Xəbərlər - Publika.az
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Ərdoğana məktub göndərdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi və qardaş Türkiyə xalqını Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

14 yanvar 1992-ci ildə qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur.

Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.

Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir.

Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur.

Əziz Qardaşım,

Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.

Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır.

Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Rəylər

Rəsmi xronika

İlham Əliyev Devid Harrisi qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü vurğulandı. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması, dövlət qayğısı ilə əhatə olunması, onlar üçün dövlət səviyyəsində hərtərəfli şəraitin yaradılması yüksək qiymətləndirildi, bunun dünyada nümunəvi xarakter daşıdığı qeyd edildi. Devid Harrisin və onun rəhbərlik etdiyi Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlığından məmnunluq ifadə olundu.

Söhbət zamanı hazırda regionda yaranan yeni geosiyasi vəziyyət, Azərbaycanın dünyada və regionda artan nüfuzu, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Devid Harris səfər çərçivəsində Bakıda keçirdiyi məhsuldar görüşlər, o cümlədən yəhudi icması ilə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.

Oxumağa davam et

Rəsmi xronika

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər -YENİLƏNDİ/TAM MƏTN

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Publika.az-a xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

"Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Xoş sözlərə görə cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Məni Ukraynaya səfərə dəvət etdiyiniz üçün də Sizə minnətdaram. Mən çox şadam ki, Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksəksəviyyəli siyasi dialoq aparılır. Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq.

Prezident qeyd etdiyi kimi, yaxın gələcəkdə biz diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik, fevralın 6-da. Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır.

Xalqlarımızı dostuq əlaqələri birləşdirir və bildiyiniz kimi, Azərbaycanda Ukrayna xalqının mədəniyyətinə çox böyük maraq və böyük hörmət var. Bu hörmətin əlamətini Bakı şəhərində də görmək olar. Bakının mərkəzi yerlərinin birində böyük Ukrayna oğlu Taras Şevçenkonun abidəsi bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə ucaldılmışdır və onun adına olan parkda həm Bakı sakinləri, həm şəhərimizin qonaqları istirahət edirlər. Eyni zamanda, Bakının ən böyük meydanlarının biri Ukrayna adını daşıyır. Yəni, bu faktlar özlüyündə onu göstərir ki, xalqlarımız arasında əlaqələrin böyük tarixi var və biz bu əlaqələri qoruyuruq.

Bu gün geniş müzakirə etdiyimiz məsələlər haqqında Prezident artıq öz çıxışında bildirdi. Əlavə etmək istəyirəm ki, müzakirə etdiyimiz bütün istiqamətlər üzrə konkret fəaliyyət proqramının işlənməsi ilə bağlı bu gün müvafiq göstərişlər verildi. Həm birgə hökumətlərarası komissiyasının rəhbərliyinə, həm aidiyyəti qurumların rəhbərlərinə və əminəm ki, iki aydan sonra birgə komissiyanın Bakıda keçiriləcək növbəti iclasında artıq konkret qərarların verilməsinin də şahidi olacağıq.

Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri ilə üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur.

Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir.

Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bir yenilikdir, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.

Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq.

Bir daha hörmətli cənab Prezident, dəvətə, qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, Sizi yenidən Bakıya səfərə dəvət edirəm. Sağ olun.

Sonra Ukrayna dövlətinin başçısı bəyanatla çıxış edib:

- Çox sağ olun.

Sabahınız xeyir, hörmətli jurnalistlər, hörmətli qonaqlar.

Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

Bu gün mən məmnuniyyətlə Kiyev şəhərində bizim etibarlı tərəfdaşımız, mənim dostum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini salamlayıram. Onun səfəri böyük rəmzi xarakter daşıyır, xüsusi bir səfərdir. Əslində, bizim ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən bu səfər baş tutur.

Bu gün biz siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi apardıq. Ukrayna və Azərbaycan prezidentləri Bəyanat imzaladılar. Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacağıq. O cümlədən biz təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacağıq.

Biz, həmçinin təbii ki, münasibətlərimizin gücləndirilməsinə xüsusi diqqət yetirəcəyik. Kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalandı. Bunlar çox vacibdir. Qarşımızda planlarımız çoxdur və bu gün biz cənab Azərbaycan Prezidenti ilə geniş müzakirə apardıq. Bizim məhz qida təhlükəsizliyi sahəsində razılaşmamız, o cümlədən ticarət sahəsində aparılan müzakirələr geniş imkanlar yaradır.

Əlbəttə, biz bilirik ki, pandemiya qlobal səviyyədə hələ davam edir. Lakin COVID-19-a baxmayaraq, əslində, 7 il ərzində ilk dəfə olaraq bizim ikitərəfli ticarətimizin dövriyyəsi təxminən artıq 1 milyard dollara çatıb. Bu, bizim qarşımızda daha mühüm məqsədlər qoymağa imkan yaradır. 2024-cü ilə qədər bizim ticarət dövriyyəmizin bundan sonra da artırılması ilə bağlı dəqiq planımız var. Biz, həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik. Mən infrastruktur layihələrini nəzərdə tuturam. Ukraynanın şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edə bilər. İndicə cənab Azərbaycan Prezidenti bizi dəvət etdi. Təbii ki, Azərbaycan şirkətləri də Ukraynada fəaliyyət göstərir. Biz, eyni zamanda, təbii ki, avtomatlaşdırma və bu kimi sahələrdə şirkətlərimizlə əməkdaşlığın genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu əməkdaşlıq qarşılıqlı şəkildə faydalı ola bilər.

Biz, həmçinin bu ilin birinci yarısında hökumətlərarası birgə iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılığa gəldik. Azərbaycan və Ukrayna prezidentləri bu məsələyə də öz dəstəyini veriblər. Biz, həmçinin tranzit potensialını nəzərdən keçirdik və belə bir nəticəyə gəldik ki, müxtəlif dövlət qurumları və agentlikləri arasında bu təmasları daha da genişləndirərək bu sahədə təcrübəni artırmalıyıq. Daha sonra aviasiya sahəsində istərdik əməkdaşlığımız genişlənsin. Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir. Kənd təsərrüfatı sahəsinə gəldikdə, biz əməkdaşlıq üzrə razılığa gəlmişik. Daha sonra titanın istehsalı sahəsində müzakirələr aparmışıq.

Yekun olaraq, icazə verin, cənab Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkürümü bildirim. Onlar, həmçinin mənim Sizin ölkənizə səfərimi xatırlatdılar. Bizə göstərilmiş qonaqpərvərlik hələ də yadımdadır və hesab edirəm ki, məhz bu gündən etibarən bizim strateji tərəfdaşlığımız sahəsində biz yeni səhifəni açacağıq.

Mən bunu tarixi bir səfər adlandırıram. Bizim çox əhatəli əməkdaşlığımız var.

Bir daha, cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Diqqətinizə görə minnətdaram.


*****

16:26

Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.

Publika.azxəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.

Oxumağa davam et

Rəsmi xronika

Prezident İlham Əliyevin Ukrayna səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri yanvarın 14-də başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxumağa davam et
Reklam

Gündəm