Xəbərlər - Publika.az
Bizi izləyin

Tarix

Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılmasına Ermənistan sovet dövründə də mane olub - TARİXİ FAKTLAR

Azərbaycan ordusunun tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsindən artıq 1 il ötür. Düşmən təxribatlarının qarşısının alınması məqsədilə ötən il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə düşmənin torpaqlarımızda qurduğu möhkəm müdafiə istehkamlarını yararaq, ərazi bütövlüyümüzü təmin etdi. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Noyabrın 8-də isə Qarabağın incisi olan Şuşanın azadlığına qovuşması xəbərini xalqa elan edən Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir!” sözləri bütün Azərbaycan xalqının illər boyu yanan ürəyinə su səpdi. Bu qədim yurd yerimizin xilasından sonra tam qələbəyə yol açıldı və düşmənin biabırçı məğlubiyyətini elan etməkdən başqa bir yolu qalmadı. Ermənistanın kapitulyasiyası hesab edilən 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə isə Azərbaycan bir güllə belə atmadan Ağdam, Laçın və Kəlbəcər rayonlarını geri qaytardı.

Bütün dünya Azərbaycan xalqının əzminə, Azərbaycan Ordusunun qüdrətinə növbəti dəfə şahid oldu. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”, - deyən əsgər və zabitlərimiz döyüş meydanında bunu sübuta yetirdilər. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının illərdir kağız üzərində qalan 4 qətnaməsini də reallaşdırdı. Təbii ki, hərbi uğurlarımızın əsas səbəbi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət, həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və hərbçilərimizin ruh yüksəkliyi idi.

İndi münaqişə bitib. Azərbaycanın işğaldan azad edilən ərazilərində tam yeni infrastruktur yaradılır, evlər və sosial obyektlər tikilir, yeni yollar salınır, hava limanları inşa edilir, tarixi-mədəni abidələr bərpa olunur və Cocuq Mərcanlıdan başlayan "Böyük qayıdış"ın davamı üçün zəmin hazırlanır. “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin inşası prioritet məsələlərdir. Təbii ki, bütün bunlar Qarabağın gələcək turizm potensialının da artmasına hesablanıb. Müharibədən dərhal sonra sürətli bərpa işlərinə başlanılması Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Şübhəsiz ki, 30 ilə yaxın bir müddətdə Ermənistanın xaraba vəziyyətə qoyduğu Qarabağ yenidən əzəmətli günlərinə qayıdacaq.

Azərbaycanın tarixi qələbəsi işğal altında olan ərazilərimizin azad edilməsi ilə yanaşı, regionun geosiyasi reallığını da dəyişdirib. Artıq bölgənin inkişafı üçün yeni imkanlar yaranıb. Dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edən bu imkanlar mövcud kommunikasiyaların bərpası və yeni nəqliyyat əlaqələrinin yaradılmasını özündə ehtiva edir. Bu, regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, indiyə qədər dalan ölkə kimi investisiya cəlbediciliyini itirən Ermənistan da bu imkanlardan faydalana bilər. Bu kontekstdə əsas nəqliyyat əlaqələrindən biri Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirən yolun açılmasdır. Təsadüfi deyil ki, 10 noyabr bəyanatının 9-cu bəndində də bu məsələ qeyd olunub. Bəyanatda deyilir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Məsələ Sovet dövründə də aktual olub

Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirən avtomobil yolunun çəkilməsinin həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyətə malik olması sovet dövründə diqqət mərkəzində olmuşdu. Ona görə də yolun açılması üçün müvafiq göstəriş verilib. Lakin o zamankı Ermənistan rəhbərliyi hər vəchlə bunun reallaşmasına mane olmağa çalışıb.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə uzun illər Azərbaycan SSR Avtomobil Yolları Tikinti və İstismar nazirinin müavini vəzifəsində çalışan Mahir Ələkbərov məlumat verib.

O, yolun çəkilməsinin hansı zərurətdən irəli gəldiyini və region üçün perspektivlərindən danışıb: “O dövrdə Naxçıvanla Azərbaycanı birləşdirən mövcud avtomobil yolları olduqca uzun, dolanbac və əlverişsiz idi. Marşrutlardan biri Bakı-Ağdam-Xankəndi-Laçın-Gorus-Biçənək aşırımı-Naxçıvan istiqamətindən keçirdi. 628 kilometr uzunluğunda olan bu yol ilin 6 ayı qarla örtülü olduğundan ondan istifadə etmək mümkün deyildi. Digəri isə 784 kilometr olmaqla, Bakı-Qazax-İcevan-Yerevan-Sədərək-Naxçıvan istiqamətində idi. Hər iki yolun texniki dərəcəsi aşağı olduğundan nəqliyyat vasitələrinin hərəkətində tez-tez problemlər yaşanırdı. Bu, respublika qarşısında daha əlverişli marşrutun tapılması zərurətini ortaya qoydu. Aparılan araşdırmalardan sonra tapılan ən sərfəli marşrut Bakı-Şirvan-Sabirabad-Saatlı-Füzuli-Cəbrayıl-Zəngilan-Nüvədi-Mehri-Ordubad-Naxçıvan oldu. Yeni xətt həm digərlərindən daha qısa, həm də relyef baxımından əlverişli idi. Uzunluğu 560 kilometrə yaxın olacaq marşrutun təxminən 50 kilometri Ermənistan ərazisinə düşürdü. Yolun Nüvədi-Mehri hissəsində torpaq yol bərpa edilməli, Nüvədiyə qədər isə yeni yol salınmalı idi. Məsələ ilə bağlı Ermənistanın müvafiq qurumları ilə danışıqlar aparıldı və yolun sərhəddə hansı hissəyə çıxacağı müəyyənləşdirildikdən sonra Azərbaycan tərəfdə işlərə başlanıldı. 1982-ci ilə qədər biz öz ərazimizdə 200 kilometr yolu təmir etdik, 184 kilometr uzunluğunda isə yeni yol çəkdik. Lakin Ermənistan tərəfi bu müddət ərzində heç bir iş görməmişdi”.

Ermənistan rəhbərliyi danışıqları pozurdu

Mahir Ələkbərovun sözlərinə görə, belə böyük bir layihə SSRİ Nazirlər Soveti və Plan Komitəsinin qərarı olmadan həyata keçirilə bilməzdi. Komitə də yolun səmərəliliyini nəzərə alaraq bu işə müsbət rəy vermişdi. Çünki Naxçıvanı Azərbaycanla birləşdirəcək olan yol eyni zamanda ölkənin beynəlxalq əlaqələri üçün geniş imkan açırdı: “Ona görə yolun Ermənistan hissəsi hələ tikilməmiş, 1982-ci ildə Plan Komitəsinin təklifi əsasında Nazirlər Soveti bu yolun ümumittifaq yollar siyahısına salınması barədə qərar qəbul etdi və ona "A-324" adı verildi. 1983-cü ildə bizim sərhədlə Nüvədi arasındakı yolun hazırlıq işlərinə başlanıldı. Lakin bir ay sonra Ermənistan işi dayandırdı. Halbuki, uzun müddət danışıqlar aparılmış, 30-a yaxın razılıq məktubu alınmışdı. Burada alman alimi Kolmer fon der Holsun “Anadolu eskizləri" adlı əsərində ermənilərlə bağlı fikirləri yadıma düşdü. Orada qeyd olunur ki, “Mən bir türklə bir iş barəsində şərtləşəndə yazılı müqavilə bağlamadan da kifayətlənirəm, çünki o, söz verdi, qurtardı. Yunanla, yaxud başqa bir levantlıyla yazılı şərt kəsirəm, çünki onlarla belə lazımdır və sərfəlidir. Ermənilərlə isə yazılı surətdə də heç bir iş görmürəm, çünki onların yalançılığı və fitnə-fəsadları yazılı şərti belə poza bilər"”.

Ermənistan yolun çəkilməməsi üçün bütün variantlara əl atıb

Keçmiş nazir müavini qeyd edib ki, ermənilərin razılaşmadan boyun qaçırmasından sonra ölkələr arasında Nazirlər Soveti rəhbərliyi səviyyəsində müzakirələr başlayır. Ermənilər tikintiyə icazə verməmələrini yolun çəkilməsinin guya texniki səbəbdən mümkün olmaması ilə əlaqələndirirlər: “Bizim təklif etdiyimiz variant olduqca sərfəli idi. Ancaq Ermənistan Naxçıvanla qısa əlaqənin qurulmasını istəmədiyindən müxtəlif bəhanələr gətirir, yolun qış vaxtı keçilməz olan dağlıq ərazilərdən çəkilməsinə çalışırdı. O dövrdə bir neçə variant təklif etdilər, lakin heç biri Azərbaycanın tapdığı yol qədər əlverişli deyildi. Ermənilərin razılaşmadığını görüb Plan Komitəsinə müraciət etdik. Plan Komitəsinin sədri N.Baybakov vəziyyətin yerində qiymətləndirilməsi üçün nəqliyyat məsələləri üzrə müavini V.Biryukovu Bakıya göndərdi. Biryukov Azərbayan və Ermənistan ərazisində baxış keçirdikdən sonra işin məqsədli şəkildə pozulduğunu və yolun çəkilməməsi üçün heç bir əsas olmadığını başa düşdü. İşlərin davam etdirilməsi üçün protokol tərtib edildi, lakin Ermənistan sənədi imzalamaqdan imtina etdi. Bundan sonra Plan Komitəsində məsələyə yenidən baxılması üçün Moskvaya dəvət olunduq. Ermənilər yenə öz varinatlarının üstündə dayanmışdılar və texniki baxımdan yolu çəkməyin mümkün olmadığını iddia edirdilər. Ermənilər qeyri-konstruktiv mövqe tutduğundan, razılıq əldə olunmadığına görə, Baybakov SSRİ Nazirlər Sovetinin sədri N.Tixonova məktub ünvanladı. Tixonov hər iki tərəfin təkliflərinin əsaslandırılması üçün komissiya yaradılmasını tapşırdı. Plan Komitəsinin nəzdində bütün böyük layihələrə nəzarət edən Dövlət Ekspertiza Komitəsi fəaliyyət göstərirdi. Biz variantlarımızı komitənin akademiklər, professorlar, elmlər namizədləri və mütəxəssislərdən ibarət 29 üzvünün təmsil olunduğu komissiyası qarşısında əsaslandırırdıq. Ermənilər təklif etdikləri variantları 3 istiqamətdə "əsaslandırmışdılar". Əvvəla, deyirdilər ki, yolun keçəcəyi 8 min hektar Arazboyu sahə guya subtropik meyvə ağacları becərməyə imkan verir və buna görə ildə 50 milyon gəlir götürəcəklər. İkinci əsaslandırma ondan ibarət idi ki, yol boyunca faydalı yataqlar aşkarlayıblar və həmin yataqları işləyəcəklər. Nəhayət üçüncü də bu olmuşdu ki, dünyanın müxtəlif yerlərində məskunlaşmış ermənilər üçün həmin ərazidə nümunəvi kəndlər salacaq və onları bu kəndlərə köçürəcəklər. Təbii ki, hamısı yalan idi. Hətta Plan Komitəsində ermənilər haqda belə bir fikir formalaşmışdı ki, məsələ bir qədər də uzansa, orada neft-qaz yataqları tapdıqlarını belə iddia edəcəklər”.

Yolun açılması üçün Ümumilli lider Heydər Əliyevin böyük xidmətləri olub

Mahir Ələkbərov ermənilərin bu işi Müdafiə Nazirliyi səviyyəsinə qədər çıxardıqlarını, SSRİ-nin 6 nazirliyinin bu məsələyə qarışdığını, lakin Ermənistanın təxribat xarakterli bütün fəaliyyətlərinin ifşa olunduğunu əlavə edib. Onun sözlərinə görə, həmin dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin xidmətləri böyük olub: “Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev təklif edilən variantla razılaşmaları üçün Ermənistan rəhbərliyinə tapşırıq vermişdi və məsələni daim gündəmdə saxlayırdı. Təbii ki, o, ermənilərin bu işə nə üçün qarşı olduqlarını və yolun ümumittifaq və Azərbaycan üçün əhəmiyyətini çox yaxşı bilirdi. Heydər Əliyevin nüfuzu bu işdə qarşımıza çıxan əngəlləri dəf etməyimizə imkan yaradırdı. Ermənilər isə SSRİ-nin ermənipərəst rəhbərləri ilə görüşür, bütün variantlara əl atırdılar ki, yol çəkilməsin. Buna baxmayaraq, komissiya ciddi təhlillər apararaq, Azərbaycanın təklif etdiyi variantın daha səmərəli olduğu qənaətinə gəldi. Məğlubiyyətlə barışmayan ermənilər bu qərarı da tanımadıqları üçün Nazirlər Sovetinin sədri Tixonov şəxsən məsələyə qarışdı və rəyasət heyətində yolun Azərbaycanın təklif etdiyi variantda tikilməsi barədə tapşırıq verildi. Ermənistan tərəfi 1 ay müddətində yol üçün ərazinin ayrılması məsələsini həll etməli idi. Müddət tamam olandan sonra biz Ermənistan Nazirlər Sovetinin qərarını aldıq. Qərara əsasən, yolun tikintisi və mövcud hissənin bərpası üçün bizə 38,5 hektar yer ayrılmışdı. Beləliklə, 1986-cı ildə Ermənistan ərazisində işlərə başlanıldı və 1987-ci ildə Nüvədiyə kimi olan yolun tikintisi yekunlaşdı. 1988-1989-cu illərdə isə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasına başlanıldı. Quldur erməni dəstələri azərbaycanlıların yaşadığı evlərə basqın edir, əmlaklarını yandırır, dükan və bazarlarda onlara ərzaq satılmır, bütün vasitələrlə yaşayış yerlərini tərk etmələri tələb olunurdu. 1988-ci ildə Qərbi Azərbaycan ərazisində soydaşlarımızın yaşadığı 261 kənd və qəsəbə boşaldılıb. Ümumilikdə 250 min azərbaycanlı həmin ərazilərdən qovulub. Həmçinin, 226 soydaşımız ermənilər tərəfindən müxtəlif yollarla öldürülüb və 400 nəfərdən çoxu bədən xəsarətləri alıb. Bu şəraitdə yolun tikintisi də dayandırıldı və Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirən bütün nəqliyyat əlaqələri də qırıldı”.

Mahir Ələkbərov sonda vurğulayıb ki, indi regionda yaranan yeni geosiyasi vəziyyət bu layihənin mümkünlüyünü bir daha ortaya çıxarıb. Hər fürsətdə 30 ildir nəqliyyat blokadasında olduğunu ifadə edən Ermənistanın özünütəcriddən xilas edilməsi indi öz əlindədir. Lakin, görünür, Ermənistan rəhbərliyi öz əhalisinin rifahını, ölkənin gələcəyini zəmanət altına almaq fikrində deyil: “Cənab Prezident İlham Əliyev də çıxışlarında vurğulayıb ki, hazırda Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzun illər müharibə vəziyyətində olmuş iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına, kommunikasiyaların açılmasına, sərhədlərin demarkasiya və delimitasiyası prosesinə, həmçinin digər məsələlərin həllinə maneə törədən yeganə səbəb Ermənistanın ya buna hazır olmaması, ya da bunun əleyhinə çıxmasıdır. Zəngəzur dəhlizini qurmaq üçün o qədər də böyük vaxta ehtiyac yoxdur. Çünki, Azərbaycan tərəfi müharibədən sonra bir il ərzində min kilometrdən çox yol tikib. İndi dəhlizin açılması böyük bir problem deyil. Amma buna baxmayaraq, Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur. Zəngəzur dəhlizi regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Sosial-iqtisadi, siyasi, hərbi böhran məngənəsində sıxılan Ermənistan da bu dəhlizin bütün üstünlüklərindən, regional əməkdaşlıqdan faydalanmaq, iqtisadi blokadadan çıxmaq, iqtisadi inkişafa nail olmaq istəyirsə, layihənin həyata keçməsində maraqlı olmalıdır. Həmçinin, Zəngəzur dəhlizinin açılması dayanıqlı iqtisadi inkişaf, sülh, əməkdaşlıq, təhlükəsizlik, öz növbəsində, gələcəkdə yeni münaqişələrin yaranmasının da qarşısını alacaq. Ermənistanın sərhəd xəttinə baxsaq, görərik ki, bunun böyük hissəsi Azərbaycan və Türkiyə ilədir. Uzun illər Ermənistanın bu sərhədləri bağlı saxlaması onu bir çox meqalayihələrdən, iqtisadi imkanlardan məhrum edib. Artıq ermənilər reallıqları qəbul etməli, başa düşməlidirlər ki, region ölkələri ilə, xüsusən də Türkiyə və Azərbaycanla əlaqələri bərpa etmədən iqtisadi rifaha çatmaq iqtidarında deyillər”.

Rəylər

Tarix

Osmanın qanı tökülən “Quran”la bağlı MARAQLI FAKTLAR ÜZƏ ÇIXDI: Yüzilliklər boyu... - FOTO

Litva hökumətinin qərarı ilə 2021-ci ildə ölkədə “Litva tatarları” ili qeyd olunur.

Çarizmin süqutuna qədər Peterburq Ümumi kitabxanasında saxlanılan nadir islam abidəsinin - “Osmanın Quranı”nın (rəvayətə görə Quranın kanonik mətninin tərtibçisi, üçüncü islam xəlifəsi Osman ibn Əffan 656-cı ildə bu əlyazmanın mütaliəsi zamanı sui-qəsdçilər tərəfindən öldürülmüş və qanı perqamentin səhifələrinə çilənmişdi) həqiqi sahiblərinə - müsəlmanlara qaytarılmasında Litva (Polşa) tatarlarının müstəsna xidməti olmuşdu.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı keçmiş səfiri, professor Vilayət Quliyev danışıb. Professor bildirib ki, “Osmanın Quranı” qəribə tale yaşamışdı və Teymurləngin qənimət kimi Bəsrədə ələ keçirib Səmərqəndə gətirdiyi müqəddəs kitab yüzilliklər boyu yerli mədrəsələrin birində saxlanmışdı:

“Çar Rusiyası Mərkəzi Asiyanı işğal edəndə Səmərqənd ruhaniləri 100 rus manatı müqabilində əlyazmanı Rusiya idarəçilərinə satmışdılar. Yaxud satmağa məcbur edilmişdilər. Türküstan general-qubernatoru Konstantin fon Kaufman nadir əlyazmanı Peterburqa, İmperator kitabxanasına göndərmişdi. Çarizmin süqutundan sonra Rusiya Müsəlmanları Şurasının təkidli xahişlərinə rəğmən, tarixi relikviya həqiqi sahiblərinə qaytarılmamışdı.

Belə olduqda Polşa (Litva) tatarı, kapitan Aleksandr (İskəndər) Talkovskinin komandası altındakı müsəlman alayı 1917-ci il dekabrın 14-də kitabxana binasını mühasirəyə almış və tələblərini ultimatum şəklində irəli sürmüşdü. Yalnız bundan sonra, dekabrın 19-da Leninin imzaladığı xüsusi dekretlə “Osmanın Quranı” müsəlmanlara qaytarılmışdı. 1918-ci ilin fevralında admiral İshaq İslamov, knyaz Maksudov, Konstantin və Aleksandr Əhmədoviç qardaşlarından ibarət heyət Kazan və Polşa (Litva) tatarlarından təşkil olunmuş qvardiya alayının mühafizəsi altında kitabı Ufaya aparmışdı.

1923-cü ildə Türküstan diyarı – Daşkənd və Cizak üləmasının xahişi ilə sovet hökuməti dini abidənin Səmərqəndə qaytarılmasına qərar vermişdi. Xüsusi vaqonda Özbəkistana gətirilən əlyazma burada bir neçə dəfə yer dəyişmişdi. Hazırda Daşkəndin Muyi-Mübarək mədrəsəsində saxlanılır. 1997-ci ildə UNESCO “Osmanın Quranı”nı “Dünyanın yaddaşı” reyestrinə daxil edib. Kitabın qəribə taleyi haqda polyak tarixçisi Pyotr Boravskinin “Tatarlar qədim Reç Pospolitada” əsərində məlumat verilib”.

Oxumağa davam et

Tarix

Tomas Qolts DƏHŞƏTLİ FAKTLARI AÇDI: Ermənilər bir azərbaycanlının boğazını kəsmişdi, digərinin...

Azərbaycan 30 il ərzində işğal altında olan ərazilərini azad edəndən sonra tədqiqatçılar 1988-1994-cü illərdəki münaqişə zamanı itkin düşmüş hesab edilən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı informasiyalar əldə etməyə çalışırlar.

“Eurasia Review” yazır ki, 1994-cü ildə amerikalı hərbi jurnalist Tomas Qolts ermənilərin əsir və girov götürdükləri azərbaycanlıları evlərində qul kimi işlətdiklərini yazırdı. Əsirləri hərdən ərzağa, yanacağa, hətta öldürülən ermənilərin meyitlərinə dəyişdirirdilər. Onları bir çox hallarda qətlə yetirirdilər və meyitlərini təhqir edirdilər.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan beynəlxalq insan haqları təşkilatlarının Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən Cenevrə konvensiyasının tələblərinin pozulmasına dair sorğusuna cavab verməyib, iddia edib ki, onun ölkəsi bu münaqişənin tərəfi deyildi. Baxmayaraq ki, Ermənistanın Qarabağ separatçılarına dəstəyinə dair çoxsaylı dəlillər-sübutlar təqdim olunmuşdu.

Əsirlərə qarşı vəhşilik hallarından biri Yerevanda 8 azərbaycanlı əsirə qarşı baş vermişdi. Beynəlxalq Qırmızı Xaç məlumat almışdı ki, bu əsirlər “qaçmağa cəhd edərkən” öldürülüblər. Onların meyitləri ölüm səbəbi məlum olmayan daha iki əsgərin meyiti ilə birlikdə Azərbaycana təhvil verilmişdi. Qolts yazır ki, meyitlərin müayinəsi zamanı onların yaxın məsafədən açılan atəşlə öldürüldüyü müəyyən edilmişdi: 6 nəfəri başından güllələmişdilər, birini isə sinəsindən. Daha bir əsirin boğazı kəsilmişdi, iki nəfərin isə qulağını kəsmişdilər. Meyitlərdən birinin isə qarnı yarılmışdı. Meyitlərin müayinəsi üçün Bakıya gedən britaniyalı məhkəmə-tibb ekspertinin rəyinə görə belə yaralar “qaçmağa cəhd edərkən” güllələnən şəxslərdə ola bilməzdi. Müvafiq sübutlar təqdim ediləndən sonra Ermənistanda iddia etmişdilər ki, əsirlər “kütləvi şəkildə intihar ediblər”, görəndə ki, qaçmaq cəhdləri alınmayıb, mühafizəçinin tapançasını əlindən alaraq özlərini güllələyiblər.

Ermənilər tərəfindən törədilən cinayətlərin əksəriyyətinə o zaman Qərb siyasətçiləri, KİV-ləri və ekspertləri heç bir əhəmiyyət vermirdi. “The Washington Post” yazırdı ki, ATƏT komissiyasının üzvlərindən birindən azərbaycanlı əsirlərin öldürülməsi barədə soruşanda o deyib: “Ölü azərbaycanlılara görə səs-küy qaldırmaq Vaşinqtondakı siyasətçilərə sərfəli deyil”.

Tomas Qolts yazır ki, ABŞ azərbaycanlıların əsirlikdə öldürülməsinə heç məhəl qoymaq niyyətində deyildi, onlar Rusiya ilə birlikdə Ermənistanın tərəfində idilər. Xüsusən də ABŞ və Fransadakı güclü erməni lobbisi KİV-lərə, Qərb hökumətlərinə təsir göstərirdilər, insan haqlarına dair ancaq öz mövqelərini yeridirdilər və günahı Azərbaycanın üzərinə atırdılar. Ona görə də birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən azərbaycanlı əsirlərə qarşı törədilmiş cinayətlərə dair qərb KİV-lərində məqalə tapmaq olduqca çətindir. (virtualaz.org)

Oxumağa davam et

Tarix

Şəhid jurnalist haqqında çəkilən "Canım mənim" filmi təqdim edildi

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən daha bir film - "Canım mənim” filmi bu günlərdə təqdim edildi. “Qarabağ” silsiləsindən ikinci film olan “Canım mənim” filmi birinci Qarabağ müharibəsi zamanı peşə borclarını yerinə yetirən zaman həlak olmuş jurnalistlərdən bəhs edir. Qeyd edək ki, ekran əsərində baş qəhrəman şəhid jurnalist Salatın Əsgərovanın obrazıdır. “Planet Parni iz Baku Films” şirkətinin lentə aldığıi filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru Ənvər Mansurovdur. Filmin çəkilişinə dəstək olan şirkətlədən biri də “Nar”dır. Qeyd edək ki, film “Nar”ın Zəfər Gününə həsr etdiyi “Yaşa, Vətən!” kommunikasiyası çərçivəsində dəstək olduğu layihələrdən biridir.

Tahir İmanovun sözlərinə görə, film real tarixi faktlara əsaslanır: “Əsas məqsədimiz Qarabağ münaqişəsinin başlanmasına rəvac verən hadisələri, əsl həqiqətləri və müqəssirləri rusdilli auditoriyaya, eyni zamanda beynəlxalq ictimaiyyətə göstərməkdir. Filmdə, həmçinin Qarabağ müharibəsi zamanı azərbaycanlılarla yanaşı, digər millətlərdən olan şəxslərə qarşı da qətliamlar törədildiyini göstəməyə çalışmışıq”.

Xatırladaq ki, “Planet Parni iz Baku Films” şirkətinin “Qarabağ” silsisləsindən birinci filmi olan “Bir topa adam” filmində müharibənin əslində necə başlanmasından bəhs edirdi. Filmin çəkilişinə “Nar” dəstək olmuşdu.

Oxumağa davam et

Gündəm