Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

Ermənistan prezidentinin istefasının əsl səbəbləri - DETALLAR

Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini elan etdi. Armen Sarkisyan istefasının səbəblərini açıqlasa da, bir çox ekspertlər əsl səbəblərin başqa olduğunu vurğulayırlar. Hətta bəzi politoloqlar Ermənistan prezidentinin Azərbaycanla delimitasiya, kommunikasiya və böyük sülh sazişi kimi məsələlər öncəsi istefa verməsini “özünü məsuliyyətdən sığortalamaq” kimi qiymətləndirirlər.

Bəs prezident Sarkisyan niyə baş nazir Nikol Paşinyanın komandası ilə işləmək istəmədi? Pərdəarxasında hansı səbəblər var?

- Qabil müəllim, Ermənistan prezidenti Armen Sarkisyanın qəfil istefa verməsinin səbəbləri nələrdir? 

- Ermənistan prezidenti Armen Sarkisyanın istefasının bir neçə səbəbi ola bilər. Həmin səbəblərin içərisində ən mühümü onun keçmiş iqtidara, köhnə qvardiyaya mənsub olmasıdır. O vaxt onun prezidentliyə namizədliyi Armen Sarkisyan tərəfindən irəli sürülmüşdü. Onların arasında yaxın dostluq əlaqələri var idi. İndi də köhnə qvardiya ilə Ermənistanın baş naziri Nikol Paşinyan ciddi surətdə hesablaşır. Elə bu səbəbdən də bir çox məsələlərdə prezidentlə baş nazir arasında ixtilaflar var idi. O ixtilafların səbəbləri də müxtəlifdir. Hətta iş elə gətirdi ki, 44 günlük müharibədən sonrakı dövrdə Ermənistan prezidenti ciddi xətaya yol verərək ölkədə etirazlara qalxmış müxalifət düşərgəsinin mövqelərini müdafiə eləmişdi. Ümumiyyətlə, bu konstitusiya ilə də doğru deyildi. Eyni zamanda, vahid komanda pronsipinə zidd olan hərəkətlər idi. O zaman bu məsələ baş nazir Nikol Paşinyan tərəfindən bu məsələ dəyərləndirilmədi. Yəni, Armen Sarkisyanın bu cür asi addımına hüquqi qiymət verilmədi. Bəlkə də verilə də bilməzdi.

- Niyə? O zaman Paşinyanın rıçaqları çox zəif idi, yoxsa ortada başqa səbəblər var idi?

- Çünki Ermənistanda referendumdan, son dəyişiklərdən sonra ölkə prezidentini parlament seçir. Amma artıq ölkədə parlament seçkiləri keçirilib. Seçkilərdən sonra parlamentdə təmsil olunanların böyük əksəriyyəti baş nazir Nikol Paşinyanın partiyasına mənsubdur. O, istənilən vaxt ölkə prezidentinin məsələsini parlamentdə qoyub onu vəzifəsindən azad etdirə bilər. Amma bu da Ermənistan cəmiyyətinə başucalığı gətirməzdi. Ona görə də hər iki tərəf ehtiyatlı idi. Prezident Armen Sarkisyan isə başının üzərində buludların sıxlaşdığını görüncə – onsuz da proseslər onun istefasına aparırdı – üzüsulu istefa vermək qərarına gəldi. Armen Sarkisyan həm də güya, bununla özünün “istefa mədəniyyəti”ni nümayiş etdirdi. Eyni zamanda, Ermənistan cəmiyyətində Qərb obrazlarında, Qərb tipində istefa mədəniyyətini sanki təqdim edirmiş kimi çıxış etdiyini göstərdi. 

- Nikol Paşinyanda, Armen Sarkisyan da Ermənistan cəmiyyətində daha çox “Qərbin adamı” kimi xarakterizə olunurdu. Bəs Qərbin iki adamı niyə bir-birləri ilə dil tapa bilmədilər?

- Bəli, Ermənistanın istefa vermiş prezidenti də Qərbyönümlü adam idi. Amma onun Qərbyönümlü tərəfi bəzi hallarda köhnə iqtidarın, bundan əvvəl hakimiyyətdə olmuş “Qarabağ klanı”nın adamı olması səbəbindən, eyni zamanda, köhnə iqtidarın nüfuzlu adamları ilə əlaqələri olması ucbatından bəzən onun “Qərbçi mövqeyi” “yerliçilik mövqeyi”inin içərisində itib batırdı. Ona görə də bu nöqteyi-nəzərdən, Ermənistanın baş naziri və onun komandası ilə dil tapmaqda çətinlik çəkirdi. Üstəlik, Nikol Paşinyan artıq Ermənistan cəmiyyətində mövqeyini xeyli möhkəmləndirib. Ümumiyyətlə, Ermənistanın baş naziri çox yaxşı başa düşür ki, Serj Sarkisyanın adamı olan prezidnet Armen Sarkisyan istənilən vaxt, əsasən də tarixin dönüş məqamlarında yenə də öz mahiyyətini göstərərək Serj Sarkisyanın, “Qarabağ klanı”nın maraqlarına xidmət edə bilər. 

- Bəs Sarkisyanın istefasından sonra onun yerinə ən real namizədlərdən kimi prezident postunda görmək mümkündür?

- Vallah, bu məsələdə fikir söyləmək bir qədər çətindir. Kim olursa olsun, Nikol Paşinyan çalışacaq ki, öz partiyasının adamı prezident kürsüsündə təmsil edilsin. Bu məsələlər uğrunda həm partiyalar arası, həm də iqtidarla müxalifət arasında ciddi mübarizə gedəcək. Hər halda Ermənistanın hazırkı baş nazirinin istədiyi adam prezident kreslosuna əyləşdiriləcək. 

- Ermənistanla Azərbaycan arasında delimitasiya, kommunikasiya və böyük sülh müqaviləsi məsələlərinin Armen Sarkisyanın istefası ilə hər hansı bir bağlılığı ola bilərmi? 

- Ermənistan prezidentinin istefası ilə sadalanan məsələlərdə çox da bağlılıq görmürəm. Bu saat Ermənistan cəmiyyətdə münasibətlər şəxsi əlaqələr, özəl münasibətlər konteksində formalaşıb. Əgər istefa vermək lazım idisə, 44 günlük müharibənin ağır nəticələrindən yaxını kənara çəkmək vacib idisə, müharibədən sonrakı dövrdə də o, istefa verə bilərdi. Hətta istefasının səbəblərini bununla bağlamaq, bu cür söyləmək imkanları var idi. İndi Armen Sarkisyanın istefası tamamilə sakit bir şəraitdə keçir. Əlbəttə, sülh müqaviləsi və bu kimi məsələlər də gündəmdədir. Ermənistanın da müharibədə ağır məğlubiyyətə uğraması bir faktdır. Sizinlə də razılaşıram, ola bilsin ki, Armen Sarkisyan adını məğlubiyyət məsələsi ilə bağlamaq istəmir. Amma bu şəxs 44 günlük müharibə dövründə də ölkə prezidenti idi. Nə edirsə etsin, o yaxasını məsuliyyətdən kənara çəkə bilməyəcək. Ermənistanın məğlub olmasının, onun məsuliyyətinin bir hissəsini bölüşmək məcburiyyətində qalacaq. 

Tural Turan

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Azərbaycanın dinc şəhərlərinin raket atəşinə məruz qalması ciddi şəkildə araşdırılmalıdır - ŞƏRH

Torpaqlarımızın işğal edildiyi və işğal altında saxlandığı zaman kəsiyində olduğu kimi, günü bu gün də Azərbaycana yanaşmada heç bir ölçüyə sığmayan haqsızlığın, ədalətsizliyin və sonu görünməyən ikili standartların şahidi oluruq.

Publika.az xəbər verir ki, bunu "Trend"ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı vəziyyətlə bağlı araşdırmalara başlamaları, bu məqsədlə sözügedən məhkəmənin 40-dan artıq müstəntiqinin Ukraynaya gəlməsi, hərbi və insanlığa qarşı cinayət faktlarının qeydə alınması, günahkarların cəzalanması istiqamətində nüvafiq hüquqi prosedurların həyata keçirilməsi və təbii ki, ədalətin bərqərar olunması baxımından əhəmiyyətlidir.

“Çünki kim tərəfindən və hansı şəraitdə törədilməsindən asılı olmayaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ikinci hissəsinin, 5,6,7 və 8-ci maddəsinin tələblərinə əsasən, soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri ciddi şəkildə araşdırılmalı və günahkarlar heç bir istisnaya yol verilmədən cəzalandırılmalıdır.

Roma Əsasnaməsinin yurisdiksiyasına daxil olan beynəlxalq cinayətlərin təsnifatına diqqət yetirildikdə Azərbaycan xalqına qarşı bu cinayətlərin hər birinin həyata keçirildiyini müəyyənləşdirmək mümkündür. Məsələn, sözügedən Əsasnamənin hərbi cinayətlərin təsnifatının yer aldığı 8-ci maddəsində qeyd olunur ki, beynəlxalq humanitar hüququn əsasını təşkil edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərinin pozulması müharibə cinayətləri hesab olunur.

Bu sıraya qəsdən adamöldürmə, işgəncə və qeyri-insani davranış, hərbi əhəmiyyət daşımayan əmlakın qəsdən və kütləvi şəkildə məhv edilməsi, hərbi hədəf sayılmayan obyektlərə, mülki əhaliyə qəsdən hücum, hərbi hədəf sayılmayan şəhərlərin, kəndlərin, yaşayış yerlərinin və binaların atəşə tutulması və s. daxildir.

Təsnifat kifayət qədər geniş olduğu üçün bütün digər məqamların sadalanmasına ehtiyac duymuram. Amma istər soyqırımı, istər insanlığa qarşı cinayətlər, istər müharibə cinayətləri, istərsə də təcavüz cinayətlərinin təsnifatında elə bir istiqamət yoxdur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərin siyahısında yer almasın”, - deyə o bildirib.

E.Mirzəbəyli qeyd edib ki, Roma Əsasnaməsinin tələblərinə əsasən, sözügedən sənəddə təsnifatı verilən cinayətlərin araşdırılamsı ilə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunması yolverilməzdir.

“Bu baxımdan, Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada baş verən cinayətlərlə yanaşı, 44 günlük müharibə zamanı Gəncə, Bərdə, Tərtər və digər dinc şəhərlərin raket atəşinə məruz qalmasını, dinc əhalinin, o cümlədən qadın, qoca və uşaqların qətlə yetirilməsini ciddi şəkildə araşdırmalı, bu cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə verilməsinin təmin olunması üçün müvafiq qərarlar qəbul etməlidir. Ədalət mühakiməsi isə obyektiv, qərəzsiz və ikili standartlardan uzaq olmalıdır. Amma təəssüf ki, torpaqlarımızın işğal edildiyi və işğal altında saxlandığı zaman kəsiyində olduğu kimi, günü bu gün də Azərbaycana yanaşmada heç bir ölçüyə sığmayan haqsızlığın, ədalətsizliyin və sonu görünməyən ikili standartların şahidi oluruq.

Halbuki, dünyanın bütün ölkələrinin hüquq sistemində, o cümlədən, beynəlxalq cinayətlərin təqibi zamanı cəza siyasətinin əsasını onun çəkindiricilik funksiyası təşkil edir. Eyni hüquqi təsnifata daxil olan cinayətlərə münasibətdə fərqli davranışların sərgilənməsi, həmçinin ikili standartlardan çıxış edilməsi, son nəticədə cəzasızlıq mühitinin formalaşmasına zəmin yaradır ki, bu gün beynəlxalq cinayətlərin vüsət almasında da bu qəbuldən olan yanaşmaların müstəsna rol oynadığı şübhə doğurmur. Bütün hallarda, ümid edək ki, Beynəxalq Cinayət Məhkəməsinin missiyası Ukraynada olduğu kimi, Azərbaycana qarşı törədilmiş hərbi cinayətləri də araşdırmaq haqda düşünəcək. Əks təqdirdə, ikili standartlar müharibə cinayətləri ilə bağlı yeni presedentlərin ortaya çıxmasına zəmin yaradacaqdır”, - deyə o əlavə edib.

Oxumağa davam et

Siyasət

Sahibə Qafarova Mustafa Şentopla görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Sahibə Qafarova qonağı səmimi salamlayaraq, Azərbaycanla Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Parlamentin sədri bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakını xatırlayaraq, iki qardaş ölkənin liderlərinin növbəti dəfə bir araya gəlməsini yüksək dəyərləndirib. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlər günbəgün inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğurlar ölkələrimizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına xidmət edir.

Spiker Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.

Milli Məclisin sədri konfransa hazırlıq işləri barədə danışaraq, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə keçirdiyi görüşlərdən bəhs edib. Qeyd edib ki, konfransda təşkilata sədrlik Pakistandan Azərbaycana keçəcəkdir. Azərbaycan təşkilatın sədri kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini əsirgəməyəcək.

Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük bərpa və quruculuq işləri haqqında məlumat verərək, qeyd edib ki, çox qısa müddətdə həmin ərazilərdə nəhəng infrastruktur layihələri reallaşdırılıb, yeni yollar salınıb, yüksək standartlara cavab verən Füzuli Hava Limanı istifadəyə verilib. Həyata keçirilən quruculuq işlərində qardaş Türkiyə şirkətləri yaxından iştirak edirlər. Spiker Türkiyənin Azərbaycana hər zaman göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Səmimi görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkəmizə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, səfərdən məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək və burada müzakirə olunacaq məsələlərə fəal şəkildə qatılmaqdır.

Bununla yanaşı, konfransda müzakirə olunacaq məsələlərin quruma üzv dövlətlər üçün əhəmiyyətindən bəhs edən Mustafa Şentop burada keçiriləcək görüşlərin də əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətli olacağını bildirib. Qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi, deputatların mütəmadi görüşləri qurum qarşısında duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir.

Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərini xatırladaraq, deyib ki, Türkiyə-Azərbaycan münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir və bu münasibətlər həqiqətən “bir millət iki dövlət” xarakteri daşıyır.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et

Siyasət

Xarkovdakı Fəxri Konsulluğumuz fəaliyyətini bərpa etdi

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğu fəaliyyətini bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat verilib. Bildirilir ki, artıq bir neçə gündür ki, şəhərdə vəziyyət sakitdir və ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Sakinlər də Xarkova qayıdırlar. 

“Raket zərbəsi nəticəsində Fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpasına ehtiyac yaranıb. Bu səbəbdən bu gündən etibarən Fəxri konsulluq Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir”, - deyə məlumatda bildirilir. 

Azərbaycan vətəndaşları fəxri konsulluğa aşağıdakı telefonlar vasitəsilə müraciət edə bilərlər:

+380503035727 Əfqan Salmanov
+38 0997887071 Oleq Velikih
+380688557004 Viktoriya Yanul 

Oxumağa davam et
Reklam

Gündəm