Xəbərlər - Publika.az
Bizi izləyin

Rəsmi xronika

Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.

Publika.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Gülüstan sarayında Azərbaycanda inşa ediləcək yeni külək elektrik stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu, çox gözəl hadisədir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.

Mən şadam ki, bizim bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru qardaş Səudiyyə Ərəbistanının şirkətidir. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri vardır. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq. Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.

Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik. Pandemiyaya qədər Səudiyyə Ərəbistanından gələn turistlərin sayı ildən-ilə artırdı. Ümid edirəm ki, pandemiya başa çatandan sonra biz yenə də Səudiyyə Ərəbistanının vətəndaşlarını, öz qardaşlarımızı Azərbaycanda görəcəyik.

İqtisadi sahədə çox böyük perspektivlər var. Təbii ki, biz birlikdə energetika sahəsində OPEC+ formatında fəal çalışırıq. Deyə bilərəm ki, OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik.

Bu stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Akvopao şirkətidir. Şirkət haqqında çox danışmaq olar, təkcə onu qeyd etməliyəm ki, bu, enerji sahəsində dünyanın ən böyük şirkətidir. Mənə verilən məlumata görə, şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Yəni, təsəvvür etmək o qədər də çətin deyil və şadam ki, bu şirkət Azərbaycana da maraq göstərir.

Əlbəttə ki, burada bizim ikitərəfli dövlətlərarası əlaqələrimizin rolu çox böyükdür, eyni zamanda, son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Bir də ki, Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdirki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq. Onu da bildirməliyəm ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. Onu da bildirməliyəm ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər.

Onu da bildirməliyəm ki, Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər. Çünki region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, biz, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesini müşahidə edirik. Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var.

Bir sözlə, bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Bu, gözəl göstəricidir. Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Onu da bildirməliyəm ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq vardır. Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir.

Mən tam əminəm ki, hazırda ölkəmizdə inşa ediləcək bu ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər biz digər investisiya layihələrini icra etməyə başlayacağıq. O ki qaldı, bu stansiyanın açılışına, ümid edirəm, çox vaxt keçmədən biz bu böyük enerji layihəsinin açılışını birlikdə qeyd edəcəyik.

Bir daha sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, dediyim kimi, yaxın gələcəkdə bu stansiyanın açılışını birlikdə qeyd edək. Sağ olun.

X X X

Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud çıxış edərək deyib:

- Cənab Prezident, icazə verin, çıxışıma onunla başlayım ki, Sizə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını çatdırım. Onlar Azərbaycan Respublikasına davamlı uğur diləyir, Azərbaycanla münasibətlərin daha da möhkəmlənməsində Səudiyyə Ərəbistanı Krallığının maraqlı olduğunu bir daha vurğulayırlar. Bu gün burada təməlqoyma mərasimində Sizinlə olmaqdan çox məmnunam. Zati-aliləri cənab Prezident, gözəl Bakı şəhərində bizi bu qədər səmimi qəbula görə icazə verin, Sizə səmimi təşəkkürümü bildirim.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman əl Səud Prezident İlham Əliyevin rəhbərlik keyfiyyətləri sayəsində OPEC+ çərçivəsində əldə edilən uğurların əhəmiyyətini vurğuladı. O, son bir neçə il ərzində dünya neft sənayesində və OPEC+ formatında ölkələrimiz arasında güclü müttəfiqlik, tərəfdaşlıq və dostluq əlaqələrinin qurulduğunu qeyd etdi. Nazir azərbaycanlı həmkarı ilə də bu sahədə fəal iş apardıqlarını bildirərək dedi:

- Azərbaycan və Səudiyyə Ərəbistanı arasında uzun müddət ərzində güclü diplomatik və iqtisadi münasibətlər olub. Krallıq 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Bu münasibətlər müasir Azərbaycan dövlətinin banisi, Zati-aliləri mərhum Prezident Heydər Əliyevin 1994-cü ildə Ər-Riyada səfəri ilə daha da gücləndirilib. Allah ona rəhmət eləsin!

Ölkələrimiz arasında bir çox oxşarlıqlar var. Hər iki ölkə dinamik və qabaqcıl ölkə olaraq, iqtisadiyyat və cəmiyyətimizin müasirləşdirilməsi və transformasiyası yoluna qədəm qoyublar. Odlar yurdu Azərbaycan birmənalı şəkildə müasir karbohidrogen sənayesinin beşiyi olduğunu iddia edə bilər, çünki hələ XIX əsrdə burada quyulardan neft hasil edilirdi. Hazırda biz bu gün bütün dünya ilə birgə iqlim dəyişikliyinə qarşı mübarizənin aparılmasında və qlobal istiləşmənin fəsadlarının qarşısının alınmasında bir araya gələrək ortaq və mühüm marağa sahibik. “ACWA Power” 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinə olan daxili tələbatın 50 faizini məhz bərpaolunan enerji mənbələri sayəsində təmin etmək üçün külək və günəş enerjisi potensialını artıraraq Krallığımızın bərpaolunan enerji sahəsində təşəbbüslərinin önündə olub. Bu gün qeyd etdiyimiz kimi Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq.

Əlavə olaraq “ACWA Power” şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar Anlaşma memorandumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək.

Cənab Prezident, bu gün böyük fərəh hissi ilə qeyd edirəm ki, biz iki nazirlik olaraq birgə çalışırıq və bu rübün sonuna qədər iki nazirlik arasında bir çox aspektlər üzrə əməkdaşlığımızın irəli aparılması yolları ilə əlaqədar olaraq, istər neft-qaz sahəsi, neft-kimya məhsulları, bərpaolunan enerji, səmərəlilik, karbon tullantılarının atmosferə atılmasının azaldılması üzərində qurulmuş iqtisadiyyat üzrə memorandumun hazırlanmasına ümid edirik. Əməkdaşlıq üçün ümumi istəyin olacağı təqdirdə, biz hər bir aspekt üzrə işbirliyi qurmalıyıq. Bu, ölkə və onun xalqı üçün, bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu ölkənin rəhbərliyi ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyətə malikdir. İki müsəlman ölkəsi arasında uzun məsafənin olmasına baxmayaraq, onların öz planlarına görə bir-birinə bu qədər yaxın olmasını görməkdən yaxşı nə ola bilər. Bu, ölkələrimizi ayıran məkan və məsafələrdən asılı olmayaraq, məhz onların rəhbərliyinin uzaqgörənliyi, iradəsi ilə izah olunur. Bununla belə, ölkələrimizi birləşdirən amil öz xalqlarının rifahını yaxşılaşdırmaq kimi məsələlərdən ibarət ümumi gündəlikdir. Sağ olun, cənab Prezident.

X X X

Mərasimdə Azərbaycanda bərpaolunan enerji sahəsində görülən işlər barədə videoçarx nümayiş etdirilib.

X X X

Daha sonra Prezident İlham Əliyev və şahzadə Əbdül Əziz bin Salman Əl-Səud stansiyanın təməlini qoyublar.

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

  • Prezident Külək Elektrik Stansiyasının təməlini qoydu - FOTO - YENİLƏNDİ

Publika.az
Rəylər

Rəsmi xronika

İlham Əliyev Devid Harrisi qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü vurğulandı. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması, dövlət qayğısı ilə əhatə olunması, onlar üçün dövlət səviyyəsində hərtərəfli şəraitin yaradılması yüksək qiymətləndirildi, bunun dünyada nümunəvi xarakter daşıdığı qeyd edildi. Devid Harrisin və onun rəhbərlik etdiyi Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlığından məmnunluq ifadə olundu.

Söhbət zamanı hazırda regionda yaranan yeni geosiyasi vəziyyət, Azərbaycanın dünyada və regionda artan nüfuzu, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Devid Harris səfər çərçivəsində Bakıda keçirdiyi məhsuldar görüşlər, o cümlədən yəhudi icması ilə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.

Oxumağa davam et

Rəsmi xronika

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər -YENİLƏNDİ/TAM MƏTN

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Publika.az-a xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

"Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Xoş sözlərə görə cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Məni Ukraynaya səfərə dəvət etdiyiniz üçün də Sizə minnətdaram. Mən çox şadam ki, Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksəksəviyyəli siyasi dialoq aparılır. Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq.

Prezident qeyd etdiyi kimi, yaxın gələcəkdə biz diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik, fevralın 6-da. Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır.

Xalqlarımızı dostuq əlaqələri birləşdirir və bildiyiniz kimi, Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə çox böyük maraq və böyük hörmət var. Bu hörmətin əlamətini Bakı şəhərində də görmək olar. Bakının mərkəzi yerlərinin birində böyük Ukrayna oğlu Taras Şevçenkonun abidəsi bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə ucaldılmışdır və onun adına olan parkda həm Bakı sakinləri, həm şəhərimizin qonaqları istirahət edirlər. Eyni zamanda, Bakının ən böyük meydanlarının biri Ukrayna adını daşıyır. Yəni, bu faktlar özlüyündə onu göstərir ki, xalqlarımız arasında əlaqələrin böyük tarixi var və biz bu əlaqələri qoruyuruq.

Bu gün geniş müzakirə etdiyimiz məsələlər haqqında Prezident artıq öz çıxışında bildirdi. Əlavə etmək istəyirəm ki, müzakirə etdiyimiz bütün istiqamətlər üzrə konkret fəaliyyət proqramının işlənməsi ilə bağlı bu gün müvafiq göstərişlər verildi. Həm birgə hökumətlərarası komissiyasının rəhbərliyinə, həm aidiyyəti qurumların rəhbərlərinə və əminəm ki, iki aydan sonra birgə komissiyanın Bakıda keçiriləcək növbəti iclasında artıq konkret qərarların verilməsinin də şahidi olacağıq.

Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri ilə üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur.

Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir.

Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bir yenilikdir, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.

Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq.

Bir daha hörmətli cənab Prezident, dəvətə, qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, Sizi yenidən Bakıya səfərə dəvət edirəm. Sağ olun.

Sonra Ukrayna dövlətinin başçısı bəyanatla çıxış edib:

- Çox sağ olun.

Sabahınız xeyir, hörmətli jurnalistlər, hörmətli qonaqlar.

Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

Bu gün mən məmnuniyyətlə Kiyev şəhərində bizim etibarlı tərəfdaşımız, mənim dostum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini salamlayıram. Onun səfəri böyük rəmzi xarakter daşıyır, xüsusi bir səfərdir. Əslində, bizim ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən bu səfər baş tutur.

Bu gün biz siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi apardıq. Ukrayna və Azərbaycan prezidentləri Bəyanat imzaladılar. Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacağıq. O cümlədən biz təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacağıq.

Biz, həmçinin təbii ki, münasibətlərimizin gücləndirilməsinə xüsusi diqqət yetirəcəyik. Kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalandı. Bunlar çox vacibdir. Qarşımızda planlarımız çoxdur və bu gün biz cənab Azərbaycan Prezidenti ilə geniş müzakirə apardıq. Bizim məhz qida təhlükəsizliyi sahəsində razılaşmamız, o cümlədən ticarət sahəsində aparılan müzakirələr geniş imkanlar yaradır.

Əlbəttə, biz bilirik ki, pandemiya qlobal səviyyədə hələ davam edir. Lakin COVID-19-a baxmayaraq, əslində, 7 il ərzində ilk dəfə olaraq bizim ikitərəfli ticarətimizin dövriyyəsi təxminən artıq 1 milyard dollara çatıb. Bu, bizim qarşımızda daha mühüm məqsədlər qoymağa imkan yaradır. 2024-cü ilə qədər bizim ticarət dövriyyəmizin bundan sonra da artırılması ilə bağlı dəqiq planımız var. Biz, həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik. Mən infrastruktur layihələrini nəzərdə tuturam. Ukraynanın şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edə bilər. İndicə cənab Azərbaycan Prezidenti bizi dəvət etdi. Təbii ki, Azərbaycan şirkətləri də Ukraynada fəaliyyət göstərir. Biz, eyni zamanda, təbii ki, avtomatlaşdırma və bu kimi sahələrdə şirkətlərimizlə əməkdaşlığın genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu əməkdaşlıq qarşılıqlı şəkildə faydalı ola bilər.

Biz, həmçinin bu ilin birinci yarısında hökumətlərarası birgə iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılığa gəldik. Azərbaycan və Ukrayna prezidentləri bu məsələyə də öz dəstəyini veriblər. Biz, həmçinin tranzit potensialını nəzərdən keçirdik və belə bir nəticəyə gəldik ki, müxtəlif dövlət qurumları və agentlikləri arasında bu təmasları daha da genişləndirərək bu sahədə təcrübəni artırmalıyıq. Daha sonra aviasiya sahəsində istərdik əməkdaşlığımız genişlənsin. Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir. Kənd təsərrüfatı sahəsinə gəldikdə, biz əməkdaşlıq üzrə razılığa gəlmişik. Daha sonra titanın istehsalı sahəsində müzakirələr aparmışıq.

Yekun olaraq, icazə verin, cənab Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkürümü bildirim. Onlar, həmçinin mənim Sizin ölkənizə səfərimi xatırlatdılar. Bizə göstərilmiş qonaqpərvərlik hələ də yadımdadır və hesab edirəm ki, məhz bu gündən etibarən bizim strateji tərəfdaşlığımız sahəsində biz yeni səhifəni açacağıq.

Mən bunu tarixi bir səfər adlandırıram. Bizim çox əhatəli əməkdaşlığımız var.

Bir daha, cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Diqqətinizə görə minnətdaram.


*****

16:26

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Publika.azxəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.

Oxumağa davam et

Rəsmi xronika

Prezident İlham Əliyevin Ukrayna səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri yanvarın 14-də başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxumağa davam et

Gündəm