Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Tarif Şurası qərar verdi: bu xidmətlər üzrə QİYMƏTLƏR ARTDI

Yanvarın 13-də Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.

Publika.az quruma istinadən xəbər verir ki, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib. Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.

Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq.

İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.

Tarif Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir. Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilib.

Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcək.

Qərarlar yanvarın 17-dən qüvvəyə minir.

İclasda həmçinin yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyə qədər topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq mümkündür.

Rəylər

Sosial

Bu günün hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Oxumağa davam et

Sosial

Qubada güclü qar kəndləri işıqsız qoydu - VİDEO

Ölkənin şimal bölgəsində birneçə gündür ki, qarlı və şaxtalı hava müşahidə olunur.

Publika.az xəbər verir ki, ötən gün axşam saatlarından isə qarın yağması intensivləşib. Yağıntı daha çox Qubaya düşüb.

Adətən güclü qar rayonun kəndlərində qeydə alınsa da bu dəfə daha çox şəhər ərazisində müşahidə edilib. Qarın hündürlüyü şəhər mərkəzində 30 santimetrə qədər yüksəlib.

Qar rayon mərkəzində hər hansı bir ciddi fəsada səbəb olmasa da Zərdabi, Bağbanlı, Vəlvələ, Qaraçay, Mirzəqışlaq və ümümilikdə 20-ə yaxın kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Oxumağa davam et

Sosial

Ombudsman baxımsız qalan uşaqlarla görüşdü - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şamaxı rayonunun İkinci Çaylı kəndində sosial təhlükəli vəziyyətdə olan və sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ombusman Aparatı məlumat yayıb.

Bildirilib ki, həmin kənddə baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumat yayılan vaxtdan etibarən məsələ Ombudsman Səbinə Əliyeva tərəfindən diqqətdə saxlanılıb.

Uşaqların həyatına və sağlamlığına təhlükə yaradan şəraitdə yaşayan 5 azyaşlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Səbinə Əliyeva həmin uşaqlarla müəssisədə görüşərək onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu, həmçinin təhsil və digər hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti öyrənib.

Ombudsman görüşdə uşaqların hüquqlarının təmini vəziyyətinin, o cümlədən, onların doğumunun qeydə alınması ilə bağlı məsələnin nəzarətdə saxlanılacağını bildirib.

Oxumağa davam et
Reklam

Gündəm