Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

“İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi 2022-ci ildə II Qarabağ İqtisadi Forumunu keçirəcək. 

Birliyin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin verdiyi məlumata görə, bu barədə İB-in İdarə heyətinin yığıncağında qərar qəbul edilib. 

İB-nin sədri Xəyyam Əsgərov toplantıda çıxış edərək bildirib ki, ötən il keçirilmiş I Qarabağ İqtisadi Forumu həm ölkəmizdə, eyni zamanda xaricdə, o cümlədən də KİV-də böyük maraqla qarşılanıb. Forum haqqında yerli və xarici mediada maraqlı və məzmunlu məqalələr dərc olunub, reportajlar hazırlanıb, sosial şəbəkələrdə geniş müzakirələr aparılıb. Yazılarda ilk dəfə keçirilmiş bu forumda işğaldan azad edilmiş torpaqlarımızda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, çiçəklənən diyara çevrilməsi istiqamətində dövlətimizin gördüyü işlər və gələcək planlar haqqında səmərəli müzakirələrin aparılması, mühüm təkliflər irəli sürülməsi yüksək qiymətləndirilib. Bütün bu faktlar cari ildə də II Qarabağ İqtisadi Forumunun keçirilməsini zəruri edir. Həm də nəzərə almaq lazımdır ki, ötən müddət ərzində azad edilmiş ərazilərdə miqyası böyük olan işlər görülüb, ciddi layihələr həyata keçirilib. Forumun tarixi, təşkilati işləri, müzakirə olunacaq məsələlər haqqında rəy və təkliflər növbəti yığıncaqlarda diqqətdən keçiriləcək və bu barədə ictiamaiyyətə əlavə məlumat veriləcək. 

Qeyd olunub ki, “İMZA”-nın xüsusi ilə də sosial şəbəkələrdəki fəaliyyəti ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Bu gün “İMZA” sosial şəbəkələrdə sayı milyonlarla ölçülən statistikaya malikdir. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın dövlətimizin və millətimizin ali mənafeləri naminə gördükləri işlərin, fəaliyyətlərinin, dövlət tədbirlərinin, ictimai-siyasi, o cümlədən də sosial-iqtisadi həyatın bütün vacib məsələlərinin həm səhifələrimizdə, həm də “imzainfo.az” protalımızda yüksək səviyyədə, peşəkarlıqla və operativ qaydada işıqlandırılması izləyicilərimiz tərəfindən böyük maraqla qarşılanır.

Ötən il “İMZA”-nın təşəbbüsü ilə dövlətimiz üçün mühüm günlər, Ulu Öndərimiz Heydər Əliyevin anım günü, 20 yanvar, Xocalı soyqırımı, Novruz bayramı, və sairə ilə bağlı müxtəlif səpkili tədbirlər, görüşlər, yığıncaqlar keçirilib. İMZA-çılar adından 8 noyabr qələbə günü münasibəti ilə xüsusi video-çarx hazırlanıb. Həmin video-çarxda əcnəbi ictimai-siyasi xadimlər, deputatlar, diplomatlar, jurnalistlər, politoloqlar, incəsənət adamları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, xalqımıza və dövlətmizə qələbə münasibəti ilə öz təbriklərini çatdırıblar. Bununla yanaşı keçən il regionlarda şəhid və qazi ailələri ilə görüşlərdə İB fəallıq göstərib, bu cür çox mühüm və milli borc mahiyyətli, əhəmiyyətli tədbirlərdən öz dəstəyini əsirgəməyib, bu məqsədlə müxtəlif təkliflər irəli sürüb. 

“İMZA” könüllüləri isə İB-nin bütün tədbirlərində böyük fəallıq göstəriblər. 

İB-nin idarə heyətinin toplantısında vurğulanıb ki, “İMZA” öz xarici əlaqələrini bundan sonra da genişləndirmək niyyətindədir. Beləki, xarici ölkələrdə tədricən nümayəndələr təyin olunacaq və bu seçimlərdə əsas meyar Azərbaycan dövlətinə və millətinə bağlılıq, milli maraqlarımıza sədaqətlə xidmət etmək olacaq. 

İdarə heyətinin qərarı ilə ilk xarici nümayəndə qardaş Türkiyədə fəaliyyət göstərəcək. “İMZA”-nın Türkiyə nümayəndəsi yekdilliklə qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç seçilib. O, müvafiq sənədləri imzalayıb. Sədr Xəyyam Əsgərov H.Kılıça İB-nin üzvlük vəsiqəsini təqdim edib. 

“İMZA” rəhbəri bildirib ki, qardaş ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü günlərinə təsdüf etmiş bu təyinat həm də rəmzi məna daşıyır. Biz Türkiyəni öz dövlətimiz hesab edirik və ona görə də belə bir qərar qəbul etmişik. Hulusi Kılıç isə uzun illərdir ki, məhz bu amallara-qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsinə sədaqətlə xidmət edir. Dövlətlərimiz arasında əlaqələrin inkişafında onun müstəsna xidmətləri var. X.Əsgərov əlavə edib ki, Hulusi bəy həm də “İMZA” sədrinin İqtisadi məsələlər üzrə müşaviri vəzifəsini də yerinə yetirəcək. Sədr kollektiv adından H.Kılıça gəlcək fəaliyyətində uğurlar arzuladı. “İMZA” İB-nin Türkiyə nümayəndəsi, sədrin İqtisadi məsələlər üzrə müşaviri, fövqəladə və səlahiyyətli səfir H.Kılıç ona göstərilən bu etimada görə minnətdarlıq etdi. Bir “İMZA”-çı olaraq bundan sonra da xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfələr verəcəyini, İB-nin layihələrinin həyata keçirilməsində öz üzərinə düşən vəzifələri layiqincə həyata keçirməyə çalışacağını və bunda da ən vacib prinsip kimi qəbul etdiyi “Bir Millət, İki Dövlət” məfkurəsini əsas götürəcəyini dedi. 

Sonra “İMZA” İB-nin 2022-ci il üçün nəzərdə tutulmuş digər planları, cari məsələləri müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.

  • “İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

  • “İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

  • “İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

  • “İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

  • “İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

  • “İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

  • “İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

  • “İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

  • “İMZA” II Qarabağ İqtisadi Forumunu keçirəcək

Publika.az
Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

DGK-nin bu il üçün İş Planı təsdiqləndi

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) videkonfrans formatında kollegiya iclası keçirilərək qurumun bu il üçün İş Planı təsdiq edilib.

Publika.az-a bu barədə Komitədən bildirilib.

Məlumata görə, iclasda bildirilib ki, ötən il DGK 3,9 milyard manat proqnoza qarşı 4,343 milyard manat olmaqla vergi və rüsum toplayaraq dövlət büdcəsinə köçürüb və illik büdcə öhdəliyinə 111,4% əməl edib.

2021-ci ildə Azərbaycan gömrük orqanlarının əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub. Bu faktlar üzrə hesabat ilində ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb.

"Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar ötən il 206 xarici ticarət iştirakçısı müraciət edib. Daxil olan müraciətlərin təhlilinin nəticəsi olaraq 33 xarici ticarət iştirakçısına ixrac, 63 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 96 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Hesabat ilində elektron gömrük xidmətləri sahəsində DDG-nın internet səhifəsində yeni funksional bölmələr yaradılıb, məlumatlar mütəmadi yenilənib.

2021-ci ildə "Smart Customs" mobil tətbiqinin yeni versiyası hazırlanıb, www.e.customs.gov.az portalı üzərindən göstərilən xidmətlərin sayı 13-ə çatdırılıb. Eyni zamanda e.customs.gov.az portalında təqdim edilən elektron xidmətlərdən 5-i mobil tətbiqə inteqrasiya edilib.

Sonda iclasda 2022-ci il üçün İş Planı təsdiqlənib.

Oxumağa davam et

Siyasət

İrəvanın sınma nöqtəsi: Paşinyanın “əsəb yoxlaması” kimə hesablanıb?

Ermənistan baş naziri Nikol Paşinyanın ötən gün jurnalistlərə açıqlaması bir neçə məqama görə diqqət çəkir. Paşinyan deyir ki, İrəvan Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hələ 1992-ci ildə tanıyıb, ölkənin parlamenti də onu ratifikasiya edib. Paşinyan Madrid prinsiplərindən də danışıb və onu yenidən “diriltməyə” cəhdlər göstərib. Nikol Vovayeviç delimitasiya və demarkasiya məsələlərinin vacibliyinə də toxunub. 

Bu, sınma nöqtəsidir, yumşalmadır, yoxsa yenidən proseslərə düyün vurmaqdır? 

Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində söyləyib ki, Ermənistan baş nazirinin son açıqlamaları İrəvanın yumşalmasından xəbər verir:

- Qabil bəy, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları nədən xəbər verir? 

- Nikol Paşinyanın son 2 gündəki açıqlamaları kifayət qədər pozitiv çalarları ilə fərqlənir. Belə görünür ki, Ermənistan baş naziri Nikol Vovayeviç Armen Sarkisyanın prezident vəzifəsindən istefasından sonra hakimiyyətini daha da möhkəmləndirib. Demək olar ki, hazırda Ermənistanda bir partiyanın idarəetmə hakimiyyətinin bütün qolları üzərində idarəçiliyi bərqərar olub. İndi Nikol Paşinyan əvvəlkindən daha inamlı görünür. Bir sıra məsələlərdə o, artıq həqiqətləri deməyə başlayıb. 

- Söhbət hansı həqiqətlərdən gedir?

- Məsələn, Qarabağda yaşayan əhalinin 40 faizinin azərbaycanlılar olduğunu mən necə dana bilərəm – deməklə Paşinyan erməni cəmiyyətinin radikal, millətçilik azarına tutulmuş hissəsinə kifayət qədər üstüaçıq ismarışlar ötürür, mesajlar verir. Eyni zamanda, həm Türkiyə məsələsində, həm də Azərbaycanla sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərdə Nikol Paşinyanın son 2 gündə səsləndirdiyi fikirlər kifayət qədər diqqəti cəlb edir. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Ermənistandan müsbət siqnallar almaqdayıq. Bu fikirlər daha çox kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Buna baxmayaraq, Paşinyanın səsləndirdiyi fikirləri ərazi bütövlüyüyün tanınması məsələsinə də aid etmək olar. Eyni zamanda, Qarabağın dağlıq hissəsindəki separatçı ermənilərlə bağlı nüanslara da aid etmək mümkündür. Mənim gəldiyim qənaət bundan ibarətdir ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış bütün siyasi reallıqları demək olar ki, qavrayıb. 

- Qavrayıbsa, o zaman Nikol Paşinyan niyə 10 noyabr üçtərəfli sazişinin müddəalarının yerinə yetirilməsi məsələsini bu qədər yubadır?

- Ona görə ki, hələ də ölkə əhalisinin radikal siyasi qruplaşmaların təsiri altında olan hissəsi mənasız, heç bir əsası olmayan etirazlar irəli sürməkdədir. Onlar bununla Ermənistan baş nazirinə təzyiqlər göstərməyə çalışırlar. Amma düşünürəm ki, Ermənistanın ictimai-siyasi fikrində, ölkənin siyasi elitasında da Azərbaycanla sülh danışıqları, sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya xətlərinin açılması barədə kifayət qədər, hətta cəsarətli deyilə biləcək səviyyədə addımların atılacağını proqnozlaşdırmaq mümkündür. Əgər Nikol Paşinyan ikitərəfli danışmağa, açıqlamalar verməyə meyilli idisə, bu gün dediyindən sabah imtina edirdisə, hazırda bu cür hallar gözə dəymir. İndi Ermənistan baş naziri bu istiqamətdə fikirlərini cəsarətlə irəli sürür. Paşinyan qarşıya qoyulan hədəflərin nədən ibarət olduğunu da hər hansı siyasi pərdələnmə olmadan açıqlayır. Belə təsəvvür yaranır ki, Ermənistan tərəfi artıq ağlasığmaz, xəyalpərvər xarici siyasət xəttindən də, xüsusilə Türkiyə və Azərbaycanla danışıqlar prosesində tutduğu mənasız, yerinə yetirilməsi mümkün olmayan, radikal mövqelərdən yavaş-yavaş imtina etməkdədir. Eyni zamanda, İrəvan hazırda kompromisə kifayət qədər meyilli görünür. 

- Sizcə, Paşinyanın dediyi baş verəcəkmi? Yəni, Madrid prinsipləri yenidən bərpa oluna bilərmi? 

- Xeyr. Azərbaycan ən azı 10 il bundan əvvəl Madrid prinsiplərini qapatmağı təklif edirdi. Çünki Azərbaycan Madrid prinsiplərinə əlavələr irəli sürmüşdü. Həmin prinsiplərdə qəbul edilməsi mümkün olmayan və Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən kifayət qədər fikirlər var idi. Ona görə də Bakı Madrid prinsiplərinə əlavələr irəli sürdü. Əlavələr qəbul olunmayandan sonra Azərbaycan ümumiyyətlə, Madrid prinsiplərindən imtina etdi. Açığını deyim ki, Ermənistan bir müddət bu prinsiplərlə siyasi dividend qazanmağa çalışsa da, bu, uğurlu olmadı. Bu gün Madrid prinsipləri də, daha real görünən Kazan prinsipləri də arxada qalıb. Onların hamısı ötüb keçmiş mərhələlərdir. Həmin mərhələlərə Azərbaycan bir də qayıtmayacaq. Sülh prosesləri də 44 günlük müharibədən sonra formalaşmış siyasi reallıqlar fonunda irəli getməkdədir. Azərbaycanın tələbləri burada əsas rol oynayır. Proseslər də bu istiqamətdə gedəcək. Nikol Paşinyan yenidən həmin prinsipləri xatırladıbsa, bu, uğursuz cəhddir. İrəvan bununla “əsəb yoxlaması” aparmağa çalışır. Gec-tez Ermənistan başa düşəcək ki, Paşinyanın səsləndirdiyi son fikirlər qətiyyən qəbuledilməz prinsiplərdir. 

- Əgər İrəvan sülh danışıqlarına düyün vurmaqda davam edərsə, rəsmi Bakının buna sərt cavabı nə ola bilər?

- Ermənistan və onun lideri Nikol Paşinyan bir çox məsələlərdə pozitiv çalarlı fikirlər irəli sürsə də, bəzi məqamlarda sizin dediyiniz kimi, düyün vurmağa cəhd göstərir. Nəbzimizi yoxlamağa çalışır. Bunların hamısı boşa çıxır. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında rəsmi Bakının mövqelərini xatırladıb. Ərazi bütövlüyü məsələsində Azərbaycanın prinsipial mövqeyi var. Bundan başqa, Qarabağdakı separatçıların “statusu” haqqında söhbət gedə bilməz. Kommunikasiyaların açılması və sülh sazişi üzrə işçi qrupunun yaradılması ilə bağlı demək olar ki, hər iki tərəfdə oxşar mövqe var. Əgər bundan əvvələ qədər ermənilər Azərbaycanın ərazi bütövlüyü məsələsini qətiyyətlə rədd edirdilərsə və Qarabağ problemini bunun üçün əsas gətirirdilərsə, indi bu məsələ haqqında baş nazir Nikol Paşinyan bildirir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Bu o deməkdir ki, həm də təkrarən tanıya bilərik. Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi ilə bağlı Ermənistan baş nazirinin  açıqlaması o deməkdir ki, İrəvan əvvəlki israrlı mövqelərindən kifayət qədər geri çəkilib. Bu məsələdə Nikol Paşinyanın şərtlərinə gəldikdə isə, ermənilər bölgənin Azərbaycanın ərazisi olduğunu, azərbaycanlıların burada dominant rola malik olduğunu artıq başa düşürlər. Üstəlik, bununla barışırlar. İrəvan Azərbaycandan birtəhər muxtariyyət qoparmaq fikrini də beynindən çıxarmır. 

- İrəvan israr etsə, Bakının buna qarşılığı necə olacaq?

- Məncə, Ermənistan bu məsələlərdə israrlı olmayacaq. Eyni zamanda, Azərbaycan sərt addımların zəminini hazırlamaqda davam edir. Ordu gücləndirilir, dağ komando heyətləri yaradılır. Xüsusi təyinatlılar məsələsini də unutmaq olmaz. Ordunun tamamilə peşəkar əlamətlər üzərində qurulması davam edir. Ordunun ruhi-psixoloji vəziyyəti çox yüksək səviyyədədir. Ermənistan da, Rusiya da bunu bilir. Bu kimi məsələlərdə Azərbaycanın Ermənistana təzyiq siyasəti davam edəcək. Azərbaycan tərəfinin bu siyasəti davam etdikcə Ermənistan tərəfinin bu təzyiqlərə davam gətirmədiyi, davam gətirə bilmək üçün əlində arqumentin olmaması da aydın şəkildə görünür. Bu səbəbdən də İrəvan geriləməyə başladığını dərk edir. Beləliklə, hər iki tərəfin ağıllı kompromisə meyillənmələrini görə biləcəyik. Məncə, Ermənistan tərəfində sınma nöqtəsi baş verir. Bu sınma nöqtəsini məğlubiyyət kimi qəbul edənlər də var. Həmin sınma nöqtəsi həm reallıqlar, həm də tarixi faktlar, tarixi ədalət qarşısında ermənilərin əl qaldırıb təslim olmağa başladıqları məqamı da özündə ehtiva edir. Bu, sözün əsl mənasında sınma nöqtəsidir. Zənnimcə, bütün bunların hamısı diqqətçəkən məqamlardır.

Tural Turan

Oxumağa davam et

Siyasət

Həsənov Rəisi ilə görüşdü

Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyindən Publika.az -a verilən məlumata görə, İran Prezidenti Seyid İbrahim Rəisi xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran İslam Respublikasının Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını Prezident Seyid İbrahim Rəisiyə çatdırıb.
Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbəmizdən sonra azad edilmiş ərazilərimizdə görülən işlər barədə məlumat verib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam

Gündəm