Prezident ilk dəfə bu ideyanı irəli sürdü - Deputat - Publika.az
Bizi izləyin

Siyasət

Prezident ilk dəfə bu ideyanı irəli sürdü - Deputat

“Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi geniş müsahibədə cəmiyyəti narahat edən bir çox suallara aydınlıq gətirdi və  ayrı-ayrı sahələr üzrə hökumətin apardığı siyasətin aspektlərini ictimaiyyətin diqqətinə çatdırdı”. 

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Millət vəkili bildirib ki, ölkə başçısı iqtisadiyyat, maliyyə-pul siyasəti, kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin icrası, təhlükəsizlik məsələləri, Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlarla bağlı nüansları xalqımızın diqqətinə çatdırdı:

“Eyni zamanda Prezident sərhəddə baş verən son təxribatlar, beynəlxalq təşkilatlarla aparılan işlər, ATƏT-in Minsk qrupunun gələcək aqibəti, rus sülhməramlıların missiyası, Avropa İttifaqı ilə münasibətlər, pandemiya ilə mübarizə və sair məsələlərlə bağlı jurnalistlərin verdikləri hər bir sualı faktlarla, əsaslandırılmış şəkildə cavablandırdı. Qeyd etmək istərdim ki, Prezidentə ünvanlanmış hər bir sual xüsusi əhəmiyyət kəsb edir və istər xarici, istərsə də daxili siyasətlə bağlı bütün məsələlərdə ən məlumatlı şəxsin dilindən hadisələrə birbaşa münasibət bildirilməsi cəmiyyət tərəfindən hər zaman müsbət qarşılanır. Ələlxüsus, tarixi qələbədən sonra regionda yaranmış yeni reallıqlar, yeni siyasi-diplomatik gedişlər, erməni tərəfinin bütün narazılıqlarına rəğmən, dövlət sərhədlərimizin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması istiqamətində aparılan siyasət barədə son məlumatları insanlar səbirsizliklə gözləyir. Ölkə başçısının KİV nümayəndələri ilə hər bir təması cəmiyyəti narahat edən, düşündürən, onun saflaşmasına, inkişafına xidmət edən fikirlərlə zəngin olur və proqram xarakteri daşıyır”.  

Deputat qeyd edib ki, diqqətçəkən məqamlardan biri güclü dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən hadisələrə ikili standartlardan, qərəzli yanaşmadır:

“Misal üçün, Avropa Birliyi tərəfindən Ermənistana 2,6 milyard, Azərbaycana isə cəmi 145 milyon avro vəsaitin ayrılması heç cür anlaşılan deyil. Halbuki Azərbaycandan fərqli olaraq Ermənistan hər hansı dağıntıya məruz qalmayıb. Cənab Prezident hakimiyyətinin ilk illərində beynəlxalq hüquqa inandığını, lakin sonralar problemin həllinin güclü olmaqda gördüyünü vurğuladı. Tarix göstərdi  ki, dövlətlərarası münasibətlərdə, beynəlxalq əməkdaşlıqda ancaq və ancaq güclü olanlarla hesablaşılır. Güclüyə hörmət olunur. Güclünün dostları çox olur. Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən güclü olmasaydı, Ermənistan kimi məkrli, bir çox dünya gücləri tərəfindən dəstəklənən düşmənə qalib gələ bilməzdi”. 

Nəsib Məhəməliyev əlavə edib ki, düşmən məğlubiyyətlə barışa bilmir:

“Ermənistan yeni müharibə çağırışları səsləndirir. Arxayınlaşmaq olmaz. Ona görə də cənab Prezident Silahlı Qüvvələrin modernləşməsinə, yeni müasir silahlarla, döyüş texnikası ilə təminatına xüsusi diqqət yetirir. Digər diqqətçəkən məqam isə ölkənin taxıl və kənd təsərrüfatı məhsulları ilə təminatı məsələsidir. Prezident ilk dəfə başqa ölkələrdən taxıl əkmək üçün torpaq ərazilərinin icarəyə götürülməsi ideyasını irəli sürdü. Dünyada gedən və gələcəkdə daha çox hiss ediləcək ərzaq qıtlığını nəzərə alsaq, hesab edirəm ki, olduqca təqdirəlayiq fikirdir. Ölkə başçısının bu ideyasının təşəkkül tapması gələcəkdə ərzaq təhlükəsizliyinin təmin olunması deməkdir”.

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

"Ermənistan Qarabağla vidalaşır" - VİDEO

Gözlənildiyi kimi, erməni ekspertlər Azərbaycan, Avropa İttifaqı Şurası və Ermənistan liderlərinin mayın 22-də Brüsseldə keçirilmiş İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasındakı görüşə neqativ münasibət göstəriblər.

Eyni zamanda, onların danışıqlar prosesindən Rusiyanın “kənarlaşması” qorxuları diqqət çəkir.

Publika.az xəbər verir ki, bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında deyilir.

“Məsələn, Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan Brüsseldəki görüşü “5 fəlakətli saat”, onun nəticəsini isə Ermənistan üçün “daha bir məğlubiyyət” adlandırıb. O, bildirib ki, Qarabağın statusu məsələsi qətiyyən qaldırılmır, öz müqəddəratını təyinetmə hüququ qeyd olunmur, əvəzində Qarabağdakı etnik erməni əhalinin hüquq və təhlükəsizliyi vurğulanıb”, - deyə videomaterialda bildirlir.

Süjet müəllifləri vurğulayırlar ki, ermənilər yaxın günlərdə Ermənistan və Azərbaycanın sərhəd zonasında keçirilməsi planlaşdırılan iki ölkə sərhədlərinin demarkasiyası üzrə komissiyaların iclasında Rusiyanın iştirak etməməsindən də narahatdırlar.

Daha ətraflı videoda:

Oxumağa davam et

Siyasət

Sahibə Qafarova üç ölkənin parlament nümayəndələri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova mayın 23-də Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş VII üçtərəfli iclasının iştirakçıları ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a  bildirilib ki, Sahibə Qafarova üç dost və qardaş ölkə parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti iclasının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək bu görüşlərin ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfə verəcəyini deyib.

Bildirilib ki, üç ölkə arasında müxtəlif sahələri əhatə edən çox səmərəli ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı yaranıb. Bu münasibətlər regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa kömək edir.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xalqları arasında möhkəm tarixi bağlılıq, dostluq və qardaşlıq münasibətləri mövcuddur. Azərbaycanın həm Türkiyə, həm də Gürcüstan ilə çox möhkəm təməllər üzərində qurulmuş münasibətləri var. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq dövlət başçılarımız, parlamentlər və digər səviyyələrdə ardıcıllıqla dəstəklənməkdədir. Nüfuzlu beynəlxalq qurumlarda biz həmişə həmrəylik nümayiş etdirir və bir-birimizin mövqeyini müdafiə edirik. Sahibə Qafarova deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan qlobal əhəmiyyətə malik, irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində də uğurlu əməkdaşlıq edirlər.

Milli Məclisin sədri parlamentlər səviyyəsində əməkdaşlıqdan danışarkən, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisin sədri Mustafa Şentopun İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirakını və tədbirdə iştirak edən parlament sədrlərinin, nümayəndə heyəti başçılarının Şuşaya səfərlərini xatırladıb. O, bu ilin aprel ayında Gürcüstana rəsmi səfəri zamanı burada keçirdiyi görüşləri, aparılan danışıqları yüksək dəyərləndirib. Üç ölkə parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş VII üçtərəfli iclasının əhəmiyyətini bir daha vurğulayan S.Qafarova belə bir tədbirin işğaldan azad olunmuş torpaqlarda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsini müsbət dəyərləndirib.

Bildirilib ki, uzun müddət işğal altında qalmış ərazilərimizdə Ermənistan tərəfindən bütün şəhər və kəndlər dağıdılıb, tarixi, mədəni və dini obyektlər vandalizmə məruz qalıb.

Milli Məclisin sədri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşlərdən də danışıb. Bildirilib ki, Ermənistan üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli, məsələyə konstruktiv yanaşma sərgiləməlidir. Postmünaqişə dövründə Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Heç şübhə etmirik ki, bu imkanlardan istifadə bölgəyə sülh və əmin-amanlıq gətirəcək.

Görüşdə çıxış edən Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ölkəmizə səfərindən və burada keçirilən tədbirlərdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, belə tədbirlər regional əməkdaşlıq və parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. O, parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov üç ölkə parlamentinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş iclası barədə danışıb, müzakirə olunan məsələlər barədə fikirlərini bölüşüb.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç tədbirin ölkəmizin işğaldan azad olunmuş Şuşa şəhərində təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, Türkiyə Azərbaycanı həmişə dəstəkləyib. İki ölkə liderlərinin Şuşa görüşü bunun bariz nümunəsidir. İnanırıq ki, tezliklə regionda davamlı sülh və sabitlik yaranacaqdır. Türkiyəli qonaq parlamentlərin Xarici əlaqələr komitələrinin üç tərəfli görüşlərinin gələcəkdə də davam etdirilməsinin mövqelərin tutuşdurulması baxımından əhəmiyyətini vurğulayıb.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et

Siyasət

Əli Hüseynli: "Bu, islahatların uğurlu nəticələrini şərtləndirən əsas amildir"

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılması barədə imzaladığı Fərman böyük əhəmiyyət kəsb etməklə Azərbaycanda həyata keçirilən ardıcıl hüquqi islahatlar çərçivəsində müstəqil, demokratik, hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfədir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Əli Hüseynli qeyd edib ki, Mərkəzin Nizamnaməsində nəzərdə tutulan müddəalar hüququn müxtəlif sahələri üzrə islahatların həyata keçirilməsini və normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsini hədəfə alır.

Bildirilib ki, bu formatda olan dövlət təsisatları bir sıra xarici ölkələrdə mövcuddur və onlar hüquq sahəsində əhəmiyyətli nəticələrin əldə olunmasına kifayət qədər müsbət təsir göstərirlər. Bu baxımdan, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması prosesində beynəlxalq təcrübənin öyrənilməsi və nəzərə alınması yeni qurumun hüquqi islahatlar kontekstində fəaliyyətinin səmərəsini bir qədər də artıracaq.

Əli Hüseynli diqqətə çatdırıb ki, bu proses hələ 1993-cü ildə - Heydər Əliyevin Azərbaycana rəhbərliyinə qayıdışı ilə başlanmışdı. Demokratik hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin qərar tutmasına zəmin yaradan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə yönəlik islahatlar Ulu Öndərin siyasi xəttinin əsasını təşkil etmişdir. Heydər Əliyev bu istiqamətdə ardıcıl siyasət yürüdərək, ilk növbədə, ölkəmizdə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etmişdir.

Həmin dövrdə ölkəmizdə hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən Ümummilli Lider 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratmış və ona rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatlara şəxsən rəhbərlik etmişdir.

Hüquqi islahatların əhəmiyyətinə dəyər verilməsi baxımından bu sahənin bu gün də ən yüksək səviyyədə prioritet istiqamət kimi müəyyən edildiyini vurğulayan Milli Məclisin komitə sədri deyib ki, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması barədə Fərmana əsasən, Mərkəzin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Mərkəzin idarəetmə orqanları həyata keçirirlər. Mərkəz hər il fəaliyyətinə dair hesabatı dövlət başçısına təqdim edəcəkdir. Göründüyü kimi, hüquqi islahatların gedişi və dövlətçilik prinsiplərinə ardıcıl olaraq riayət olunması Azərbaycan Prezidentinin bilavasitə nəzarəti altındadır və bu, islahatların uğurlu nəticələrini şərtləndirən əsas amildir.

“Diqqətçəkən məqamlardan biri də budur ki, Mərkəzə ümumi rəhbərliyi həyata keçirən Müşahidə Şurasında hakimiyyətin bütün qollarının təmsilçiliyi nəzərə alınmışdır.

Bütün bunlar belə bir əminlik yaradır ki, normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərəcək Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi qısa zamanda Azərbaycanda gedən davamlı hüquqi islahatların əhəmiyyətli həlqəsinə çevriləcəkdir”, - deyə Əli Hüseynli vurğulayıb. 

Oxumağa davam et
Reklam

Gündəm