Xəbərlər - Publika.az
Bizi izləyin

Sosial

Avtovağzallarda sərnişin axınının bərpası üçün təkliflər hazırlanır

Avtovağzal rəhbərləri qısa zamanda sərnişin axınının bərpası üçün təkliflər hazırlayaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində ölkədə fəaliyyət göstərən avtovağzal və avtostansiyaların rəhbərləri ilə keçirilən görüşdə bildirilib.

Görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı problemlər müzakirə olunub.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası dövründə sərnişin axını nəzərəçarpacaq dərəcədə azalıb və bununla da avtovağzalların rentabelliyində azalma baş verib.

Hazırda əsas problem avtovağzallardan kənar, heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində avtovağzallarda qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur. Sahibkarlar işlətdikləri nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkirlər. Eyni zamanda sərnişinlərin həyatı, sağlamlığı və yollarda təhlükəsizliklə bağlı ciddi problemlər yaranır.

Görüşdə, həmçinin sürücülərin peşəkarlıq keyfiyyətinin artırılmasına ehtiyac olduğu da diqqətə çatdırılıb.

Bəzi istiqamətlərdə şəhərlərarası sərnişin daşınmasına görə tariflərin qeyri-rentabelli olduğu vurğulanıb.

Tədbirdə sərnişin daşınması sahəsində təhlükəsizliyin təmin edilməsi üçün reysqabağı texniki yoxlamanın və sürücülərin tibbi müayinəsi sisteminin təkmilləşdirilməsi məsələsi də müzakirə edilib.

Görüş zamanı avtovağzal rəhbərləri bir sıra təkliflərlə çıxış ediblər. Onlar ara dayanacaqlarının sayının azaldılmasına, avtovağzallar arasında məlumat mübadilə sisteminin qurulmasına, reys cədvəllərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.

Görüşdə kommunikasiya çevikliyinin təmin edilməsi məqsədilə avtovağzal rəhbərləri üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə vahid əlaqə kanalının yaradılması və məsul şəxsin təyin edilməsi qərara alınıb.

Avtovağzal rəhbərləri qısa zamanda sərnişin axınının bərpası üçün təkliflər hazırlayaraq təqdim edəcəklər.

Növbəti mərhələdə bu istiqamətdə tədbirlər planının hazırlanması və onun icrası nəzərdə tutulub.

Rəylər

Sosial

Anaları xəstəxanaya yerləşdirilən 4 körpənin acınacaqlı halı - VİDEO

Anaları koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən körpələr acınacaqlı vəziyyətdədir.

Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Feysbuk səhifəsində paylaşım edib.

O bildirib ki, hadisə Şamaxının kəndlərindən birində olub.

Valideynləri xəstə olan uşaqlara qonşular baxıb, yemək versələr də, bu, onları acınacaqlı vəziyyətdə olmaqdan xilas etməyib.

K.Ağazadə həmçinin olduqca baxımsız və miskin vəziyyətdə olan 4 körpənin taleyi ilə heç bir dövlət qurumunun, xüsusilə də Şamaxı rayon İcra Hakimiyyətinin maraqlanmamasını vurğulayıb.

Qeyd edək ki, Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı Rayon Polis Şöbəsi ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür. Bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Oxumağa davam et

Sosial

365 min şəxsə e-qaydada fərdi hesab açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə ötən il 153 min şəxsə e-qaydada sosial sığorta nömrəsi (SSN) və fərdi hesab açılıb.

Bu barədə Publika.az Nazirliyə istinadən xəbər verir.

İki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada e-sistemdə qeydiyyatına xidmət edir. İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik SSN də açılır.

Bununla işçinin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirak etmək, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.

Ümumilikdə ötən dövrdə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb.

Oxumağa davam et

Sosial

Qar, güclü külək, 8 dərəcə şaxta - Sabahın HAVASI

Yanvarın 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq bəzi yerlərdə sulu qar yağacağı, gündüz yağışa keçəcəyi, axşama doğru kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta, Bakıda gecə və gündüz 1-3° isti, axşama doğru bəzi yerlərdə 1°-dək şaxta olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

Oxumağa davam et
Reklam

Gündəm