Aydın Hüseynov: "Heydər Əliyev təhlükələrdən çəkinmədən bunu etdi" - Publika.az
Bizi izləyin

Tarix

Aydın Hüseynov: "Heydər Əliyev təhlükələrdən çəkinmədən bunu etdi"

20 Yanvar faciəsi Kremlin Azərbaycan xalqını cəzalandırmaq üçün törətdiyi qanlı faciədir. Azərbaycanda geri gönüşü olmayan müstəqillik hərəkatını beşiyindəcə boğmaq niyyəti ilə təpədən dırnağa qədər silahlanmış cinayətkar, qəsbkar ordunu silahsız insanların üzərinə göndərmək, onları Bakıda və ölkəmizin digər şəhərlərində amansızcasına qətlə yetirmək ən böyük cinayətdir. Bəli, bunu dağılmaqda olan Sovetlər birliyinin ordusu, SSRİ Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları və xüsusən də erməni başkəsənlərindən ibarət dəstələr törətmişdilər. Onların bir məqsədi vardı, Ermənistanın və dünya ermənilərinin arxasında duran güclərin Qarabağın dağlıq hissəsini, daha dəqiq desək, keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati ərazisini Azərbaycandan qoparmaq üçün başlatdıqları kampaniyaya etiraz edənləri susdurmaq, xalqımızın müstəqillik ruhunu sındırmaq, Azərbaycanı bir dövlət kimi yer üzündən silmək. Amma sovet ordusunun əli ilə qanlı cinayət törədənləri xalqın mübarizə rununu heç vaxt sındıra bilməyəcəklərini anlaya bilmədilər.  

Publika.azxəbər verir ki, bu sözləri millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili qeyd edib ki, 20 Yanvar qətliamı Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 

Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Bu faciəni həm də siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət adlandırmaq olar. O dövrdə hakimiyyətdə olanların xalqın maraqlarından çıxış etməməsi, bir başqa qrupun hakimiyyətdən pay ummaq siyasəti, müxalifətin isə hakimiyyətə gəlmək üçün qurduğu oyunlar kənar qüvvələrin ölkəmizə ayaq açmasına geniş imkanlar qazandırmışdı. Hər qrup öz şəxsi və kollektiv maraqlarından çıxış edirdi və bu da xalqımızın müstəqillik arzularının həyata keçməsində böyük əngəl idi. Xalq milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefasını tələb edirdi. Mərkəzi hakimiyyət – Kreml isə proletariat diktaturasının hakim olduğu ölkə statusunu unudaraq xalqın tələbini rədd etdi və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxdığına görə Azərbaycanı cəzalandırdı, Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc və əliyalın əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutuldu, kütləvi qətllər törədildi. Sovet ordusunun xüsusi təyinatlıları və və çoxlu sayda daxili qoşun birləşmələri Bakını ələ keçirmək üçün xüsusi qəddarlıq nümayiş etdirdilər. Bunu da tətbiq edilməmiş “fövqəladə vəziyyət” şəraitində törətdilər, bu barədə əhali xəbərdar edilməmişdi.

Bu hadisəni əvvəlcədən planlaşdırılmış hərbi cinayət də adlandırmaq olar. SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabitinin Bakı şəhərinə gətirməsi, Qala və “Nasosnu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilməşi, ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantların da cəlb edilməsi Kremlin iyrənc, qəddar niyyətindən xəbər verirdi. 150-yə yaxın azərbaycanlının ölümü, 800-ə yaxın insanın açılan güllələrdən müxtəlif dərəcəli yara alması fövqəladə vəziyyət elan olunanadək baş vermişdi. Halbuki, bu, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə zidd idi. Bakıya qoşun yanvarın 19-da saat 21-də yeridilmişdi, fövqəladə vəziyyət isə yanvarın 20-də tətbiq edilmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmişdilər. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü.

Azərbaycanın siyasi rəhbərliyi bu faciədən sonra nəinki istefaya getmədi, hətta belə bir məqamda susmağı daha üstün tutdu. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz isə o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. 

Nə hakimiyyətdən gedən, nə onun yerinə gələn, nə də AXC-Müsavat hakimiyyəti 20 Yanvar hadisələrinə siyasi qiymət verməyə cəsarət etmədilər. Xalq daha bir gerçəkliyin şahidi oldu ki, azadlıq mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranlar əslində insanlara yalan vədlər verərək hakimiyyət kürsüsünü ələ keçirən bir qrup siyasət dəllallarıdır. Qanlı faciəyə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu tamam unutdu, öz imkanlarından istifadə etmədi. 

Ulu Öndər Heydər Əliyev isə 21 yanvar tarixində Moskvanın mərkəzində Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi. İlk hüquqi qiyməti isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi məhz Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.

Bəli, Ulu Öndərimiz bunu ürəkdən yanaraq və həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışaraq etmişdir. Heydər Əliyev açıqlamalarının birində demişdir: “Bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.


Rəylər
Oxumağa davam et
Reklam

Tarix

Şuşada “28 Aprel” “Atatürk”ə necə çevrildi?

Bir neçə gün öncə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı rəsmi Tvitter səhifəsində mədəniyyət paytaxtımız olan Şuşadakı küçələrdən birinə Mustafa Kamal Atatürkün adının verildiyini bəyan etdi. Amma Şuşada hansı küçəyə və nə vaxt Atatürkün adının verilməsi ilə bağlı hər hansı məlumat verilmədi.

Araşdırmaçı jurnalist Dilqəm Əhməd isə əslində Şuşada küçəyə Atatürkün adının müstəqilliyin ilk illərində verildiyini bildirib.


Məsələ ilə bağlı Publika.az-ın suallarını cavablandıran 90-cı illərdə Şuşa Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Kərim Kərimlinin sözlərinə görə, Şuşadakı həmin küçə “Atatürk prospekti” adlandırılmışdı:

“Şuşada iki böyük küçə var idi: onlardan biri Lenin küçəsi idi, ən mərkəzi küçə sayılırdı. Həmin küçənin adını dəyişdirib, Məhəmməd Əmin Rəsulzadə prospekti qoymuşduq. 28 Aprel küçəsinin adı isə Atatürk prospekti ilə əvəzlənmişdi. Şəhərdə də ən uzun küçələrdən biri idi. Deməli, Atatürk prospekti Mamayı məhəlləsinin yuxarı hissəsindən başlayırdı. Üzüaşağı gedərkən həmin prospekt Köçərli məhəlləsinin başına qədər gedib çıxırdı. Atatürk prospektinin qurtardığı yerdən isə Pənahəli Xan küçəsi başlayırdı, Köçərli məhəlləsini əhatələyirdi. Hazırda Atatürkün adının hansı küçəyə verilməsindən məlumatsızam. Çünki bununla bağlı hər hansı rəsmi məlumat yoxdur”.

K.Kərimli əlavə edib ki, bütün bu proseslər 1988-89-cu illərdəki canlanmadan başlamışdı və xalqın təklifləri ilə baş verirdi:

“O vaxt küçələrin adlarının dəyişdirilməsi aşağıdan, sadə insanlardan gəlirdi. Bu təklifləri də Şuşa Rayon İcra Hakimiyyətinin o zamankı başçısı Mikayıl Gözəlov dəstəkləyirdi. Şəhərdəki küçələrin adlarının dəyişdirilməsi ilə bağlı sərəncamları isə Vaqif Hüseynov imzalayıb. Mənim də bu prosesdə iştirakım olub. Mən təklif edilən yeni küçə adlarının siyahısını tərtib etmişəm. Ümumi siyahı vermişəm ki, siyahıda göstərilən Məhəmməd Əmin Rəsulzadə, Atatürk, Pənahəli Xan, Xan Şuşinski adları bolşevik adları daşıyan küçələrə verilsin. Siyahıda təxminən 50-yə yaxın ad var idi. Köhnə “Sovet” küçəsinin adını dəyişərək “20 Yanvar” küçəsi etmişdik. Vaqif Cəfərov təyyarə qəzasında həlak olandan sonra “1 May” küçəsinin adı “Vaqif Cəfərov”la əvəzlənmişdi. Bundan sonra 1991-ci ilin noyabrında Mikayıl Gözəlovu kabinetində öldürdülər. O, şəhid olandan sonra şəhərdəki küçələrdən birinin adını dəyişdirib “Mikayıl Gözəlov” qoymuşduq”.

Oxumağa davam et

Tarix

Müəllimlərin NƏZƏRİNƏ: Yerdəyişmə BAŞLADI

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna start verilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd edilib ki, müsabiqə qaydalarına edilmiş dəyişikliklərə əsasən, cari ildən vakansiya seçimi zamanı ilkin olaraq şəhid ailələrinin üzvlərinə vakant yer seçmək imkanı veriləcək. Həmçinin dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər bütün ölkə üzrə yerdəyişmə etmək imkanına malik olacaqlar.

Oxumağa davam et

Tarix

Ağdabanda şəhid olan əfsanəvi döyüşçü: Çox sayda ermənini... - MARAQLI FAKTLAR - FOTO

Kəlbəcərin işğalından bir il öncə - 1992-ci il aprel ayının 8-də erməni silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Erməni quldurlar tərəfindən törədilmiş qırğın nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb. Kəndin 800-ə yaxın dinc sakininə müxtəlif növ işgəncələr verilib, 70-ə yaxın şəxs isə amansızlıqla qətlə yetirilib. İşğalçılar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırımı aktı törətdilər.

Publika.az Kəlbəcərin müdafiəsi uğrunda qəhrəmanlıqla savaşan, böyük şücaət göstərən və Ağdaban qətliamı zamanı erməni işğalçılarına sarsıdıcı zərbələr vuraraq əhalinin bir hissəsini mühasirədən çıxaran, özü də həmin yerdə şəhid olan Mirzəyev Mahmud Əli oğlunun döyüş yolunu təqdim edir:

Arayış: Mirzəyev Mahmud Əli oğlu. 10 aprel 1936-cı ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub (Hazırkı Kəlbəcər rayonunun Kərəmli kəndi - red). Onu öz el-obasında Mamoy adıyla tanıyırdılar. Döyüş gedən günlərdə, illərdə isə bu ad sahibi haqqında əfsanələr gəzir, hətta bəzi əhvalatlar lətifə kimi söylənirdi. Mahmud Mirzəyev Qarabağda böyük bir ailənin başçısı, həm də baba idi. Amma hadisələrin başlandığı məlum 1988-ci ildən düşmənə qarşı aparılan mübarizənin daim önündə olub. 1992-ci il aprel ayının 8-də Ağdabanda - Aşıq Şəmşirin məzarının yanında şəhidlik zirvəsinə ucalıb. 

Qeyd: Kəlbəcər rayonu Ağdaban kənd sakini, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədri, “Qızıl qələm” mükafatı laurеatı Qəmbər Şəmşiroğlu “Küllərin dəfni” adlı hekayəsində Ağdaban qətliamında gördükləri haqqında yazıb: “Bu faciədən xəbər tutan bir qrup Kəlbəcər sakini yük maşınında Ağdaban və Çayqovuşan kəndlərinin harayına gəliblər. Qonşu Kərəmli kəndindən oraya gələn Mahmud Mirzəyev isə Dədə Şəmşirin məzarı yaxınlığında qətlə yetirilib”.

Yerli sakinlər arasında “O gecə” adıyla tanınan 1991-ci ilin iyununda erməni hücumunun qarşısının alınmasında Mahmud Mirzəyev misilsiz qəhrəmanlıqlar göstərib. Düşməni ov tüfəngləri ilə dəf edən yerli əhalinin bu cəsurluğu erməniləri vahiməyə salıb. 1991-ci ilin avqust ayında sovet hərbçilərinin guya ermənilər tərəfindən “əsir” alınmasından sonra düşmənin silahlanması başa çatıb. Ermənilər 17-24 sentyabr 1991-ci il tarixində Həsənriz, Seyidlər, Qozlu Körpü və Uşacıq kəndləri istiqamətindən kəndə hücum edib. Ağdərə kəndləri respublikanın gözləri qarşısında “ölüm-dirim” savaşı aparıb. Düşmən kəndləri Alazan” və digər qurğulardan aramsız atəş altında saxlayırdı. Buna baxmayaraq, kənd əhalisi bu hücumun qabağını alıb.

1992-ci ilin yanvar ayında Mahmud Mirzəyevin rəhbərlik etdiyi kiçik bir dəstə Uşacıq kəndinə girərək 17 nəfər erməni quldurunu məhv edib. Məlumata görə, düşmən ona “Mixaylo” ləqəbi vermişdi və onun harada üzə çıxacağını qorxuyla gözləyirmişlər. Döyüş dostlarının dediyinə görə, Uşacığa girdiyi zaman ermənilər qaça-qaça Mahmud Mirzəyevin gəldiyini qışqırırlarmış.

O, doğma kəndi işğal olunsa da, Vətənin müdafiəsindən bir an belə çəkilmir. Ağdabana 8 aprel 1992-ci il hücumu zamanı oğulları ilə çiyin-çiyinə döyüşən qəhrəman döyüşçü ağır yaralansa da, silahı yerə qoymur. Ermənilərin başına pul qoyduğu və qarşısında tir-tir əsdiyi döyüşçü yaralandığını və gücdən düşdüyünü görüncə, silahdaşlarına çəkilsələr, onu güllələməyi xahiş edib. Dostları onu buraxmır və özləri ilə apara bilirlər.

Qəhrəman döyüşçü Mahmud Mirzəyev 9 aprel 1992-ci ildə Ağdaban faciəsində şəhidlik zirvəsinə yüksəlir. O, bir çox ağdabanlının mühasirədən çıxmasına yardım edir, ermənilərə divan tutur. Ancaq qeyri-bərabər döyüşdə mənfur düşmənin gülləsinə tuş gəlir, Dədə Şəmşirin məzarı yaxınlığında vurulur. Məzarı Kəlbəcərin Şəhidlər xiyabanındadır. 

M.Mirzəyevin oğlu Mirzəyev Nüsrət Mahmud oğlu da Kəlbəcərin müdafiəsində iştirak edib və böyük qəhrəmanlıq göstərərək şəhid olub. 1972-ci ilin yanvar ayında anadan olan Nüsrət hələ 17 yaşından atası ilə birlikdə kəndin müdafiəsində iştirak edib. 1991-ci ilin 24 sentyabrında son gülləsinədək döyüşüb. Onun gəncliyi döyüşlərin içində keçib, atası kimi qorxmazlığı hər kəsi heyrətləndirirmiş. Nüsrət Mirzəyev də atası kimi doğma kəndi uğrunda şəhid olduğu günədək silahını yerə qoymadı. 1992-ci ilin yanvarında doğma Kərəmli kəndindən Ağdabandakı hərbi düşərgəyə gedərkən düşmənin qurduğu pusquya düşüblər. N.Mirzəyev yaralansa da, pusqudan qurtulub Ağdabana gələ bilir. Kəlbəcər rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O da atası kimi öz doğum günü ərəfəsində şəhid olub.

Allah hər iki şəhidimizə rəhmət eləsin!

Oxumağa davam et
Reklam

Gündəm