Qoyun ətinin faydalı və zərərli xüsusiyyətləri - MƏQALƏ - Publika.az
Bizi izləyin

Sosial

Qoyun ətinin faydalı və zərərli xüsusiyyətləri - MƏQALƏ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır.

Agentlikdən Publika.az-a verilən məlumata görə, AQTİ-nin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q.Cəlladov və K.Əliyevanın hazırladığı budəfəki maarifləndirici mövzusu ekoloji təmiz, keyfiyyətli və asan həzm olunan qoyun əti haqqındadır.

Azərbaycanda qoyun əti digər ölkələrlə müqayisədə daha çox istehlak olunur. Qoyun ətinin tərkibi heyvanın cinsi, yaşı, cinsiyyəti, qidalanması, bəslənməsi, həmçinin stres amilləri ilə əlaqədar olaraq dəyişir. Kimyəvi tərkibinə görə qoyun əti zülallar, yağlar, ekstraktiv və mineral maddələr, fermentlər, vitaminlər, karbohidratlar, su və digər qida maddələrindən ibarətdir. Qida əhəmiyyətinə görə quzu əti daha keyfiyyətli və diyetik sayılır. Qoyun ətinin enerji dəyəri 190-300 kkal/100 qr intervalında dəyişir.

Qoyun ətinin əzələ toxumasında birləşdirici toxuma zülalları (kollagen, elastin, mutsin, mukoidlər və b.) istisna olmaqla, zəngin və yüksək bioloji dəyərə malik zülal kompleksi cəmləşir. Bu sıraya miogen, mioqlobin, qlobin, mioalbumin, miozin, aktin, aktomiozin, troponin, tropomiozintitin, desmolin və digərlərini şamil etmək olar. Miogen əzələ zülallarının 20-30 %-ni təşkil edir və digər zülallardan fərqli olaraq, ət qaynadılarkən asanlıqla bulyonun tərkibinə keçərək səthində köpük şəklində toplanır. Mioqlobin intensiv işləyən əzələlərdə daha çoxdur. Əzələ toxumasının rənginin qırmızı çalarlı olması mioqlobinin miqdarından asılıdır. Yaşlı heyvanlara nisbətən quzuların əzələ toxumasının tərkibində mioqlobin az olduğundan ətinin rəngi də solğun-çəhrayıya çalır. Miozin əzələ toxuması zülallarının 35 %-ni təşkil edir və bir hissəsi aktinlə birləşərək tərkibində əvəzolunmaz amin turşuları ehtiva edən aktomiozin kompleksinə çevrilir. Ümumiyyətlə, qoyun ətinin tərkibindəki ümumi zülalların çox hissəsi sadə zülal fraksiyalarından təşkil olunmuşdur. Bu da onun digər ət növləri ilə müqayisədə dadlı və şirəli olmasını şərtləndirir. Həmçinin zülalların aminturşu spektrində demək olar ki, bütün amin turşuları balanslaşmış şəkildə iştirak edir. Qoyun ətinin tərkibində qliko-, lipo-, nukleo-, fosfoproteidlər və digər mürəkkəb zülallar da mövcuddur. Həmçinin tərkibindəki kreatinin metabolizmi ilə əlaqədar spesifik dad və qoxuya malik olması da qoyun ətinin xarakterik xüsusiyyətlərindən biridir.

Qoyun ətinin tərkibindəki ekstraktiv maddələr də xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, azotlu ekstraktiv maddələr (kreatin, kreatinin, qlutation, karnozin, amin turşuları, purin və pirimidin əsasları və b.) ətin orqanoleptik xüsusiyyətlərini (konsistensiyası, dadı, qoxusu və s.), azotsuz ekstraktiv maddələr isə (qlikogen, dekstrinlər, qlükoza, süd turşusu, piroüzüm turşusu və b.) onun yetişmə prosesini tənzimləyir. Qoyun ətində qlikogenin miqdarı az (0,8 %) olsa da, heyvan kəsildikdən sonra onun süd turşusuna parçalanması ilə ətin pH göstəricisi turşuluğa doğru (pH<7,0) dəyişərək ətin yetişməsini sürətləndirir. Bu zaman yaranan turş mühit mikroorqanizmlərin inkişafı üçün əlverişsiz olduğundan ətin tez xarab olmasının qarşısı alınır.

Əzələ toxumasında lipidlərin (yağların) tərkibi heyvanın cinsi, yaşı, yemlənməsi və bəslənməsindən asılı olaraq dəyişir. Əzələ toxumasındakı yağların tərkibində mono-, di- və triasilqliserinlər, sərbəst yağ turşuları, sterinlər, fosfolipidlər, quyruqda toplanan yağların tərkibində isə doymuş ali yağ turşuları (stearin, palmitin, miristin və s.) ilə zəngin triasilqliserinlər (neytral yağlar) üstünlük təşkil edir. Nəzərə almaq lazımdır ki, mal ətinə nisbətən qoyun ətinin tərkibində zərərli xolesterolun miqdarı az, faydalı lesitinin miqdarı isə çoxdur. Məhz bu səbəbdən quzu əti həm də diyetikdir. El arasında qoyun ətinin “ağır” olması kimi fikir dolaşır. Bu da lipidlərin tərkibində doymuş ali yağ turşularının çox olması ilə əlaqədardır.

Qoyun ətinin tərkibi makro və mikroelementlər (Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və b.), vitaminlər (B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və s.), həmçinin digər bioloji aktiv maddələrlə zəngindir. Buna görə də immun sistemi, ürək-damar sistemi və mərkəzi sinir sisteminin fəaliyyətinə stimullaşdırıcı təsir göstərir. Belə ki, tərkibində zülal və lesitinin çox olması ilə yanaşı, karbohidrat və xolesterolun az olması səbəbindən yağsız qoyun əti (adətən cavan heyvan nəzərdə tutulur) orqanizm tərəfindən asan mənimsənilir və diabet xəstələri üçün faydalıdır. Dəmir elementi və B12 vitamini ilə zəngin olduğundan, xüsusən də dəmir defisitli anemiya zamanı istehlakı tövsiyə edilir. Tərkibində olan B qrup vitaminləri isə mərkəzi sinir sisteminin funksiyasını tənzimləyir. Ətin tərkibində zərərli xolesterolun miqdarının az olması ürək-damar sisteminin fəaliyyətini nizamlayır və aterosklerozun qarşısını alır. Tərkibində fol turşusu çox olduğundan hamiləlik dövründə dölün inkişafına müsbət təsir edir. Mütəmadi istehlak olunan qoyun əti müxtəlif biokimyəvi prosesləri sürətləndirməklə, orqanizmin müdafiə sistemini səfərbər edir.

Qoyun ətinin faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də vardır. Belə ki, yağlı qoyun ətində doymuş yağ turşuları çox olduğundan hipertoniya və mədə-bağırsaq xəstəlikləri zamanı istehlakı tövsiyə edilmir. Tərkibində çox olan purin əsaslarının sidik turşusuna çevrilməsi səbəbindən oynaq, böyrək və öd kisəsi disfunksiyasından (artrit, nefrit, podaqra, xolesistit və s.) əziyyət çəkən xəstələr üçün bu növ ətin istehlakı zərərlidir.

Digər ət növləri kimi qoyun əti də sanitar-gigiyenik qaydalara uyğun tədarük və istehlak edilmədiyi təqdirdə bir sıra virus, mikroorqanizm və parazit mənşəli təhlükəli zoonoz xəstəliklərin və qida toksikoinfeksiyalarının mənbəyi ola bilər. Odur ki, müvafiq müşayiətedici baytarlıq sənədləri olmayan qoyunların kəsiminə yol verilməməlidir. Həmçinin ətin satışı sanitar-gigiyenik tələblər çərçivəsində həyata keçirilməlidir.

Rəylər
Oxumağa davam et
Reklam

Sosial

10 yaşımız oldu

Bu gün "Gündəlik Teleqraf" MMC-yə daxil olan Publika.azTeleqraf.com saytlarının 10 yaşı tamam olur.

Publika.az 2012-ci ilin martın 1-də portal kimi, "Teleqraf" isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb.

Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, habelə digər videolayihələr, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Portal özündə bir neçə bölməni birləşdirir.

Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

Fasiləsiz xəbər yayımlamaq Publika.az-ın əvvəl gündən əsas hədəfi olub. Hazırda da bu məqsədə sadiq qalmaqdayıq.

Teleqraf.com saytı isə siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edir. Xəbərə xüsusi həssaslıqla yanaşan bu saytda günün ən aktual məsələləri və hadisələrindən bəhs edən debatlar, açıqlamalar, təhlillərlə tanış ola bilərsiniz.

Məhz bunun nəticəsidir ki, hər iki saytın sözünə etimad göstərən sadiq oxucu aidutoriyası formalaşıb. On ildir bizi tək qoymadıqlarına görə oxucularımıza təşəkkür edirik. Etimadınız qürur yerimizdir!

Oxumağa davam et

Sosial

Üç hakimin səlahiyyətlərinə xitam verildi, 14-nün isə...

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda bildirilib ki, ötən il Şura tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib. Bu Qaydalara uyğun olaraq cari ildə 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.

Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.

İclasda 2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib. Onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən 8 nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.

Oxumağa davam et

Sosial

Bakıya alternativ şəhər yaradılsın - Coğrafiya İnstitutundan TƏKLİF

Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlər yaradılmalıdır.

Publika.az xəbər verir ki, belə bir təkliflə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edib.

Alim iqtisadi baxımdan qeyri-fəal rayonların mərkəzdən idarə olunmasını məqsədəuyğun hesab edərək bildirib ki, bəzi rayonlarının potensialından düzgün istifadə edilmədiyindən daha səmərəli fəaliyyət göstərmək üçün yeni inzibati idarəetmə sisteminə keçilməli və səlahiyyətlər mərkəzləşdirilməlidir. Azərbaycanın kənd təsərrüfatı sahəsində potensialı nəzərə alınmalı, aqrar sənaye kompleksləri qurulmalıdır.

Əhalinin paytaxta axınının qarşısının alınması baxımından Bakı ilə rəqabət apara bilən regional şəhərlərin yaradılması zəruridir. Həmin şəhərlərdə iri sənaye obyektlərinin, xidmət sahələrinin yaradılması ətraf ərazilərin sakinlərinin həm işlə təmin olunmasına, həm də gəlirlərin əldə edilməsi üçün zəmin yaradar.

Oxumağa davam et
Reklam

Gündəm