Xəbərlər - Publika.az
Bizi izləyin

Maraqlı

İngiltərə baronessasını heyran qoyan azərbaycanlı – Camal Əliyev kimdir?

Publika.azTeleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Camal Əliyev Avropanın ən tanınmış violonçel ifaçılarından biridir. O, 1993-cü il sentyabrın 2-də Bakıda musiqiçi ailəsində anadan olub. Camal Azərbaycanın məşhur skripkaçılarından biri Azad Əliyevin qardaşı nəvəsidir. İlk müəllimi babası - Azərbaycanın əməkdar artisti Qara Əliyev olub. Babasından 10 il violonçel çalmağı öyrənib. Ulu babası Həmzə Əliyev isə Azərbaycanda tar məktəbinin banilərindən biridir. Camal Əliyevin anası da violonçel ifaçısıdır.

Kiçik yaşlarında ailəsi ilə birlikdə atasının işləri ilə əlaqədar Türkiyənin Ankara şəhərinə köçüb. Beş yaşında burada skripka dərslərinə başlayıb. İlk mükafatını doqquz yaşında Türkiyənin Trakya Universitetində keçirilən gənclərin beynəlxalq violonçel müsabiqəsində qazanıb.

Valideynlərinin tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Fransaya gedib. Avropaya gəlişi uğurlu alınıb. Belə ki, 2004-cü ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilən V “Antonio Caniqro” beynəlxalq müsabiqəsinin qalibi olub və məşhur “Assembly Hall” da konsert vermək hüququ qazanıb.

2005-ci ildə isə Parisdə məşhur violonçelist Mstivlav Rostropoviçdən dərs alıb. Rostropoviçdən cəmi bir il violonçelin sirlərini öyrənib. Bunun səbəbi isə həmin vaxt məşhur ifaçının xəstə olması olub. Təsadüfi deyil ki, bundan iki il sonra Rostropoviç vəfat edib. Amma bu qısa müddətdə öz istedadı ilə Avropanın bu məşhur musiqiçisinin diqqətini çəkməyi bacarmışdı. Rostropoviç onu “məndən sonra ən yaxşı violonçel ifaçısı” adlandırıb. Daha sonra sonra Rostropoviçin tövsiyəsi ilə Londonda Yəhudi Menuhin adına musiqi məktəbində təqaüdlə təhsil alıb. Buradakı yüksək nəticələrinə görə məktəb onun təhsil haqqını öz üzərinə götürmüşdü.

Məktəbi bitirdikdən sonra London Kral Musiqi Kollecinə qəbul olunub. Buranı bitirərək təhsilini davam etdirmək üçün yenidən Türkiyəyə qayıdıb. Burada Bilkənd Universitetinin Musiqi fakültəsinə qəbul olunub. Türkiyədə təhsil aldığı dövrdə Türkiyənin Prezident, Bilkənt və “Borusan” simfonik orkestrlərinin konsertlərində iştirak edib. 2005-ci ildə Türkiyə Böyük Millət Məclisinin “Fəxri qonağı” olub.

Türkiyədə təhsil aldığı illərdə bu ölkənin məşhur bəstəkarı və ifaçısı Fazil Sayla konsertlərdə çıxış edib. Onunla birlikdə İstanbul, İzmir, Bursa, Əskişəhir və Mərsin simfonik orkestrləri ilə Hayd və Şostakoviçin əsərlərini səsləndirib.

Camal Əliyev 2007-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilən Çaykovski adına beynəlxalq müsabiqə çərçivəsində baş tutan konsertdə müsabiqənin münsiflər heyətinin rəhbəri Natalya Şaxovskayanın diqqətini çəkib. O, azərbaycanlını Moskva Konservatoriyasına öz sinfində oxumağa dəvət etsə də, Camal Yehudi Menuhin məktəbini seçib. Londonda təhsil aldığı illərdə İngiltərə, Fransa və İsveçrədə bir çox konsertlərdə və beynəlxalq festivallarda iştirak edib.

2012-ci ildə Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

2014-2015-ci illərdə ardıcıl iki dəfə Kral Musiqi Kollecinin violonçel müsabiqəsinin, o cümlədən, “Kroydon” konsert müsabiqəsinin qalibi olub. O illərdə həmçinin, C.Kolman, Ceyms Qilkrist və Con Tomlinson kimi musiqiçilərlə birlikdə çıxış edib.

2017-ci ildə Londonda “Royal Albert Hall”da dünyanın ən böyük klassik musiqi festivalı sayılan BBC Proms-da BBC-nin Konsert Orkestri ilə məşhur kino musiqisi bəstəkarı Con Uilyamsın 85-ci ildönümü üçün çıxış edərək solo debütü edib. Festival çərçivəsində BBC Konsert Orkestri ilə birlikdə 8 min nəfərlik “Royal Albert Hall”da səhnəyə çıxan Camal Əliyev hər il mütəmadi solo konsertlər verir. Bu konsertlər BBC Radio və Televiziyasında canlı yayımlanır. Elə həmin il “Sir Karl Cenkins” musiqi mükafatını qazanıb və pianoçu Anna Fyodorova ilə birlikdə debüt “Russian Masters” CD-ni buraxaraq dinləyici auditoriyasını bir qədər də genişləndirib. CD Britaniyada rəğbətlə qarşılanıb.

“Royal Albert Hall”dakı ilk konserti İngiltərənin “Teleqraf”, “Qramofon” kimi nüfuzlu nəşrlərdən müsbət rəylər alıb.

Camal Əliyev 2017-ci ildə “Prince's Prize” musiqi şirkətinin, 2016-cı ildə İstbörn Festivalının, 2015-ci ildə “Kroydon” və “Bromsqrouv”, 2014-cü ildə “Müriel Teylor” və 2004-cü ildə “V.Antonio Yaniqro” beynəlxalq müsabiqələrinin mükafatlarını qazanıb. Eyni zamanda, 2016-cı ildə Rumıniyada keçirilən “Enesku” müsabiqəsində Kronberq Akademiyasının mükafatını qazanıb, Fransada Pablo Kasals müsabiqəsində isə fəxri ada layiq görülüb.

Tanınmış ifaçının Azərbaycanda konserti baş tutmasa da, Moskvada Azərbaycan Konservatoriyasının 100 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə iştirak edib. Bakıda solo konsert vermək gələcək planlarından biridir.

“Mən bir neçə dəfə Bakıda olmuşam. Həmişə doğma şəhərimin gözəlliyinə heyran olmuşam. Azərbaycandan konsertlərimi səbirsizliklə gözləyən çox insan var. Buna görə də bir gün Bakıya gələndə, mütləq itirilmiş illərin əvəzini çıxmağa çalışacağam”, - Camal Əliyev deyib.

İfa etdiyi “Ayrılıq” melodiyasını İkinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgərlərinə həsr edib. O, Azərbaycan ordusunun düşmən üzərində qələbə qazandığı ili - 2020-ni “Azərbaycan xalqının ən xoşbəxt ili” adlandırıb.

2018-ci il martın 3-də İngiltərədə Bolton Simfonik Orkestri ilə birlikdə çıxış edib. Konsertdə rus bəstəkarlarının əsərlərini səsləndirib. Eyni zamanda, həmin il yanvarın 15-də Londonda Müqəddəs Ceyms kilsəsində konsert proqramı ilə çıxış edib. Londonun Müqəddəs Barnaba kilsəsində ifa etdiyi Şubertin “Ave Maria” əsəri isə Avropa və dünyada böyük maraqla qarşılanıb.

Camal bir il sonra Şotlandiyanın İst-Lotian şəhərində keçirilən Lammermur Festivalına qatılıb. Həmin ilin martın 16-17-də İngiltərənin Nyuport şəhərində “Isle of Wight” simfonik orkestri ilə birlikdə çıxış edib.

2020-ci il fevralın 28-də violonçel ifaçısı Biqarda (“Biggar Music Society”) konsert verib. Konsertdə Bethoven, Y.Brams, Çaykovski, D.Popper, V.Lyutoslavski və Raxmaninovun əsərlərini səsləndirib. Həmin ilin iyulun 6-da isə Uelsdə keçirilən Qauer festivalında çıxış edib.

Beləliklə, Camal Əliyevin konsert platformasında “Wigmore Hall” (London), “Royal Albert Hall” (London), “Atheneum” (Buxarest), “Kronberg” (Buxarest) “Forbidden City Concert Hall” (Pekin), “Prezident Konsert Zalı” (Ankara), “Raxmaninov Hall” (Moskva), “Arts Parliament House” (Sinqapur) və “Merkin Concert Hall” (Nyu-York) yer alır. Solo çıxışları arasında Kral Filarmonik Orkestri, Kral Simfonik Orkestri, BBC Orkestri və Şotlandiya Simfonik Orkestri, CBSO, Sibir Tomsk Simfonik Orkestri, Venesuelada Simon Bolivar Simfonik Orkestri, Hollandiya, Bilkənd və İstanbul, eləcə də Türkiyə Prezidentinin simfonik orkestrləri var.

Camal Əliyev 2021-ci ilin martında dünyada yaşı 30-dan aşağı olan 30 ən qabaqcıl musiqiçidən biri seçilib. O, Britaniyadakı “Classical Fm” tərəfindən bütün musiqi alətləri üzrə dünyada 30 aparıcı gənc musiqiçi arasından seçilən iki violonçel ifaçısından biri olub.

2017-ci ildən İngiltərənin YCAT (Young Classical Artist Trust) agentliyinin solistidir. İndiyədək bütün konsertləri də bu agentliyin dəstəyi ilə keçirilib. 2019-cu ildə isə ABŞ-ın məşhur CAG (Concert Artists Guild) agentliyi ilə müqavilə bağlayıb.

İngilis mətbuatına görə, Camal Əliyev öz nəslinin ən çox axtarılan violonçel ifaçılarından biridir.

Böyük Britaniya parlamentinin Lordlar Palatasında baronessa Emma Nikolsonun təşəbbüsü ilə onunla görüşüb. Camalın Londondakı bütün konsertlərinə gələn baronessa onun ən böyük pərəstişkarlarından biridir. Hətta bir dəfə “Wigmor Hall”dakı konsertində iştirak edə bilmədiyi üçün ona üzr məktubu da yazıb.

Rəylər

Maraqlı

Bu şəhərdə küçələr evsizlərlə doludur: amma onlar o qədər xoşbəxtdir ki... - MARAQLI FAKTLAR

İnşaat və memarlıq sənətinin qanunlarına uyğun tikilən tarixi binalar, bir də bəzəkli sarı tramvay mənə heç vaxt görmədiyim keçmişi xatırladırdı. Qışın soyuğu sıra ilə düzülmüş tarixi tikililəri solğun göstərsə də, içəri daxil olanda sizi kifayət qədər modern və rəngli interyer salamlayır. Ümumilikdə bu şəhərdə qədim evlər, abidələr, qəsrlər və saraylar heç vaxt öz cazibədarlığını itirmir, küçələrin hər tini bir film səhnəsi...  Bu xüsusiyyətinə görə mən Budapeşti mistik şəhər adlandırardım. Budapeşt deyildikdə ağıla ilk gələnlərdən biri şübhəsiz ki, Dunay çayıdır. Dunayla bütövləşən Szeçeni körpüsü və Macarıstanın milli qüruru sayılan Parlament Binası Budapeştə möhtəşəm gözəllik qatır. Şəhərin Peşt hissəsində yerləşən Macarıstan Parlament Binası həm Macarıstan, həm də Avropa tarixi baxımından böyük əhəmiyyətə malikdir. Ancaq əzizi oxucu, macar krallarının yaşadığı 691 otaqlı tarixi abidə haqqında danışmazdan əvvəl, gəlin, sizi əvvələ aparım.


Publika.az-ın oxucuları üçün bugünkü müasir Budapeştlə bağlı təəssüratlarımı bölüşmək istərdim. 

Yerli əhali necə yaşayır, necə əylənir, turistlər və Budapeşt vətəndaşları hansı növ istirahətə üstünlük verir? 

Heç vaxt bu şəhərə gəlməyi xəyal etməmişəm, odur ki, xüsusi bir şey gözləmirdim. Ancaq təəssüratlarım gözləniləndən parlaq oldu. Məni ilk təəccübləndirən gecələr işıqlandırılan zəncir körpüləri oldu. Şəhəri necə də bəzəyirlər! Bir gün mütləq öz gözlərinizlə görməlisiniz!

Paytaxt olmasına baxmayaraq, Budapeştdə meqapolislər üçün səciyyəvi təlaş yoxdur. Bəlkə də səhv edirəm, amma görünən odur ki, burada heç kim heç yerə tələsmir. Həyat rəvan və ölçülü şəkildə axır. Dayanacaqlarda heç kim sanki bu, həyatında sonuncu qatarmış kimi tramvay və avtobuslara birdən doluşmur. Bazarlarda və supermarketlərdə macar nənələr məhsulları ehtiyatla nəzərdən keçirir, etiketləri yavaş-yavaş yoxlayır və bəyəndikləri malları hörmə səbətə qoyurlar. Yeri gəlmişkən, ekolojist macarlar parça torbalarını qoltuqlarına almadan bazarlığa getmirlər. Sellofan paketlərdən istifadə edənlər necə deyərlər, gözdən düşür. 

Macarların ləng olduqları ilk görüşdən nəzərə çarpır. Bu, yəqin ki, həm də yerli adət-ənənə ilə bağlıdır. Məsələn, Bakıda Yeni il ərəfəsində irili-xırdalı bütün sahibkarlar gecədən sübhədək qaz vurub, qazan doldurduqları bir vaxtda, ayağımı mübarək macar torpağına qoyan kimi, nə görsəm yaxşıdır? Milad bayramı ilə əlaqədar bütün restoran və kafelər, hətta mağazalar da öz fəaliyyətini bir neçə günlük dondurub. Azərbaycanlılardan fərqli olaraq istirahətlərini pula dəyişmirlər və daha çox gecə əyləncələrini sevirlər. 

Budapeşt həm də “cızma-qaralamalar” şəhəridir. Gənclər boz, darıxdırıcı divarların çoxunu əlvan rənglərə boyayaraq öz əsərlərini” diqqət obyektinə çevirə bilirlər. Küçələrdə qraffiti və ya stensil üslubunda işlər həddən artıq çoxdur. Yazılar isə müxtəlifdir – gülməli, ironik, üsyankar və ya adi əlvan rəsmlər.

Macarıstan küçələri ilboyu rusdilli turistlərlə dolub-daşsa da, heç kim rus dilində danışmır. Gənclər ingilis dilində danışırlar, orta yaşlı və yaşlı insanlar isə çox güman ki, ən “məşhur” ifadələri belə başa düşməyəcəklər. Odur ki, hazır olun, əgər bir şey soruşmaq lazımdırsa, bədən dilindən istifadə etməli ola bilərsiniz. Ancaq macarlar olduqca mehriban insanlardır və bir-birinizi başa düşənə qədər sizi dinləməyə davam edəcəklər.

Səmimi deyim, paxıllıq etdiyim başqa bir hadisə o oldu ki, Budapeştdə velosiped və skuter mədəniyyəti çox inkişaf edib. Xüsusi olaraq ayrılmış velosiped və skuter zolaqları yaşılın ən parlaq rəngi ilə işarələnib. Skuter sürənlər üçün yollar kifayət qədər genişdir. 

Avropanın ən gözəl şəhərlərindən biri olan Budapeştdə turistlərin heç vaxt biganə qala bilməyəcəyi möhtəşəm bir bina var. Macarıstan Parlament Binası ölkənin milli simvollarından biridir. Bu gün macarların ən çox fəxr etdikləri memarlıq əsərlərindən biri olan bu tarixi binanın 27 giriş qapısı və 691 otağı var. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Macarıstan Parlament Binasının ümumi uzunluğu 268 metr, eni isə 123 metrdir. 4 mərtəbədən ibarət Parlament Binasının günbəzinin hündürlüyü 96 metrdir. Macarıstan Parlament Binası Müqəddəs Stefan bazilikası ilə birlikdə Budapeştin şəhər mərkəzindəki ən hündür 2 tikilidən biridir. İş o yerə çatıb ki, Budapeştin şəhər mərkəzində bu 2 tarixi binadan hündürü tikilməyib. Parlament binasının tikintisində 40 kq qızıl və 40 milyon kərpic istifadə olunub. Macarlar bu məsələdə çox həssasdırlar. Macarıstan Parlament Binasının tikintisi zamanı görmə qabiliyyətini itirən memar İmre Şteyndl 1902-ci ildə onun tamamlanmasının şahidi olmadan dünyasını dəyişib. Uzun müddət Macarıstan Krallığının müqəddəs tacının sərgiləndiyi bu nəhəng abidə hava şəraitinə görə müntəzəm olaraq restavrasiya edilir. Macarıstan Parlament Binasının bəzi hissələri də müəyyən fasilələrlə qapılarını ziyarətçilərin üzünə açır. Bundan başqa, tarixi binada parlamentin iclasları davam edir. Lakin bilməlisiniz ki, ekskursiyaya bütün otaqları gəzmək daxil deyil. Abidənin mənzərəsi aylı gecələrdə xüsusi rəğbət oyadır...


Təbii ki, hər bir şəhərdə kifayət qədər evsiz var. Amma Macarıstandakı qədər evsiz insanla heç vaxt rastlaşmamışam. Digər şəhərlərdəki adi evsizlərdən fərqli olaraq macar evsizləri özlərini kifayət qədər rahat hiss edirlər, xiyabanlarda gizlənmirlər. Onlar özlərini öz ölkələrinin azad və tamhüquqlu vətəndaşları kimi hiss edirlər, bu da onların istədikləri yerdə yatmaq üçün tam konstitusiya hüququna malik olduqları deməkdir. Yoldan keçənlər də bu tamaşaya fikir verməməyə çalışırlar (məşhur turistlərin xatirə üçün şəkil çəkdirməsi istisna olmaqla). Deyəsən, polis də qanunu pozmadıqları müddətdə onlara toxunmur. Bomjlar həqiqətən əksər hallarda qanunu pozmurlar. Buna görə də çox vaxt gözəl sarayların yanında, metroda və küçənin düz ortasında gün işığında dinc yatmış evsizlərə rast gəlmək olar.

Bütün bunlara əlavə olaraq, bugünkü Budapeşt orijinal ekskursiyaları və əyləncələri ilə məşhurdur. Gecə həyatını sevən macarlar həm də “escape room” (Qaçış otağı) adlanan oyun mərkəzləri ilə öyünə bilər. İlk dəfə tanış olduğum bu oyun günün yorğunluğu yuyub aparmaq üçün maraqlı təcrübədir. İntellektual oyunda iştirak edən komanda müəyyən vaxt ərzində müxtəlif və mürəkkəb tapmacaları həll edərək otaqdan çıxış yolu tapmalıdır. Bu cür istirahət, şübhəsiz ki, ekstremal vəziyyətlərdən zövq alan insanların həyatına həyəcan qatacaq. Bu əyləncə həm də klassik axtarış adlanır. İştirakçılar oyunun istənilən mövzusuna üstünlük verə bilərlər: istər manyakdan qaçmaq, istər detektiv hekayəni həll etmək, istər sehirli iksiri tapmaq, istərsə də psixiatrik klinikadan çıxış yolu tapmaq. Hansı janrı seçdiyinizdən asılı olaraq, effektlər bütün axtarışı müşayiət edəcək: qəribə səslər, dəhşətli əşyalar, oyunda qaniçən personajlarla qəfil toqquşmalar və s. Komandanın yeganə vəzifəsi qapalı yerdən mümkün qədər tez çıxmaqdır. Buna nail olmaq o qədər də asan deyil. Lakin məntiqinizə güvənirsinizsə, Budapeşti bu cür oyunları sınamadan tərk etməyin. Burada hər kəs öz zövqünə uyğun bir əyləncə tapacaq. Budapeşt mütləq qayıtmaq istəyəcəyiniz şəhərlərdən biridir.

Oxumağa davam et

Maraqlı

Tanınmış psixoloq: "Başqalarından bunları etməyini gözləməyin" - SİYAHI

"Zaman-zaman hər birimiz başqalarını xoşbəxt etmək üçün onların istədiyi kimi davranır və qarşılığında onların da bizim gözlədiyimiz kimi davranmağını istəyirik".

Publika.az xəbər verir ki, kliniki psixologiya üzrə fəlsəfə doktoru, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva bildirib ki, bu düşüncə və davranış tərzi son dərəcə yanlışdır və insanları hər zaman xəyallarının alt-üst olmasına gətirib çıxarır. O, hər bir şəxsin ətrafınızdakı insanlardan gözləntilərinizi minimuma endirmək üçün fikirlərində bəzi dəyişikliklər etməli olduğunu bildirib:

1. Başqalarının sizinlə eyni fikirdə olmağını gözləməyin;

2. Başqalarının sizə sizdən daha çox hörmət etməsini gözləməyin;

3. Başqalarının sizin nə düşündüyünüzü bilməyini gözləməyin;

4. Başqalarının sizin xəyalınızda canlandırdığınız kimi biri olmasını gözləməyin;

5. Başqalarının sizin üçün dəyişəcəyini gözləməyin;

6. Başqalarının sizin daha yaxşı hiss etməyiniz üçün səy göstərməsini gözləməyin;


"Unutmayın hər bir insanın özünəxas düşünməyə, özü üçün ən doğru olanı etməyə haqqı var və sizi hamıdan çox sevməli, anlamalı, hörmət etməli olan insan siz özünüzsünüz"

Oxumağa davam et

Maraqlı

Bill Qeytsdən növbəti proqnoz

“Microsoft”un qurucusu Bill Qeyts koronavirusa yoluxma barədə danışıb. O bildirib ki, COVID-19 tezliklə adi mövsümi soyuqdəyməyə çevriləcək.

Publika.az xəbər verir ki, görkəmli iş adamı bu barədə tvitterdə yazıb. 

Bill Qeytsin sözlərinə görə, omikron dalğasının ölkələrə yayılması ilə səhiyyə sistemlərinin üzərinə daha çox yük düşəcək:

“Ən ağır hallar peyvənd olunmamış insanlarda baş verəcək. “Omikron” dalğası ötüşdükdən sonra yoluxma halları azalacaq. Odur ki, koronavirus daha çox mövsümi soyuqdəymə kimi müalicə olunacaq”.

Milyarder koronavirus növünə qarşı uzunmüddətli vaksinlərin yaradılmasının zəruriliyini qeyd edib və pandemiyanın tezliklə bitəcəyini bildirib.

Oxumağa davam et

Gündəm