətdar olaq: Mübariz Mənsimova, yoxsa adına tanker verilən şəhid qardaşlar İmana və Bəhrama, yoxsa onların valideynləri Elman dayıyla Hicran anaya, bəlkə bizə Zəfər Günü yaşadan Prezident İlham Əliyevə?

Fərdiləşdirmək heç cür alınmırdı: biri digərini tamamlayırdı! İstanbulda belə zəncirvari möhtəşəmlik yaratmaq, yaşatmaq sıradan bir olay deyil... Ardıcıllıqla və boy sırasıyla başlayaq:

İstanbulun Yalova körfəzindən dənizə buraxılacaq “İman, Bəhram Məmmədzadə” tankerinin təsisinin məndə ilk olaraq yaratdığı assosiasiya bu idi: 1453-cü ildən bu yana İstanbul fatehlərindən kimi tanıyırıq, Sultan Mehmetdən başqa?

Heç kimi!

Tarixə ekskursiya:

Bir gün Ağ Şəmsəddinin yanına balaca Mehmeti gətirirlər ki, bunu şəyirdliyə götür, təliminlə irfana ucalt! Ağ Şəmsəddin mədəni şəkildə rədd edir! Deyir “ondan mənə şəyird çıxmaz”!

Ağ Şəmsəddin deyəndən sonra kimin ağzı nəydi ki, sözü üç edə. Bəli, zaman dəyişir, məqam gəlir, Sultan Mehmet Konstantinopolu fəth edir!

Bu dəm Ağ Şəmsəddinin “ondan mənə şəyird çıxmaz” aşağılaması yada düşür, başlayırlar Sultan Mehmeti tırkalamağa. Əlbəttə ki, Sultan Mehmetin də “boz kardinal”ı olub, çağırırlar Ağ Şəmsəddini aşağılamağa, cəzalandırmağa. Ağ Şəmsəddin qısa və net cavab verir:

- Ay mən deyənlər, sizin qarşınızda bu gün fateh kimi duran Sultan Mehmetin İstanbul fatehi olacağını mən onun 10 yaşından görürdüm! Siz isə hələ də anlamamısınız ki, mən onu özümə şəyird götürsəydim, o, uzaqbaşı mənim üçün dəstəmaza aftafa tutan şəyird olardı, bəs onda İstanbulu kim fəth edərdi?

Bəli, İstanbulun fəthi çox şey deməkdir, bizim üçün həm də o deməkdir ki, uşaqlarımızdan öz istəyimizlə prokuror, hakim, polis rəisi qayırmaq təpkimizdən özümüzü xilas edək, əgər görə bilmiriksə ki... Xankəndinin, Xocalının, Xocavəndin fatehidir! Necə ki, İlham Əliyevin Şuşa fatehi olduğunu görmürdük!

Hə-ə, İstanbul hava limanında düşündüyüm ilk buydu: 1453-cü ildən İstanbulu türkün qalasına çevirənlərin başçısı... Sultan Mehmetin adına o boyda İstanbulda (əhalisi artıq 20 milyondan o yanadır) bir ədəd körpü veriblər: "bildiniz də nə deyirəm?"

Ərazisi iki qitəyə bölünən, iki boğazla iki dənizi birləşdirən, üç körpüylə gediş-gəliş yapılan İstanbulda... iki qardaş şəhidimizin adına tanker buraxılmağın əzəmətini, möhtəşəmliyini yaşadan Mübariz Mənsimovu görməyə hələ daha bir gün qalırdı!

Biz isə... Ortaköyə gəlmişdik – aeroportdan 45 km. məsafədə. Və düüüzzz gəlib düşmüşdük “Köprü ayağı” dayanacağına: cəmi yüz metr aşağıda Boğaziçi-Bosfor-İstanbul boğazıydı. Üstündə də Asiyanı Avropayla birləşdirən ikinci körpü! Sabah ikinci körpüdən keçib üçüncü körpüdən qayıdacaqdıq odamıza törəndən sonra: indi isə mən yuxusuzluqdan ölürdüm və artıq Aqillə dalaşırdım (etiraf edirəm: əsəblərim o qədər də yerində deyil və Aqil 22 ildir mənimlə suda-gəmidə, quruda-qatarda, havada-təyyarədə Moskvada, Bakıda, Lənkəranda, Lerikdə, İstanbulda həmişə qənirsiz yoldaşlıq edib, dözüb e, dözüb): “Aqil, mən yatmaq istəyirəm, tez bir tikə çörək yeyək, yatım!” Çünki... İstanbula uçmaq məni varımdan yox etmişdi: düz 12 saat qabaqdan yatmamışdım, yeməmişdim, təyyarədə “meyit” olmuşdum, qeydiyyat nou-hauları məni əldən salmışdı!

Oyananda bir daha düşüncələrimin öz ali statusundan yenmədiyinə əmin oldum - bax, bu gün açılış törənində iştirak edəcəyimiz olay o deməkdir ki: biz 1453-cü il qəhrəmanlarını adbaad tanımırıq! Bu iki şəhid qardaş bu dənizlərdə, bu okeanlarda üzəcək, hamı onların şəhid olduğunu biləcək! Qara dəniz, Egey və Mərmərə dənizi, Atlantik və Sakit Okeanı TÜRK ŞƏHİDLƏRİNİN adına təzim edəcək, ruhlarına baş əyəcək, bundan... İstanbul fatehləri məmnun olacaq! Mənim nəzərimdə, İman və Bəhram Məmmədzadələr İstanbulun şəhid mehmetciklərinin reinkarnasiyasıdır! Onlar bu dənizlərdə üzməyi haqq edir!

Onlar əvvəlki həyatlarında bu torpaqlar uğrunda vuruşub qalib gəliblər! Onlar bu dəfə də dünyaya ona görə gəliblər ki, Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa, Zəngilan uğrunda vuruşub qalib gəlsinlər və Azərbaycanı dünya okeanına çıxarsınlar, təmsil etsinlər!

Bunu anlayan, dərk edən, bunun təsdiqini Allaha, Zamana, Coğrafiyaya təqdim etmək isə yalnız və yalnız Mübariz Mənsimovun anlayacağı, anladacağı bir missiyadır!

Əvəzində, biz bir cümlə ilə deyirik: “Mübariz Mənsimov iki şəhid qardaşın adına gəmi buraxdı!” Amma daha ardını fikirləşmirik: ən iri tankerlərdən olan “İman Bəhram Məmmədzadə”nin maliyyə ekvivalenti 60 milyon dollardır (tankerin texniki göstəricilərini əlavə edərəm), bundan əlavə, limanlarda ermənilərin hakim olması səbəbindən, “bazar payı”nın itirilməsidir, yubadılmalar, ləngidilmələr, qıcıq olmalar, süni problem yaradılmalarıdır!

Fərqinə varmırıq!

İstanbul da, Moskva kimi, göz yaşlarına inanmır: gərək fəth edəsən!

İstanbulda daşımaçılıq yapmaq, tərsanə sahibi olmaq kifayət qədər güclü siyasi səbat və sədaqət, praqmatik iqtisadi təfəkkür, maliyyə və biznes avantajı, işgüzar imic və diplomatik səriştə tələb edir!

Hər bir punkt üzrə o qədər punktual olmalısan ki, dövlət rəhbərindən tutmuş “dənizlərin şahı”na qədər sənə göz ağartmasınlar, rəqabət mühitində heç kimin maraqları ilə inkişafın kəsişməsin, üstünə “qabağımdan keçdin” ittihamıyla gələ bilməsinlər!

Təsəvvür edin: Mübariz Mənsimov yoxdur İstanbulda və bu adda tanker də yoxdur!

Nə olur?

İki İstanbul şəhidinin ruhu intizarda qalır!

Mübariz Mənsimov Qara dənizdən okeana buraxdığı hər bir gəmiylə İstanbul fatehlərinin ruhunu şad etmiş olur: Əbülfəz Elçibəy, Heydər Əliyev, Məmməd Əmin Rəsulzadə və şəhidlərimizin hər birinin adıyla. Bu insanlar Türkiyə sevgisi yaşamış, yaşatmış insanlardır! Bu insanlar İstanbuldan dünyaya Türkiyə tanıtmış insanlardır! 

Hətta Heydər Əliyevin, lap elə Mahmudovun adına olsun: elmin, siyasətin təmsilçiliyidir... Türkiyə, türk adına!

Səlcuq Bayraktarın bir fikrinə rast gəldim: “Dünənəcən türk gəncliyi fikirləşə bilərdi ki, biz dünyaya tekstillə, paxlava ilə, nə bilim, daha başqa nə ilə çıxa bilərik, amma ağlına gətirməzdi ki, nanotexnologiya uğurları ilə dünyanı heyran edəcək!”

Türkiyə İstanbulu fəth edəndə dənizlərdə şahlıq “məğlubedilməz armada” adı altında ingilisin, fransızın, ispanın monopoliyasında idi!

Bu gün... dünya okeanında bir “Palmali marine” var: türklüyün tərsanə təntənəsi bu!

Mən çox araşdıra bilmədim (amma zaman sərf etməyə dəyər və mən bunu edəcəm), faktiki dünənəcən türk mülki donanması heç bir ciddi listdə səslənmirdi, amma indi ... yüzlərlə gəmi türk və azəri türkü adı altında sirena verir!

Sadəcə, bir cümlə ilə, soyuq başlıqlarla ifadə edirik, amma bu əzəməti, bu möhtəşəmliyi duymaq, dadmaq, duydurmaq, dadırmaq istəmirik!

Təsəvvür edin, Mübariz Mənsimov açılış törənində danışır: “Bu şəhidlər Ukraynada qalıb da Azərbaycan torpaqları uğrunda vuruşmağa gəlməyə bilərdilər, amma hər ikisi – biri digərindən ilyarım böyükdür, təhsillərini yarımçıq qoydular, gəldilər, iki qardaş eyni gündə eyni vaxtda döyüş meydanında şəhid oldular!”

Hər ikisi gəmiçilik məktəbində oxuyub, hər ikisi gəmi kapitanı olmaq istəyib, hər ikisi Rusiya gəmiçilik məktəbindən ona görə çıxıb ki, erməni komandirə əl uzatmayıblar, hər ikisi hələ 44 günlük savaş başlamamışdan Mübariz Mənsimovun sosial seqmentdəki profillərinə yazıblar ki, biz oxuyub qurtaracağıq, sizin gəmilərdə çalışacağıq, daha çox da Bəhram...

Gəmiçi olmaq istəyən, Mübariz Mənsimovla fəxr edən qardaşlar vətən uğrunda vuruşmağa gələndə şəhid olacaqlarını və onların adına fəxr etdikləri Mübariz Mənsimov tərəfindən tanker veriləcəyini bilmirdilər! Onlar bilmirdilər ki, gəmilərində kapitan olmaq istədikləri Mübariz Mənsimov onlar şəhid olandan sonra onların adına gəmi verəcək, minlərlə dənizçi bu gəminin kapitanı olmağı arzulayacaq!

Hicran ana danışırdı... özümü saxlaya bilmədim, ixtisasını soruşdum: heç haranı oxumayıb, orta məktəb bitirən bu ananın vətənpərvərlik dolu çıxışı məni dəhşətə gətirdi: sıravi və sıradan olan bir Azərbaycan qadını ən böyük siyasətçidən və hərbçidən daha çox vətənpərvər dünyagörüşü sərgiləyrdi! Kim olsa, düşünərdi ki, bir oğlum evdə qalsın, amma uşaqlıqdan bir yerdə olan qardaşlar heç vaxt bir-birindən ayrılmayıblar, həmişə, siam əkizləri kimi, eyni məkanda, eyni düşüncədə, eyni amalda olublar! Elə eyni gündə, eyni məkanda, eyni döyüşdə şəhid olublar. Bunları tankerin açılış törənində eşitmək adamı bir an sonra yaşayacağı sevinclə bahəm, dənizlərin belə həzm etməyə aciz olacağı ağrılarla üz-üzə qoyur!

Neyləyəsən ki, qələbələr qurbanlarla müşayiət olunur və zəfərin təntənəsini faciələr üstündə qeyd edirik! Kim daha çox bu zəfərdə özünü fəda, qurban edib, kim daha çox və sərrast atəş açıb!

İki qitəni birləşdirən körpünün ətəyində İstanbulun gecə əzəmətini seyr edirəm: düşünürəm ki, biz bugünkü möhtəşəmliyə görə 1453-cü ildəki fatehlərə borcluyuq!

Düşünürəm ki, bu əzəməti yaşadığımıza, bu möhtəşəmliyi qoruyan və gələcəyə ötürən Mübariz Mənsimova, Elman və Hicran, İman və Bəhram Məmmədzadələrə borcluyuq!

Biz Məmməd Əmin Rəsulzadəyə, Əbülfəz Elçibəyə, Rəcəb Tayyib Ərdoğana borcluyuq. Əlbəttə ki, İlham Əliyevi unutmadan!

Soyuq başlıqların altında böyük sarsıntılar, faciələr, məğlubiyyətlər yatır! Amma o sarsıntıları, məğlubiyyətləri bizə içimizdən keçirməkdə Zəfər Günü təntənəsi yardımçı olur!

Bütün məğlubiyyətlər keçicidir!

Zəfər isə əbədi!

Sultan Mehmetdən Mübariz Mənsimovacan... fatehliyin şirinliyini dadızdıran hər kəsə sevgilər və səcdələrlə İstanbul hava limanına qayıdıram!

Bakı-İstanbul-Bakı!

20-22 aprel 2022

Rəylər
Oxumağa davam et
Reklam

Köşə

Tüstüsü buluda bənzəyən sürreal parovoz

Günün tək doğrusu - postkarantin dövrünün insanları bıçaq kimi itiləndi. İtiləndikcə, bir-birindən itələndi.

Avropalı rəfiqəm danışır: Elə şüursuz, duyğusuz epoxanı geridə qoyduq ki, küçədə adam yıxılıb ölsə, heç kim əyilib gözünü qapamayacaq. Bu avtomatlaşma dövrü kiminə sonsuzluq, kiminə də göz qırpımı gəldi. 

Amma ölmək xofu ilə yaşamağın özü də bir növ cüzamdır. Bu gün oğlumun timsalında dijital nəsil tornadosu xəfif-xəfif burulmağa başlayır. Mən onun bir düyməni sıxıb, monitorumu sahmana salmaq qabiliyyətinə paxıllanmıram. Əsla! 

Amma elektron yollarda tövşəmədən dövrə vurub, köynəyinin düyməsini mənə bağlatdırmaq inadı səbrimi zorlayır. Anam ixtisasca ekonomist idi. İllərlə statistika idarələrinin ən mürəkkəb kompüterlərində hesab-kitab işi aparmışdı. Amma mən ona telefonunda sosial hesab açanda, fövqəltəbii bacarığıma həsəd aparmışdı. 

Bir yandan da əlimdən düşməyən qacetin hiddətini qurtumlayırdı. Anamın hadisələrə münasibəti eyni nöqtədən iki səmtə ayrılan dəmir yoluna bənzəyirdi. Ömür boyu çalışdığı rəqəm selindən də sürətli TGV qatarı və tüstüsü buludlara bənzəməyə çalışan sürreal parovoz... 

İşlədiyi müddətdə gözü çox pul saymışdı. Bəlkə də ona görə yox, vaxtı da tox ola bilirdi. Tək aclığı bizə idi. Qazan-qazan boğazına töksə də, doymadıqları idik - bacım və mən... 

Ən gerçək həyat romanlarını oxutmuşdu mənə. Amma öskürməyə başladımmı, Qırmızı papağa dönürdü. 11-ci sinfin son akkordlarında gəzişirdik bacımla. O, məndən iki yaş böyükdür. Amma anam bizi cüt cücə kimi geyindirməyi sevirdi. Bəlkə də bu məntiqdən yola çıxıb, ibtidai beynimə yazdım ki, mən də bacımla eyni sinifdə oxumalıyam. Gizlin-gizlin sayıb-oxumağı öyrəndim 4 yaşımda. 

İki ayağımı bacımın başmağına dirədim ki, məni də onun sinfinə yazdırın. Nəhayət 5 yaşımda bacımla 2-ci sinfin qapısını açdım. Son sinfə çatanda, ikimizin də ali məktəb həyəcanı sıyıq olub şəhərin küçələrinə dağılmağa başladı. İkimiz də ikiyə bölünüb repetitor müəllimlərin iş otaqlarında yuxulayırdıq. Bir ovuc zaman qalmışdı imtahana. Hətta gizlin-gizlin düşünürdük ki, mən qəbul olunsam, onun balı çatmasa, bu il oxumaqdan imtina edəcəm. 

Belə tragikomik şərqtəhər ailə bağımız var. Elə bu dəmdə bütün məktəblərə məxmərək virusu yayıldı. Sinfimiz qırmızıya bələndi. Öncə bacımı otağına dustaq edib sağaltdı anam. Sonra bir gecədə təbiət mənim dərimə məxmərdən üz çəkdi. Anam həkimin yazdığı müalicəyə də, pəhrizə də sərt əməl edirdi ki... bir səhər qaçaraq otağıma girdi.

Yastığımdan tutmuş çəkələyimə qədər hamısını qırmızı rənglə əvəzlədi. Mübarəksən deyib, pörtmüş əlimi öpdü. Qızdırmanın içində göynəyən bədənimin bütün hüceyrələri bu divanəliyinə bağırmaq istəyəndə, otaqdan çıxdı. Sən demə anam qonşuluqdakı kürd nənədən belə bir inancın olduğunu eşidibmiş. Xəstə adam qırmızıya baxanda, tez sağalırmış. Bilmirəm, bunu hansı kürd Quru Everestin zirvəsindəki meditasiya zamanı kəşf etmişdi, amma virusun bədənlə real sevişmə müddəti var. İki həftə sonra məxmərim söküldü. 

Anam gəlin otağımı əvvəlki palitrasına qaytardı. Yaxşı ki, pandemiya günlərini yerin altında, göyün üstündə, cəmi bir qırmızı pərdənin bizi ayırdığı şəffaf planetdə yaşadı. Yoxsa əminəm, gözü önündə koronavirusa yoluxsaydım, öncə bütün interneti, dünya səhiyyə təcrübəsini oxuyacaqdı. Sonra da həkim resepti olmadan dərman boxçasına bir kapsul da qatmayan anam, kürd nənə əlac buyurub deyə bütün cərəyanların vəhdətindən ibarət sevgisi ilə fil sümüyündən tac düzəldib, başıma qoyacaqdı. 

Necə ki, dinlərdən yan gəzən mən hər körpə canı "maşallah" deyib sevirəm. Nitsşenin daim təriflənmək istədiyi üçün uzaq durduğu Allahın adını unudan mən, oğlumun parlaq gələcəyindən "inşallah" demədən danışmıram.

Oxumağa davam et

Köşə

Kitab oxumayan dodaqlarınızdan öpürəm

Bu yaxınlarda altıncı kitabım çıxdı. "Möhtəşəmliyin çöküşü"nün təqdimatı və ilk imza günü "Teleqraf" Media Qrupun akt zalında gerçəkləşdi. Altıncı dəfə ata olmaq hissini yaşamaq doğrusu çox gözəl idi. Sonrakı günlərdə də imza günləri baş tutdu və ümumilikdə son bir həftə ərzində 120-yə yaxın kitabım oxucusu ilə görüşüb tanış oldu.

Doğrusu, altı kitabı çıxan bir müəllif üçün bir həftəyə 120 kitabın satılması elə də uğurlu göstərici olmamalıdır. Çünki mənim elə ilk kitabımın ilk imza gününüdə 319 ədəd kitab satılmışdı. Getdikcə bu rəqəmlər daha da aşağı düşdü. Bu hal tək məndə yox, bütün müəlliflərdə yaşandı. Çünki ildən-ilə insanlar kitablardan uzaqlaşdı və oxucular ya kitabdan üz döndərib "pdf" variantlara üz tutdular, ya da ümumiyyətlə, oxumağın başını buraxdılar. İndi bütün yazıçı və şairlər oxucu böhranı yaşayırlar.

Əvvəlki illərdə çap olunan kitablarımı alanların çoxu ya jurnalist, ya da elə ədəbi cameənin üzvləri idi. Altıncı kitabda alıcı sayı azalsa da, məni sevindirən bir məqam da oldu. Budəfəki oxucular ayrı-ayrı sahələri təmsil edirlər. Bu da məni sevindirir. 

Deməli, "Möhtəşəmliyin çöküşü" kitabımın bu günə qədərki oxucularının qısaca statistikasını apardıq. Məlum oldu ki, kitabı əldə edənlərin 18 faizi şairlər və yazıçılar, 23 faizi jurnalistlər, 9 faizi rəssamlar, heykəltəraşlar, 14 faizi dövlət və hökumət nümayəndələri, 2 faizi tələbələr, yerdə qalanları isə müxtəlif peşələrdə çalışan müəllimlər, həkimlər, politoloqlar və digər peşə sahibləridir. 

Doğrusu, müxtəlifliyi sevirəm və fərqli peşə sahiblərinin diqqətdə saxladığı imza olmaq gözəldir. Amma tələbələrin – kitab alan tələbələrin – 2 faiz olması məni düşündürməyə bilməz. Olduqca bərbad göstəricidir. Yaxın zamanlarda kitabı çap olunan bəzi şair və yazıçı dostlarımdan da soruşdum. Elə onlarda da statistik vəziyyət bu cürdür. Yəni faiz göstəricisi cüt rəqəmlərə çatmır. Deməli, ölkənin ən aktiv oxucu təbəqəsini itirmişik. Tutaq ki, bəziləri kağızın, kitab çapının və nəticədə kitabın qiymətinin baha olmasını əsas gətirərək yeni çap olunan əsərləri alıb oxuya bilmədiklərini iddia edirlər. Bəs tələbələrə, universitetlərdə, ali məktəblərdə təhsil alanlarımıza nə gəlib? Axı onlar "pley-steyşnlar"da, bahalı restoranlarda, "mollar"da əylənmək üçün yaxşı pullar tökürlər. Deməli, istəsələr oxuyarlar... 

Qayıdım "Möhtəşəmliyin çöküşü"nə... Bilənlər üçün deyim ki, bu kitab mənim sonuncu şeirlər kitabımdır. Bundan sonra da ancaq özüm üçün yaza bilərəm, yazdıqlarımı ictimailəşdirmək haqqında fikirləşmirəm. Çünki bu ölkədə sözün, şeirin alıcısı yoxdur. Hekayə kitablarımı da çox güman ki, xaricdə çap etdirəcəyəm. Kitab oxuyan ölkələrin statistikasına baxaraq... İnciməyin, sizin üçün – hamıya şamil olunmur – yazmağa dəymir. Siz gedib itinizi boğuşdurun, meyxananıza qulaq asın, biz də gedək əlahəzrət avropalı, asiyalı qardaş-bacılarımızın könlünü oxuyaq, onların könül qapısını döyək... Bir sözlə, bu ölkədə ən gözəl hiss – kitab oxumaq bir möhtəşəmlik idi, onu da əlahəzrət oxucular və ya oxucusuzluq çökdürdü... Siz sözün qız yükünü çəkə bilmirsinizsə, biz müəlliflər də duz yükünü çəkməyə borclu deyilik. 

Onu da deyim ki, bu xalqa ədəbiyyatı sevdirməyin yolu həm də televiziyalardan keçir. Təəssüflə, çox təəssüflə bildirirəm ki, bu gün ölkəmizdə güneyli, quzeyli, batılı, doğulu Azərbaycan ədəbiyyatını kompleks şəkildə əhatə edən sanballı bir veriliş yoxdur. Üstəlik, olanlar da qərəzsiz, vicdanlı və tam mənada dürüst ədəbi proqramlar deyil. 

Nə dövlət televiziyasında, nə də özəl kanallarda səviyyəli, sanballı, çəkili ədəbi veriliş görmək müşkülə çevrilib. Üstəlik, televiziyalar reytinq gətirmədiyi üçün bu cür verilişlərə yer ayırmaq istəmirlər.

Bir çox televiziyalara altıncı kitabımın təqdimatını, imza gününü işıqlandırmaları üçün müraciət ünvanladım. Gəlmədilər. Əminəm ki, digər yazarların da təqdimatlarını, imza günlərini işıqlandırmayıblar. Amma kefləri duranda oxucu-kitab-yazıçı münasibətlərindən bəhs edən yarım-yamalaq veriliş çəkib "problem" qoyur, yarım saatlıq proqramda həmin "problemləri" də həll edirlər.

Görünür, bu da indiki televiziyalarımızın "ev tapşırığı"dır... Daha doğrusu, evi də tapşırıqla alanların baxışı...

Sözün qız yükünü duz yükündən ayıra bilməyənlərə kitabın "köz yükünü" həvalə edənlər utansın...

Hələlik, kitab oxumayan dodaqlarınızdan öpdüm.  

Oxumağa davam et

Köşə

Mənim ən şirin yuxum 90-larda qalıb

Hələ doğulmamışdım. Həyatımın yolunda ayaq izi yox idi. Hələ sağalmamışdım. Bədənimin xəstəlikdən xəbəri yox idi. Hələ barışmamışdım. Küsməyə adamım da yox idi. 

Məncə, ən doğru ölçü vahidi qum dənəsidir. Elə mən də qum dənəsi boyda düşünməyə vaxt tapan kimi ovulub yerə tökülürəm. Elə bu kainat daha çox bərkə-boşa düşməyimi istəmir. Ona görə fikirlərim ən şirin yerində oyandığım yuxu kimi yarımçıq qalır. 

Mənim ən şirin yuxum 90-larda qalıb axı. O vaxtlar telefon epoxası intibahını yaşayırdı. Sosial şəbəkələr çərçivələrimizi darmadağın etməmişdi. Tanımaq istədiyimiz adamın internet hesabını günün sübh ucundan gecə zülmətinə qədər izləmirdik. İnsanlar telefonda limitsiz danışırdı, telefonda qum dənəsi qədər susurdu, yeni dəbə düşən mahnılarda telefonlarda kiminsə qulağına pıçıldanırdı. 

Heç sevmirdim ev telefonu, şəhər telefonu ifadələrini... Sanki çöl telefonu da varmış kimi, sanki kənd telefonu da demək zərurəti varmış kimi. Elə mən də bu nəsnəyə ad tapmamış özümü qacetin laməkan virtuallığında itirdim. 

Hə bir də o telefonlarda... həmin ev-çöl, şəhər-kənd telefonlarında başqasının reallığına arada nüfuz etdiyimiz qarışan xətt problemi vardı. 1 neçə dəqiqəlik də olsa, yadların intiminə qonaq olurduq. Qəribə həyəcan basırdı adamı. Şəhərin bir ucunda kimsə sənin onu eşitdiyini anlamadan ürəyinin bitlərini təmizləyir. 

O vaxt üçün qəribə olsa da, indi sosial şəbəkələrdə gündəlik rutinimizə çevrilən və bəlkə də mutikultural mədəniyyət. Mən həmin o qum dənəsini içimə axıtdıqca, öz həyatımı qarışmış xətlər kimi kənardan səssiz-səmirsiz dinlədikcə anlayıram ki, bütün dərdlərimizin toxumu sevgidir.

Dünyanı sevgi xilas edəcəkmi? Əsla! Sevdikcə səhvlərinə çəhrayı eynəkdən baxdıqlarımızın ultrabənövşəyi şüaları dərimizə ləkələr atdıqca, onlar özlərini bəzəyib bizi lüt qoyduqca dünya gözəlləşmir.

Əslində heç dünyanı gözəlləşdirmək də zərurətimiz deyil. Başqasının sərhədlərini tapdamadıqca, qüsurlarımızı orijinallığa çevirdikcə, dünyanı öz taleyinin axarına, sevgimizdən bezmişləri öz boşluqlarının mərkəzinə buraxıb yolumuza davam edə bilərik. 

Mükəmməlləşəcəyikmi? Çətin! Böyüyəcəyikmi? Bəlkə də... Dünyanı saçının bir telinə dəyişmədiyimiz uşağımızın da, bizdən çimdik-çimdik can qoparan sevgilimizin də bizə qarşı ən kəskin silahı sevgimizdir. Həyatımıza guya bizə dərs vermək öhdəliyi varmış kimi girib çıxanların da, hər dəfə xəstə yatağına düşüb-qalxmağımızın da, barmaqlarımızdakı xətləri çapıq izlərinə çevirənlərin də hədəfi boğazımızdan keçirməyib onlara saxladığımız qırmızı almanı çürütməkdir. Bəlkə də bədxərcliyə gərək olmayan əsas dəyər pulumuz yox, özümüzük.

Oxumağa davam et
Reklam

Gündəm