“Bunu Qarabağda sübut etdiniz” - ƏRDOĞAN - Publika.az
Bizi izləyin

Siyasət

“Bunu Qarabağda sübut etdiniz” - ƏRDOĞAN

“Azərbaycan Prezidenti qardaşım hörmətli Əliyev. Milliyyətçi Hərəkat Partiyasının sədri hörmətli Dövlət Bağçalı, Böyük Birlik Partiyasının sədri hörmətli Mustafa Destici. Hörmətli rizeli və artvinli həmyerlilərim, hörmətli qonaqlar. Sizləri ən səmimi duyğularımla, məhəbbətlə salamlayıram”.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rize-Artvin Hava Limanının açılışında deyib.

“Ölkəmizin qürurverici əsərləri arasında yer alan Rize-Artvin Hava Limanımızın şəhərlərimizə, bölgəmizə və millətimizə xeyirli olmasını diləyirəm.

Qardaşım Əliyevə, cənab Bağçalıya, cənab Desticiyə və digər qonaqlarımıza bu gözəl günümüzü bizlərlə bölüşdükləri üçün şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm.

Xalqa xidmət siyasətimizin son nümunəsi olan bu hava limanımız adi bir layihə deyil. Dünyada dəniz üzərində inşa edilən cəmi beş hava limanı var. Bunların açılışını etdiyimiz Rize-Artvinlə birlikdə ikisi ölkəmizdədir. Beləliklə, ölkəmizdəki hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq”, - dövlət başçısı qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan ötən illərdə Türkiyənin əsaslı və kompleks inkişaf yolu keçdiyini vurğulayıb. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin reallaşdırıldığını bildirdi. Bu baxımdan istismara verilən yeni Rize-Artvin Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Türkiyə Prezidenti çıxışında təhsil, səhiyyə, abadlaşdırma, yeni yaşıllıqların və istirahət ocaqlarının yaradılması üçün də çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə xalqın rifah halının daha da yaxşılaşdırılmasının maksimum diqqətdə saxlandığını və bu sahədə ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayıb. Ölkəsinin beynəlxalq səviyyədə də milli maraqlarını daim inamla müdafiə etdiyini bildirən dövlət başçısı deyib:

“Türkiyənin iki əsrlik demokratiya və inkişaf yolu öz tarixi, həm də bütün dost və qardaşları, bölgəsi üçün böyük bir uğur hekayəsidir. Bu, elə bir uğur hekayəsidir ki, özündə bizim mübarizə ruhumuzu ehtiva edir. İndi mən qarşımda sizi belə görürəm. Bunu Qarabağda sübut etdiniz. Bunu Liviyada sübut etdiniz. Əminəm ki, Qabarda, Cudidə, Tendürekdə, Beşlər dərəsində bütün terror təşkilatlarına qarşı sübut etdiniz”.

Prezident Rəcəb Tayyib Ərdoğan hərtərəfli dövlət siyasəti sayəsində Türkiyənin inamla və qətiyyətlə irəlilədiyini, dünyanın ən güclü və beynəlxalq səviyyədə söz sahibi olan ölkələrindən birinə çevrildiyini vurğulayıb. O, Türkiyənin bütün bölgələri kimi, Rize və Artvin bölgələrinin də kompleks inkişafı üçün ardıcıl tədbirlərin davam etdirildiyini söylədi. Yeni hava limanının açılışı münasibətilə bir daha təbriklərini çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib:

“Bu duyğularla bir daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm. Hava limanımızın açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı bildirirəm. Sizləri sevgi və ehtiramla salamlayıram. Sağ olun”.

Rəylər
Oxumağa davam et
Reklam

Siyasət

Bunu Valeh Ələsgərova yaraşdırmadım - Qüdrət Həsənquliyev

Publika.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxuculara təqdim edir:

- Qüdrət bəy, bu gün “Ələt Azad İqtisadi Zonası” haqqında Qanuna əlavə və düzəlişlər müzakirə olunarkən Sizin çıxışınızdan sonra Valeh Ələsgərov deputatlara səbr arzuladı və xüsusi vurğuladı ki, layihə Prezident Administrasiyası daxil olmaqla bir çox dövlət qurumlarında müzakirə olunub, heç kim Konstitusiyaya zidd heç nə aşkar etməyib və layihə Prezidentin imzası ilə Milli Məclisə daxil olub. Sizcə çıxışınızın hansı hissəsi onu belə qıcıqlandırdı?

- O, indiki təyinatına qədər uzun illər vitse-spiker olmasaydı emosional bir təsərrüfat işçisi kimi dediklərinə əhəmiyyət verməmək də olardı. Vitse-spiker kimi ona hər zaman hörmətlə yanaşmışam. Əvvəla, nəzərə almır ki, Prezident qanun layihələrini Milli Məclisə müzakirə üçün göndərir. Milli Məclis nə toy məclisi deyil ki, ancaq tərif deyilsin, nə də notarial orqan deyil ki, layihələri müzakirələrsiz təsdiq edib geri qaytarsın. İkincisi, Prezidentə dövlət başçısı kimi hamımızın hörməti var və Milli Məclisin müzakirəyə çıxardığı layihələrin təqribən 99.99 % -i Prezidentin imzası ilə gəlir. Bundan başqa, Prezident Milli Məclisin açılış iclasında da söylədi ki, o Milli Məclisdən keyfiyyətli qanunlar gözləyir. Mənim fikirlərimlə Valeh Ələsgərov razı olmaya da bilər, necə ki,Tahir Mirkişili də razılaşmadı, amma fərqli mövqeyini ədəb çərçivəsində ifadə etdi. Sözün doğrusu, o cür manipulyativ və dözümsüz davranışı ona yaraşdırmadım. Arqumentlər zəif olanda gərək şəxsiyyətə hücum etməyəsən. Sualınızın ikinci hissəsi ilə əlaqədar isə düşünürəm ki, onu qıcıqlandıran bəzi dəyişikliklərin Konstitusiyaya zidd olmasını əsaslandırmağım, dəyişikliklərin sahibkarlar arasında ayrıseçkiliyə yol aça biləcəyi ilə bağlı narahatlığımı ifadə etməyim oldu.

- Konkretləşdirə bilərsinizmi?

- Ələt azad iqtisadi zonası gömrük rüsumlarından və vergilərdən azad ərazi kimi ölkəyə xarici investisiya cəlb etmək məqsədilə yaradılmışdı. İndi yerli şirkətlərə də ixracı stimullaşdırmaq adı ilə həmin ərazidə fəaliyyət imkanı yaradılır və Qanunun 24.2-ci maddəsinə görə, onlar Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürə biləcəklər (yəni ofşorlara).

İxracı stimullaşdırmaq lazımdırsa, qəbul edilən qərarlar bütün sahibkarlara şamil olunmalıdı. Prezident qeyri-neft sektorunda ixracı stimullaşdırmaq üçün “İxracın və investisiyaların təşviqi” Fondu yaradıb və ixrac olunan malın gömrük dəyərinin 3%-i dövlət büdcəsi hesabına sahibkara qaytarılır. Bu yetərli deyilsə, əlavə qərarlar qəbul oluna bilər, amma hamı üçün. Konstitusiyanın 149-cu maddəsi tələb edir ki, normativ hüquqi aktlar “bərabər mənafelərə bərabər münasibətə” əsaslanmalıdır.

Bundan başqa, əlavə olunan 16.1-1-ci maddəyə əsasən, Azad Zonanın səlahiyyətli qurumu müəyyən kateqoriyadan olan işçilərin gəlirlərinə vergi tətbiq edə bilər. Bu da Konstitusiyanın 94-cü maddəsinə ziddir. Həmin maddənin 15-ci bəndinə görə, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər barədə Milli Məclis 63 səs çoxluğu ilə qanun qəbul etməlidir. Bu səlahiyyət heç bir dövlət orqanına verilə bilməz. Tahir Mirkişilinin “Milli Məclis vergilərin növlərini müəyyənləşdirir,vergi dərəcələrini qanunvericiklə digər dövlət orqanları da müəyyənləşdirə bilər və qanunvericilikdə bu barədə nümunələr var” yanaşması təcrübədə olsa da, Konstitutsiyaya ziddir. Bənzər fikri Komitə iclasında Dövlət Vergi Xidmətinin əməkdaşı Samirə xanım da bəzi mallara aksiz dərəcələrinin Nazirlər Kabineti tərəfindən təyin olunmasını nümunə kimi göstərməklə səsləndirmişdi. Vergilər Məcəlləsinin 190-2-ci maddəsi də bu mənada Konstitusiyanın kobud şəkildə pozulmasıdır. 1991-ci ildə qəbul olunmuş “Aksizlər haqqında” Qanunda da qeyd olunurdu ki, hər il büdcə qanunu ilə yanaşı, aksiz vergilərinə cəlb olunan malların siyahısı və dərəcələri də Milli Məclis tərəfindən təsdiq olunur. Ali nümayəndəli orqanın (parlamentin) iştirakı olmadan heç bir dövlət idarəetməsi hakimiyyət bölgüsünə əsaslanan hüquqi dövlətdə vergi dərəcələrini, rüsumları müvafiq icra hakimiyyəti orqanı təkbaşına müəyyən edə bilmir. Bizim Konstitusiya da buna yol vermir.

Layihəni müdafiə edən bəzi şəxslər Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 5.4-cü maddəsinə istinad edərək bildirirlər ki, Ələt Azad İqtisadi Zonasında fərqli hüquqi tənzimləmə ola bilər. Bəli, amma fərqli hüquqi tənzimləmə o demək deyil ki, onu fərqli orqan həyata keçirə bilər.Vergi və rüsumlarla bağlı məsələ Milli Məclisin müstəsna səlahiyyətinə aiddir. Normativ Hüquqi Aktlar Konstitusiya Qanununun 2-ci maddəsində deyilir ki, referendumla qəbul edilmiş aktlar, qanunlar, Prezident Fərmanları Konstitusiya ilə ziddiyyət təşkil etdikdə Konstitusiya tətbiq olunur.

Bundan başqa, “Ələt Azad İqtisadi Zonası haqqında” Qanunun 26-cı maddəsinə də dəyişiklik edilir. Həmin normaya görə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələr də Azad Zonanın müstəsna yurisdiksiyasına aiddir. Bu isə Konstitusiyanın 71-ci maddəsinin kobud pozulmasıdır. Həmin maddənin 7-ci bəndində deyilir ki, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələri məhkəmələr həll edir. Bu hüquq məhdudlaşdırıla bilməz. Əmək hüquqları insanların fundamental Konstitusion hüququdur. Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsində deyilir ki, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azdlıqların dövlət təminatı Qanunlar qəbul edilməklə qorunur. O cümlədən 94-cü maddənin 16-cı bəndinə görə, Milli Məclis əmək hüquqlarının qorunması və tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsini qəbul edib. Ona görə Azad Zonanın Səlahiyyətli qurumu əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsindən fərqli Qaydalar nəzərdə tuta bilməz. Bunu yalnız Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan 3-cü fəslinin normaları nəzərə alınmaqla Milli Məclis qanun qəbul etməklə edə bilər.

Oxumağa davam et

Siyasət

Ərdoğan Azərbaycana gəlir

"Bu gün biz Müstəqillik Günü ərəfəsində görüşürük. Onu da deməliyəm ki, keçən il Müstəqillik Günündə mən Ağdam şəhərində idim, Ağdam sakinləri ilə görüşmüşdüm və Ağdam şəhərinin Baş planını təsdiqləmişdim. Bu il də planlaşdırırdım ki, Müstəqillik Günündə burada olum. Ancaq bildiyiniz kimi, sabah qardaş ölkənin - Türkiyənin Prezidenti Azərbaycana gələcək və biz Müstəqillik Gününü bərabər qeyd edəcəyik".

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

"Ona görə mən bir gün əvvəl gəldim, amma yenə də Müstəqillik Günü ərəfəsində. Çünki bunun böyük rəmzi mənası var, budur müstəqillik, budur azadlıq. Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bax bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük qayıdış” dediyimiz prosesə start verildi. “Böyük qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır. Sizi təbrik edirəm", - dövlət başçısı bildirib.

Oxumağa davam et

Siyasət

Bu şəxslərə orden verilsin - Siyavuş Novruzovdan TƏKLİF

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov maraqlı təkliflə çıxış edib: 

“Mən təklif edirəm ki, Azərbaycanda parlamentin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən blogerlərlə mübarizə aparan şəxslərə orden və medallar verilsin”. 

Publika.az xəbər verir ki, deputat bildirib ki, bu gün həm də ictimai-siyasi münasibətləri pozan, ətrafı mühiti korlayan insanlar, ictimai təşkilatlar, dərnəklər var: 

“Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar. Bu gün ətraf mühiti pozan, xalqın milli-mənəvi dəyərlərinə ziyan gətirən blogerlər var. Onlar əxlaqdan, etikadan kənar həm Milli Məclisin deputatlarının, həm də dövlət və dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də ordenlər və medallarla təltif etmək lazımdır".

Oxumağa davam et
Reklam

Gündəm