Bakı və Moskva arasında yeni “Yol xəritəsi”, İrəvana 6 ay vaxt... – NƏ BAŞ VERİR? - Publika.az
Bizi izləyin

Siyasət

Bakı və Moskva arasında yeni “Yol xəritəsi”, İrəvana 6 ay vaxt... – NƏ BAŞ VERİR?

Ölkə başçısının yerli telekanallara müsahibəsindəki bəzi şifrələri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla çözməyə çalışdıq. 

Politoloq Publika.az-a müsahibəsində bildirdi ki, bir neçə onillikdən sonra Azərbaycanın digər torpaqları ilə bağlı vəziyyət tamamilə başqa bir məcra alacaq.

- Zaur bəy, Prezidentin yerli telekanallara müsahibəsində Ermənistana sərt xəbərdarlığının arxasında nə dayanır?

- Prezident İlham Əliyevin çıxışı özünə əmin və konkret bir çıxış oldu. Təbii ki, ilin-günün bu vaxtında xalq üçün də Prezidentin həm daxili, həm xarici, həm də sosial-iqtisadi məsələlərlə bağlı özünə əmin çıxışı olduqca vacib idi. Bundan başqa, ölkə başçısı çıxışında xarici siyasətlə bağlı çox vacib məqamlara toxundu, son zamanlar Ermənistanın bölgədə yenidən apardığı təxribatçı siyasətə nəzər yetirərək qeyd etdi ki, ola bilsin onlar MDB məkanında hansısa proseslərdən ruhlanıblar. Amma biz buna imkan verməyəcəyik. Amma Ermənistan həm delimitasiya və demarkasiya məsələsi, həm də kommunikasiya xətlərinin açılması ilə bağlı verdiyi sözləri yerinə yetirməzsə, burada Azərbaycan üçün faciəvi heç nə olmayacaq. Əksinə, Ermənistan öz gələcəyini düşünməlidir. 


- Ölkə başçısı yarımaçıq formada İrəvana Zəngəzur mesajı da göndərdi...

- Cənab Prezident babasının qəbri, eləcə də Qərbi Azərbaycan məsələsinə də toxundu. Onların haradan Naxçıvana köçdüyünü qeyd etdi. Ölkə başçısı bundan əvvəlki çıxışlarının birində də Ulu öndərin ailəsinin Qərbi Azərbaycandan, məhz Zəngəzur torpaqlarından Naxçıvana gəlməsini qeyd etmişdi. Bu, erməni tərəfinə bir siqnal olmalıdır. Ermənistan sülhün qorunması ilə bağlı təxribatlar törədəcəksə, İrəvan bundan sonra da revanşizm meyllərini davam etdirəcəksə, biz Azərbaycanın digər tarixi torpaqları haqqında da gələcəkdə düşünə bilərik. Mən onu əlavə etmək istəyirəm ki, bir neçə onillikdən sonra Azərbaycanın digər torpaqları ilə bağlı vəziyyət tamamilə başqa bir məcra alacaq. Bu, tarixi labüdlük olacaq. Çünki biz yaxşı başa düşürük ki, Ermənistan heç vaxt öz torpaq iddialarından əl çəkməyəcək. Həm Ermənistanın özü, həm də erməni kilsəsi və diasporu, ümumiyyətlə, Ermənistan dövlətinin qurulma fəlsəfəsinin özü Türkiyə ilə Azərbaycan arasında daima xristian dövlətinin olmasına hesablanıb. Buna görə də Zəngəzur, Göyçə, İrəvan mövzuları ilə hər zaman Ermənistana öz təzyiqimizi etməliyik. 

- Azərbaycan indiki Ermənistan ərazisindəki tarixi torpaqlarımızla bağlı məsələ qaldıra bilərmi?

- Ümumiyyətlə, erməni dövlətinin bugünkü ərazisi heç bir tarixi və hüquqi çərçivəyə sığmır. Ən azından 1920-1991-ci illərdə Ermənistan dövlətinin ərazisinin genişləndirilməsinin tarixi bağları mövcud deyil. 1920-ci ildə Ararat Respublikası SSRİ-nin tərkibinə daxil olarkən onun ərazisi cəmi 9 min kvadratkilometr idi. İndi isə Ermənistanın ərazisi 30 min kvadratkilometrə yaxındır. Bu da öz-özlüyündə SSRİ zamanı Azərbaycan torpaqlarında yaranmış və təbii ki, Azərbaycan xalqının iradəsinə zidd olan bir məsələdir. Vaxt gələcək, biz mütləq şəkildə bu məsələni qaldıracağıq. Bu, Sovet İttifaqı liderlərinin icazəsiz olaraq Azərbaycan torpaqlarını kiməsə verməsidir. Bu gün Qazaxıstanın şimalından, Krımdan çox danışılır. Amma ruslar bütün bunlar haqqında danışarkən yaxşı olardı ki, elə ilk növbədə Ermənistandakı tarixi Azərbaycan torpaqlarından danışsınlar. Yaxşı olardı ki, müxtəlif SSRİ rəhbərlərinin hər zaman ermənilərə bəxşiş etdiyi Azərbaycan torpaqlarının qeyri-qanuni olduğu məsələsini gündəmə gətirsinlər. Çünki bu, çox ciddi bir məsələdir. Mən düşünürəm ki, ermənilərin apardığı qeyri-konstruktiv siyasət özlərinin də ciddi şəkildə əleyhinə olacaq. Onlar bir gün gözlərini açıb görəcəklər ki, adlarını dəyişdirdikləri torpaqlar əsl türk torpaqları adına və sırasına daxil edilib. Digər tərəfdən, biz onu qeyd etməliyik ki, ölkə başçısı 12 yanvarda yerli televiziya kanallarına müsahibəsi zamanı həm də Rusiya və Avropa İttifaqı ilə bağlı maraqlı açıqlamalar verdi. 

- Prezident sülhməramlıları da unutmadı. Onların bir sıra fəaliyyətlərini sərt şəkildə tənqid atəşinə tutdu... 

- Prezident sülhməramlılarla bağlı danışarkən Laçın dəhlizindən nə qədər avtomobil keçdiyini, onların nə qədərinin yoxlanıldığını, neçəsinin yoxlanılmadığını bildirdi. Ölkə başçısının Laçın dəhlizinə girişdə 91% avtomobilin yoxlanılmadığını bildirməsi düşünürəm ki, Rusiya Müdafiə Nazirliyi üçün çox ciddi bir siqnal olmalıdır. Yəni, biz baş verən bütün məsələlərdən agahıq. Yəni, Laçın dəhlizi ilə Rusiya sülhməramlılarının məsuliyyət zonasında terrorçular, silahlı qruplaşmaların üzvləri də ola bilər. Belə olan halda bu, qanunaziddir. Bu gün əsas vəzifələri Laçın dəhlizinin girişində dayanıb yoxlama aparmaq olanlar öz işlərinə məsuliyyətlə yanaşmalıdır. Yoxlamalarını aparsınlar. Əgər öz üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirməyəcəklərsə, biz hər an Laçın dəhlizinə nəzarəti tamamilə bərpa edə bilərik. Hələ ki, bizim səbrimiz var. Amma bu səbr tükənməz deyil. Rusiya tərəfi bunu da bilməlidir. Prezidentin ümumilikdə sülhməramlıların məsuliyyət zonasındakı fəaliyyətindən razı qalması onun göstəricisidir ki, Bakı və Moskva arasında Cənubi Qafqazın gələcəyi ilə bağlı müəyyən “Yol xəritəsi” olmaqdadır. 

- Bəs, Qərblə münasibətlər bundan sonra hansı kontekstdə inkişaf edəcək?

- Ölkə başçısı müsahibəsində Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla bağlı pozitiv fikirlər səsləndirdi. Əslində, bu istiqamətdəki fikirlər də reallığı əks etdirir. Biz müharibədən sonrakı dövrdə beynəlxalq təşkilatların bu dəfə qalib dövlətin yanında, daha obyektiv şəkildə yer aldığının şahidi olduq. Doğrudur, UNESCO və Avropadakı bəzi parlamentarilər tərəfindən ölkəmizə qarşı ayrı-seçkilik var idi. Amma ümumi götürdükdə biz bu ayrı-seçkiliklərin sayının azaldığını görməkdəyik. Nəticə etibarı ilə biz Cənubi Qafqazdakı yeni reallıqları bütün tərəflərin qəbul etdiyinin şahidiyik. 

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Əli Hüseynli: "Bu, islahatların uğurlu nəticələrini şərtləndirən əsas amildir"

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılması barədə imzaladığı Fərman böyük əhəmiyyət kəsb etməklə Azərbaycanda həyata keçirilən ardıcıl hüquqi islahatlar çərçivəsində müstəqil, demokratik, hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfədir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Əli Hüseynli qeyd edib ki, Mərkəzin Nizamnaməsində nəzərdə tutulan müddəalar hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsini və normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsini hədəfə alır.

Bildirilib ki, bu formatda olan dövlət təsisatları bir sıra xarici ölkələrdə mövcuddur və onlar hüquq sahəsində əhəmiyyətli nəticələrin əldə olunmasına kifayət qədər müsbət təsir göstərirlər. Bu baxımdan, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması prosesində beynəlxalq təcrübənin öyrənilməsi və nəzərə alınması yeni qurumun hüquqi islahatlar kontekstində fəaliyyətinin səmərəsini bir qədər də artıracaq.

Əli Hüseynli diqqətə çatdırıb ki, bu proses hələ 1993-cü ildə - Heydər Əliyevin Azərbaycana rəhbərliyinə qayıdışı ilə başlanmışdı. Demokratik hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə yönəlik islahatlar Ulu Öndərin siyasi xəttinin əsasını təşkil etmişdir. Heydər Əliyev bu istiqamətdə ardıcıl siyasət yürüdərək, ilk növbədə, ölkəmizdə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etmişdir.

Həmin dövrdə ölkəmizdə hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən Ümummilli Lider 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratmış və ona rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatlara şəxsən rəhbərlik etmişdir.

Hüquqi islahatların əhəmiyyətinə dəyər verilməsi baxımından bu sahənin bu gün də ən yüksək səviyyədə prioritet istiqamət kimi müəyyən edildiyini vurğulayan Milli Məclisin komitə sədri deyib ki, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə Fərmana əsasən, Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Mərkəzin idarəetmə orqanları həyata keçirirlər. Mərkəz hər il fəaliyyətinə dair hesabatı dövlət başçısına təqdim edəcəkdir. Göründüyü kimi, hüquqi islahatların gedişi və dövlətçilik prinsiplərinə ardıcıl olaraq riayət olunması Azərbaycan Prezidentinin bilavasitə nəzarəti altındadır və bu, islahatların uğurlu nəticələrini şərtləndirən əsas amildir.

“Diqqətçəkən məqamlardan biri də budur ki, Mərkəzə ümumi rəhbərliyi həyata keçirən Müşahidə Şurasında hakimiyyətin bütün qollarının təmsilçiliyi nəzərə alınmışdır.

Bütün bunlar belə bir əminlik yaradır ki, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərəcək Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi qısa zamanda Azərbaycanda gedən davamlı hüquqi islahatların əhəmiyyətli həlqəsinə çevriləcəkdir”, - deyə Əli Hüseynli vurğulayıb. 

Oxumağa davam et

Siyasət

Aytən Mustafazadə: "Mərkəzin yaradılması mühüm əhəmiyyət kəsb edir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi Azərbaycan üçün bir yenilikdir, həyata keçirilən ardıcıl hüquqi islahatlar çərçivəsində müstəqil, demokratik, hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfədir. Mərkəz hüquq sahəsində aparılan islahatlara dəstək göstərmək, normativ-hüquqi aktların layihələrinin hazırlanması, hüquqi ekspertizasının aparılması sahəsində dövlət orqanlarına xidmətlər göstərmək, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılıb. Mərkəzin fəaliyyətində hüquq sahəsində qabaqcıl beynəlxalq təcrübəni təhlil etmək və qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində təkliflər hazırlamaq, hazırlanacaq və qüvvədə olan normativ hüquqi aktların qanunvericiliyin təsirinin qiymətləndirilməsinin aparılmasında iştirak etmək nəzərdə tutulub. Eyni zamanda, normayaratma sahəsində maarifləndirmə işi aparacaq, hüquqi islahatların məzmunu və mahiyyəti barədə ictimaiyyəti məlumatlandıracaq, ictimai rəyi öyrənəcək, müvafiq hüquqi aktların layihələrinə dair ictimai müzakirələr təşkil edəcək. Hüquq normalarının tətbiqi sahəsində dövlət orqanları əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi məqsədilə təlimlər keçirəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru professor Aytən Mustafazadə deyib.

O bildirib ki, mərkəzin fəaliyyətinin elmi təminatı, hüququn ayrı-ayrı sahələrinin müqayisəli hüquqi tədqiqi, məcəllələrə və digər normativ hüquqi aktlara elmi və praktiki şərhlərin hazırlanması da diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu yeni yaradılan mərkəzin tabeliyinə verilməklə yenidən təşkil olunacaq. İnstitut tərəfindən hüquqi tənzimləmədə innovativ həllərin araşdırılması, hüququn ayrı-ayrı sahələrinin təhlili, hüququn potensial inkişaf sahələrinin müəyyən edilməsi və həmin sahələr üzrə tənzimetmə modellərinə dair təkliflər veriləcək.

Professor Aytən Mustafazadə məlumat verib ki, Hüquq və İnsan Haqları İnstitutu “İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamına əsasən İnsan Hüquqları İnstitutu kimi yaradılıb. İnstitutun məqsədi cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi, təkmilləşdirilməsi idi: “İnstitut öz elmi-praktik fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və başqa beynəlxalq sənədlərlə təsbit olunmuş mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqları öyrənir, həmçinin bu sahədə beynəlxalq və milli-tarixi təcrübəni tədqiq edir. Hüquq və İnsan Haqları İnstitutu bu günədək fəaliyyəti dövründə hüquq sahəsində xeyli iş görüb. Mərkəzin yaradılması və institutun mərkəzin tərkibində “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs kimi fəaliyyətini davam etdirməsi hüquq sahəsində yeni mərhələyə addımdır. 1998-ci ildən bu yana hər 5 ildən bir Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiqlənir. Bu fəaliyyət proqramları ilə bizim institutumuz qarşısında müəyyən vəzifələr qoyulur”.

Bu gün Azərbaycan beynəlxalq və milli hüquq sahəsində yeni mərhələyə addımlayır. Bu baxımdan mərkəzin yaradılması mühüm əhəmiyyət kəsb edir.

“Yeni yaradılan Mərkəzin qarşısında böyük vəzifələr dayanır. Bu gün Azərbaycanda müəyyən sahələrdə hüquqi boşluqlar var. İnanıram ki, boşluqların doldurulmasında mərkəzin fəaliyyəti uğurlu olacaq. Sevindirici haldır ki, hüquq sahəsi ölkəmizdə hər zaman diqqət mərkəzindədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər zaman insan hüquqlarının qorunmasına xüsusi önəm verirlər”, - professor Aytən Mustafazadə vurğulayıb.

Oxumağa davam et

Siyasət

NATO geosiyasi ambisiyalarını ortaya qoyur - Politoloq

“İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi Türkiyə tərəfindən sərt reaksiya ilə qarşılanıb. Skandinaviya ölkələrinin Şimali Atlantika Alyansına üzvlüyü Türkiyə üçün qəbuledilən deyil. Çünki həmin dövlətlər PKK/PYD-YPG terror təşkilatına dəstək nümayiş etdiriblər. Bu baxımdan hərbi-siyasi blok hesab olunan NATO-da üzvlük bir sıra xüsusi meyarlar əsasında təşkil olunmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə geniş şəkildə Yunanıstan və Fransanın NATO-ya üzvlüyü və üzvlükdən çıxması barədə məsələyə də toxunub”. 

Bunu Publika.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. 

Ekspertin sözlərinə görə, Türkiyə NATO-da ikinci böyük orduya malikdir: “Yaxın Şərq regionunda təhlükəsizliyin və sülhün qorunması istiqamətində mühüm təşəbbüsləri var və NATO-da əsas söz sahiblərindəndir. Mühüm geosiyasi aktora çevrilən rəsmi Ankaranın bu xüsusda öz tələbləri var və bu tələblər çoxşaxəlidir. Həm terror təşkilatlarına maliyyə yardımının dayandırılması, həm də hesabatlılığın, şəffaflığın təmin olunması Türkiyə üçün əsas meyarlar kimi götürülüb. Nəzərə almalıyıq ki, bu həftə Finlandiya və İsveçdən nümayəndə heyəti Ankaraya səfər edəcək. Cənab Ərdoğan bunu Türkiyənin razılığının alınması istiqamətində edilən səfər kimi qiymətləndirib. Eyni zamanda ABŞ, Böyük Britaniya kimi dövlətlər də rəsmi Ankara ilə təmaslar qurub və bu təmaslarda əsas müzakirə mövzusu İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi, həmçinin rəsmi Ankaranın qərarıdır. Bir sıra tələblər KİV-lərdə də dərc olunub və bu tələblər bir çox sahələri əhatə edir. Türkiyə yalnız bu tələblər yerinə yetirildiyi təqdirdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı çıxmayacaq. NATO konsensus şəklində fəaliyyət göstərən bir hərbi blokdur və üzvlərdən birinin veto hüququ ilə çıxış etməsi bütün prosesi poza bilir”. 

İ.Hüseynov vurğulayıb ki, Türkiyə kimi böyük və güclü dövlətin İsveç və Finlandiyaya qarşı veto hüququndan istifadə etməsi bu dövlətlərin bloka daxil olması yolunu bağlayacaq: “Təhlükəsizlik nöqteyi-nəzərdən hər iki dövlət NATO-ya üzv olmaqla özünü sığortalamağa çalışır. Belə bir ehtimal var ki, Rusiya İsveç və Finlandiyaya da hücum edə bilər. NATO da yaranmış vəziyyətdən özü üçün dividendlərlə çıxmağa, Şərqə doğru genişlənmə planını icra etməyə çalışır. NATO həm də neytrallığını illərdir qoruyan bu iki dövləti üzvlüyə cəlb etməklə geosiyasi ambisiyalarını ortaya qoyur”. 

Oxumağa davam et
Reklam

Gündəm