Xəbərlər - Publika.az
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Ermənistana altı ay VAXT VERDİ

"Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Ölkə başçısı deyib ki, bizim siyasətimiz isə tam aydındır - istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı:

"Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq. Ermənistan tərəfi isə tərəddüd edir. Yenə də bu, onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq".

Rəylər

Rəsmi xronika

Azərbaycanda bu şəxslərə təqaüd veriləcək - İlham Əliyev imzaladı

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.

Dəyişikliyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək. Həmin şəxslərə peşə hazırlığı kurslarına cəlb olunduqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək.

Bundan başqa, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər özünüməşğulluğa da cəlb olunacaq.

Oxumağa davam et

Rəsmi xronika

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanacaq.

Oxumağa davam et

Rəsmi xronika

Prezident Aleksa Beçiçlə görüşdü

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Monteneqro parlamentinin sədri Aleksa Beçiç arasında videoformatda görüş olub.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqro arasında dostluq münasibətlərinin olduğunu qeyd edərək, ölkələrimiz arasında, o cümlədən dövlət başçıları səviyyəsində mövcud yüksəksəviyyəli dialoqu vurğuladı, parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, enerji, nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün yaxşı zəminin olduğunu qeyd etdi və bu baxımdan hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmini vurğuladı.

Monteneqro parlamentinin sədri Aleksa Beçiç də öz növbəsində ölkələrimiz arasında fəal siyasi dialoqun olduğunu məmnunluqla qeyd etdi.

Aleksa Beçiç Monteneqronun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı. Monteqeronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibətilə xalqımızı təbrik etdi. Monteneqro parlamentinin sədri ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək bu sahədə müvafiq sənədinin imzalanmasının vacibliyini vurğuladı.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən parlamentlərarası təsisatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyi və maraq doğuran digər məsələlər müzakirə olundu.

Oxumağa davam et
Reklam

Gündəm