Xəbərlər - Publika.az
Bizi izləyin

Köşə

Mənim ən şirin yuxum 90-larda qalıb

Hələ doğulmamışdım. Həyatımın yolunda ayaq izi yox idi. Hələ sağalmamışdım. Bədənimin xəstəlikdən xəbəri yox idi. Hələ barışmamışdım. Küsməyə adamım da yox idi. 

Məncə, ən doğru ölçü vahidi qum dənəsidir. Elə mən də qum dənəsi boyda düşünməyə vaxt tapan kimi ovulub yerə tökülürəm. Elə bu kainat daha çox bərkə-boşa düşməyimi istəmir. Ona görə fikirlərim ən şirin yerində oyandığım yuxu kimi yarımçıq qalır. 

Mənim ən şirin yuxum 90-larda qalıb axı. O vaxtlar telefon epoxası intibahını yaşayırdı. Sosial şəbəkələr çərçivələrimizi darmadağın etməmişdi. Tanımaq istədiyimiz adamın internet hesabını günün sübh ucundan gecə zülmətinə qədər izləmirdik. İnsanlar telefonda limitsiz danışırdı, telefonda qum dənəsi qədər susurdu, yeni dəbə düşən mahnılarda telefonlarda kiminsə qulağına pıçıldanırdı. 

Heç sevmirdim ev telefonu, şəhər telefonu ifadələrini... Sanki çöl telefonu da varmış kimi, sanki kənd telefonu da demək zərurəti varmış kimi. Elə mən də bu nəsnəyə ad tapmamış özümü qacetin laməkan virtuallığında itirdim. 

Hə bir də o telefonlarda... həmin ev-çöl, şəhər-kənd telefonlarında başqasının reallığına arada nüfuz etdiyimiz qarışan xətt problemi vardı. 1 neçə dəqiqəlik də olsa, yadların intiminə qonaq olurduq. Qəribə həyəcan basırdı adamı. Şəhərin bir ucunda kimsə sənin onu eşitdiyini anlamadan ürəyinin bitlərini təmizləyir. 

O vaxt üçün qəribə olsa da, indi sosial şəbəkələrdə gündəlik rutinimizə çevrilən və bəlkə də mutikultural mədəniyyət. Mən həmin o qum dənəsini içimə axıtdıqca, öz həyatımı qarışmış xətlər kimi kənardan səssiz-səmirsiz dinlədikcə anlayıram ki, bütün dərdlərimizin toxumu sevgidir.

Dünyanı sevgi xilas edəcəkmi? Əsla! Sevdikcə səhvlərinə çəhrayı eynəkdən baxdıqlarımızın ultrabənövşəyi şüaları dərimizə ləkələr atdıqca, onlar özlərini bəzəyib bizi lüt qoyduqca dünya gözəlləşmir.

Əslində heç dünyanı gözəlləşdirmək də zərurətimiz deyil. Başqasının sərhədlərini tapdamadıqca, qüsurlarımızı orijinallığa çevirdikcə, dünyanı öz taleyinin axarına, sevgimizdən bezmişləri öz boşluqlarının mərkəzinə buraxıb yolumuza davam edə bilərik. 

Mükəmməlləşəcəyikmi? Çətin! Böyüyəcəyikmi? Bəlkə də... Dünyanı saçının bir telinə dəyişmədiyimiz uşağımızın da, bizdən çimdik-çimdik can qoparan sevgilimizin də bizə qarşı ən kəskin silahı sevgimizdir. Həyatımıza guya bizə dərs vermək öhdəliyi varmış kimi girib çıxanların da, hər dəfə xəstə yatağına düşüb-qalxmağımızın da, barmaqlarımızdakı xətləri çapıq izlərinə çevirənlərin də hədəfi boğazımızdan keçirməyib onlara saxladığımız qırmızı almanı çürütməkdir. Bəlkə də bədxərcliyə gərək olmayan əsas dəyər pulumuz yox, özümüzük.

Rəylər
Oxumağa davam et
Reklam

Köşə

Tüstüsü buluda bənzəyən sürreal parovoz

Günün tək doğrusu - postkarantin dövrünün insanları bıçaq kimi itiləndi. İtiləndikcə, bir-birindən itələndi.

Avropalı rəfiqəm danışır: Elə şüursuz, duyğusuz epoxanı geridə qoyduq ki, küçədə adam yıxılıb ölsə, heç kim əyilib gözünü qapamayacaq. Bu avtomatlaşma dövrü kiminə sonsuzluq, kiminə də göz qırpımı gəldi. 

Amma ölmək xofu ilə yaşamağın özü də bir növ cüzamdır. Bu gün oğlumun timsalında dijital nəsil tornadosu xəfif-xəfif burulmağa başlayır. Mən onun bir düyməni sıxıb, monitorumu sahmana salmaq qabiliyyətinə paxıllanmıram. Əsla! 

Amma elektron yollarda tövşəmədən dövrə vurub, köynəyinin düyməsini mənə bağlatdırmaq inadı səbrimi zorlayır. Anam ixtisasca ekonomist idi. İllərlə statistika idarələrinin ən mürəkkəb kompüterlərində hesab-kitab işi aparmışdı. Amma mən ona telefonunda sosial hesab açanda, fövqəltəbii bacarığıma həsəd aparmışdı. 

Bir yandan da əlimdən düşməyən qacetin hiddətini qurtumlayırdı. Anamın hadisələrə münasibəti eyni nöqtədən iki səmtə ayrılan dəmir yoluna bənzəyirdi. Ömür boyu çalışdığı rəqəm selindən də sürətli TGV qatarı və tüstüsü buludlara bənzəməyə çalışan sürreal parovoz... 

İşlədiyi müddətdə gözü çox pul saymışdı. Bəlkə də ona görə yox, vaxtı da tox ola bilirdi. Tək aclığı bizə idi. Qazan-qazan boğazına töksə də, doymadıqları idik - bacım və mən... 

Ən gerçək həyat romanlarını oxutmuşdu mənə. Amma öskürməyə başladımmı, Qırmızı papağa dönürdü. 11-ci sinfin son akkordlarında gəzişirdik bacımla. O, məndən iki yaş böyükdür. Amma anam bizi cüt cücə kimi geyindirməyi sevirdi. Bəlkə də bu məntiqdən yola çıxıb, ibtidai beynimə yazdım ki, mən də bacımla eyni sinifdə oxumalıyam. Gizlin-gizlin sayıb-oxumağı öyrəndim 4 yaşımda. 

İki ayağımı bacımın başmağına dirədim ki, məni də onun sinfinə yazdırın. Nəhayət 5 yaşımda bacımla 2-ci sinfin qapısını açdım. Son sinfə çatanda, ikimizin də ali məktəb həyəcanı sıyıq olub şəhərin küçələrinə dağılmağa başladı. İkimiz də ikiyə bölünüb repetitor müəllimlərin iş otaqlarında yuxulayırdıq. Bir ovuc zaman qalmışdı imtahana. Hətta gizlin-gizlin düşünürdük ki, mən qəbul olunsam, onun balı çatmasa, bu il oxumaqdan imtina edəcəm. 

Belə tragikomik şərqtəhər ailə bağımız var. Elə bu dəmdə bütün məktəblərə məxmərək virusu yayıldı. Sinfimiz qırmızıya bələndi. Öncə bacımı otağına dustaq edib sağaltdı anam. Sonra bir gecədə təbiət mənim dərimə məxmərdən üz çəkdi. Anam həkimin yazdığı müalicəyə də, pəhrizə də sərt əməl edirdi ki... bir səhər qaçaraq otağıma girdi.

Yastığımdan tutmuş çəkələyimə qədər hamısını qırmızı rənglə əvəzlədi. Mübarəksən deyib, pörtmüş əlimi öpdü. Qızdırmanın içində göynəyən bədənimin bütün hüceyrələri bu divanəliyinə bağırmaq istəyəndə, otaqdan çıxdı. Sən demə anam qonşuluqdakı kürd nənədən belə bir inancın olduğunu eşidibmiş. Xəstə adam qırmızıya baxanda, tez sağalırmış. Bilmirəm, bunu hansı kürd Quru Everestin zirvəsindəki meditasiya zamanı kəşf etmişdi, amma virusun bədənlə real sevişmə müddəti var. İki həftə sonra məxmərim söküldü. 

Anam gəlin otağımı əvvəlki palitrasına qaytardı. Yaxşı ki, pandemiya günlərini yerin altında, göyün üstündə, cəmi bir qırmızı pərdənin bizi ayırdığı şəffaf planetdə yaşadı. Yoxsa əminəm, gözü önündə koronavirusa yoluxsaydım, öncə bütün interneti, dünya səhiyyə təcrübəsini oxuyacaqdı. Sonra da həkim resepti olmadan dərman boxçasına bir kapsul da qatmayan anam, kürd nənə əlac buyurub deyə bütün cərəyanların vəhdətindən ibarət sevgisi ilə fil sümüyündən tac düzəldib, başıma qoyacaqdı. 

Necə ki, dinlərdən yan gəzən mən hər körpə canı "maşallah" deyib sevirəm. Nitsşenin daim təriflənmək istədiyi üçün uzaq durduğu Allahın adını unudan mən, oğlumun parlaq gələcəyindən "inşallah" demədən danışmıram.

Oxumağa davam et

Köşə

Kitab oxumayan dodaqlarınızdan öpürəm

Bu yaxınlarda altıncı kitabım çıxdı. "Möhtəşəmliyin çöküşü"nün təqdimatı və ilk imza günü "Teleqraf" Media Qrupun akt zalında gerçəkləşdi. Altıncı dəfə ata olmaq hissini yaşamaq doğrusu çox gözəl idi. Sonrakı günlərdə də imza günləri baş tutdu və ümumilikdə son bir həftə ərzində 120-yə yaxın kitabım oxucusu ilə görüşüb tanış oldu.

Doğrusu, altı kitabı çıxan bir müəllif üçün bir həftəyə 120 kitabın satılması elə də uğurlu göstərici olmamalıdır. Çünki mənim elə ilk kitabımın ilk imza gününüdə 319 ədəd kitab satılmışdı. Getdikcə bu rəqəmlər daha da aşağı düşdü. Bu hal tək məndə yox, bütün müəlliflərdə yaşandı. Çünki ildən-ilə insanlar kitablardan uzaqlaşdı və oxucular ya kitabdan üz döndərib "pdf" variantlara üz tutdular, ya da ümumiyyətlə, oxumağın başını buraxdılar. İndi bütün yazıçı və şairlər oxucu böhranı yaşayırlar.

Əvvəlki illərdə çap olunan kitablarımı alanların çoxu ya jurnalist, ya da elə ədəbi cameənin üzvləri idi. Altıncı kitabda alıcı sayı azalsa da, məni sevindirən bir məqam da oldu. Budəfəki oxucular ayrı-ayrı sahələri təmsil edirlər. Bu da məni sevindirir. 

Deməli, "Möhtəşəmliyin çöküşü" kitabımın bu günə qədərki oxucularının qısaca statistikasını apardıq. Məlum oldu ki, kitabı əldə edənlərin 18 faizi şairlər və yazıçılar, 23 faizi jurnalistlər, 9 faizi rəssamlar, heykəltəraşlar, 14 faizi dövlət və hökumət nümayəndələri, 2 faizi tələbələr, yerdə qalanları isə müxtəlif peşələrdə çalışan müəllimlər, həkimlər, politoloqlar və digər peşə sahibləridir. 

Doğrusu, müxtəlifliyi sevirəm və fərqli peşə sahiblərinin diqqətdə saxladığı imza olmaq gözəldir. Amma tələbələrin – kitab alan tələbələrin – 2 faiz olması məni düşündürməyə bilməz. Olduqca bərbad göstəricidir. Yaxın zamanlarda kitabı çap olunan bəzi şair və yazıçı dostlarımdan da soruşdum. Elə onlarda da statistik vəziyyət bu cürdür. Yəni faiz göstəricisi cüt rəqəmlərə çatmır. Deməli, ölkənin ən aktiv oxucu təbəqəsini itirmişik. Tutaq ki, bəziləri kağızın, kitab çapının və nəticədə kitabın qiymətinin baha olmasını əsas gətirərək yeni çap olunan əsərləri alıb oxuya bilmədiklərini iddia edirlər. Bəs tələbələrə, universitetlərdə, ali məktəblərdə təhsil alanlarımıza nə gəlib? Axı onlar "pley-steyşnlar"da, bahalı restoranlarda, "mollar"da əylənmək üçün yaxşı pullar tökürlər. Deməli, istəsələr oxuyarlar... 

Qayıdım "Möhtəşəmliyin çöküşü"nə... Bilənlər üçün deyim ki, bu kitab mənim sonuncu şeirlər kitabımdır. Bundan sonra da ancaq özüm üçün yaza bilərəm, yazdıqlarımı ictimailəşdirmək haqqında fikirləşmirəm. Çünki bu ölkədə sözün, şeirin alıcısı yoxdur. Hekayə kitablarımı da çox güman ki, xaricdə çap etdirəcəyəm. Kitab oxuyan ölkələrin statistikasına baxaraq... İnciməyin, sizin üçün – hamıya şamil olunmur – yazmağa dəymir. Siz gedib itinizi boğuşdurun, meyxananıza qulaq asın, biz də gedək əlahəzrət avropalı, asiyalı qardaş-bacılarımızın könlünü oxuyaq, onların könül qapısını döyək... Bir sözlə, bu ölkədə ən gözəl hiss – kitab oxumaq bir möhtəşəmlik idi, onu da əlahəzrət oxucular və ya oxucusuzluq çökdürdü... Siz sözün qız yükünü çəkə bilmirsinizsə, biz müəlliflər də duz yükünü çəkməyə borclu deyilik. 

Onu da deyim ki, bu xalqa ədəbiyyatı sevdirməyin yolu həm də televiziyalardan keçir. Təəssüflə, çox təəssüflə bildirirəm ki, bu gün ölkəmizdə güneyli, quzeyli, batılı, doğulu Azərbaycan ədəbiyyatını kompleks şəkildə əhatə edən sanballı bir veriliş yoxdur. Üstəlik, olanlar da qərəzsiz, vicdanlı və tam mənada dürüst ədəbi proqramlar deyil. 

Nə dövlət televiziyasında, nə də özəl kanallarda səviyyəli, sanballı, çəkili ədəbi veriliş görmək müşkülə çevrilib. Üstəlik, televiziyalar reytinq gətirmədiyi üçün bu cür verilişlərə yer ayırmaq istəmirlər.

Bir çox televiziyalara altıncı kitabımın təqdimatını, imza gününü işıqlandırmaları üçün müraciət ünvanladım. Gəlmədilər. Əminəm ki, digər yazarların da təqdimatlarını, imza günlərini işıqlandırmayıblar. Amma kefləri duranda oxucu-kitab-yazıçı münasibətlərindən bəhs edən yarım-yamalaq veriliş çəkib "problem" qoyur, yarım saatlıq proqramda həmin "problemləri" də həll edirlər.

Görünür, bu da indiki televiziyalarımızın "ev tapşırığı"dır... Daha doğrusu, evi də tapşırıqla alanların baxışı...

Sözün qız yükünü duz yükündən ayıra bilməyənlərə kitabın "köz yükünü" həvalə edənlər utansın...

Hələlik, kitab oxumayan dodaqlarınızdan öpdüm.  

Oxumağa davam et

Köşə

O qadının ürəyi qaynar qazanda titrəyirdi

Yenə həyat yollarımda azıb, bir gözəlin görüşünə gecikirdim. Yenə meqa deməyə dilim gəlməyən polisin küçələri maşın qaynayırdı. Alaçiy beynim filtrsiz tüstünün zəhərindən hüceyrə çəkişirdi. Ünvana çatana qədər məni canlı naviqator gözündə görən taksi sürücüsü ilə deyişməyə heyim qalmamışdı. Həm də bu tıxacda piyada getsəm, daha tez çatardım. Qarşıma çıxan ilk busla barışası oldum.

Pəncərədən gülümsəyən ilıq günəş üzümə 31-ci baharın körpə qırışlarını yapışdırdı. Bu soyuqda günəş qollarını ürəyimə elə sarmışdı ki, qırışlarımı sevib oxşamaq istəyirdim. Çox nadirən duyduğum helionirvana ilə bəslənməyə macal tapmamış, bəlkə də başımıza gəlməyəcək müsibətləri ölü səslə təkrar-təkrar taleyimizə yamamaq istəyən o qızın küyü künc-bucağa yayıldı. “Təkərin altında qalmasınlar deyə uşaqların əlindən tutun...” Mən onu hər eşidəndə, təsəvvürümdə təkər altında xıncımlanan körpə canlar canlanır. Bilirsən, mən dinə bir köynək yadam, amma mövzu uşaq oldumu, onu qorumaqçün gəlmiş- keçmiş yüz min müqəddəsə ağız açaram. Mən bu qızın dediklərini düşünməyə qorxaram.

Bəlkə hələ ana deyil. Bütün gecə körpəsinin ağrıyan qulağına olan-qalan nəfəsini üfürməyib. Naşı ayaqların qədəmləri hər sürüşüb yıxılanda, dünyası başına yıxılmayıb. Yoxsa düz gözümün qabağında məni boğan ana kimi lap divanə olardı.

Bu dünyanın ən dəqiq qızdırma ölçəni ana bədənidir, bilirdin? İçindəki civəsi tək hərarətin yox, ağrının da dərəcəsini ölçüb 10-a vurur, acgöz-azgöz öz canına sovurur. Gözüm qulağından vulkan püskürən anaya zilləndi. Dünyanın canını çıxardıb 30 kiloluq çəlimsiz balaca Buddasına verməyə hazır idi. Buddanın bir az qızdırması qalxmışdı. Sənə görə bəlkə də milyardıncı balaca orqanizm virusla mübarizə aparırdı. Amma o yad qadının ürəyi qaynar qazanda soyuqdan titrəyirdi. O buz baxış dünyanın bütün qarından daha sazaq idi. Elə bil beynində qum saatı qurmuşdu. 1 dəqiqədən bir əlini kaktusa batırırmış kimi Buddasının alnına batırıb üzünü turşudurdu. Eynşteynin zaman, məkan anlayışı bir anda buxarlanmışdı. Mayya ananın ruhu indi Kvant teleportasiyası ilə uçurdu - bu tıxacdan çıxıb, Buddasını evində isti yatağına uzadıb, üstəlik qızdırması da düşüb. Siqnal səsi ananın saçından tutub yenə bus kabinasına qaytardı. Sümükləri gizildəyə-gizildəyə dodağını uşağın alnına yapışdırıb bütün istisini qopartmağa çalışdı, əvəzində yarası qopdu. Deyəsən anladı ki, ağrını doğma canda duymaq ikiqat acı verir.

Tısbağa addımı ilə sürünən bus məni mənzil başına çatdırdı. Zəhlətökən baxışlarımı Mayyadan ayırıb çıxışa yaxınlaşdım. Artıq günəş də soyumuşdu. Elə bil Buddanın anası ilə əlbir olub planeti soyudurdu ki, xəstə körpələrin qızdırması ensin.

Oxumağa davam et
Reklam

Gündəm