Xəbərlər - Publika.az
Bizi izləyin

Siyasət

Həsənquliyevdən İLGİNC AÇIQLAMA: "Deputatların "topdaşıyan"ı indi nazir olub"

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı icra hakimiyyətlərinin ləğvinin anonsunu verdi. Belə ki, bu istiqamətdəki islahatlar zamanı icra hakimiyyətlərinin Prezidentin xüsusi nümayəndəsi ilə əvəzlənəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə "Unikal"a müsahibə verən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bu qəbildən olan sullara ətraflı cavab verib.

- Qüdrət bəy, idarəetmə sistemi ilə bağlı islahatların aparılacağı gözlənilir. Sizcə, yeni idarəetmə nələri dəyişəcək?

- Prezident bunun anonsunu verib. Amma heç kim dəqiq söyləyə bilməz ki, dövlət başçısı nələri nəzərdə tutur. Bunu zaman göstərəcək. Sözügedən məsələ ilə bağlı fikrim ondan ibarətdir ki, Azərbaycanda dövlət idarəetməsindəki hədsiz mərkəzləşmə özünü doğrultmur. İdarəetmədəki bəzi səlahiyyətlər yerlərə ötürülməlidir. İcra hakimiyyətlərinin sayı çoxdur. İnzibati ərazi bölgüsünə görə 80-dən artıq rayon var, bu  həddindən artıq çoxdur. Hazırda ölkəmizdə 14 iqtisadi rayon var. Həmin iqtisadi rayonların tərkibinə bir daha baxmaqla onları inzibati ərazi vahidlərinə çevirmək olar. Həmin inzibati ərazi vahidlərinin başçılarının yerli sakinlər tərəfindən seçilməsini müəyyənləşdirə bilərik. "Yerli idarəetmə haqqında" qanun qəbul olunmalıdır. Regional rəhbərlərin statusu dəqiq müəyyənləşməlidir ki, onlar hansı səlahiyyətlərə malikdirlər. Həmin şəxsləri yerli sakinlər seçərsə, onlar qanunla idarəetmənin tərkib elementi kimi həm cənab Prezident, həm də yerli sakinlər qarşısında məsuliyyət daşıyacaqlar. Hər bir halda islahatları müsbət qiymətləndirirəm. Dövlət başçısı bəyan etdi ki, indiki idarəetmə özünü doğrultmur. Ona görə də mütləq islahatlar aparılmalıdır. 

- Hazırda bələdiyyələrin fəaliyyətini qənaətbəxş hesab edirsizmi?

-Bizdə demək olar ki, bələdiyyələrin bütün səlahiyyətləri əllərindən alınıb. Onların ictimaiyyət üçün nələrsə etməsinə geniş imkanları yoxdur. Hər şeyi mərkəzi icra hakimiyyəti orqanları öz əlinə alıb. Adi reklamı, o cümlədən vergilərin əksəriyyətini bələdiyyələrdən alıblar. Bir çox ölkələrdə bələdiyyələrin məktəbləri, bağçaları, xəstəxanaları, ictimai nəqliyyatı və s. var. Bizdə isə sərnişindaşımaya da dövlət əl qoyub. Bakı Nəqliyyat Agentliyinin vasitəsilə sərnişindaşıma ilə məşğul olan sahibkarlar sıxışdırılıb çıxarıldı. Əvvəllər də təklif etmişik ki, bələdiyyələrə yerli dövlət hakimiyyəti orqanları statusu verilsin. Bələdiyyələr yerli özünüidarə orqanı deyil, yerli dövlət hakimiyyət orqanı statusu alsın.

- Digər hansı sahədə struktur islahatlarına ehtiyac var?

- Biz ölkəmizin gələcəyini parlamentli respublika modelində görürük. Dövlətdə də əsas icra hakimiyyətinə Baş nazir rəhbərlik etsin. Prezident dövlətin təmsilçisi kimi parlamentli respublikalarda olan səlahiyyətlərdən artıq səlahiyyətə malik olmasın. Ölkəmizin gələcəyini bu cür görürük. Biz parlamentli respublikaya keçsək, Qərb standartlarına cavab verən, demokratik cəmiyyət qurmaq bizə daha asan olar. O baxımdan düşünürəm ki, Azərbaycanın gələcəyi parlamentli respublikadır.

- Deputat həmkarlarınız parlamentdə çıxışı zamanı bildirir ki, seçicilərin qaldırdığı hansısa məsələ ilə bağlı nazirlərlə əlaqə saxlamalı olurlar. Bəzi nazirlər isə onların telefonlarına cavab vermir...

- Parlamentdə bu məsələ çox qaldırıldı. Bundan sonra deputatlara mərkəzi icra hakimiyyəti orqanlarının bəzilərinin aparat rəhbərlərinin, müavinlərinin nömrələrini veriblər. Siyahı tərtib olunub ki, bu şəxslərə zəng etsəniz, onlar mütləq telefonlara cavab verəcəklər. Bu o demək deyil ki, deputat nazirlərə, icra başçılarına zəng edə bilməz. İcra başçılarının müavinlərinin nömrələrini veriblər ki, onlarla əlaqə saxlanılsın. Bunun özünü də yersiz hesab etdim. İcra başçısının nə işi var ki, öz rayonunun deputatı ilə telefonla danışmağa vaxt tapmasın. O qədər gərgin iş görür? Səhərdən axşama qədər olan müddətdə telefonla öz rayonunu təmsil edən deputatla telefonla danışa bilmir ki, müavinin nömrəsini verirlər. Bu da islahatların aparılmasını zəruri edir. İcra hakimiyyətinin parlamentdən hansısa asılılığı olsa, deputatların telefonlarına cavab da verərlər, onların qaldırdığı məsələlərə diqqətlə yanaşarlar. İcra hakimiyyətləri parlament qarşısında məsul deyillər. Parlamentli respublikaya keçsək, parlamentin nüfuzu yüksələcək. Xalqın təmsilçilərinin birbaşa hökumətə təsir imkanları artacaq. Məsələn, Nazirlər Kabineti ildə bir dəfə parlamentdə hesabat verir. Birdən parlament həmin hesabatı qeyri-qənaətbəxş saydı. Bu, hansısa hüquqi nəticə doğurmayacaq. Parlamentin rolu o qədər kiçildilib ki, hökumət həddindən artıq özünü sərbəst hiss edir. Bu isə hökumət üzərində parlament nəzarətini aşağı endirir. Hər il büdcə müzakirələrində məsələ qaldırırıq ki, "Büdcə sistemi haqqında" qanuna görə investisiya layihələrinin siyahısı parlamentə təqdim olunmalıdır. Deputatlar bilməlidir ki, ayrılan pulun bölgüsünə səs verəndə həmin vəsait hara xərclənəcək? Bunu vermirlər. Tələb edirik, əhəmiyyət verən yoxdur. İdarəetmədə islahatlar həm də ona gətirib çıxarmalıdır ki, parlamentin rolu artsın, məhkəmə hakimiyyəti daha müstəqil, güclü olsun. İdarəetmə təkmilləşdirilməsə, korrupsiya ilə mübarizədə daha ciddi uğurlara imza atmaq mümkün olmayacaq. 

- Qiymət artımları ən çox danışılan məsələlərdən biridir. Bunu tənzimləmək üçün hansı işlər görülməlidir?

-Bəzi deputat həmkarlarımız deyirlər ki, süni qiymət artımına qarşı mübarizə aparılmalıdır. Bazar iqtisadiyyatında süni qiymət artımı deyilən bir şey ola bilməz. Burada qiymət tələblə təklif arasında müəyyənləşir. Əgər bir şeyə tələb yüksəkdirsə, onun qiyməti artacaq. Bazar iqtisadiyyatı olan ölkələrdə inhisarçılığa qarşı mübarizə var. Ayrı-ayrı sahibkarlar aralarında danışıb qiyməti qaldırırsa, bu, cinayət əməli sayılır. Buna görə onlara qarşı ciddi cəzalar nəzərdə tutulur. Süni qiymət artmı ola bilməz. Əgər tələbat varsa, satdığım məhsulun qiyməti qalxacaq. Dövlət heç kimə deyə bilməz ki, sən istehsal etdiyi məhsulu bu qiymətə satmalısan. İqtisadiyyat naziri bildirir ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir. Sual olunur niyə? Biz bazar iqtisadiyyatına keçmişiksə, dövlət nə üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır? Nə üçün dövlətin nəzarətində olan sahələr özəlləşdirilmir, yaxud uzunmüddətli təcrübəli xarici şirkətlərə idarəetməyə verilmir? Biz görürük ki, dövlətin nəzarətində olan müəsissələri ayrı-ayrı məmurlar öz şəxsi əmlakları kimi istifadə edirlər, xərcləri şişirdirlər, kreditlər götürürlər və sonra həmin kreditləri qaytarmırlar. Onlar da camaatın büdcəyə verdiyi pulun hesabına qaytarılır. Bəzi hallarda deyirlər ki, bu strateji sahədir, büdcədən ora pul ayırırlar. Bizdə dövlət hakimiyyətində təmsil olunan şəxslər imtiyazlardan imtina etməlidirlər. Bundan imtina etməyincə, islahatları dərinləşdirə bilməyəcəyik. Büdcə demək olar ki, neft satışının hesabına formalaşır. Bu sahədə islahatlar ilk növbədə dövlət əmlakının özəlləşdirilməsindən başlanılmalıdır. Ona görə ki, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindədir və onlar da rentabelli deyillər. Bunlarla yanaşı, qanunun aliliyinin təmin olunması, məhkəmə-hüquq islahatları da vacib şərtdir. İlk növbədə dövlət inhisarçılığına son qoyulmalıdır. 

- Fakt odur ki, bəzi məmurlar dolayısı yol ilə olsa da, bizneslə məşğul olurlar. Bu gün məmurun maaşı nə qədər olmalıdır ki, bu işlərdən uzaqlaşsın?

-Bir dəfə bu məsələni qaldırdım, az qaldılar məni topa tutsunlar. Hər zaman bildirmişəm ki, pensiya da, digər maaşlar da artırılmalıdır. İlk növbədə dövlət idarəetməsində çalışan şəxslərin əmək haqqıları artırılmalıdır ki, onlar normal, ləyaqətli həyatlarını təmin etmək üçün sadə vətəndaşları incitməsinlər. Sadə bir həqiqətdir ki, buna normal maaş verməsən, o zaman sənin həyatını zəhər edəcək. Gedib bir arayışı belə pulsuz ala bilməyəcəksən. Məmurlara, deputatlara Avropa standartlarına uyğun maaş vermək lazımdır. Sonra korrupsiyaya qarşı effektli mübarizədən söhbət gedə bilər. Onların maddi təminatını təmin etmədən korrupsiyaya qarşı mübarizədən söhbət gedə bilməz. Ona görə nəzarətedici funksiyaları yerinə yetirən qurumlarla dərhal cinayət əlaqəsinə girəcəklər və oğurladıqlarının bir hissəsini verəcəklər onlara, bununla da onların fəaliyyətinə göz yumulacaq. Elə mexanizmlər yaradılmalıdır ki, həmin şəxs istəsə belə oğurlaya bilməsin. Əgər tamahı güc gəlib oğurluq edəcəksə, qısa müddətdə ifşa olunacaq. Onun üçün mexanizmlər hazırlanmalıdır. Sonu ona gəlir ki, köklü şəkildə islahat olmalıdır. 

- Neçə gündür Ermənistanda aksiyalar keçirilir. Bu da Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması məsələsinin müzakirə olunduğu bir vaxtda baş verir. Bu aksiyaların məqsədi nədir?

-Bu ilin aprelin 6-da Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş oldu. Orada Paşinyan bəyan etdi ki, Azərbaycanın 5 bənddən ibarət beynəlxalq hüquq normaları əsasında hazırlanmış prinsiplərinə uyğun olaraq sülh müqaviləsi imzalamağa hazırdırlar. Paşinyan qayıtdıqdan sonra onu Moskvaya dəvət etdilər, orada bildirdi ki, "biz Qarabağ ermənilərinin razılaşmadığı hər hansı sülh sazişinə imza atmayacağıq". Bu bəyanat sülh danışıqlarından imtina etmək kimidir. O zaman Brüssel görüşü ilə bağlı bildirmişdim ki, bu, Ermənistanın ifşası baxımından əhəmiyyətlidir. Azərbaycanın mövqeyinin haqlı olmasını bir daha dünyaya göstərə biləcəyik. Onu da qeyd etmişdim ki, Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək istəyiriksə, danışıqları Rusiya ilə aparmalıyıq. Ermənistan baş tutmamış və "forpost" bir ölkədir. Rusiyanın razılığı olmadan Ermənistan nə bizimlə, nə də Türkiyə ilə sülh sazişi imzalaya bilməz. Görünən odur ki, Rusiya hələlik bu bölgədə sülhün bərqərar olmasında maraqlı deyil. Rusiya ilə danışıqları davam etdirməliyik. Çalışmalıyıq onu inandıraq ki, buna mane olmasın və Ermənistanla sülh sazişi imzalayaq. Ermənilərlə danışıqların aparılmasını mənasız hesab edirəm. Düşünürəm ki, diqqətimizi Moskvaya yönəltməli və əməkdaşlığı genişləndirməliyik. Moskva ilə daha etimadlı münasibətlərin yaranmasına çalışmalıyıq. Rusiyanın Ukraynaya təcavüzü vəziyyəti xeyli çətinləşdirib. Buna baxmayaraq, Rusiya bizim böyük qonşumuzdur, münasibətləri yüksək səviyyədə saxlamağa çalışmalıyıq. Ermənistandakı mitinqləri isə Rusiya yönümlü qüvvələr təşkil edir.

- Son günlər Ermənistan silahlı qüvvələri Ordumuzun mövqelərini atəşə tutur. Bu, daha çox Kəlbəcər istiqamətində olur. Yenidən vəziyyət gərginləşə bilərmi?

- Əlbəttə ola bilər. Amma bu 44 günlük müharibə miqyasında olmayacaq. O baxımdan ki, Ermənistan ordusunu darmadağın etmişik. Onlar bizə 44 günlük müharibədəki kimi müqaviət göstərə bilməyəcək. Azərbaycan kiçik bir əməliyyat keçirməklə bunu həll edə bilər. Bizim Milli Ordunun bu işə qarışmasına ehtiyac qalmayacaq. Bu, bizim daxili işimizdir. O baxımdan, Daxili Qoşunların hamısı deyil, xüsusi təyinatlıları qısa müddətdə Xankəndi üzərində Azərbaycanın suveren hüquqlarını bərpa edər. 

Rusiya ilə işləməliyik ki, bu zaman həmin proseslərə müdaxilə etməsinlər. Ona görə ki, orada Rusiyanın sülhməramlıları var. Rusiyanın bu münaqişəyə qatılması bizə heç cür sərf etmir. Ona görə ki, onların qatılacağı təqdirdə Türkiyə də bu münaqişəyə qatılacaq. Regionda böyük bir toqquşma ola bilər. Bu da böyük dağıntılara yol açar. Çalışmaq lazımdır ki, Rusiya ilə bağlı qapılar arxasında məsələni həll edək. Bunu həll etsək, əməliyyatlara ehtiyac qalmaz. İndi əlverişli vəziyyət yaranıb. Azərbaycan Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etməyə cəhd göstərməlidir. Erməniləri başa salmalıyıq ki, sizi kimin müdafiə etməyindən asılı olmayaraq, əgər yenidən bölgədə silahlı qarşıdurma olsa, o zaman Qarabağdakı ermənilər ya bizim suverenliyimizi, Azərbaycanın yurisdiksiyasını qəbul etməlidirlər, ya da buradan köçüb getməlidirlər. Azərbaycan yenə 30 il sizin danışıqlar aparmağınızı gözləməyəcək. Azərbaycan təzyiqləri artırmalıdır. Qardaş Türkiyəyə müraciət edirəm ki, hazırda Azərbaycanın onların dəstəyinə çox böyük ehtiyacı var. Azərbaycan üçün elə bir tarixi məqamdır ki, daha çox dəstək istəyirik. Belə ki, Rusiyanın beynəlxalq təcridi onun Türkiyədən müəyyən asılılığını artırıb. Türkiyə bu məqamdan da istifadə edib Rusiya ilə ciddi danışmalıdır ki, Azərbaycanın ərazi bütövlüyün bərpa etməsinə mane olmasın. Bu mərhələdə Qarabağ üzərində suverenliyimizin bərpa olunması üçün konkret addımlar atmalıyıq. 

-Son illər yüksək vəzifəyə təyinat alan şəxslər arasında gənclər üstünlük təşkil edir. Gənc kadrlar onlara göstərilən etimadı doğruldurmu?

- Onların içərəsində kifayət qədər mədəni və öz sahəsini yaxşı bilən kadrlar var. Hesab edirəm ki, SOCAR-ın Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf kifayət qədər savadlı, mədəni və hazırlıqlı adamdır. Bura yeni səhiyyə naziri Teymur Musayevi də əlavə edərdim. Başqa adlar da çəkmək olar. Əsasən son təyinatları dedim. Kadrlar çox şeyi həll edir, amma hər şeyi həll etmir. İdarəetmə təkmilləşdirilməsə, heç nə dəyişməyəcək. Bir kadr uğurlu olacaq, vəziyyət əvvəlkindən nisbətən yaxşı olacaq. Amma köklü dəyişikliklər baş verməyəcək. İnsanlar yaşlaşır, gənc nəsil yaşlıları əvəz edir. Bu da təbii prosesdir. Tam o siyasət deyil ki, hakimiyyət gəncləşdirilsin. Ona görə ki, dövlət idarəetməsində təcrübəli insanlara hər zaman ehtiyac var. O baxımdan hökumətin tərkibində həm gənclər, həm də yaşlı insanlar olmalıdır. Bir balans yaratmalıdırlar. Tam gənclərdən ibarət hökumət ola bilməz. O hökumət inanmıram ki, ciddi uğur qazana bilər. Beynəlxalq təcrübə də bunu göstərir. 

- Parlamentdə də gəncləşmə prosesi gedib...

-Parlamentdə də özünü doğruldan gənclər var. Adlar çəkmək istəmirəm. Gənclər o zaman özünü tam doğruldacaq ki, doğurdan da böyük rəqabətdən, siyasi partiyalardakı proseslərdən keçib gəlsinlər. Siyasi debatlarda çıxış etsinlər. Parlament siyasət yeridir. Bir çox hallarda kimsə-kiməsə təminat verir, biri digərini təqdim edir. Bəzən olur ki, bu baxımdan kadrlar özünü doğrulda bilmir. Siyasi vəzifə tutan şəxslər, siyasi proseslərin içindən keçib gəlməlidir. 

Milli Məclisin komandası var idi, futbol oynayırdıq. Deputat həmkarlarımızdan biri həmin şəxsi qapının arxasına qoyurdu ki, gedən topları gətirsin. Yəni, vaxtilə futbol zamanı “topdaşıyan” adam indi nazir olub. Bəzən deputatları da saymırlar. Dediyim islahatlar aparılsa, belə təsadüfi adamların orada yüksək vəzifələrə təyin olunması mümkün olmayacaq.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Azərbaycanın dinc şəhərlərinin raket atəşinə məruz qalması ciddi şəkildə araşdırılmalıdır - ŞƏRH

Torpaqlarımızın işğal edildiyi və işğal altında saxlandığı zaman kəsiyində olduğu kimi, günü bu gün də Azərbaycana yanaşmada heç bir ölçüyə sığmayan haqsızlığın, ədalətsizliyin və sonu görünməyən ikili standartların şahidi oluruq.

Publika.az xəbər verir ki, bunu "Trend"ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı vəziyyətlə bağlı araşdırmalara başlamaları, bu məqsədlə sözügedən məhkəmənin 40-dan artıq müstəntiqinin Ukraynaya gəlməsi, hərbi və insanlığa qarşı cinayət faktlarının qeydə alınması, günahkarların cəzalanması istiqamətində nüvafiq hüquqi prosedurların həyata keçirilməsi və təbii ki, ədalətin bərqərar olunması baxımından əhəmiyyətlidir.

“Çünki kim tərəfindən və hansı şəraitdə törədilməsindən asılı olmayaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ikinci hissəsinin, 5,6,7 və 8-ci maddəsinin tələblərinə əsasən, soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri ciddi şəkildə araşdırılmalı və günahkarlar heç bir istisnaya yol verilmədən cəzalandırılmalıdır.

Roma Əsasnaməsinin yurisdiksiyasına daxil olan beynəlxalq cinayətlərin təsnifatına diqqət yetirildikdə Azərbaycan xalqına qarşı bu cinayətlərin hər birinin həyata keçirildiyini müəyyənləşdirmək mümkündür. Məsələn, sözügedən Əsasnamənin hərbi cinayətlərin təsnifatının yer aldığı 8-ci maddəsində qeyd olunur ki, beynəlxalq humanitar hüququn əsasını təşkil edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərinin pozulması müharibə cinayətləri hesab olunur.

Bu sıraya qəsdən adamöldürmə, işgəncə və qeyri-insani davranış, hərbi əhəmiyyət daşımayan əmlakın qəsdən və kütləvi şəkildə məhv edilməsi, hərbi hədəf sayılmayan obyektlərə, mülki əhaliyə qəsdən hücum, hərbi hədəf sayılmayan şəhərlərin, kəndlərin, yaşayış yerlərinin və binaların atəşə tutulması və s. daxildir.

Təsnifat kifayət qədər geniş olduğu üçün bütün digər məqamların sadalanmasına ehtiyac duymuram. Amma istər soyqırımı, istər insanlığa qarşı cinayətlər, istər müharibə cinayətləri, istərsə də təcavüz cinayətlərinin təsnifatında elə bir istiqamət yoxdur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərin siyahısında yer almasın”, - deyə o bildirib.

E.Mirzəbəyli qeyd edib ki, Roma Əsasnaməsinin tələblərinə əsasən, sözügedən sənəddə təsnifatı verilən cinayətlərin araşdırılamsı ilə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunması yolverilməzdir.

“Bu baxımdan, Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada baş verən cinayətlərlə yanaşı, 44 günlük müharibə zamanı Gəncə, Bərdə, Tərtər və digər dinc şəhərlərin raket atəşinə məruz qalmasını, dinc əhalinin, o cümlədən qadın, qoca və uşaqların qətlə yetirilməsini ciddi şəkildə araşdırmalı, bu cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə verilməsinin təmin olunması üçün müvafiq qərarlar qəbul etməlidir. Ədalət mühakiməsi isə obyektiv, qərəzsiz və ikili standartlardan uzaq olmalıdır. Amma təəssüf ki, torpaqlarımızın işğal edildiyi və işğal altında saxlandığı zaman kəsiyində olduğu kimi, günü bu gün də Azərbaycana yanaşmada heç bir ölçüyə sığmayan haqsızlığın, ədalətsizliyin və sonu görünməyən ikili standartların şahidi oluruq.

Halbuki, dünyanın bütün ölkələrinin hüquq sistemində, o cümlədən, beynəlxalq cinayətlərin təqibi zamanı cəza siyasətinin əsasını onun çəkindiricilik funksiyası təşkil edir. Eyni hüquqi təsnifata daxil olan cinayətlərə münasibətdə fərqli davranışların sərgilənməsi, həmçinin ikili standartlardan çıxış edilməsi, son nəticədə cəzasızlıq mühitinin formalaşmasına zəmin yaradır ki, bu gün beynəlxalq cinayətlərin vüsət almasında da bu qəbuldən olan yanaşmaların müstəsna rol oynadığı şübhə doğurmur. Bütün hallarda, ümid edək ki, Beynəxalq Cinayət Məhkəməsinin missiyası Ukraynada olduğu kimi, Azərbaycana qarşı törədilmiş hərbi cinayətləri də araşdırmaq haqda düşünəcək. Əks təqdirdə, ikili standartlar müharibə cinayətləri ilə bağlı yeni presedentlərin ortaya çıxmasına zəmin yaradacaqdır”, - deyə o əlavə edib.

Oxumağa davam et

Siyasət

Sahibə Qafarova Mustafa Şentopla görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Sahibə Qafarova qonağı səmimi salamlayaraq, Azərbaycanla Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Parlamentin sədri bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakını xatırlayaraq, iki qardaş ölkənin liderlərinin növbəti dəfə bir araya gəlməsini yüksək dəyərləndirib. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlər günbəgün inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğurlar ölkələrimizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına xidmət edir.

Spiker Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.

Milli Məclisin sədri konfransa hazırlıq işləri barədə danışaraq, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə keçirdiyi görüşlərdən bəhs edib. Qeyd edib ki, konfransda təşkilata sədrlik Pakistandan Azərbaycana keçəcəkdir. Azərbaycan təşkilatın sədri kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini əsirgəməyəcək.

Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük bərpa və quruculuq işləri haqqında məlumat verərək, qeyd edib ki, çox qısa müddətdə həmin ərazilərdə nəhəng infrastruktur layihələri reallaşdırılıb, yeni yollar salınıb, yüksək standartlara cavab verən Füzuli Hava Limanı istifadəyə verilib. Həyata keçirilən quruculuq işlərində qardaş Türkiyə şirkətləri yaxından iştirak edirlər. Spiker Türkiyənin Azərbaycana hər zaman göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Səmimi görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkəmizə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, səfərdən məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək və burada müzakirə olunacaq məsələlərə fəal şəkildə qatılmaqdır.

Bununla yanaşı, konfransda müzakirə olunacaq məsələlərin quruma üzv dövlətlər üçün əhəmiyyətindən bəhs edən Mustafa Şentop burada keçiriləcək görüşlərin də əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətli olacağını bildirib. Qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi, deputatların mütəmadi görüşləri qurum qarşısında duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir.

Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərini xatırladaraq, deyib ki, Türkiyə-Azərbaycan münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir və bu münasibətlər həqiqətən “bir millət iki dövlət” xarakteri daşıyır.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et

Siyasət

Xarkovdakı Fəxri Konsulluğumuz fəaliyyətini bərpa etdi

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri konsulluğu fəaliyyətini bərpa edib.

Publika.az xəbər verir ki, bu barədə konsulluğun saytında məlumat verilib. Bildirilir ki, artıq bir neçə gündür ki, şəhərdə vəziyyət sakitdir və ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub. Sakinlər də Xarkova qayıdırlar. 

“Raket zərbəsi nəticəsində Fəxri konsulluğun Yaroslav Mudrova küçəsi, 7 ünvanında yerləşən binasına ziyan dəyib və kommunikasiyanın bərpasına ehtiyac yaranıb. Bu səbəbdən bu gündən etibarən Fəxri konsulluq Lyudmila Qurçenko küçəsi, 3-D ünvanında yerləşir”, - deyə məlumatda bildirilir. 

Azərbaycan vətəndaşları fəxri konsulluğa aşağıdakı telefonlar vasitəsilə müraciət edə bilərlər:

+380503035727 Əfqan Salmanov
+38 0997887071 Oleq Velikih
+380688557004 Viktoriya Yanul 

Oxumağa davam et
Reklam

Gündəm