Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

İlham Əliyev: "Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var"

"Mən çox şadam ki, Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksəksəviyyəli siyasi dialoq aparılır".

Publika.az xəbər verir ki, bu fikirləri Ukraynada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında söyləyib.

“Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır.

Rəylər

Siyasət

Bayramov Monteneqro parlamentinin sədrini qəbul etdi - FOTO

17 yanvar 2022-ci ildə xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Publika.az-a verilən məlumata görə, qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov Azərbaycanın Monteneqro ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini bildirdi. O, iki dövlət arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olmasından və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə etdi. Nazir, parlamentin sədrinin hazırkı səfərinin və bu çərçivədə keçirilmiş görüş və müzakirələrin ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərəcəyini qeyd etdi.

Parlamentin sədri Aleksa Beçiç səmimi salamlamaya və qonaqpərvərliyə görə təşəkkür bildirdi. Səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri, habelə Baş nazir ilə keçirilmiş görüşlərə məmnunluqla istinad etdi. Münasibətlərin inkişafında hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyəti xüsusilə vurğulandı. Aleksa Beçiç Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində ölkəsinə göstərdiyi humanitar yardımı minnətdarlıqla qeyd etdi.

Tərəflər iki ölkə arasında iqtisadi, sərmayə, nəqliyyat, enerji, humanitar, o cümlədən turizm sahələrində əməkdaşlığın inkişafı perspektivləri ətrafında fikir mübadiləsi apardılar. İki ölkənin siyasi sahədə, eləcə də konsulluq sahəsində məsləhətləşmələri davam etdirməsinin vacibliyi qeyd olundu. Habelə, iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsi baxımından hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmi vurğulandı.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də 30 ilə yaxın davam edən işğala son verən 44 günlük müharibənin nəticələri, azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri, çoxsaylı məcburi köçkünlərin mümkün qədər qısa zamanda şərəfli və təhlükəsiz geri dönüşünü təmin etmək üçün hökumət tərəfindən görülən təxirəsalınmaz tədbirlər, o cümlədən ərazilərin minalardan təmizlənməsi sahəsində fəaliyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı atılan addımlar barədə məlumat verdi.

Aleksa Beçiç dost Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü Monteneqronun hər zaman dəstəklədiyini qeyd etdi. O, ölkəsinin sülh və dialoqun gələcəyinə inandığını qeyd etdi, bu xüsusda bölgədə sülh quruculuğu fəaliyyətində Azərbaycana uğurlar arzuladı.

Monteneqro Parlamentinin sədri Azərbaycan xarici işlər nazirini ölkəsinə səfər etməyə dəvət etdi.

Nazir Ceyhun Bayramov dəvətə görə təşəkkürünü bildirdi və Azərbaycanın ikitərəfli əlaqələrin daha da inkişafına hazır və sadiq olduğunu səsləndirdi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Oxumağa davam et

Siyasət

Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq - SPİKER

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Azərbaycanla Monteneqro arasında əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. Bildirilib ki, bu gün siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız inkişaf etməkdədir. Ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizə impuls verib. Dövlətlərimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir.

Milli Məclisin sədri bildirib ki, münasibətlərimizin daha da inkişafına parlamentlərimiz özünəməxsus töhfə verməkdədir. Spiker hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təcrübə və qanunvericilik sahəsində informasiya mübadiləsi baxımından önəmli hesab edib. Bildirilib ki, deputatların mütəmadi səfərləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. O cümlədən, parlamentarilərin beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığı məmnunluq doğurur.

Sahibə Qafarova 44 günlük Vətən müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz gücü hesabına əzəli torpaqlarını Ermənistanın işğalından azad etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, uzun illər kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycan tərəfindən həyata keçirilib, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib. Spiker həmçinin, Ermənistanın 30 illik işğalının nəticələri barədə məlumat verib. Bildirilib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Biz Qafqazın bu bölgəsində, Azərbaycan Prezidentinin dediyi kimi, müharibədən yox, sülhdən danışmaq istəyirik. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq.

Monteneqro parlamentinin sədri Aleksa Beçiç Azərbaycana səfərindən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, Monteneqro ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Qonaq əmin olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı aparılacaq danışıqlar münasibətlərimizin dərinləşməsinə öz müsbət təsirini göstərəcək. O, bütün sahələr üzrə əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar olduğunu söyləyib.

Monteneqro parlamentinin rəhbəri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibətilə xalqımızı təbrik edib.

Aleksa Beçiç COVİD-19 pandemiyası ilə mübarizədə ölkəsinə göstərilən yardıma görə Azərbaycan tərəfinə öz minnətdarlığını ifadə edib. Belə bir fikir vurğulanıb ki, qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsi digər sahələrin də inkişafına öz müsbət təsirini göstərir.

Söhbətdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, deputatların beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığı və dəstəyin davam etdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər iştirak ediblər.

Oxumağa davam et

Siyasət

Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 17-də Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

Bu barədə Publika.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Oxumağa davam et
Reklam

Gündəm